10.05.2014

Ələddin Əzimov - İlğıma sarı

Dəvə qatarı

Görən hara gedir bu qatar belə,
Dəvə qatarı.
Oğulsan ovsarın gəl keçir ələ
Bir anlıq barı.

Bu bir röyadımı, bir xəyaldımı,
Ötən zamanları yola saldımı?
Hər şey onun olsun, mənə qaldımı
Ömrün baharı?

Bu qatar heç zaman dayanmaz, durmaz,
Gedər gecə-gündüz bir dəfə azmaz.
Çünki yollarında, sən gəl qulaq as
Haxdı hasarı.


Yeri məhvərində saxlayan odur,
Ha yüyür, zamanı haxlayan odur.
Qapıların açan, bağlayan odur,
Sirrdir şüarı.

Bu dünya ovcuna qısılıb onun,
Ömrümüz boynundan asılıb onun.
Taleyi səmada yazılıb onun
Uçmaz divarı.

Onunla sirdaşdır, qardaşdır fələk.
Odur ki, bilməyir nə qar, nə külək.
Bəlkə bu qatara qoşulub gedək –
İlğıma sarı!..

Bu baharda

Sən mənim yolumda yanan çıraqsan,
De mən bu səfərə, çıxım, çıxmıyım?
Bəlkə bundan ötrü danlayacaqsan,
Bilmirəm, sözünə baxım, baxmıyım?

Qartallar qıy vurub çağırır məni,
Gəzmək istəyirəm çölü, çəməni.
Qoy mən də söyləyim ürək deyəni
Uca zirvələrə qalxım, qalxmıyım?

Meşədə haxlasın qəfil gur yağış,
Ay palıd, bir dillən, mənimlə danış.
Sən də qəm eləmə, küsmüsən, barış,
Qoşulub bu çaya axım, axmıyım?

Zaman nə yeyinmiş, vaxt gəldi çatdı,
Ay endi qüruba, yox oldu, batdı.
Incimə sən allah, bu da həyatdır,
Söylə qaranlıqdan çıxım, çıxmıyım?

Evə necə dönüm çiskinli dağdan,
Min bir rəngə çalan sirrli yaylaqdan.
Bir fikir beynimi didir bayaqdan,
Dönüb ildırıma çaxım, çaxmıyım.

Комментариев нет:

Отправить комментарий