Elnur Rəsuloğlu (Əliyev)
Əliağa Kürçaylının çoxsahəli yaradıcılığına nəzər saldıqda onun zəngin bədii irsinin müxtəlif yaradıcılıq istiqamətlərini əhatə etdiyi aydın görünür. Əsasən şair kimi tanınan Ə.Kürçaylı publisistika, ədəbi tənqid, tərcümə, nəsr, dramaturgiya ilə yanaşı, ən çox qələmini poeziya sahəsində sınamışdır. Onun poeziyası müxtəlif yaradıcılıq istiqamətlərini əhatə edir. Bu poetik nümunələr içərisində satirik şeirlər əsas yerlərdən birini tutur. Ayrı-ayrı mövzulara həsr olunmuş bu satirik şeirlər heç vaxt aktuallığını itirməyəcək məsələləri özündə əks etdirir. Kürçaylı satiralarında söz sənətinə münasibət və ya yalançı sənətkarlıq mövzusu mühüm bir istiqaməti təşkil edir.
Əliağa Kürçaylı ilk dəfə bu mövzuya 1957-ci ildə yazdığı “Yazılmamış şeir” əsəri ilə toxunmuşdur. O, bu şeirində öz ana dilində bir yol şeir yazmayan, lakin nədənsə adı şairlər sırasında çəkilən, yazılmamış şeirini sətri tərcümə edib birbaş tərcüməçi dostunun yanına gedən, həmin günün səhəri “şeir”i başqa dildə dərc olunan, jurnalı fərəhlə əlinə alıb şeirini özgə dilinə çevirən bir şairin timsalında bu cür dırnaqarası şairləri tənqid atəşinə tutmuşdur.
“Ordan-burdan” (1965) adlı digər bir şeirində isə şair, şeirin adından da göründüyü kimi, ordan-burdan oğurlayıb şeir yazanları rişxəndlə “Ordanburdanzadə” adlandıraraq onlara istehza edir:
Doğrudan, şair olmaq əsil kefdir, nəşədir,
Həm gəlirli peşədir, həm şöhrətli peşədir.
Ordan-burdan yığırsan – sözlər bitmir, tükənmir,
Beş-on sürtük qafiyə - görürsən, oldu şeir...
... Hər şerin bir kitabda tapılsa da ünvanı
Kim kimədir, de gəlsin, əlini tutan hanı?!
Bu işini bilənlə tez vur badə-badəyə,
Ondan sonra kim batar Ordanburdanzadəyə?!
Söz sənətini hər cür saxtakarlıqlardan uzaq görmək istəyən şairin sənətin mühafizəsinə xidmət edən belə şeirlərindən biri də “Plagiatla söhbət” şeiridir.
Ə.Kürçaylının “Ordan-burdan” əsərinin məntiqi davamı olan, 1972-ci ildə qələmə aldığı bu şeiri bu mövzuya dair digər satirik şeirlərdən həm terset formasında yazılması, həm də qafiyə sistemi ilə fərqlənir.
Bu şeirində plagiatla söhbət edən şair bu plagiatın misrasında təşbehlərini, şeirində misrasını gördüyünü bildirir və bunların təsadüf olmadığı üçün dərd çəkir. O, bu yalançı şairə satirik tərzdə “qardaş” deyərək onun tərəfindən dərisinin soyulmasına, əlinin, barmaqlarının kəsilməsinə, varsa, halal edəcəyi varının aparılmasına, son tikəsinin, son pulunun, təzəli-köhnəli hər libasının, çəkməsinin, köynəyinin götürülməsinə razı olduğunu bildirir. Çünki bunların heç biri şairin eyninə gəlməz. Ancaq bir şeydən başqa. Beyninə əl uzadılmasına, ürəyi olan şeirinin talanmasına imkan verməz.
“Satılmış peqas” (1974) şeirinin sonluğunda qələmi ilə mürəkkəbini əldən verməmək üçün, şeirini, təbini itirməməkdən ötrü var-dövlətindən, sərvətindən belə keçməyə hazır olduğunu bildirən Kürçaylı ilhamını pula satan, şeiriyyətdə yerini özgəyə verən şairləri təmsil edən cılız şairin aqibətini göstərib yazır:
Özgə üçün şeir yazır haçandır,
Təb onundur, imza başqa birinin.
İlhamını pula satmaq yamandır, -
Özgəyə ver şeiriyyətdə yerini...
Övladına özgə desin: “can bala!”
Ürəyini köçür başqa sinəyə.
