06.10.2012

BAŞIAŞAĞI

ALİQ NAĞIOĞLU

– Gəl-gəl, gəl görüm yenə nə tapmısan? So­vet­dənqalma istehsalatçı belədir də... – sağ əli ilə otur­maq üçün yer gös­­tərdi.
– Demək də bir az ayıbdı, amma düzü göz­lə­məzdim… – oturan kimi başlasa da çaş-baş qaldığı aşkar sezilirdi.
– Əşşi, ayıblıqdan keçib day, danış, burda iki­miz­dən başqa adam yoxdur. Su girdi qaba, oldu iç­məli, sən artıq ai­lə­mizin üzvüsən. Narahat olma, di­k­to­fon-zad qoşulmayıb, ka­meralar da işləmir, sənə de­miş­dim axı, ürəkli ol…
– Yeməkxananın yanındakı pilləkənə tərəf dö­nür­düm ki, yuxarı qalxım, obed qurtarmışdı, xa­di­mə­lərin süpügə, vedrə yığdığı yerdə nıqqılıtı səsi eşitdim…
– Nıqqıltı ha?!..
– Hə də… Bu iş nıqqıltısız ötüşmür axıı... Yoxsa şək­kimə getməzdi.
– Baxdınmı, kimin səsi idi? Tələsmə, peyzaj ver, yəni təsvir…
– Balaca qapı aralı idi… Rəvayət müəllimin arxası qa­pı­dan çıxmışdı, onun da başı aşağı idi…
– Əə-ə, mən həmişə ordan keçirəm dana, özzüm ölüm… Bir şey hiss etməmişəm, heç vaxt… Sonrası necə oldu?
– Otağıma gəldim, fikirləşdim sizə məruzə edim, o sə­bə­b­dən zəng vurdum.
– Tələsdin də... Peyzaj vermədin...
– ...
– Başqa kimsə bilmir ki?
– Yoox.
– Heç kəsə bir kəlmə də danışma. Bu, keçən dəfəki çe­pe­dən deyil. Bilirsənmi, onda səh­lənkarlıq-dan öl­çü­yə uyğun gələn detallar paddona atı­l­mış­dı, yəni maddi ziyan, is­rafçılıq idi. Vurduq sə­bəb­karın ayağına, yandırdıq atasını. Bu­rdasa mə­nə­viy­yat məsələsi var. Mənəviyyat! Əxlaq! Hamımızın güna-hıdır, tək Rə­vayət müəllim deyil ki… Tərsliyə baax, bu gün patron şə­hər­dən gəlir, saat altı üçün müşavirəmiz var. Belə baxanda onun əri də bizdə işləyir, bilirsən ki… Çətin məsələdir, ba­şım şişdi…
– Düzü, mən gözləmirdim, o yaraşıqlı xa­nım­dan, xadimə olanda nə olar…
– Yaraşıqlıdır deyirsən… Elə gözəllik işləri kor­layır da… Özü də, fikrimcə, onu Rəvayət mü­əl­lim şəxsən işə qəbul edib. Sən çalış kompüterdə sü­rət­lə yazmağı vərdiş elə, is­tehsalatı az gəz… Gözüm qor­xub, hər dəfə zəngin gələndə ü­rəyim nanə yar­pa­ğı kimi əsir. İnsanlarla işləmək yaman çətin imiş. Özü də bu ağlı kəsənlərlə… Uşaqlara nə var, qo­r­xu­­­zursan, çəkinirlər… Otuz il müəllimlik eləmişəm, elə pat­­ro­nun özünə də dərs demişəm. Mənə bax, sən iş­lə­di­yin dövrdə də belə hallar olurdumu?
– Düzü, mənə birinci dəfə rast gəlir. Ancaq, baş­qa­la­rın­dan eşitmişəm ki, olub… Mən xaricdə oxu­muşam, bütün pra­ktikaları da müxtəlif ölkələrdə keçmişəm. Hər yerin min cürəsi var, lakin rastına çıxa beləsi, olmamaşdı.
– Bu, yaxşı xəbər olmadı. Mən rəqəmlərlə işləməliyəm, iclasa hazırlaşım, sən də danışdığımız kimi, kompüteri öyrən. Rəvayət müəllimlə işin ol­ma­sın. Sanki heç nə baş ver­mə­yib. Yaxşıı? Vayy, də­dəm, gəl!
