06.10.2012

Diqqət! Kosmetik vasitələr xərçəng yaradır

Parfumeriyanın tərkibindəki "Sodium lauryl sulfate" maddəsindən sənayedə maşınların yuyulmasında istifadə olunur

Statistikaya görə, il ərzində qadınlar təxminən 2,5 kq-a qədər kosmetik vasitələrdən istifadə edirlər. Amma bəlkə də xanımların çoxu istifadə etdiyi kosmetikanın zərərli olduğunu bilmir. Belə ki, kosmetikada istifadəsinə icazə verilən 10,5 min maddələrdən yalnız 11 faizi təhlükəsiz hesab olunur. Kosmetik vasitələrin tərkibindəki maddələr orqanizmdə toksik reaksiyaları qıcıqlandırır, bəziləri isə hətta xərçəngə də səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, allergiyaya səbəb olan ən təhlükəli kosmetik vasitə üz üçün kremdir. Kosmetoloq Nuranə İsmayılovanın sözlərinə görə, əksər kosmetik vasitələrin tərkibi kanserogen və sağlamlıq üçün zərərli olan başqa maddələrlə zəngindir. "Keyfiyyətsiz kosmetik vasitələrdən istifadə etdikdə və ya bu vasitələrin uyğununu seçmədikdə, düzgün istifadə etmədikdə dəridə allergiya və ya sağlamlıqla bağlı başqa problemlər yaranır. Bu problemləri nəzərə alaraq bahalı kosmetik vasitələrdən istifadəyə üstünlük verilir. Dəriyə və sağlamlığa ziyan verməsin deyə, istehlakçılar məşhur firmanın kosmetik vasitələrini almaq istəyirlər. Belə ki, məşhur firmanın bahalı kosmetik vasitələri testdən keçirilir. Lakin belə vasitələrdə də zərərli maddələrin olması istisna deyil", - deyən kosmetoloq əlavə edib ki, əslində gözəlliyi və təravəti qorumaq üçün nəzərdə tutulan kosmetik vasitələrin əksəriyyətinin tərkibində əks nəticə verən zərərli konservantlar, sintetik əlavələr, toksik maddələr mövcuddur: "Bu səbəbdən də həssas və allergiyaya meylli olan dəri üçün istehsal olunan kosmetik vasitələrdə bu maddələr azlıq təşkil edir".
N.İsmayılova qeyd edib ki, kosmetikanın istehsalı zamanı onun tərkibinə bir sıra effekti olmayan, bəzən isə hətta sağlamlıq üçün təhlükəli olan əlavələr olunur: "Belə əlavələrdən biri kollagendir. Bəzi şirkətlər kollagen maddəsinin dəridəki kollagenin miqdarının artırdığını bildirir, bəziləri isə onun dərinin yumşaltmasını reklam edirlər".
Kosmetoloq bildirib ki, kollagen dərinin əsas tərkib hissəsi olan zülaldır. İnsan yaşa dolduqca kollagen məhv olur və dəri nazilir, yumşalaraq təravətini itirir. Lakin buna baxmayaraq, tərkibində kollagen olan kosmetik vasitələrdən istifadə ziyandır. Belə ki, kollagenin böyük ölçüdə olan molekulları onun dəriyə daxil olmasına imkan vermir. Dəriyə müsbət təsir etmək əvəzinə o, dərinin üst səthinə çökərək məsamələri bağlayır və bununla da suyun buxarlanmasının qarşısını alır: "Kosmetika istehsalında istifadə olunan kollagen mal-qaranın dərisindən və ya quşlardan alınır. Bu səbəbdən də kollagen dəriyə daxil olsa belə, onun tərkibi fərqli olduğu üçün insanın dərisi onu mənimsəyə bilmir".
Onun dediyinə görə, bu gün kollagendən geniş şəkildə plastik əməliyyatlar zamanı istifadə edilir: "Kollagen dəriyə yeridilərək boşalmış hissələri şişirdir, qırışları hamarlaşdırır. Lakin orqanizm belə kollageni mənimsəmir və bir ilə o orqanizmdən xaric olunur. Ona görə də hər 6-12 aydan sonra dəriyə əlavə olaraq kollagen yeritmək lazım olur".
