20.10.2012

Ayağını itirən Qarabağ döyüşçüsü

Redaksiyanın poçtundan

Mən Ağayev Mehdi Kamil oğlu 1974-cü ildə Cəlilabad rayonunun Alıqasımlı kəndində anadan olmuşam. 1993-cü ilin yanvar ayında Qarabağ müharibəsinin qızğın çağında hərbi xidmətə getmişəm. Nasosluda, Qusarda yerləşən hərbi hissələrdə qısa təlim keçəndən sonra bizi Ağdərə istiqamətində döyüşlərə apardılar. Komandirimiz Anarın rəhbərliyi altında vətən uğrunda qızğın döyüşlərdə iştirak etdik. Anar komandir bu döyüşlərin birində qəhrəmanlıqla həlak oldu. Mən 1993-cü il aprel ayının 12-də sağ budumdan ağır güllə yarası aldım. Tərtər hospitalında 9 gün yatdım, sonra helekopterlə məni Bakıya gətirdilər. Sabunçu rayonundakı Əziz Əliyev adına xəstəxanada 1 ay qaldım, müalicə aldım.
Oradan 145 nömrəli poliklinikaya göndərildim. Burada mən köhnə pulla 10 min manat ( indiki pulla 200 manat) yardım aldım və yaşadığım Cəlilabad rayonuna göndərildim. Cəlilabad hərbi komissarlığında qeydiyyata düşdüm. Burada da mənə köhnə pulla 20 min manat (indiki pulla 400 manat) qanpulu verildi.
145 saylı poliklinikanın müdiri mənə dedi ki, get, komandirin kağıza möhür vursun, gətir. Qusara, hərbi hissəyə getdim. Orada sənədin üstünü yazdılar, qol çəkdilər, amma dedilər ki, möhür bizdə deyil, Nasosludadır, get, orada möhürləsinlər. Yaralı ayağım mənə həddən artıq əziyyət verdiyi və maddi imkanım olmadığı üçün Nasosluya gedib sənədi möhürlətdirə bilmədim.
O vaxtdan, 20 ilə yaxındır ki, bir möhürə görə ilişib qalmışam, veteran vəsiqəsi ala bilmirəm. Bu səbəbdən də pensiyama hər ay əlavə olunmalı 40 manatı mənə verilmir, əlavə torpaq payı da əldə edə bilmirəm, bir veteran kimi digər güzəştlərdən faydalanmaq mümkün olmur.
Bir ayağım iflic vəziyyətindədir, həmin ayağımda heç bir hissiyyat yoxdur. 5 övladım var, hamısı da azyaşlı. Qarabağda ayağı şikəst olmuş bir əlil kimi aldığım 40 manat pensiya, 50 manat prezident təqaüdü, 50 manat sosial yardım heç dərman puluma çatmır.
Təsəvvür edin, onlarla qanlı döyüşdə iştirak edəsən, ayağın iflic vəziyyətinə düşə, 5 azyaşlı uşaqla ölümlə-həyat uğrunda çarpışasan, ancaq 20 ildə bir veteran vəsiqəsini ala bilməyəsən. Savadsız, şikəst, imkansız adamam. Müvafiq idarələrin qapısını döyməkdən bezmişəm. Rayonda hərbi komissarlığa, Bakıda Müdafiə Nazirliyinə, millət vəkilimiz Mirkazım müəllimə, digər gümanım gələn yerlərə onlarla məktub yazmışam, amma mənə real kömək edən yoxdur.
Axı mən vətən uğrunda vuruşmuşam, şikəst olmuşam, Qarabağın 100 kilometrliyindən keçənlər veteran vəsiqəsi, az qala qəhrəman adı alır, amma mən, döyüşdə yaralanan, ölümlə üz-üzə qalan bir gənc vəsiqə ala bilmirəm. Deyirlər, əsas məsələ Müdafiə Nazirliyinin arxivindədir. İndi gəncləri bəhbəhlə hərbi xidmətə yollayan komissarlıq, yaxud nazirlik işçiləri olmaz ki, bir əlil gəncin adi problemini həll etsin. Qarabağ döyüşçüsünü belə zəlil gündə görən gənclər orduya hansı həvəslə gedər.
Mənim məktubuma nə cavab versələr yaxşıdır – guya “orduya girişim var, çıxışım yoxdur”. Məgər mənim günahımdır ki, orduya sağlam girib, bir ayağı şikəst çıxmışam?
Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında qeyd olunur ki, “hərbi travma, hərbi xidmət vəzifələrini yerinə yetirərkən” güllə yarası almışam. Cəlilabad rayon hərbi komissarlığı isə deyir ki, MN-nin hüquq idarəsi bu məsələyə hüquqi qiymət verməlidir. Arxiv biz veteranların məsələsinə soyuq, başdansovdu yanaşır, çünki təkcə rayonumuzda 60-a yaxın Qarabağ döyüşçüsü tanıyıram ki, vuruşub, amma arxiv lazımi sənədləri tapıb onlara vermir. Olmaz ki, komissarlığın bir işçisi, yaxud millət vəkilinin köməkçisi 1-2 gün vaxtını ayırıb, bizim, keçmiş döyüşçülərin problemimizi həll etsin. Axı, biz döyüşmüşük, vətən yolunda qan tökmüşük, hələ də bədənimdə bir neçə güllə qırıntısı gəzdirirəm.
Bəlkə də qarşılaşdığım bu problem çoxları üçün adi bir şeydir, lakin bu bizim üçün, 5-10 manatın ümidinə qalan, onu da dərman puluna verən keçmiş döyüşçülər üçün həyat-ölüm məsələsidir.
Bir anlıq xəyalınıza gətirin ki, ucqar bir kənddə, 5 uşaqla, hissiyyatını itirib çəlikdən fərqlənməyən şikəst ayağı ilə həyatla ölüm arasında çarpışan bir Qarabağ döyüşçüsü var. Xahiş edirik, mərhəmətinizi, köməyinizi bizdən əsirgəməyin.

"Cənub xəbərləri"

Комментариев нет:

Отправить комментарий