25.10.2012

BİTMƏYƏN SƏLİB YÜRÜŞLƏRİ, “BÖYÜK YAXIN ŞƏRQ” LAYIHƏSI VƏ TÜRKİYƏ

Aqil Eyvazov
İqtisad üzrə fəlsəfə doktoru

XX əsrin axırlarında beynəlxalq siyasətlə bağlı aparılmış tədqiqatlar, xüsusilə S.Hanatinqtonun “Sivilizasiyaların toqquşması”, F. Fukayamanın “Tarixin sonu”, Z. Bjezinskinin “Şahmat taxtası” və sair kimi əsərlər XXI əsrdə ciddi hadisələrin olacağından xəbər verirdi. Belə əsərlərin metodoloji baxımdan müəyyən oxşarlığı var. Belə ki, mövcud vəziyyətin özünəməxsus cəhətdən qiymətləndirilməsi və əsas  səbəblərin ustalıqla “gizlədilməsi” belə əsərlərin əsas xarakterik  xüsusiyyətidir.  Görünür elə buna görə də verilmiş proqnozlar nəinki özünü doğrultmur, əksinə sonradan baş vermiş hadisələrin də əsas səbəbləri elə əvvəldən ört-basdır edilmiş olur.
11 sentyabr hadisələrinə, Əfqanıstan və İraq müharibələrinə, bəzi ərəb ölkələrində baş verən inqilablara bu “nəzəriyyə” kontekstində baxıldırqa dorudan da baş vermiş hadisələrin əsas səbəbləri gizli qalmış olur. Nə vaxta qədər ki, XXI əsrin əsas sualı, yəni “sivilizasiyalar obyektiv şəraitdə toqquşur, yoxsa onu toqquşdururlar?”  sualı açıq qaldıqca bu gün baş verən və sabah baş verə biləcək hadisələri düzgün anlamaq və proqnozlaşdırmaq xeyli çətin olacaq.
 Bəşəriyyət yaranandan ta bu günə qədər qlobal səviyyədə baş verən hadisələrin əsasında qlobal problemlərin durduğu şübhəsizdir. Elə bu mənada da günümüzdə baş verən və regiona birbaşa təsirləri olan  hadisələrin əsasında da qlobal problemlər dayanır. Odur ki, bu və ya digər hadisənin düzgün qiymətləndirilməsi üçün onun hansı qlobal problemlə əlaqədar olduğunu və inkişaf dinamikasını müəyyən etmək əsas metodoloji priyom kimi istifadə edilməlidir.  Siyasi və tarixi ədəbiyyatlarda geniş yer almış “xaç yürüşləri” və ya “səlib yürüşləri” hansı obyektiv problemlərlə əlaqəli olub? XIX əsrin sonunda başlayan  XXI əsrin əvvəllərində daha da kəskinləşən Yaxın Şərq problemləri ilə XI əsrdəki “səlib yürüşləri” arasında paralellik varmı? XXI əsrdə ABŞ-ın Yaxın Şərq siyasəti yeni “xaç yürüşü” kimi qiymətləndirilə bilərmi? Bəlkə ABŞ-ın dünyaya “xaç yürüşü kimi” sırımaq istədiyi və “sivilizasiyaları toqquşduran” Yaxın Şərq siyasəti əslində ABŞ imperializminin mahiyyəti ilə bağlıdır. “Sivilizasiyaların toqquşmasına” və Qərb cəmiyyətlərinin dəstəyinə hesablanan belə siyasətin arxasında Yeni Dünya Düzəni ideyasının dayandığı şübhəsizdir.
Təməli Roma papası II Urbanın 1095- ci ilin noyabr ayında 300 xristian din xadimi ilə birgə keçirdiyi Klermon kilsə qurultayında qoyulan ilk Səlib yürüşü 1096-cı ildə baş verdi. II Urban xristianlara İsa Peyğəmbərin qəbrini "kafir"lərdən (müsəlmanlar nəzərdə tutulurdu) xilas etmək çağırışı ilə müraciət etdi. Orduya yazılan hər kəsin günahlarının bağışlanacağı vəd edilirdi. Həmçinin, papa Müqəddəs Torpağı xilas etmək uğrunda səfərə çıxacaq kəndlilərin bütün borclarının silinəcəyini də vəd vermişdi. "Səlib" ərəb dilindən tərcümədə "xaç" deməkdir. Bu yürüşün iştirakçıları fərqlənmə rəmzi kimi öz geyimlərinə qırmızı parçadan kəsilmiş xaç simvolu tikirdilər. Buna görə də bu hərbi əməliyyatları "xaç yürüşləri", onların iştirakçılarını isə "xaçlılar" və "səlibçilər" adlandırırlar.  1096-cı ildə ilk səlib yürüşü ilə yüksək zümrəli fransız zadəganlarının başçılıq etdikləri 300 min nəfərlik mükəmməl silahlanmış xaçlı ordusu səlcuqları məğlub edib, Nikeya, Edessa, Antioxiya şəhərlərini ələ keçirdilər, İşğal edilmiş torpaqlarda Edessa qraflığı və Antioxiya knyazlığı yaradıldı. 1099-cu il iyulun 15-də səlibçilər Qüdsü ələ keçirib, şəhərdə dəhşətli qırğın törətdilər. Tarixdə Misli görünməmiş qətliamlardan biri baş verdi. Bir neçə gün ərzində xaçlı əsgərlər 40 mindın çox müsəlman qadını, uşağı, yaşlını fərqinə varmadan qilincdan keçirdilər.
Məqsədimiz heç də bütün səlib yürüşlərinin tarixini vermək deyildir. Qeyd edək ki, təqribən Avropanın xristian dövlətləri 200 il ərzində müsəlmanlar üzərinə 8 dəfə səlib yürüşü həyata keçirmiş, lakin sonunda yenə də məğlub olmuşlar. 1270-ci ildə artıq heç bir nəticə ala bilməyəcəklərini görən Kilsə və Avropa dövlətləri səlib yürüşlərini dayandırdılar. Bu da bəllidir ki, tarixən Qərb dövlətləri hər zaman plan və layihələrini uzun müddətə hazırlayır və fürsət düşən kimi həyata keçirməyə başlayırdılar. Səlib yürüşləri diqqətlə analiz edildikdə hazırki mövcud proseslərə də işıq tutmaq mümkün olur.
Birinci Dünya Müharibəsini və Osmanlı İmperiyasının zəifləməsini fürsət bilən Avropa dövlətləri yenidən Anadolu ərazilərini işğal etmək fikrinə düşdülər. Onu da qeyd edək ki, xaçlı səfərlərinə rəvac verən əsas səbəblərdən biri Kilsənin Şərq ölkələrini asılı vəziyyətə salmaq yolu ilə hakimiyyətini daha da gücləndirmək və gəlirini artırmaq istəyi ilə yanaşı həm də Türklərin İslamı qəbul etməsi və tədricən qərbə doğru irəliləməsi olmuşdur. Belə ki, 1071-ci ildə Səlcuq dövləti tərəfindən Bizans İmperiyasına qarşı qələbə çaldığı Malazgirt zəfəri ilə Türklərə Anadolunun qapıları açıldı və bu, Kilsəni və Avropa dövlətlərini narahat etməyə başladı. Tarixə nəzər saldıqda görürük ki, səlib yürüşlərinin hədəfində hər zaman Türklər olmuşdur. Beləliklə, XX əsrin əvvəllərində də müsəlman – türk əsgəri birləşmiş xristian ordularına qarşı qəhramanlıqla sinə gəlmiş, yüz minlərlə şəhid vermiş, işğalın qarşısı alınmış və yenə də qələbə qazanmışlar.