Həmsöhbətim bildirib ki, kosmetikaya əlavə olunan zərərli maddələrdən biri də elastindir. Adətən bu maddə dəriyə və saçlara qulluq vasitəsi kimi reklam olunur. İnsan yaşlandıqca elastinin molekulları dağılır, nəticədə dəri qırışır. Dərinin cavanlığını qaytarmaq üçün kosmetik vasitələrin əksərinə bu maddə əlavə olunur. Lakin elastin də kollagen kimi heyvandan alındığı üçün insan dərisinə uyğun gəlmir.
Digər zərərli əlavənin lanolin olduğunu deyən kosmetoloqun sözlərinə görə, lanolin yumşaldıcı vasitə kimi reklam olunur: "Hesab olunur ki, o, digər yağlardan fərqli olaraq dəriyə daha yaxşı hopur. Amma təcrübələr əsasında məlum olub ki, lanolin dərinin həssaslığını artırır, hətta allergiyalara da səbəb olur".
Müsahibim qeyd edib ki, əksər şampun, krem və digər kosmetik vasitələrin üzərindəki tərkibi haqqında məlumatda triklozan adlı maddə yer alır: "Bir sıra təhlükəli bakteriyalar triklozana qarşı davamlıdır. Triklozan maddəsinin olduğu yerdə təhlükəli bakteriyalar,  hətta 16 həftəyə qədər belə yaşaya bilir. Mikrobioloqların araşdırmalarına görə, triklozan xeyirli bakteriyaların çoxunu öldürdüyü halda təhlükəli bakteriyalara zərər gətirmir. Nə qədər acınacaqlı olsa da, triklozana qarşı davamlı olan bakteriyalar qanın infeksiyaya yoluxmasına və meningitə səbəb olur. Bu baxımdan triklozan təhlükəlidir. Həm də bu maddə təhlükəli bakteriyaların çoxalmasının qarşısını almır. Əksinə, çoxalmaya mane ola bilən bakteriyaları da məhv edir. Bu səbəbdən də triklozandan gündəlik olaraq istifadə etmək məsləhət olunmur".
Kosmetoloqun sözlərinə görə, kosmetik vasitələrin istehsalının çoxunda istifadə olunan Paraben adlı konservant isə xərçəng xəstəliyinə səbəb olur. N.İsmayılova bildirib ki, parfumeriyanın istehsalında istifadə olunan "Sodium lauryl sulfate" adlı maddə saç və dəri üçün daha təhlükəlidir. "Bu kakos yağından alınan ucuz yuyucu vasitədir. Təmizləyici kosmetik vasitələrdə, şampun, yuyunmaq üçün geldə, vanna üçün köpük verici vasitələrdə bu maddədən geniş istifadə olunur", - deyən kosmetoloq əlavə edib ki, sənayedə bu maddədən maşınların yuyulmasında və s. istifadə olunur: "Sübut olunub ki, o, gözlərə, beynə, ürəyə, ciyərə və digər vacib orqanlara daxil olaraq orada qalır. Xüsusilə də uşaqlar üçün təhlükəlidir. Uşaqlarda bu maddə katarakta yaradır. Bu maddə saçın tökülməsinə, kəpəyə, saçqırana səbəb olur. Bir çox firmalar məhsullarının tərkibində onun olduğunu qeyd etmir, əvəzinə kakoslardan alındığını qeyd edirlər".
Üz üçün maskalarda geniş istifadə olunan bentonit adlı maddənin təbii mineral olduğunu deyən müsahibim diqqətə çatdırır ki, bu maddə adi gildən fəqli olaraq maye ilə qarışdırılanda ondan gel alınır: "Bentonitin hissəcikləri küncvari quruluşda ola bilər ki, bu da dərini cızır. Bentonitlərin çoxu dərini qurudur. Eləcə də dərinin nəfəs almasının qarşısını alır".
Kosmetik vasitə alarkən onun tərkib hissəsini oxumağı məsləhət görən İsmayılovanın dediyinə görə, çox vaxt kosmetikanın təhlükəli olmadığını bununla da bilmək olmur: "Belə ki, istehsalçı firmalar istehsal etdiyi məhsulun tərkibinin tam siyahısını vermir və ya təhlükəli maddələrin adlarını dəyişdirir. Kosmetik vasitələrin üzərində adətən təbii hesab olunan əlavələr qeyd olunur. Onların üzərində bəd xassəli şişlərə, mutasiyaya səbəb olan maddələrin əlavə olunduğu qeyd olunmur. Bu üsulla da onların təhlükəli olması gizlədilir".
