23.05.2014

Əfrahim Hüseynli - "ÜRƏYİ ALDATMAQ OLMUR"

Əfrahim Hüseynlinin yeni kitabı işıq üzü görmüşdür

Tanınmış həkim-şair Əfrahim Hüseynlinin "ÜRƏYİ ALDATMAQ OLMUR" adlı yeni kitabı çapdan çıxmışdır. Digər kitablarında olduğu kimi bu kitabdakı şeirlərin də əsas qayəsini el-oba məhəbbəti, Vətən ucalığı, ata-ana sevgisi, məhəbbət müqəddəsliyi təşkil edir. Hər şeiri oxuduqca, misra-misra onun öz poetik deyim tərzinin şahidi oluruq. Hansı mövzuya müraciət etməsindən asılı olmayaraq şair ürəyinə xas olan səmimilik, etiraflar, dərd-sərdən uzaq ola bilməmək hissləri hər şeiri ilk misradan sona qədər oxucunu düşünməyə vadar edir...
Bu kitab müəllifin oxucularla 7-ci görüşüdür. Əfrahimə yeni-yeni uğurlar arzulayırıq. ...Və kitabdankı şeirlərdən sizə təqdim edirik.


GİLEYLƏNMƏ DAHA BƏXTDƏN, AY ÖMÜR!..

(Nəvəm Zeynəb və Zəhra üçün)

Bir arzunun arxasınca süründük,
Yollar uzaq, əlçatmayan göründü.
İllər ötdü, gün sevincə büründü,
Göy üzündə güldü ulduz, Ay, ömür!

Sular ilə danışdığım gün vardı,-
O ötüşən gün də, ay da yad oldu.
Elə bildim uzaqlara apardı,
Yuxuları bu sel-sular, çay, ömür!

Hahaq yerə gileyləndim mən demə,
Çəkilərmiş yoldan boran, çən demə.
Yazıb imiş Tanrı bəxtə, sən demə
İki çiçək, iki gözəl pay, ömür!

Daha hər gün gətirir yaz səhəri,
Bu od-ocaq yaxın qoymaz qəhəri.
Uşaq səsli, qışqırıqlı günləri
Saat-saat ömür-gündən say, ömür!

Hökmü varmış hər saatın, anın da,
Cıxır acı günün, ayın canından.
Nəvələrin səs-küyünün yanında
Yalan imiş yüz-yüz düyün-toy, ömür!

...Nağıl desəm, Zeynəbimə, Zəhrama,
Qışqırırlar, "göydən düşsün dörd alma,
Nənəm və biz?..bir də çatmaz babama..."
Gileynlənmə daha bəxtdən, ay ömür!

İNDİ CAVABLARI ÖZÜNDƏN SORUŞ

Deməli hər şeyin sonu var imiş,
Bu şaxta-sazaqlı yoldan savayı.
İşə bax, xəbərsiz yuxu olarmış
Bu ömrün-günün də hayı, harayı.

Günlər də, aylar da qıfılbənd oldu
Umu-küsülərin məngənəsində.
Neçə yaz arzu tək əlçatmaz oldu
Bu bəxtin, qismətin qış nəfəsində.

Günahlar üstünə günahlar gəldi,
Yuya da bilmədi sellənən yağış.
Günləri döndərdin sorğu-suala,-
İndi cavabları özündən soruş.

Hələ demirəm ki, xatirələrdə
Nə bir təsəlli var, nə güman yeri.
Səhvi, günahı da adıma yazdım,
Günahkar bilsə də qəlb uman yeri.

Dağ-daş da bilsə də, barı sən demə;
"Nə qədər sadəlövh birisi vardı.
Göylər ulduzundan ayına qədər...
İlahi, nə gözəl yer üzü vardı."

ÜRƏK, MƏNİ RAHAT BURAX

Ağlayana yar-yoldaşsan.
Üzümdə ələnən yaşsan.
Dərd ilə doğma qardaşsan,
Ürək, məni rahat burax!

Gəmimizin yolu duman...
Vəfa qılmadı bu liman.
Yol ver gedim, uzaq dolan,
Külək, məni rahat burax.

Qaçmaram, sözdən qaçmaram!!!
Desəm də ki, əl açmaram...
Şah oğlu şaham, acmaram,
Çörək, məni rahat burax.

Nə yağış var, nə çisək-çən,
Quruyubdu yaşıl çəmən.
Nə baxırsan bu çəməndən,
Çiçək, məni rahat burax!

Ağlayana yar-yoldaşsan,
Üzümdə ələnən yaşsan.
Dərd ilə doğma qardaşsan,
Ürək, məni rahat burax.

Комментариев нет:

Отправить комментарий