 “Şərq məsələsi”

Fransız tarixçi Drialut çox zaman “İslam-Xristiyan mübarizəsi” kimi xarakterizə etdiyi “Şərq məsələsi” ifadəsi ilk dəfə 1815-ci ildə Vyana Konqresində istifadə olunmuşdur. Digər fransız tarixçi Albert Sorel isə “Şərq məsələsi Türklər Avropaya ayaq basdığı gün başlamışdır” deyərək məsələnin Türklərlə əlaqəsini açıq şəkildə vurğulamışdır.
Şərq Məsələsinin əsas hədəfləri bunlar olmuşdur:
1)    Türkləri Balkan böləsindən tamamilə çıxarmaq;
2)    Osmanlı hakimiyyətində olan Şimal Afrikanı işğal etmək;
3)    Türk olmayan Müsəlman xalqlarını, xüsusilə ərəbləri Osmanlı Dövləti əleyhinə qızışdırmaq və onları dövlətdən qoparmaq;
4)    Osmanlı Dövlətinə Asiya torpaqları üzərində yaşayan Xristian azlıqlar lehinə islahatlar aparmağa məcbur etdirmək və nəhayət müstəqillik əldə etmələrini təmin etmək;
5)    İstanbulu Türklərin əlindən almaq;
6)    Türkləri Anadoludan çıxarmaq və Anadolunu bölüşdürmək.

