16.06.2014

Həmid Herisçinin bir şeiri haqda

Cavanşir Yusifli

Həmid Herisçi Azərbaycan şeirinə təzə bir üslub gətirdi, ancaq qəribədir, heç kəs bunun fərqində olmadı, yəqin, ona görə ki, bu üslub poeziya məkanında bir yox, bir neçə dəfə doğulasıymış. Həm də bu şeirin dediyi, oynadığı hava bir az da “bizimki” deyildi, xüsusi bir şeydi, ona öyrəşmək yox, dərindən, lap elə yuxu kimi fəhm etmək lazımdı. Keçən əsrin 90-cı illərinə aid “Şəms Təbrizinin şeiri” bu baxımdan nümunə göstərilə bilər. Bax, elə bu ayrıntıdan çıxış edilərək təsdiqlənə bilər ki, 90-cı illərdən başlayaraq, Azərbaycan şeirində xüsusi bir yol ayrıldı. Ancaq bu yol elə indinin özündə də nəfəs dərə-dərə gəlir, gecikir, aradabir yaddaşını yoxlamalı olur. Niyə? Ona görə ki, fikrimizcə, poeziyada əsasən iki üslub mövcuddur: məlum həqiqətləri montaj edib şeir libası geyindirən və təzə həqiqət kəşf edib, onu yeni dil kimi təqdim etmək; bu ikincisinin əyaniləşməsi böyük enerji tələb edir, həm yaradıcıdan, həm də ədəbi prosesin özündən.
Haydeger esselərinin birində elə belə də yazmışdı: “şair olmaq - ölçmək deməkdir”. Poeziya, doğrudan da, yerlə göy arasında insan həyatının ərazisini ölçən bir dildir. Bu əsnada varlıq yaşam deyilən ərazinin ölçüsünü alır və dəyər həmin gerçəklik keçilən (ötmək mənasında) kimi əyaniləşir. O, baxışlarını eyni zamanda hər iki istiqamətə - bu dünyadakı varlıq və əşyalara və görünməyən uzaqlardakı əşyalara, yaxud üfüqə zilləyir. İki nəsnə arasında ölçmək – şairin gördüyü iş elə budur; qət etdiyi yol adi olduğu qədər də təhlükəlidir, çünki həyatın adi nəsnələrindən danışa-danışa birdən elə yerlərə gedib çıxa bilər ki, burada məna azıb qalar.
“Həmidin üslubunun əsas strukturyaradıcı xassəsi nədir? - soruşulsa, belə demək lap yerinə düşərdi: bir şeirdə bir neçə mətnin iç-içə hifz olunması. Bu mətn-framentlər bir-biri ilə incə ştrixlərlə bağlanır və bir azdan bu incə ştrixlər ayrıca bir fraqmentə - dolğun bir mətnə çevrilir.

Bakıdakı dəfn mərasimlərinin birində
 ölənin böyüdülmüş şəklini görüb
 sanki ölümün böyüklüyünü
 anladım
 darıxdım...

 Sonra: bir neçə ştrixlə gecənin, dünyanın – bu nəhəng çardağın səssizliyi təsvir edilir. Bu nəhəng çardağın altında hamı səsini içinə salıb, kiriyib. Sonra:

...Fəqət sükutda
Dodaqların özü də elə səsdir.
Bəlkə də qışıqırıqdır...
...Bizim bu nəhəng sükutda
Dodaqlar səsə bənzəyir...

İnsanların adi düzümdə gördüyü bütün nəsnələr qəribə bir mexanizmin hökmüylə ən müxtəlif proyeksiyalara tuş gəlir, paralelləşir, çarpaz düşür, qışqırır, səsini içinə salır və iç-içə geydirilən mətnlər böyüdülmüş şəkildən dodaqlara sığınan qışqırtıya qədər danışır, Şəmsin hikmətlərini...
Belə deyək, adi “bənzətməli”, yəni sadə-mürəkkəb bənzətmələr üstündə qurulan mətnlərdə mətn yığılmır, əksinə sökülür, məlum klişelər üstündə montaj edilir, yəni, bədii mətn fəlsəfi mənası etibarıilə əslində elə bədii kəşf olduğundan bənzətmələrdən hörülən şeirlərdə bu funksiya elə brinici bənddə darmadağın edilir, yəni bədii kəşf əyaniləşmir, çünki əsas məsələ nəyisə bir formul kimi açmaq yox, onu, bəlkə də, usta şəkildə gizlətməkdən ibarətdir. Elə bir qaydada ki, sən eşitdiyin səsi həm də bir möcüzə sayəsində görə biləsən. Bunun üçün səs qaibdən, kadr arxasından gəlməlidir, şeir birbaşa deyilməməlidir, havaynan gəlməlidir, sənə sözü yox, onun lap elə ilkin formasına qədərki tarixini pıçıldamalıdır.
Bax beləcə:

Ağlamağa gələndə
Birinci insan ağlayır,
Sonra yağışlar, bulaqlar...
Birinci insan ağlayır,
Sonra bütün yerdə qalanlar...
Sonra, ancaq sonra
Bütün bu yağışlar
İldırım xətkeşiylə
Göylərin ölçüsünü hesablayar,
Yediyimiz çörəklər necə də dadsızdı...