N.İsmayılova əlavə edib ki, tərkibində "formalin"in olan dəri kremləri, dirnaq boyası, şampun və sabunlar allergiyaya, astmaya, baş ağrasına, "diethanolamine" və "triethanolamine" adlı maddələrin zəngin olduğu kremlər, toniklər yaşlanmağa, bədən üçün pudralarda olan "talk" ağciyər xəstəliklərinə və yumurtalıq xərçənginə, dezodorantlarda, ətirlərin hazırlanmasında istifadə edilən "alüminium" döş xərçənginə, sabun, diş pastası, şampun, yuyucu vasitələrdə olan "triklosan" xərçəngə səbəb olur. Dırnaqlara qulluq üçün nəzərdə tutulan kosmetik vasitələrdəki "methyl methacrylate" maddəsi göbələk infeksiyalarını qıcıqlandırır, böyrək və qaraciyərin funksiyalarını pozur, qan-damar problemlərinə gətirib çıxarır. Dodaq boyası, kremlər və duş üçün gellərdə olan "propylene glycol" da qaraciyər və böyrək üçün zərərlidir. Onun daimi istifadə edildikdə sinir sisteminə mənfi təsir edir.
Parfumeriya mağazasının satıcısı Əminə Tağıyeva xanımlara üzərində "BDIH" işarəsi olan kosmetik vasitələr almağı məsləhət görür: "Bu işarə onu göstərir ki, kosmetik məhsul təbii kosmetik vasitələrin Avropa keyfiyyət standartlarına uyğundur. Hesab olunur ki, belə vasitələrdə xərçəngə səbəb olan əlavələr yoxdur. Belə kosmetik vasitələrin tərkibində bitki mənşəli əlavələr var".
Ə.Tağıyevanın sözlərinə görə, kosmetik vasitə alarkən onun tərkibini diqqətlə oxumaq lazımdır. Belə ki, dediyinə gör, tərkibində DMDM hydantoin, İmidsazolidinyl urea, Methylchloroisothiazolinone, Methylisothiazolinone, Triclosan,Triclocarban, Triethanolamine, 2-Bromo-2-Nitropropane-1,3 Diol; BHA; Boric acid; Sodium borate; Dibutyl phthalate & toluene; DMDM Hydantoin; Triclosan, Oxybenzone və sonluqları "paraben"lə bitən, methylparaben, ethylparaben, propylparaben və s. kimi sözlər yazılan kosmetik vasitələri almaq düzgün deyil: "Bunlar təhlükəli maddələrdir".
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, kosmetik vasitə alarkən məhsulun tərkibi haqqında məlumatları diqqətlə oxuyun. Əgər etiketdə bu haqda heç bir məlumat yoxdursa və ya məhsulun tərkibi tam göstərilməyibsə, belə məhsulu almaqdan çəkinin.
Nəzərə alın ki, bu vasitələr allergiya və qıcıqlandırıcı reaksiya yaradan əsas məhsullardan hesab edilirlər. Xüsusilə tərkibinə alümin, butan, dietanolamin, propan, mineral və ya texniki yağ daxil olan kosmetik vasitələri alarkən istehlakçılar diqqətli olmalıdır. Kosmetik vasitənin üzərində onun hipoallergen olduğu barədə qeyd varsa, bu məhsulun tərkibində dərini güclü qıcıqlandıran komponentlərin olmadığını göstərir.
Kosmetik vasitələrlə bağlı istehlakçıların diqqət etməsi zəruri olan digər mühüm məqam məhsulların saxlama müddəti və saxlama şəraitidir. Xüsusilə allergiyaya meylli şəxslərə uzun saxlama müddətinə malik vasitələrdən istifadə etməmələri tövsiyə olunur. Belə ki, məhsulların uzun saxlama müddətini təmin edən konservantlar kosmetik vasitənin tərkibində nə qədər çox olarsa, allergik reaksiyanın əmələ gəlməsi riski bir o qədər çoxdur.
Kosmetik vasitələrin saxlama müddəti məhsulların istehsalçıları tərəfindən müəyyən edilir və bu müddət ərzində malların keyfiyyətinə təminat verilir. Məsələn, göz üçün tuş orta hesabla 3-6 ay, tonal krem, sürmə 6-12 ay, göz kölgələri, göz və qaş qələmi, dodaq boyası, ənlik və kirşan 12-18 ay saxlama müddətinə malikdirlər.

"Ekspress" qəzeti

Комментариев нет:

Отправить комментарий