20.10.2012

Polis rəisi getdi

Masallı “Şərur qrupu”nun əlində idi. Belə ki, Masallının icra başçısı, prokuroru və polis rəisi eyni rayondan - Şərurdan idilər.

2010-cu ilin mart ayının ilk günlərindən Qəbələ Rayon Polis Şöbəsi rəisi Əkbər Yusifov Masallıya eyni vəzifəyə təyinat aldı. Bu təyinatdan sonra oradakı komandasının əsas oyunçularını bu rayona “daşıyan” Əkbər Yusifov 2 il yarım Masallıda polis rəisi vəzifəsində işləyəndən sonra bu günlərdə postu ilə vidalaşıb.
Bizdə misal var ki, yıxılana balta vurmaz, gedənin dalınca danışmazlar və sairə. Ancaq nəzərə alanda ki, bəzi “yıxılanlar” öz-özünü “baltalayıb”, buna başqaları nə etsin?
İkinci, o adamın başqasının arxasınca danışmağa haqqı olmur ki, həmin işdən gedən vəzifəli şəxsin güclü vaxtında bu adam sözünü deyə bilməyib. Biz polis rəisi Əkbər Yusifovun ən güclü, el arasında desək, “bro-bro” vaxtında onun narahatçılıq yaradan əməlləri barədə sözümüzü demişik. “Cəpərüstü söhbət” və digər yazılardakı atmacalar bir yana, biz onun gəlişinin birinci ilində yazdığımız “Polisdən intihara gedən yol”, daha sonra “Polisdə “mehriban düşmənlər”” və digər yazılarda polis rəisinin etdiklərini və edə bilmədiklərini konkret detallarla göstərmişdik.
Son 12 ildə Masallıda 3 polis rəisi işləyib – Qambay Muradov, Dövlət Səfərov və Əkbər Yusifov. Qambay Muradov və Dövlət Səfərov bu postda təxminən 5 il işlədi. Onların bəzi qüsurları olsa da, Qambay müəllim intellekti, yüksək ziyalılığı, mətbuata çox açıq olması ilə yadda qaldı. Dövlət müəllim isə ənənəvi “tas”ları pozmadan mülayimliyi, bir az bahalı çaxırlara heyranlığı ilə yaddaşlara düşdü.
Bəs Əkbər Yusifov yaddaşlarda nə ilə qaldı?
Əgər ötən əsrin sonlarında Masallıda polis rəisi işləmiş Nizami Sadıqov (hazırda Ağdam rayonunun icra başçısıdır) Şır-şır bulağını əsaslı təmir etdirməklə özünü əbədiləşdirməyə çalışdısa, Əkbər müəllim ancaq öz evinə gedən yola asfalt döşətdirməklə diqqət çəkdi.
Masallıya polis rəisi gələn kimi Əkbər müəllimin ilk nəzərə çarpacaq addımı, yuxarıda qeyd etdiyim kimi, Qəbələ Rayon Polis Şöbəsinin əksər işçilərini Masallıya gətirmək, buradakı peşəkar zabitləri isə Lerikə və digər ucqarlara göndərmək oldu. Lakin qısa müddətdə yeni rəisin öz kadrları da ona problem yaratdılar. Pasport masa rəisliyinə gətirdiyi şəxs qısa müddətdə ciddi saxtakarlıq etdiyi və rəisə yalan məlumat verdiyi üçün işindən qovuldu (yeri bir ildən artıqdır ki, boşdur). Masallı Yol Polisinin rəisliyinə gətirilən Ağalar müəllim haqqında isə Masallıya gələn gündən əfsanələr dolaşmaqdadır. Belə şayiələr yayıldı ki, bu şəxslə yeni rəisin razılaşmalarına görə, o, Bakının əsas rayonlarından birinə yol polisinin rəisi vəzifəsinə təyin etdiriləcəkmiş. O da buna görə bu yolda daha “iri addımlar” atıb. Sonra Əkbər müəllim centlmen razılaşmasına əməl etməyib. Sonda “Masallı variantı” ilə kompromisə razılaşıblar. Lakin “QAİ” rəisi səhhətindəki problemlə bağlı uzun müddət Masallıda vəzifəsini icra edə bilmədi və nəhayət, bir neçə ay öncə vəzifəsi ilə vidalaşdı. Hazırda bu vəzifə də boşdur.
Əkbər müəllimin bəs ikinci yadda qalan işi nə oldu? Yerli sakinlərin bildirdiyinə görə, onun gəlişindən sonra rayonda dollar satandan kömür satanadək hamının “tas”ı azı 4-5 dəfə qaldırıldı. Bəziləri həmin peşələri ilə vidalaşmalı olub. Rayonun girişində, çıxışında (həm də turist obyektlərinin yaxınlığında) post-patrul maşınları saxlatdırıb quş-balıq gətirəndən, odun-çilə gətirənədək hamıya ilişdilər. Amma rəsmi şəkildə bir dəfə də məlumat olmadı ki, onlar bu müddətdə kimləri saxlayıb, kimləri cəzalandırıblar?