***
Müşavirə saat altıda başladı. Patron böyük də­yir­mi masanın baş tə­rəfində oturmuşdu. Bir-bir hərəyə söz verirdi. Danışanlar qısa, əsasən tezis xa­rak­ter­li çıxışlar edirdi. Ən əvvəl pat­ro­nun istehsalat, satış, təchizat, tikinti üzrə müavinləri danışdı. Daha sonra əyalətdə və şəhərdə olan iki fabriklərin icraçı di­rektorları məlumat verdi. Belə məlum olurdu ki, şirkətin bu ilki fəaliyyəti çox uğurlu olub. Keçən illə müqayisədə is­te­hsalın həcmi iyirmi faiz artmış, satış da proqnozlaşıdırılan rə­qəmi keçmişdi. Dünya stan­dar­t­larına cavab verən müasir tex­noloji xəttin tikilib quraşdırılması tamamlanmaq üzrəydi və yeni ilin mart ayına kimi köç baş tutacaqdı.
Sonda yekun söz direktor köməkçisi Rəvayət mü­əl­limə verildi. Həm yaşına, həm də təcrübəsinə görə hər kəsin hör­mətini gətirdiyi bu adam patrona da yaxınlığı ilə seç­i­lir­di.
–  Əziz müşavirə iştirakçıları! Bu əlamətdar gün mənim yadıma düz on il əvvəl fəaliyyətə baş­ladı­ğımız günləri saldı. Onda heç kəs əminliklə deyə bil­məzdi ki, belə bir za­man kəsiyində şirkətimiz nəinki ölkəmizdə, eləcə də dün­ya­da məşhurlaşacaq, hət­ta keçmiş postsovet respublikalarında istehsal və sa­tış sahələrimiz yaranacaqdır; indi dünyanın dörd ö­l­­kəsində yeddi fabrikimiz, iki yüz beş mağazamız var, məhsullarımız Mər­kə­zi Asiya, Cənubi Qafqaz və Şərqi Avropa öl­kə­lə­ri­nə ixrac edilir. Bir ay əvvəl Bolqarıstandan təşrif gə­tir­miş qonaqlar şokda idilər; onlar əyalətdə belə bir mü­əs­­­sisənin mövcudlu­ğu­na inana bilmirdilər. Nə­həng sıçrayış etmişik, məhsul­la­rı­mız milli brendə çev­rilib, yeni texnoloji xətlərə sı­na­q­dan keç­miş işçi qüvvələri cəlb etməkdəyik. Biz bu gün fəxr­lə deyə bilərik ki, fabrikimizdə kişi cinsin nü­ma­yən­də­lə­ri ilə ya­­naşı, zərif cinsin nümayəndələri də çiyin-çiyinə ça­­lı­şır, bu isə bizim əziz patronumuzun uzaqgörən si­yasətinin tən­tən­ə­si­dir. İki il əvvəl bu göstərişi alan­da, düzü mənim özü­mdə də na­gümanlıq vardı, çünki keç­miş sovet dönəmindən qal­mış birgə çalışqanlıq mexanizmi dağılıb getmişdi. Necə ola­ca­­qdı; yeni insani münasibətləri fabrikimizə tətbiq etmək incə məsələ idi. Lakin bu gün iftixarla deyə bilərəm ki, uza­q­­­gö­rən patronun bu arzusu da gerçəkləşmiş, nəinki ofislərdə, is­te­h­sal sahələrində, satışda xa­nım­lar­­ımız bizimlə çiyin-çi­yi­nə çalışmaqdadır. Sirr deyil ki, bəzi sahələrdə zərif cinsin əməyi daha məq­sə­d­yön­lüdür və gələcəkdə o sahələri tam olaraq onların ixti­yarına verəcəyik. Bu iş başlayanda patron ha­mı­mı­zın ürəyindən xəbər verən bir cümlə işlətmişdi:  “Bur­­­­­­­­­da çalışacaq qızlar və xanımlar, mənim qızlarım və ba­cı­larımdır, kimsə başqa hərəkət etsə, demək, bilin ki, mənim ailəmə sataşmış olacaqdır”.
Nikbin əhval-ruhiyyədə bitən müşavirənin so­nun­da patron ilin sonunda hər kəsə uğurlar arzuladı və qarşıdan gələn yeni ildə də yüksəlişin davamı ola­ca­ğı­nı xüsusi vurğu­la­dı.
– Hər kəs sərbəstdir, icraçı direktor, bir də yeni işə götürdüyümüz işçidən başqa hamı gedə bilər, – iştirakçılar otağı tərk edəndən sonra davam etdi, – siz də yaxın oturun. Necədir işlər? – düz onların göz­­lərinin içinə baxaraq soruşdu.
