23.05.2014

"Hizbullah" adı altında fəal dindarları cəmiyyətdən kimlər təcrid etmək istəyir?


Bu günlərdə ölkə mediasında "Hizbullah Azərbaycanda kök saldı” adlı bir xəbər yayılıb. Məlumatda qeyd edilir ki, Azərbaycanda guya «Hizbullah»ın yeni qanadının yaradıldığı barədə informasiyalar yayılmağa başlayıb. Hətta məlumatı yayanlar özləri üçün qruplaşmanın liderinin kim olduğunu da müəyyən ediblər. 

Halbuki adı olub, özü olmayan qruplaşmanın rəhbəri olduğu iddia edilən Namiq Həşimzadə adlı şəxs Xaçmaz rayonunda gəncləri radikal qruplaşmaların şikarından qoruyan və onlara qarşı ən aktiv fəaliyyət aparan şəxslərdən biridir. Lakin maraqlı olan budur ki, ölkədə hakimiyyət səviyyəsində radikal cərəyanalarla mübarizə aparıldığı və gənclərin kütləvi şəkildə sözügedən cərəyanların qurbanına çevrildiyi dövrdə hökumətin mövcud fəaliyyətinə dəstək verən şəxslər nəyə görə şər və böhtanla üzləşirlər? Kimdir bu cür informasiyaları yayanlar və bununla nəyə nail olmaq istəyirlər? 
Mövzu ilə bağlı azadxeber.net-ə açıqlama verən "Vətən" blokunun İcra Aparatının katibi Mayis Güləliyev bildirdi ki, sözügedən tendensiya dünyanın əksər ölkələrində var. 
Siyasi fəaliyyət baxımdan kifayət qədər aktiv olan insanları cəmiyyətdən təcrid etmək istədiklərini söyləyən ekspert, “həmişə hakimiyyətdə olan güclər onlara rəqib olan qüvvələri hansısa üsullarla sıradan çıxarmaq istəyirlər. Yəni hakimiyyətdə olan insanlar istəmirlər ki, onlara rəqib olan şəxslər ətraflarına insan toplasınlar” - deyə bildirdi: 
“Bu, bir növ işlənmiş bir praktikadır. Təşkilatlanmaq istəyən qüvvələrə qarşı hətta müxalifət tərəfindən də müəyyən təxribatlar olur. Müxalifətdə bununla bağlı xüsusi bir monopoliya hissi var. Müxalifətdə olmaq bəzilərinə gəlir gətirdiyi üçün digər qüvvələrin təşkilatlanaraq güclənməsi onlara sərf eləmir. Çünki onlar bununla gəlir mənbələrini itirmiş olacaqlar. Bu baxımdan bəzi aktiv və fəal insanlar ətrafında yaranan təşkilatlar müxalifət tərəfindən də vurulur.”
Mayis bəy onu da bildirdi ki, Azərbaycanda əsl müxalifət həqiqi islami dəyərlər ətrafında formalaşmış müxalif insanlar və təşkilatlardır: “Çünki yerdə qalan digər müxalif qüvvələrin hamısının Amerika, Qərb ölkələri və beynəlxalq maliyyə institutları ilə bağlılıqları var. Bu baxımdan onlar islami dəyərlər ətrafında toplanmış insanların təşkilatlanmasında və güclənməsində maraqlı deyillər.”
Ənənəvi dini ideologiya tərəfdarlarının bu cür şər və böhtanla üzləşməsində radikal dini cərəyanların “əməyi”nin də az olmasının istisna edilmədiyini söyləyən M.Güləliyev bildirdi ki, sözügedən radikal cərəyanlar söz sahibi olmağa çalışırlar: “Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli ilə bağlı yayılan böhtan və şər xarakterli məlumatlar da bu qəbildəndir. Azərbaycan kimi kiçik cəmiyyətlərə yalan informasiyalarla ciddi təsir göstərmək mümkündür. Necə ki, müstəqillik əldə etdikdən sonra ölkədə qeyri ənənəvi cərəyanlar və təriqətlər maliyyə vasitələrindən istifadə edərək geniş ayaq açdılar. Nəticədə sosial və maddi durumu aşağı olan və həqiqi islami bilgilərdən uzaq insanlar bu cür cərəyanların qurbanına çevrildilər.”
Sonda Mayis bəy bildirdi ki, son zamanlar aparıcı din xadimlərinin kitablarının yayılması və bu istiqamətdə işlərin görülməsi nəticəsində cəmiyyətdə müəyyən bir oyanış hiss edilir: “Artıq insanlar radikal və qeyri-ənənəvi dini cərəyanların mahiyyətini anlamağa başlayıb və onlardan uzaqlaşmağa çalışırlar. Düşünürəm ki, bu istiqamətdə günü-gündən inkişaf daha da artacaq və insanların ənənəvi dini ideologiyaya qayıdışı sürətlənəcək.” /islamazeri.az/

Комментариев нет:

Отправить комментарий