02.10.2012

Bozarma taleyin üzünə

Feyziyyə Hacıyeva

bozarma taleyin üzünə
bir gün qızar gözləri,
baxmaz heç nəyə,
dönüb qatil olarsan -
özü-özünün qatili.
kəsib-parçalayarsan,
içində nə varsa,
doğrayıb səpələrsən sapsarı sonsuzluğa.

bozarma taleyin üzünə,
səni quzğun eləyər, açar leş süfrəsini,
iylənmiş tikələri ləzzətlə didiklərsən,
leş sökmüş dimdiyini silib lələklərinə.

sonra çıxıb gedərsən leşlərin arasından -
ağzında bir parça ət,
içində bir ömür nifrət.
gözlərini açanda
«yuxuymuş» deyib sevinərsən,
gördüklərini yozmağa macal tapmamış
quzğuna dönərsən…

bozarma taleyin üzünə.
ömrün boyu dua etdiklərin,
sənə lənət oxuyar, sənə qarğışlar tökər
səma qapılarının taybatay açıq vaxtı,
bədənində nə qan varsa çəkilər beyninə,
əllərin, ayaqların bir damla qan diləyib
səcdə edər başına,
sağ əlin, sağ ayağın bozarar soluna,
sağ gözün boz yaş tökər bozarmış sifətinə.

bozarma taleyin üzünə,
bir iri qara dəlik açılar göy üzündə,
dənizin üzərində
iri tonqal çatılar üzü dəliyə sarı,
dənizin üzərində.
qırmızı-sarı rəngdə bir pilləkən
uzanar alovun dillərindən
qara dəliyə sarı,
qara dəlikdən çıxıb bir sürü əl çağırar səni
dəliyə sarı.
ayağın yana-yana
qaça-qaça qalxarsan alovlu pillələri,
yana-yana can atarsan o qara yüksəkliyə,
qaranlıq ucalığa,
“bax, az qalıb”, - deyərsən,
“daha çatdım” - deyərsən,
suluqlamış ayağın dəyəndə son pilləyə
başına daşlar yağar,
üz-gözünü qalxdığın alovlu pillələrin
qırmızı-sarı dilləri yalar…

və bir gecə yuxuna gələr
qatili olduğun Bir Dünya Sən,
alarlar dövrəyə,
məhbusa çevirərlər səni öz içlərində,
sonra nəsə deyərlər dönə-dönə
və sən hər səhər Əzandan sonra,
bir səs eşidərsən:
bozarma taleyin üzünə!

***

sən demə, sevgilər öləndə ruhları
canın ağrıdığı yerə sığınarmış,
sən demə, canı aldanmağın qorxusu üşüdərmiş,
mənə bax, caan, çoxmu üşüyürsən, çoxmu....

sən demə, yayın ən qızmar vaxtı
taykeş çəkmələrin dərisi,
dodaqlar şaxtadan çatlayantək catlarmış,
qabararmış burunlarının ucları
sahibinin ayaq qoxusunu xatırlayıb.

nə biləsən axı,
qatlanmış vərəqdə sahibsiz yazılar
ağzı yaşmaqlı dul qadıntək
ele hey kimisə axtarar,
əldən-ələ gəzər,
oxunar,
oxunmaz...
nə yiyə duranı olar,
nə öz sahibi tapılar...
ovunmaz, ovunmaz.

sən bilməzsən, sahibsiz paltarlar
necə qorxarlar qaranlıq bağlamalarda,
ölümdən öncə istənən bir içim su tək
bircə dəfə geyilmək istərlər,
bircə dəfə tər qoxlamaq keçər içlərindən,
bircə dəfə, son dəfə,
amma hanı?..

bircə darıxma,
bircə vurnuxma,
bulanıq suya boylanan simasını gözəl görməz,
bataqlıqda heç nəyin əksi görünməz.

yenəmi darıxırsan, birdənəm?!
amma bax, ordan -
göyün sən olan qatından
bircə qat yuxarıdan bir körpə keçir -
özü bulud rəngində,
gözləri gümüşü,
çiynində bir dəst paltar,
əlində bir tay çəkmə,
içində bir içim su...

Комментариев нет:

Отправить комментарий