Peqasını özgə çapsın dördnala,
Sən özünsə keç arxaya, yedəyə…
Sovet dönəmində şairliyi gəlirli peşə sahəsi hesab edən, şairliyə gəlir mənbəyi kimi baxan dırnaqarası şairlər də var idi.
Əliağa Kürçaylı “O qalxır kürsüyə, baxır salona” (1971) misrası ilə başlanan adsız şeirində belə şairləri tənqid hədəfi seçir:
…Yazıq, qınamıram səni bir gilə,
Hər kəs rəqs eləyir öz havasıyla.
Şair var fəxr edir şeirləriylə,
Şair var əmanət kitabçasıyla.
“Yalan” (1977) şeirinin əvvəlində “başçı yalan danışsa, ellərin xəcalət çəkəcəyini, o torpaqda, o yerdə xeyir-bərəkətin itəcəyini, gül-çiçəklərin saralıb baharın, yazın vaxtsız solacağını, sevən yalan danışsa, məhəbbətin ləkələnəcəyini, dönüklüyün at səyirdib vəfanın, sədaqətin öləcəyini, dodaqda nəğmənin donub kamanın, telli sazın susacağını” deyən Ə.Kürçaylı “şair yalan danışsa, həqiqətin qara geyəcəyini, göydə günəşin qaralıb torpağı zülmət örtəcəyini” bildirərək sovet ideologiyasına uyğun olaraq “… Allah yalan danışar, Şair yalan danışmaz!” – qənaətinə gəlib bir şairin dilindən aşağıdakı yalanı dinlədiyini bildirir:
“… Bir qolsuz əyləşibdir
Piano arxasında,
Kor not varaqlarını
O çaldıqca çevirir.
Bir lal nəğmə söyləyir
Səhnənin ortasında,
Kar dinləyir, düşünür,
Kədərlənir, sevinir...”
və şairlərdən hər şeyi olduğu kimi yazmağı, “ağ”a “ağ”, “qara”ya “qara” deməyi tələb edir.
Haqsızlıqlarla barışmayan Kürçaylı söz sənətinə ikrah hissi ilə yanaşan sənətkarlar dedikdə təkcə “şair”ləri nəzərdə tutmurdu. O, hələ 1957-ci ilin mayında Moskvada olarkən “müəyyən bir əsər haqqında qəribə fikirlər, təəccüblü mühakimələr yürüdən” tənqidçilərə ünvanlayıb yazdığı “Yolda tək çinar” şeirində bu cür tənqidçiləri ifşa edib nəql edir ki, əsərini çəkib bitirən rəssam ona ad da verir: “Yolda tək çinar”. Şəklə baxan dostu köksünü ötürüb
... “Açıq deyim, gözəl şəkildi,
Yarpaqlar, budaqlar xoşuma gəldi,
Adı da yaxşıdır: “Yolda tək çinar” –
Heyif, budağında yoxdur heyva, nar...” – deyir.
Əliağa Kürçaylı yaradıcı insanların fəaliyyətsizliyini, sənət böhranını qəbul etmirdi. O, yazıldığı il məlum olmayan “Matəm marşı” şeirində yarım əsrdə - əlli ildə ancaq bir “Matəm marşı” yazmış bəstəkar “dost”unun ad günü məclisini təsvir etməklə bu bəstəkar kimi qeyri-məhsuldar olanların açıq-aşkar bildirməsə də, gec-tez “matəm marşı”nın çalınacağı nəticəsinə gəlib yazır:
Bəstəkar dostumun əlli yaşını
Bu gün bayram etdik alqışlayaraq.
Bu yarım əsrdə - bu əlli ildə
O bir matəm marşı yazmışdı ancaq.
Neçə sağlıq dedik biz bir nəfəsə,
Badə cingiltisi hey ucalırdı.
Rəhbəri olduğu orkestr isə
Onun əsərini təkrar çalırdı.
Durub təbrik etdik biz dönə-dönə
Bəstəkar dostumun əlli yaşını.
Orkestr kənarda çalırdı yenə
Onun tək əsəri – “Matəm marşını”…
Sonda onu qeyd etmək lazımdır ki, bu gün də cəmiyyətimizdə mövcud olan, söz sənətinə mənfi münasibət bəsləyən yalançı sənətkarlar – şairlər, tənqidçilər, bəstəkarlar və s.-ləri zamanın sınağından çıxa bilməyəcəklər və onların “matəm marşı” çalınacaq. Bu hadisənin öz-özünə baş verəcəyini fikirləşib zamanın öhdəsinə buraxmaq olmaz. Bu bəladan ancaq bir çıxış yolu var – onları tənqid edib səhv olduqlarını göstərmək.

Комментариев нет:
Отправить комментарий