04.04.2011

QASİD ÖMRÜNÜN 65-Cİ PARTİYASINA İLLÜSTRASİYA

MİRALİM BƏY

         Sən demə, bizim Qasidin 65 yaşı varmış. Adamın heç inanmağı gəlmir, axı,öz yaşından 10-15 il cavan görünən bu adamın birdən-birə necə 65 yaşı ola bilər?! Həqiqətən inanmaq asan deyil. Ancaq neyləyəsən ki, inanmalısan, çünkü onun uşaqlıq və tələbəlik dostu, iş yoldaşı və yerli “Yeni gün” qəzetinin redaktoru, tanınmış yazar Böyükxan Bağırlı “Sözün işığı” jurnalının may sayında dərc etdirdiyi “Sənət fədaisi ” məqaləsi ilə bu xəbəri bəyanlayır. Ona görə də inandıq ya inanmadıq , bu belədir…          
***
        Böyükxan bəyin məlum “Sənət fədaisi”ndən qanadlanaraq  mən də bu 65 yaşlı yubilyar haqda bir neçə söz demək istəyirəm...
***
         Onu tibb institutnuu bitirib rayonda həkimliyə başladığım 1976-cı  ildən tanıyıram.Elə o vaxtlar da indiki kimi camaat arasında ən cox tanınan yerli qəzet işçisi o idi. Bunun da səbəbi onun daim xalq arasında olması və bu səbəbdən də camaatın dərd-sərinə və qayğılarına daha  yaxından bələdçiliyi və onlarla sıx tamasda bulunması idi. O, yerli qəzetin digər əməkdaşlarına nisbətən xalqla daha çox qaynayıb-qarışmışdı, necə deyərlər, camaatla onun arasında elə bir xüsusi məsafə olmadığından, onların öz adamına çevrilmişdi, məncə, bu onun bir qəzetçi kimi qazandığı ən böyük uğurlardan idi.
          Qasid bəylə ilk tanışlığım onun işlədiyi “Yeni gün” qəzetinin nəzdində “Gənc ziyalılar” qrupu yaratmaq təklifimlə olub.Bilmirəm, hansı səbəbdənsə, bu qrup yaranmadı. Amma yaxşı yadımdadır,1976-cı ilin qar yagan soyuq qış günlərinin birində görüşüb fikrimi bildirdim və bu barədə xeyli söhbət etdik, o  qədər xeyli ki, hələ bir az soyuqlamışdım da...
         Sonradan Qasidi yavaş-yavaş daha yaxından tanımaq imkanım oldu. Bir rayonda yaşadıqımızdan və bir çox ortaq maraqlarımız olduğundan indi rastlaşanda daha səmimi görüşər və uzun-uzadı söhbətləşərdik. Söhbətimiz daha çox ədəbiyyatdan, qəzetin vəziyyətindən, rayonun sosial- iqtisadi durumundan, şahmatdan və bir də rayondakı yaradıcı gənclərin yaradıcılığındakı xususi məziyyətlərdən olardı.
         Çox keçmədi ki, Qasidə kifayət qədər məlumatlı və savadlı bir ziyyalı kimi hörmət etməyə başladım. Beləliklə də, biz yavaş-yavaş yaxın  tanışa çevrildik. Bu isti münasibətləri daha da möhkəmləndirən onun orta məktəbdə mənim bibim oğlanları ilə paralel oxumağı və onların Qasidi əlaçı  şagird,  savadlı univerisitet tələbəsi, fəal içtimaiyyətçi və bacarıqlı idmançı kimi təqdim etmələri idi. Söhbət düşəndə bibioğlanlarım həmişə Qasiddən ağız dolusu və fəxrlə danışardılar.Təxminən yaşıd olsalar da,  elə bil,  Qasid onların böyük qardaşı idi...
          O, orta məktəbdə əlaçı şagird, fiziki cəhətdən güclü, qabağından yeməyən oğlan, qəzetçilik istedadı çox erkən üzə çıxan fəal, məktəb futbol komandasının qapıçısı kimi  tanınan idmançı  və böyük perspektiv vəd edən yeniyetmə idi.  Güclü və qorxmaz olmasına bağmayaraq başqaları kimi zəifləri, xüsusən də məktəbdə oxuyan kənd uşaqlarını incitməz, əksinə, həmişə onları müdafiə edər və qahmar çıxardı. Qəzetçi kimi isə təkçə öz siniflərinə deyil, məktəbin bütün divar qəzeti çıxaran siniflərinə yaxından kömək edərdi. O qədər yaxından ki, çıxan bütün divar qəzetlərində Qasidin dəsti-xətti açıq-aşkar görünərdi...
