09.05.2014

Elnur Aslanov Mehdiyevin ən çox inandığı şəxs olub…

Hakimiyyətəki “Gülənçi” şəbəkənin “vurulmasını” “Naxçıvan qrupunun” “Paşayevlər” üzərində qələbəsi kimi təqdim etmək kimlərin marağındadır?

Azərbaycan hakimiyyətində özünə yer etmiş nurçu şəbəkənin ifşa olunması və ona rəhbərlik edən şəxslərin vurulması prosesi cəmiyyətdə ikili rəyin formalaşmasına səbəb oldu. Birinci rəy ondan ibarətdir ki, iqtidar möhkəmdir, təhlükələri öncədən görməyi və onları qabaqlamaq üçün zəruri addımlar atmağı bacarır. İkincisi, iqtidar daxilində qruplararası savaş mövcuddur və baş verənlər bu savaşın məntiqi nəticəsidir.
Əslində nə baş verdi? Bu sual indi hamını düşündürür. Amerikalı ekspertlərdən biri deyir ki, əgər hakimiyyət hansısa hadisənin əsl səbəblərini gizlətmək istəyirsə, onun baş vermə səbəbi haqqında bir neçə versiyanı dövriyyəyə buraxır və bu yolla da ictimaiyyəti çaşdırır.
Cəmiyyət bu versiyalar üzərində baş sındırdıqca əsl motivdən uzaqlaşır və beləliklə, həqiqət yalnız dar çərçivənin inhisarında qalır.
Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun vurulması, əslində, hamıya bəlli olan və uzun müddət cəmiyyətdə müzakirə obyektini təşkil edən həqiqətlər fonunda baş verdi. Yəni hakimiyyət ABŞ ssenarisinə getmədi və imkan yaratdı ki, cəmiyyət nə baş verdiyini özü görüb ortaya mövqe qoysun. Reallıq, faktlar isə göstərirdi ki, Elnur Aslanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, millət vəkili Ceyhun Osmanlı və onlara yaxın olan bir çox şəxsin Türkiyədəki, daha doğrusu ABŞ-dakı “Hizmət” hərəkatı ilə bağlılığı mövcuddur. Təfərrüatına varmadan deyə bilərik ki, bunu həm Türkiyə, həm də Azərbaycan mediasında verilmiş informasiyalar da təsdiq edirdi. Əlbəttə, ciddi faktlarla yanaşı, şübhəli və primitiv görünən şayiələr də oldu. Amma Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın prezident İlham Əliyevə siyahı təqdim etməsi barədə iddiaları, nurçuların Fətullah Gülənə və Gülənin öz tərəfdarlarına ünvanladıqları məktubların həqiqiliyini şübhə altına alan heç bir əsaslı arqument irəli sürülmədi. Elnur Aslanov və onun yaxın ətrafı yalnız hakimiyyətə və dövlət başçısına “sədaqətlərindən” və yayılan xəbərlərin “şayiə olmasından” danışdılar. Hər halda, Elnur Aslanovun “mən sədaqətliyəm” iddiası və ara-sıra müxtəlif saytlara verdiyi sifarişlər onun Fətullah Gülənə sevgi dolu məktubunun təkzibi anlamına gələ bilməz.
Elşad İsgəndərov isə Elnur Aslanovun səhvlərindən nəticə çıxararaq, ola bilər ki, elə keçmiş şöbə müdiri ilə məsləhətli şəkildə taktiki baxımdan başqa yol seçdi. Hər halda, indi mediada gedən və sifarişli olduğu şübhə doğurmayan bəzi məqalələrdə deyilir ki, guya E.İsgəndərov şiədir, onun nurçularla, daha doğrusu ABŞ-la heç bir əlaqəsi yoxdur və dini komitəyə rəhbərlik etdiyi dövrdə, o, çox məhsuldar fəaliyyət göstərib. Hətta qəzetlərin birində belə bir informasiya yayıblar ki, guya E.İsgəndərov hakim ailəyə (“Paşayevlərə”) yaxın bir insan idi. Sən demə onun bu posta gətirilməsində də əsas rolu E.Aslanov və onun himayədarları deyil, məhz hakim ailə oynayıb. Elə təsəvvür yaratmaq istəyirlər ki, sanki E.İsgəndərovun təyinatı “köhnə qvardiyanın” maraqlarına cavab vermirdi. Belə çıxır ki, E.İsgəndərov hakim ailəyə yaxın olub, vurulması da hakimiyyətdəki “köhnə qvardiyanın” işidir. Digər bir qəzet isə bu iddianı daha da konkretləşdirərək yazır ki, bu qrupun vurulması “köhnə qvardiya”nın, yəni “Naxçıvan qrupunun” “Paşayevlər” üzərində qələbəsidir.
Əsl həqiqət isə ondan ibarətdir ki, hakimiyyətdəki şərti olaraq “Naxçıvan qrupu” adlandırılan qanadın başında duran Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevir. Elnur Aslanov Ramiz Mehdiyevin köməkçisi olub və məhz onun təşəbbüsü ilə şöbə müdiri təyin edilib. Deyilənə görə, bu şöbə administrasiyada Ramiz Mehdiyevin xidməti kimi fəaliyyət göstərib, Aslanov isə onun ən etibarlı və ən çox inandığı şəxs olub. Elşad İsgəndərovun, Fərhad Məmmədovun, Fərhad Hacıyevin, Ceyhun Osmanlının və digərlərinin vəzifələrə təyinatı da məhz Aslanovun Ramiz Mehdiyevə, sonuncunun da prezidentə təqdimatı əsasında baş tutub. Digər tərəfdən, Aslanov və İsgəndərov həm də prezidentin qızı Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən müxtəlif layihələrə soxularaq görüntü yaratmağa çalışırdılar ki, guya “Paşayevlər” tərəfindən də dəstəklənirlər. Buna paralel olaraq onlar belə bir iddia da ortaya atmışdılar ki, guya nurçu qrupun üzvləri əsasən Şirvan regionundan olduqlarına görə, “Paşayevlərə” aiddirlər. Amma bu ucuz təbliğat çox davam etmədi və elə “Paşayevlərin” özləri nurçu şəbəkənin onların adından sui-istifadə etmələrini və hakimiyyət içində hakimiyyət formalaşdırmaq cəhdlərini bağışlamadı.
Gülməlidir ki, baş verənlər bu şəbəkəyə dərs olmadı və həmin ucuz təbliğat yeni rənglər qatılmaqla indi də davam etdirilir. Heç bir fakt ortaya qoyulmadan baş vermiş olaylar hakimiyyətdaxili qarşıdurmanın nəticəsi, nurçu şəbəkə isə bu qarşıdurmanın qurbanı kimi qələmə verilir. Amma bu, heç də belə deyil. İqtidar öz içindən təmizləndi və onun daxilində özünə yer etmiş, xarici dini dairələr və xüsusi xidmət orqanları ilə bağlılığı olan mütəşəkkil bir dəstəni qoparıb atmağı bacardı. İndi görəsən bu dəstə nəyə görə öz iflasını belə primitiv şəkildə pərdələməyə çalışır? Onlar kimə və nəyi sübut etmək istəyirlər? Bu, çox maraqlıdır.

Rasim ƏLİYEV          azpolitika.info

Комментариев нет:

Отправить комментарий