Mətnlər iç-içə yığıldığından üst qat-səth itir, xalis fikir itir, qəzaya uğrayır, daim, vaxtaşırı olaraq, yaxud belə deyək, fasiləsiz olaraq dib-girdab daşır, özü ilə neçə-neçə yeni mətləb gətirir.
Fikir verin: - bütün yalvarışların çırpılmamış dizləri...
Bu mətnlər zahirən üst qatda olsun ki, bir çoxlarının fəhm etmədiyi bənzətmələrdən hörülüb, amma əslində, məsələ tam başqa yöndən orijinal həll üsulunu tapır – üst qatdan dərinə getdikcə, dünyadakı məlum-məşhur cəhətlər dəyişir, üst aşağıya, girdaba, sol sağa və s. arasıkəsilmədən çevrilir və şeirin bətnindəki sirr elə özü olaraq qalır, min illər keçir, zaman, zalım fələk nə oyun oynasa da, o sirr qalır yerində. Bu sətirləri demək hər kəsə müəyəssər ola bilər:.... kif atmış çörək kimi göyərən bu yoxsul torpaqdan, Gecənin talvarılndan üzüm kimi sallanan ulduzlardan... Olsun ki, Həmidə qədər də bu fikirlər bir az fərqli şəkildə ifadə edilib. Yəni, hər bir orijinal metafora köhnənin bir az şəkildəyişməsidir. Ancaq mətndə elə bir an, məqam yetişir ki, o oxşar, bənzər şeylərin içində heç kəsin deyə bilməyəcəyi bir mətləb doğulur.

Qorxuram,
Danışmıram,
Danışsam,
Sözlərin üstünə qan kimi sıçrayacaq mənim dodaqlarım!!!

Bax, burda məlum mətn naməluma, sirrə, mübhəm bir şeyə çevrilir. Və Şəmsin də üz tutub dünyaya, onun qulağına pıçıldadığı söz – bircə söz bundan ibarət idi. Şəms Təbrizidə məlum “sığmazlıq mətləbi” – onun mətləblərinin sözə çevrilə bilməməsi, danışdıqda sözün qabıq verməsi, başqalaşması, daha doğrusu, istənilən dilin bu mətləb qarşısında dağılması... doğrudan da, nə qədər düşündürücü olsa da, açılmamış qalır.

“Divan”da da belə bir məsələ ifadə edilir ki,
Gileylənmə ki, işıq sönüb, ağlama ki, səs kəsilib:
İtən heç də onlar deyil, yalnız əksləridir.
Gördüyümüz hər şeyin bizdən kənarda örnəyi, əsası var,
O ölməzdir – ölən isə yalnız gözlə görünən olacaq.

Şəmsə həsr edilən şeirdə “xırda bir damlada sərhədsiz dünyanın həyatının təkrar olunması” ideyası, bir şeyin, nəsnənin itməyincə görünməməsi, yaddaşdan silinməyincə dirilməməsi ... aspektləri Həmidin üslubuna xas şəkildə ifadə olunub. Biz bu şeirdən hər hansı misranı, yaxud misraları nümunə gətirib deyə bilmirik: baxın, necə də gözəldir, necə də gözlənilməzdir! Bu misralar, onların içindəki həyat qırıntıları sanki nə zamansa itib-batıb (deyək ki, bir gül ləçəyində) indi Həmid adlı bir şairin mətnində orijinal biçimdə dirilib dünyanı anladır.

...Yediyimiz çörəklər necə də dadsızdı...
Onların dadını ancaq
Zindana göndərilən bu çörəklərin içindəki
Gizli məktublar artırar.
Orda şikəstə xəttiylə
Mənim hikmətlərim yazılar...
Göy üzü də yer üzüdü
Ancaq orda torpaq yoxdu,
Bu cahanda nə varsa
O, həm var, həm də yoxdu...

Bax, bu mətn parçasının içindəki metaforaları, inanıram ki, ayrı-ayrı əsrlərdə kimlərsə deyib, onların bir ağızdan, bir qələmdən deyilməsi xüsusi bir funksiyadır ki, indi şeir mətni ilə ifadə edilir. Uzun əsrlərdən sonra hissəciklər tama qovuşur Həmidin şeirində.
Bir cəhəti də qeyd edim, Həmidin şeirləri heç də quru didaktika və ya sadəcə “irfan dərsi” deyildir, bu həm də uzaq əsrlər öncəsi həm də bizə aid coğrafiyada torpağın lap alt qatlarına qədər sızmış bir fikir cərəyanının təbii şəkildə davamıdır. Həmidin şeirləri ortaçağ poeziyasının mahiyyətinin, əsas fəlsəfəsinin bugünkü dünyada adekvat əksidir.
Biz bunu bir dəfə qeyd etmişdik, indi təkrar, fikrimizcə, yerinə düşür: böyük, ilahi poeziyanı anlamaq üçün təsəvvür pərdəsini qaldırmaq, canın göz qapaqlarını açmaq gərəkdir. 

("Kitabçı" jurnalı)     1937.az

Комментариев нет:

Отправить комментарий