28.09.2015

Fikrət Sadıqov - Ocaqlının pulgir və savadsız mollası

Allah bizləri Fikrət kimi mollaların əndərbadi əməllərindən qorusun!

Bu mövzuya toxunmaqda əsas məqsədim insan haqqında fikir və düşüncələrimi yazmaqla molla vəzifəsini daşıyan saqqallı insanların həyatda törətdiyi şeytani əməlləri göstərməklə onların insan və ya şeytan olması sualına cavab tapmaqdır.
Bütün canlı aləmdən fərqli, müqəddəs ulu varlıq və “yer üzünün əşrəfi” hesab edilən insan ona xas olan yüksək mənəvi keyfiyyətlərlə qurub yaratmaq, eşqlə yaşamaq, eşqlə yaşatmaq, sonsuz məhəbbətlə sevmək, ailə qurmaq, başqa insanlarla mehriban dolanmaq, zülmün, qəddarlığın, vəhşiliyin qarşısını almaq və başqa bu cür gözəl, xeyirxah və nəcib arzuları həyata keçirmək məqsədi daşımalıdır.

Bəs görəsən bu keyfiyyətlər niyə bəzi mollalarımızda yoxdur? Bəzi üzdəniraq "molla" tayfasının əməlləri artıq pik nöqtəsinə çatmış, xalqın əsəblərini tarıma çəkmişdir. Bəzilərini din-iman yox, yalnız öz cibləri düşündürür. Belələri dindar yox, dini qayda-qanunlarımıza ləkə gətirən təxribatçılardır. Haqqında yazacağım Molla Fikrət Sadıqov kimi milli mənəviyyatımızı məhv edən, varlanmaq ehtirası ilə alışıb yanan, puldan sarı qansız əməllər törədənlər haqqında dövlətin aidiyyatlı orqanları əvvəl-axır hüquqi ölçü götürməlidirlər.
Xalqın aşağı təbəqəsində ölüm hallarının çoxalması bəzi saxta mollaların ortaya düşməsinə və biznes şəbəkəsi açmasına imkan yaratmışdır. Belə saxta titul alanlardan biri də Cəlilabad rayonunun Ocaqlı kəndinin savadsız mollası Fikrət Sadıqovdur. Onu da deyim ki, mən həmişə şeytan haqqında fikirləşəndə gözümün qabağına elə bu molla Fikrət gəlir, çünki yeriyəndə ayağının birini sağa, birini sola atır, əyri yeriyir, üz-gözündən də nur yox, hiyləgərlik yağır.
Heç kimə sirr deyildir ki, əksər mollaların ən böyük qazanc mənbəyi dəfn mərasimləri ilə bağlıdır. Dövlətə adi “manus” qədər xeyri dəyməyən molla ölüdən qazandığı pullar hesabına məşədi, kərbəlayi, həci kimi titullar qazanaraq mövqeyini hər gün daha da gücləndirir. Cəmiyyətimizdə təəssüf ki belələri çoxdur. Amma Ocaqlı kəndinin savadsız və pulgirliyi ilə ad çıxarmış mollası Fikrət Sadıqovun əməlləri onlarla müqayisədə ölçüyəgəlməzdir. Molla Fikrət dindarlıqla yox, açıq talanla məşğuldur.
Doğrudan da, böyük istedadı var bu adamın. Ölü sahiblərini dolamaq, Yasin, Quran oxutduran insanları aldatmaq onun üçün gündəlik həyat tərzidir. Bütün bunlara görə üzümü həmyerlilərimə tutub deyirəm: Molla Fikrətin dəfn etdiyi rəhmətlik nənəm qurban olsun sizlərə!
Mənim 57 yaşım var. Ağlım kəsəni halal çörək yeməmişəm.