– Bir çətinliyimiz yoxdur, – demək olar ki, ikisi də birdən dilləndi.
– Fəaliyyətindən xəbərim var. Belə də ol­ma­lı­dır, sənə ümid etmişik, inanıram ki, etimadımızı doğ­­­ru­­ldacaqsan. Cə­sarətinə də şübhəm yoxdur. Uzağa getməyək, son çıxışa mü­­nasibətini bilmək istərdim.
– Rəvayət müəllim köməkçi kimi işini bilən adamdır, uzun illər idarəetmə sistemində çalışıb.
– Orası bəllidir, de görüm o, skripkada “Yanıq Kərəm”i çala bilərmi?
– Çalar-çalar... – icraçı direktor təəccüblə onlara baxırdı.
– Müəllimi çox dolaşdırmayaq, bəlkə Topu kişinin əh­va­latını danışasan?
– Deməli, bizim kənddə Tofiq adlı traktorçu vardı, ancaq hamının gopçu kimi tanıdığı bu adam “Topu” aya­ma­sı ilə daha məşhur idi. İkinci dünya mü­­­haribəsi illərində bir gün evdən qanqaraldıcı məktub alır. Tərs kimi bu yandan da için­də onun da ol­­du­ğu ordu birləşməsindən min nəfərədək mü­ha­si­rə­yə düşür. Hərbi əsirlərlə görüşə əlində skripka şəxsən Hitler özü gəlir. Cərgənin qarşısında var-gəl edən fü­rer bir-bir irəli çıxan əsirə skripkanı uzadıb nəsə ça­l­ma­­sı­nı istəyir. Bu mümkün olmadıqda həmin əsirin başına güllə ça­xı­lırmış. Beləcə bir xeyli adam gül­lə­lə­nir, növbə Topuya çatır. O, skripkanı alır və qorxu xo­fun­dan ürəkdən qarasına ifa etməyə başlayır. Hitler özünü saxlaya bilmir, hönkür-hönkür ağlayır. “Mən indiyə kimi başqa musiqiyə belə tə­sir­lə­n­məmişdim, nədir çaldığın, əsgər?” – soruşur. Dili topuq vu­ran Topu kişi ağ­lına gələn hava adını – “Yanıq Kərəm”i de­­mək­lə canını qur­ta­rır.
Bayaqdan sağ əlini alnına söykəyib diqqətlə qulaq kəsilən patron qısa saçını arxaya daradı.
– Qadın pişik kimidi, kişi isə it kimi. İt hür­mə­yinə bax­­mayaraq əmrə tabe olur, pişik xumarlansa da heç bir əmrə tabe olmur, – qəfildən dilləndi.– Xa­nı­mın əmrini verərsən, gedər, – sakit, ancaq hökmlə icra­çı direktora dedi, – ərini isə bir müd­dət­dən sonra uzaq­­laş­dır­maq lazımdır. Mel Gibsonun “Apo­ka­lip­sis” filmindəki hin­du­la­ra bənzəyirsiniz. Ba­la­ca bir me­şədən ötrü bir-birinizi qırırsınız. Şirkətin bö­yük­lü­yü haq­qında təsəvvürünüz yoxdur. Bu şirkət fə­al­iy­yət gös­tərəndən Rəvayət müəllimi özümə doğma bil­mi­şəm. Düzdü bir qələtdir edib, başını da yekə daşa vurub. Arxada hürənlərə köhnə kişilərin ancaq bir kə­la­mını xatırlada bilərəm: “Fahişəyə baş qoşma, salam ver, keç”. Hər künc-bucaqda zingildəyən kü­çüklərə əhəmiyyət verməyin. İndiki halda onu itirə bilmərəm. Sən də buyurdun ki, “Yanıq Kərəm”i çala bilər. Bizə də belə işçilər hələ lazımdır.
– Bu söz sizin dilinizdən deyildiyi üçün çox önəmlidir, patron, – icraçı direktor əlüstü münasibət bildirdi.
– Etiraf edim ki, mən də belə düşünürəm, – yeni işçi də çarəsiz razılaşdı.
– Belə olan halda gedə bilərsiniz...

Комментариев нет:

Отправить комментарий