19.09.2015

Azər Bandoj - Olmaz

Aşiqin dərdinə aləm gələ dərman olmaz,
Məqami-eşqdə kim verməsə qurban, olmaz.

Eliyən, hər gecə kim sübhə qədər raz-ü-niyaz,
Demə aşiqdi, vəli bəlkə müsəlman olmaz.

Aşiq öz mə'şuqinə öylə gərək aşiq ola,
Mələkül-mövt gələ, zərrə nigaran olmaz.

Möhnəti-hicrdə kim yanmasa pərvanə kimi,
Çöhrəsi solmasa, aləm ona heyran olmaz.

Yorma abid özunu, dağə çıxıb, zikr qılıb,
Hər çıxan Tur dağına Museyi-İmran olmaz.

Kim ki, göstərsə həvəs möhnəti-zindanə, könül,
Təriqi-eşqdə kim, Yusifi-Kə'nan olmaz.

Qoysa dünyayə qədəm Kə'bədə bir kəs, yenə də,
Aləmi-sirrdə gərçi Şəhi-Mərdan olmaz.

Bandoja, söyləginən sirri, numayan eylə.
Etmiyən sirli söz icad, qəzəlxan olmaz.

Комментариев нет:

Отправить комментарий