Ey mənim əziz həmyerlilərim! Hər kəs öz adı ilə tanınmalıdır. Amma insanın insanı aldatmasını nə qəbul, nə anlaya bilmirəm. Belə ki, 02 aprel 2015-ci il tarixdə vəfat etmiş nənəmin hüzr məclisini yola vermiş molla Fikrət Sadıqov mərasimin son günü xidmət haqqı olaraq məndən 650 manat pulu cıra-cıra, bağırda-bağırda alanda əlim-ayaqım yerdən-göydən üzüldü. Mən ona etirazımı bildirəndə dedi ki, mənim qiymətim budu. Dedi, mən bu qiymətə gedirəm. Məgər mən toy edirdimmi? Fikirlərim o qədər qarışdı, düşündüm yəqin rəhmətlik nənəmə toy etmişəm. Nənəmin yeddisindən bir müddət sonra molla Fikrət Kərbəla ziyarətinə gedəndə məsələ aydın oldu.
Məgər bu cür pulla ziyarətə getmək halal hesab oluna bilərmi? Şəxsən mən Molla Fikrətə verdiyim o pulları halal etmirəm, onun oxuduqlarını isə qanuni hesab etmirəm və qəbul etmirəm. Onun oxuduğu Yasin surəsinə və oxumadığı üç Qurana (dəqiq bilirəm ki, oxumayıb!) görə mənim nənəm cəhənnəmə gedəcəksə, qoy getsin! Gör bu ölkə nə günə qalıb ki, kimin cəhənnəmə, kimin cənnətə getməyi molla fikrətlərin ümidinə qalıb! Fikrət özü o dünyada belə oyunlara görə yüz faiz cavab verəcək!
Hələ bu harasıdı. Nənəmin hüzr mərasimindən ay yarım sonra molla Fikrətin yaşadığı Ocaqlı kəndində kasıb və kor bir kişinin arvadı vəfat etdi. Həmin kənddə yaşayan, həmin kəndin ölülərindən pul qazanan məşədi, kərbəlayi, hacı titullu onlarla molla və mollakünədən heç birisi onun dəfnində iştirak etmədi. Başqa bir kənddən molla gətirib meyidi adət-ənənəyə uyğun dəfn etdilər. Bu cür adamlar kasıb yasına getmirlər, amma varlı öləndə qapısını səhər obaşdandan kəsdirirlər.
Təkcə bunlar deyil. Molla Fikrət və molla fikrətkimilərin Ramazan, Qurban, Məhərrəm kimi müqəddəs aylarda göstərdikləri “şou”lar daha biabırçı və iyrəncdir. Elə ki Ramazan ayı gəldi, bunların qaz vurub qazan doldurmaq sezonu başlanır. 30 gündə 30 evin orucaçdı məclisini yola verirlər. Məclis sahibləri onlara Quran tapşırtdırır. Molla Fikrət camaatdan pul alır ki, guya ölünüzə Quran oxuyacam. Amma oxuyurmu? Ay-hay! Siz deyin, 30 günə 30 Quranı necə oxumaq olar? Dinimizi məhz Molla Fikrət kimilər hörmətdən salırlar.
Axı, niyə biz dinimizin qanunları ilə deyil, molla Fikrət kimi bəzi “din adamlarının” yazılmamış qanunları ilə hesablaşıb, ölümüzün xatirinə onlara istədikləri məbləği verməli, ailə-uşaqlarımızın əzab-əziyyət çəkməsinə zəmin yaratmalıyıq?!
Sonda molla Fikrətə üzümü tutub deyirəm: Sən atanın goru, verdiyim 650 manat pulun heç olmasa yarısını qaytar ki, nənəmin hüzr mərasiminə sərf etdiyim borcun-xərcin müəyyən qismini ödəyim. Düz yeddi gün, yəni 650 manatı alana qədər gündə dörd dəfə üzümdən öpürdün. Düz yeddi gün, yəni o pulu alana kimi mənə layiq olmadığım tərifləri yağdırırdın. Bəs indi nə oldu? Adamı hipnoz edərək pulunu əlindən almağın yolunu sənin kimi saxta mollalar yaxşı bilir.
Allah sizləri Fikrət kimi bəzi mollaların yuxarıda sadaladığım əndərbadi əməllərindən qorusun!

Əliağa Musayev
Cəlilabad rayonu Qarazəncir kəndi

Комментариев нет:

Отправить комментарий