05.04.2011

CƏBHƏÇİNİN OĞLU POLİSİN OĞLUNU ÖLDÜRÜB

Cəlilabad rayonunda faciə baş verib, şagird öz məktəbli yoldaşını öldürüb

Cəlilabad Rayon Prokurorluğunun müstəntiqi Amin Şəkərəliyev “Trend”ə bildirib ki, aprelin 5-də saat 11:30 radələrində rayonun 7 saylı orta məktəbinin iki şagirdi arasında mübahisə ölümlə nəticələnib.

Müstəntiqin sözlərinə görə, məktəbin qarşısındakı yolda rayonun Şatırlı kənd sakini, 8-ci sinif şagirdi, 1996-cı il təvəllüdlü Vasif Təzəxan oğlu Mirələmov 10-cu sinif şagirdi, 1995-ci il təvəllüdlü Cavanşir Həsən oğlu Həsənlini qarın boşluğundan bıçaqlayıb. Qaraciyər nahiyəsindən xəsarət alan Cavanşir Həsənli mərkəzi rayon xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Müstəntiq cinayətin təfərrüatları barədə məlumat verməyib və bildirib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qətli törətmiş Vasif Mirələmov Azərbaycan Xalq Cəbhəsi Partiyasının Cəlilabad şöbəsinin rəhbəri Təzəxan Mirələmovun, Cavanşir Həsənli isə rayon polis şöbəsi əməkdaşlarından birinin oğludur. Hər iki məktəbli mübahisə ediblər və nəticədə qanlı olay meydana çıxıb.

İctimai Palatanın aprelin 2-də Bakıda keçirdiyi mitinqdə polis Təzəxan Mirələmovu döyüb və nəticədə o, ciddi xəsarət alıb, sifət nahiyəsi göyərib, bədəninin müxtəlif hissələri zədələnib. Təzəxan Mirələmov saxlandığı polis idarəsindən xəstəxanaya aparılıb. Öldürülən yeniyetmə isə rayon Polis Şöbəsinin əməkdaşlarından birinin övladıdır. Hər iki məktəbli mübahisə ediblər və nəticədə qanlı olay meydana çıxıb.

Mirələmovun atası, AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmov isə APA-ya açıqlamasında hazırda Bakıda olduğunu, hadisədən telefon vasitəsilə ailə üzvlərindən xəbər aldığını bildirib: “Hazırda 2 aprel aksiyasında aldığım xəsarətlərlə əlaqədar paytaxtdakı xəstəxanalardan birindəyəm. Hadisəni oğlumun törətdiyi dəqiq deyil. Təkcə onu bilirəm ki, bir gün əvvəl mübahisə ediblər. Rəhmətə gedən oğlan mənim oğlumu yenidən davaya təhrik edib. Bir də o dəqiqdir ki, ölən oğlan davaya gedəndə əlində bıçaq olub”.

T. Mirələmov bu gün onun yaşadığı evin qarşısında etiraz aksiyası keçirildiyini də söyləyib: “Evimin qarşısında aksiya keçiriblər. Ancaq aksiya müxalifətə qarşı təşkil olunub. Hətta “Baxın, müxalifət uşaq öldürəndir” kimi şüarlar da səsləndiriblər. Belə olmaz axı...”

T. Mirələmov C. Həsənlinin atasının sabiq polis işçisi olduğunu da əlavə edib. 



faktxeber.com

Комментариев нет:

Отправить комментарий