Tez-tez rayonda söhbətlər dolaşırdı ki, filan iş adamına “xox” gəlib, filan qədər aldılar, yetim-yesiri narkoman adı ilə damlayıb narkobaronlarla böyük bazarlıqlara getdilər və sair. Xüsusən, Əkbər müəllimin “sağ əli”, Qəbələdə onun müavini olmuş Əlifağa müəllimin (O, burada da eyni vəzifəyə təyin olundu.) timsalında Masallıda bir xof yaşadırdı. Əlifağa müəllim başda olmaqla adi post-patrullar da heç nədən adamlara ilişir, sonra da “polisə müqavimət” və sair adlarla onları “çərtirdilər”.
Polis şöbəsinin özündə isə işçiləri “ağlara”, “qaralara”, “ögeylərə”, “doğmalara” bölmüşdülər. Boradigah polis bölməsi ilə polis rəisinin davası Daxili İşlər Nazirliyinə qədər çıxdı. Sonra birtəhər ört-basdır edildi.
Hətta yayılan məlumatlara görə, polis rəisi o qədər özünə arxayın imiş ki, icra başçısının da bəzi tapşırıqlarını eşitməməzliyə vururmuş.
Bu da sirr deyil ki, həmin illər Masallı “Şərur qrupu”nun əlində idi. Belə ki, Masallının icra başçısı, prokuroru və polis rəisi eyni rayondan - Şərurdan idilər. İndi həmin şəxslərin hamısı Masallıdakı postlarını tərk edib.
Əkbər Yusifovun vaxtında Masallıda oğurluq halları baş alıb getdi və əksəriyyəti açılmadı, bir çoxlarını isə sadəcə, açmadılar.
Əvvəlki rəislərdən fərqli olaraq Əkbər Yusifovun vaxtında polis şöbəsinə gətirilib döyülənlər haqqında daha çox xəbərlər gəlirdi.
Nəhayət, Əkbər Yusifovun və onun “sağ əli” Əlifağa Kazımovun işlədiyi dövrdə kulminasiya nöqtəsi Kalinovkada bir gəncin intihara məcbur edilməsi oldu. “Polisdən intihara gedən yol” yazısından bəlli olduğu kimi kalinovkalı bir gənc azyaşlı qızla əlaqədə şübhəli bilinir. Həmin gənc də rayondakı məşhur iş adamlarından birinin qohumu olur. Bunu bilən polis başqanları, deyilənlərə görə, həmin şəxsə 100 min manat “oxuyur” və bildirirlər ki, şərtə əməl etməsən, ANS-i çağırıb, çəkiliş apartdırıb, səni biabır etdirəcəyik. Vəziyyətdən çıxış yolu tapmayan və rüsvay olacağından qorxan gənc elə həmin günün axşamı kənddəki fermada özünü asıb. Bu olayda ən maraqlı nüans isə o idi ki, həmin gənc gecə 10-da özünü assa da, polisdəki sənədləşmədə bu gəncin guya ölümündən 54 dəqiqə sonra saat 22. 54 dəqiqədə polisə çağırılaraq, iş sənədləşdirilmişdi.
Bu olay baş prokurorluğa qədər çıxdı. Sonra bəzi-bəzi səbəblərdən işi şişməyə qoymadılar. Lakin burada işlədiyi son ana qədər Əkbər Yusifov rayonun məşhur iş adamları üçün arzuolunmaz şəxs sayıldı.
Son məlumata görə, Əkbər Yusifov Ukraynaya, oradakı səfirliyimizə Daxili İşlər Nazirliyinin müşaviri təyin olunub. (Ondan əvvəl bu vəzifədə işləyən Zəfər Abıyev yenidən Azərbaycana qayıdıb və DİN-in Baş Cinayət Axtarış İdarəsində məsul vəzifəyə təyinat alıb).
Bu yazdıqlarımız təkcə gedənlər üçün yox, həm də gələnlər üçündür. Bir qədim deyimi də yaddan çıxartmayaq: “Heç kim unudulmur, heç nə yaddan çıxmır”.
Bəli, cəmi 2,6 il Masallıda polis rəisi işləyən Əkbər Yusifovun gedişini masallılılar acı təbəssümlə qeyd edirlər, bəzilərinin isə yadına məşhur “KVN”-şik Bəhrəmin “Nə oldu rəis, alınmadı?” sözləri düşür.

Zahir Əmənov                         "Cənub xəbərləri"

Комментариев нет:

Отправить комментарий