Yeni səlib yürüşləri?

Diqqət yetirsək görərik ki, Şərq Məsələsini planlaşdırmış qüvvələr artıq hədəflərinin və məqsədlərinin bir çoxuna nail olmuşlar. Şərq Məsələsi ilə çata bilmədikləri hədəflərinə isə 11 Sentyabr 2001-ci ildə Dünya Ticarət Mərkəzinə hücumlar bəhanə edilərək ABŞ tərəfindən ortaya atılan Böyük Yaxın Şərq Layihəsi ilə nail olunması planlaşdırılır.  Bu hadisdən sonra ABŞ-ın keçmiş prezidenti C. Buş 100 il davam edəcək yeni “xaçlı səfərin” başlandığını bəyan etmişdi. Bəs bu layihənin hədəfləri nədir?
Böyük Yaxın Şərq Layihəsi ABŞ-ın qərbdə Mərakeş, Mavritaniya, şərqdə Orta Asiya və Monqolustan, şimalda Qafqaz və Türkiyə, cənubda Ərəb dünyasından Somaliyə qədər uzanan bir coğrafi arealı və 22 islam ölkələrini əhatə edən geniş miqyaslı bir parçalama proqramıdır. Beləliklə, bəyan edilən yeni xaçlı səfəri tarix səhnəsində elan olunmuş 10-cu səlib yürüşü oldu.  2003-cü il martın 20-dən ABŞ və Böyük Britaniyanın başçılığı altında koalisiya qüvvələrinin hücumu ilə İraq işğal edildi, milyonlarla dinc müsəlman əhali qətlə yetirildi. Lakin Əfqanıstan və İraqda işğalçı dövlətlərin çoxlu sayda tələfatlar verməsi və maddi zərərlərin olması, bu ölkələrin özlərində də ciddi mənfi ictimai rəyin yaranması onları öz məqsədlərini həyata keçirmək üçün yeni işğal strategiyaları planlaşdırmağa vadar etdi. Yəni işğal layihələrini reallaşdırarkən “əllərinin yanmaması” üçün “maşa”dan istifadə edilməsi məqsədəuyğun hesab olundu. 10-11 dekabr 2004-cü ildə Mərakeşin paytaxtı Rabat şəhərində G8 ölkələrinin, həmçinin Yaxın Şərq və Şimali Afrika dövlətlərinin iqtisadiyyat və xarici işlər nazirlərinin qatıldığı “Gələcək üçün Forum” adlı  konfransda həmsədr kimi iştirak edən ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauel öz çıxışında bəyan etdi ki, artıq Böyük Yaxın Şərq Layihəsinin əhatə etdiyi ölkələrdə dəyişiklikləri xaricdən təlqin etməyəcəyik, bunu ölkələrin sosial, iqtisadi sahədə irəliləmələri ilə bərabər öz içlərində başladacağıq. Həmçinin bölgə ölkələrində yeni islahatlar üçün xalqları cəsarətləndirəcəyik.
“Ərəb Baharının” əsl mahiyyətini ABŞ-ın keçmiş dövlət katibi Kandaliza Rays hələ 7 Avqust 2003-cü ildə Vaşinqton Post qəzetində nəşr olunan  "Transforming The Middle East – Yaxın Şərqi Çevirmək" başlıqlı yazısında "22 ölkənin sərhədlərinin və rejimlərinin dəyişəcəyini" söyləyərək bəyan etmişdi. Bu ölkələrdə Kolin Pauelin bəyan etdiyi yeni strategiyaya uyğun olaraq süni xalq üsyanları, vətəndaş müharibələri təşkil olunur, insan haqları, demokratiya bəhanəsiylə həmin ölkələrə müdaxilə edilir və hakimiyyət çevrilir, ABŞ-ın və digər imperialist qüvvələrin maraqlarına cavab verən, bu ölkələrin təbii sərvətlərini onlara peşkəş edən yerli simalar hakimiyyətə gətirilir. O da təsadüfi deyildir ki, “Ərəb Baharı”, yəni “xalq üsyanları”  ABŞ-ın bölgədə siyasətinə tabe olan və onu həyata keçirən ölkələrdə deyil, əksinə ona tabe olmayan cəmiyyətlərdə reallaşır. Onu da qeyd edək ki, bu planların həyata keçirilməsində qərb mediyası və onların maraqlarına xidmət edən Əl Cəzirə kanalı çox əhəmiyyətli rol oynamışlar və oynamaqda davam edirlər.
“Ərəb Baharı” deyilən qiyam və qan dalğasının Müsəlman ölkələrdə insan haqları, sülh və demokratiya gətirəcəyinin yalan olması Misir və Liviyanın  timsalında bəlli oldu.

