20.05.2014

KOMMUNIST PARTİYASININ İDEYA ƏSASLARI

Ədalət  Abdinov,
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi

Kapitalizm  mütləq məhv olacaq, cəmiyyət yenidən  daha yüksək ictimai-iqtisadi formasiyaya – sosializmə labüd olaraq keçəcəkdir. Əlbəttə, bu keçid heç də öz-özünə baş verməyəcəkdir, burjuaziyanın hökmranlığına müqavimət göstərmək və kapitalist istehsal münasibətlərini aradan qaldırmaq yolu ilə olacaqdır. Kapitalizmdən sosializmə keçməyi təmin edən ictimai qüvvə elə həmin kapitalizmin əzdiyi, istismar etdiyi insan sinifidir. Kapitalizmə qarşı duran  bu sinif həmin qurluşu məhv etməyə və sosializm cəmiyyəti qurmağa qadirdir.
İstismar olunan insan sinifinin bu günkü rolu onun ictimai istehsaldakı vəziyyəti ilə müəyyən edilir.
Kapitalizmdə əsas siniflər burjuaziya və onun amansızcasına istimar etdiyi insan sinifidir. Bütün istehsal vasitələri, bütün sərvətlər burjuaziyanın əlindədir. İnsanların çoxu mülkiyyətdən məhrumdur və ya ona verilmiş mülkiyyətdən, məsələn torpaqdan maddi imkansızlıq ucbatından fayda əldə edə bilmir. Sayı gündən-günə artan bu insanlar mütəşəkkil sinif kimi cəmiyyətdə artan qüvvəyə çevrilir.
Əməklə kapitalın birləşməsi kapitalist istehsal üsulunun əsasıdır. Kapitalın mövcud olması üçün şərt muzdlu əməkdir. Buna görə də muzdlu əməkçi insan  burjua cəmiyyətinin əsasını məhv etmədən kapital zülmündən azad ola bilməz.  Bu insanları  azadlığa çıxarmağa , deməli, kapitalizmi məhv etməyə başqası deyil, elə həmin istismar olunan insan sinifin özü nail ola bilər. Məhz bu insan sinifi ilə burjuaziya arasında, əməklə kapital arasında olan antaqonist ziddiyyətlər cəmiyyətin kapitalizmdən sosializmə keçməsi üçün obyektiv əsasdır. Bu prosesdə kapitalizmdən əziyyət çəkən insanların sıx birləşməsi, bir sinif kimi onların mənlik şurunun artması, təşkilat vərdişləri və həmrəyliyinin möhkəmlənməsi mühüm əhəmiyyət kəsb edir.
Kapitalizmin əzdiyi insanlar öz obyektiv vəziyyətinə görə ən mütəşəkkil və ardıcıl sinifdir. Bu sinif məzlumları öz ətrafına toplayıb istismarçı qurluş üzərinə hücuma apara bilər, kapitalizmi məhv edib sosializm cəmiyyəti qura bilər. Əzilən insan sinifinin ümdə mənafeyi kapitalizmdən ziyan çəkən digər zəhmətkeş siniflərin və ictimai qrupların mənafeyinə uyğundur. Bu cəhət kapitalizmlə mübarizə gedişində istismara məruz qalan fəhlələr, kəndlilər, işsizlər və digər zəhmətkeşlər arasında – bunlar bütün ölkələrdə cəmiyyətin əksəriyyətini təşkil edirlər – möhkəm ittifaq yaranması üçün obyektiv əsasdır.  Kapitalist dövlətində qəbul olunan qərarlar azlığın – burjuaziyanın mənafeyinə xidmət edir. Çoxluğun - əzilən insan sinifinin tarixi rolu onların istismarına şərait yaradanlara qarşı barışmaz mübarizə aparmaqdan ibarətdir. Bu sinif öz siyasi təşkilatı – Kommunist Partiyası sıralarında sıx birləşməlidir. Bunsuz kapitalizmi məhv etmək və sosializm cəmiyyəti qurmaq mümkün deyildir. Elə Marksla Engelsin də fikrincə:  “proletariatın sinif halında formalaşması, burjuaziya hökmranlığının devrilməsi, siyasi haki- miyyətin proletariat tərəfindən ələ alınması” (K.Marks və F.Engels.  Kommunist Partiyasının manifesti, səh.40) kommunistlərin ən başlıca vəzifəsidir.
Qabaqcıl, mütərəqqi nəzəriyyə ilə silahlanmış və xalqla sıx əlaqə saxlayan Kommunist Partiyası əzilən, istismar olunan insan sinifinin və onun müttəfiqlərinin mübarizəsinə güc verməyə, müxtəlif antikapitalizm axınları birləşdirib vahid məqsədə yönəltməyə qadirdir. Kommunist Partiyası əzilən, istismar olunan insan sinifinə və bu sinifin müttəfiqlərinə öz tarixi vəzifəsini dərk etməkdə, öz sıralarını sıx birləşdirməkdə və təşkil etməkdə kömək göstərir, onu elmi cəhətdən əsaslandırılmış hərəkət proqramı ilə silahlandırır. Bir sözlə, Kommunist Partiyası əzilən, istismar olunan insan sinifin mübarizəsini elmi sosializmlə birləşməsini təmin edir. Burjuaziyanın hökmranlığını devirmək, demokratik seçkilər yolu ilə hakimiyyəti ələ almaq və sosializm qurmaq uğrunda əzilən, istismar olunan insan sinifinin mübarizəsində Kommunist Partiyası onun əsas silahıdır.
Lenin yazırdı: “Biz kommunist Partiyası  adlanmalıq, - Marks və Engels özlərini belə adlandırırdılar. Təkrar etməliyik ki, biz marksistik və sosial-demokratiyanın ... təhrif etmiş və xain çıxmış olduğu “Kommunist Manifesti”ni əsas götürürük...” (V.İ.Lenin.Əsərləri, 4-cü cild, səh.211-212).
Marksizm-leninizm təlimi Azərbaycan Kommunist Partiyasının yaradılması və onun bütün üzvlərinin birləşdirilməsi üçün, hərəkət proqramı, strategiya və taktika işlənib hazırlanması üçün ideya əsasıdır. Kommunist Partiyası marksizm-leninizmin çıxardığı aşağıdakı əsas nəticələri özünün bütün fəaliyyətində rəhbər tutur:
kapitalizm ictimai-iqtisadi formasiya kimi öz dövrünü keçirmişdir; o, ictimai tərəqqi üçün əngələ çevrilmişdir və buna görə məhv olmağa məhkumdur; ictimai inkişafın qanunauyğun meyli bəşəriyyətin kapitalizmdən sosializmə keçməsindən ibarətdir;
əzilən, istismar olunan  insan sinifinin son məqsədi bütün bəşəriyyəti parlaq gələcəyi olan kommunizm cəmiyyəti qurmaqdan ibarətdir;
kapitalizmdən sosializmə keçidin formalarından və sürətindən asılı olmayaraq, bu keçid yalnız demokratik seçki yolu ilə - inqilab yolu da istisna olunmur – mümkündür;
kapitalizm qurluşunu aradan qaldırmaqda və yeni cəmiyyət qurmaqda xalq həlledici rol oynayır. Partiyanın vəzifəsi onları əzilən, istismar olunan insan sinifinin ətrafında sıx birləşdirib sosializm yolu ilə aparmaqdan ibarətdir;  kapitalizmin təcavüzünə məruz qalan insanlarla və bu mənfur qurluşu devirmək istəyən digər təbəqələrlə ittifaqın yaradılması və hər vasitə ilə möhkəmləndirilməsi bunun konkret ifadəsidir; həmin ittifaq istismarçı siniflərin hökmranlığını devirmək və sosializm qurmaq uğrunda mübarizədə həlledici ictimai qüvvədir;
hər bir ölkənin daxilində gedən sinfi mübarizə bütün dünyada imperializm qüvvələrinə qarşı bütün zəhmətkeşlərin, məzlum xalqların ümumi mübarizəsi ilə qırılmaz surətdə bağlıdır; buna görə də Azərbaycan Kommunist Partiyası milli vəzifələrlə beynəlmiləl vəzifələri düzgün əlaqələndirməyə, dünya inqilabi prosesinin əsas qüvvələrinin – sosializm sistemi ölkələrinin, beynəlxalq fəhlə hərəkatının, milli azadlıq hərəkatının ittifaqını möhkəmlətməyə, marksizm –leninizm və proletar beynəlmiləlçiliyi prinsipləri əsasında beynəlxalq kommunist hərəkatının birliyini möhkəmlətməyə çalışır;
imperializmə qalib gəlmək, sosializm və kommunizm qurmaq yalnız marksizm-leninizm nəzəriyyəsi ilə silahlanıb konkret tarixi şəraitdə onu yaradıcılıqla tətbiq etməyi bacaran, xalqla sıx əlaqə saxlayan və onun ümdə mənafeyini ifadə edən kommunist və fəhlə partiyalarının rəhbərliyi altında mümkündür. Lenin göstərmişdir: “...Fəhlə sinfinin yalnız siyasi partiyası, yəni Kommunist Partiyası proletariatın və bütün zəhmətkeş kütlənin elə bir avanqardını birləşdirə bilər, tərbiyə edə bilər, təşkil edə bilər ki, bir tək bu avanqard həmin kütlənin labüd olan xırda burjua tərəddüdlərinə, proletariat içərisində labüd olan peşə məhdudluğu, yaxud peşə mövhumatı ənənələrinə və bunların təkrar olunmasına qarşı durmağa və bütün proletariatın  bütün birləşdirilmiş fəaliyyətinə rəhbərlik etməyə qadirdir, yəni proletariatın siyasi cəhətdən rəhbərlik etməyə, onun vasitəsi ilə bütün zəhmətkeş kütlələrinə rəhbərlik etməyə qadirdir. Bunsuz proletariat diktaturası həyata keçirilə bilməz” (V.İ.Lenin.Əsərləri,32-ci cild,səh.258).
İnqilabçı partiyanın marksizm-leninizm prisiplərini qəbul etməsi və onları həyata keçirmək uğrunda mübarizə aparması bu partiyanın ideya birliyinin əsasıdır və onu həmfikir kommunistlərin ittifaqına çevirir.

Комментариев нет:

Отправить комментарий