Və Türkiyə

Burada çox təəssüf doğuran bir məqam isə qardaş Türkiyə Respublikasının hökumətinin Böyük Yaxın Şərq Layihəsində tutduğu mövqedir. Türkiyənin baş naziri cənab Rəcəb Tayyib Ərdoğan dəfələrlə elan etmişdir ki, Türkiyə Böyük Yaxın Şərq Layihəsinin həmsədridir (www.youtube.com-da axtarış verilərək bunu təsdiq edən kifayət qədər video materialları tapmaq mümkündür). Hazırda Türkiyə hökumətinin Yaxın Şərqdə ərəb ölkələri və Suriya mövzusunda yeritdiyi siyasət də bunu göstərir. Suriyada baş verən hadisələr dünya mediyasında təhrif edilərək xalqın guya prezident Bəşər Əsədə tabe olan əsgərlər tərəfindən kütləvi qırılması kimi təqdim edilir. Halbuki burada əsl həqiqət Suriya dövlətinin haqlı olaraq ABŞ-ın dəstəyi və Türkiyə hökumətinin vasitəçiliyi ilə yaradılmış və hazırda da onlar tərəfindən hərtərəfli dəstəklənən terrorçu qrupları zərərsizləşdirmə fəaliyyətidir. Reallıqda xalqın mövcud hakimiyyətə dəstəyi, xalq-dövlət birliyi dünya mediyasında gizlədilir. Əsrlər boyu Yaxın Şərqdə məzlum xalqları himayə etmiş, insan haqlarını qorumuş Osmanlı dövlətinin yeritdiyi siyasət ərəb xalqlarında Türklərə qarşı sevgi və etibarın qaynağı olmuşdur. Təəssüf ki, bu gün artıq real həqiqətlər ortaya çıxdıqca bu bölgədə xalqların Türklərə inamı və sevgisi də getdikcə azalmaqdadır. Regionda ABŞ-ın müttəfiqi olduğunu bəyan edən və siyasətini dəstəkləyən Türkiyə hökuməti və xalqı əslində Böyük Yaxın Şərq Layihəsində əsl hədəf olduqlarını və “bahar”ın bir gün onların qapısını da döyə biləcəyini unutmamalıdır.
Bəli, mövcud vəziyyətin real tədqiqi bir daha təsdiq edir ki, “sivilizasiyalararası toqquşmanın” əsl mahiyyətini dərk etməmək ABŞ siyasətinə xidmət etmək deməkdir. Mövcud toqquşma qlobal idarəetməyə və dünyanı nəzarətdə saxlamağa cəhd edən bir qrup  imperialist qüvvələrin marağı ilə tərəqqipərvər bəşəriyyətin maraqları arasındakı toqquşmadır. “Sivilizasiyalar toqquşur!” deyərək insanlar arasında xof və qorxu yaratmaq əvəzinə, “sülh və əməkdaşlıq!” deyərək insanlarda dinindən, irqindən, dilindən asılı olmayaraq bir-birinə inam və etibar formalaşdırmaq daha perspektivlidir. Süni surətdə “sivilizasiyaları toqquşdurmağa” cəhd edən ABŞ nəinki öz iqtisadi və siyasi maraqlarını müdafiə edir, həmçinin qlobal miqyasda həyata keçirdiyi hərbi cinayətkarlığı ört-basdır edir. Təəssüf ki, ABŞ-ın  Yaxın Şərq ölkələrinə həm siyasi, həm də iqtisadi cəhətdən daha ciddi təsir edən və “sivilizasiyaların toqquşdurulmasına” hesablanan siyasəti Yaxın Şərqin bəzi ölkələri tərəfindən hələ də dəstəklənməkdədir.

yaxa.org

Комментариев нет:

Отправить комментарий