     O,  bir idmançı kimi isə daha uzağa getmişdi. Onu məktəblilərin rayonlar arası yarışından seçib respublika məktəblilərinin yığma komandasına götürmüşdülər. Perspektivli gənc qapıçı kimi Vyaçeslav Şeyxov, Sergey Kramarenko kimi usta qapıçılarla bir yerdə məşq edirdi. Amma günlərin birində təsadüfən boğazından aldığı ciddi zədə onun idmançı karyerasını amansızcasına dayandırdı. Düzdür, tələbəlik illərində də qapıçı kimi universitetin şərəfini qoruyurdu,amma, artıq bu Qasid  o Qasid deyildi... “ Bir tərəfdən itirən o biri tərəfdən tapar”demiş atalar. Qasid bəyin də itirdiyinin əvəzinə tapdığı o oldu ki, çox qısa vaxtda ədəbi və qəzetçilik istedadı daha da parladı. Unversitetin “Lenin tərbiyəsi uğrunda” qəzetində əvəzedilməz əməkdaşa çevrilmiş, Lenin və Sabir adına kitabxanalarda fəaliyyət göstərən ədəbi dərnək rəhbərlərinin müavini kimi, xüsusən də, sədr Ağacavad Əlizadənin “zülmünü” çox çəkmişdi.  Ad Ağacavad bəyin olsa da, iş Qasidin idi. O, da yorulmadan, böyük həvəs və enerji ilə özünü bu işə həsr etmişdi.Respublikanın gənc ədəbi ictimaiyyəti tərəfindən tanınan və hörmət edilən Qasid bədii yaradıcılığını  da yaddan çıxarmırdı--- kiçik, zərif hekayələr və yaddaqalan mənsur şeirlər adlanan mənzumələr yazırdı...
       Bax, bizim  Qasid şagird və tələbəlik illərində belə oğlan idi -- qaynar, coşqun, enerjili, yorulmaz, hər işə yarıyan və hər işi çatdıran...
***
          Yerli qəzetlə elə də əlaqələrim olmadığından biz rastlaşandan – rastlaşana rayonun mərkəzi istirahət parkında görüşər və bir çox  məsələlər haqqında uzun-uzadı söhbətləşərdik. Ən sıx əlaqələrimiz və söhbətlərimiz isə 1989-cu il Xalq hərəkatı dövrünə düşdü. AXC Cəlilabad rayon şöbəsinin Dağlığ Qarabağda baş verən hadisələrə  həsr olunmuş 13 sentiyabr 1989-cu il ilk mitinqiinn baş tutması ücün AXC-nin yerli rəhbərliyi ilə rayon partiya komitəsinin rəhbərliyi arasında, yəni, mənimlə o vaxtkı birinci katib Eybalı Ağayev arasında qiyabi danışıqların baş tutması və nəticədə, mitinqə icazə verilməsi məhz Qasidin uğurlu “diplomatik missiyasının ” nəticəsi idi. Düzdür, biz icazəsiz də mitinq keçirməkdə qərarlı idik, amma, ilk mitinqin icazəli, yəni, hakimiyyət tərəfindən hec bir maneə törədilmədən baş tutmasında maraqlıydiq. Və çox sağ olsun Qasid bəy ki, bu işdə bizə əvəzsis kömək etdi. Bu isə sözün əsl mənasında onun  Xalq Hərəkatına  töhvəsi və tarixi xidməti idi...
          Həyatda Qasid bəyə  qarşı çox haqsızlıq olub—işlədiyi yerdə layiq olduğu mövqeyə irəli çəkilməyib, vaxtında qısqanclıq səbəbindən partiya sıralarına qəbul edilməyib, bədii yaradıcılığı lazımınca işıqlandırılmayıb. Məncə, heç cəmiyyət tərəfindən də qədri layiq olduğu səviyyədə bilinməyib. Amma, bütün bunlara baxmayaraq o yaşayıb, yaradıb, kədərlənib, sevinib və gəlib ömrünün bu yaraşıqlı 65-ci baharına çatıb...
***
         Mən Qasidin bədii yaradıcılığı ilə tanışam. O, essevari məqalələr, mənsur şeirlər və bəzi hallarda, necə deyərlər, vaxtı olandan-olana kiçik  hekayələr yazır. Amma, bunlar məni qəti qane etmir, çünki, məncə, onun çox böyük ədəbi potensialı var. O imkanların qarşısında ortaya qoyulanlar nədir ki? Düzdür, onun gənc yaşlarında dünyasını çox erkən dəyişmiş İsmayıl Kərimova (“Ömrün çiçək qədər oldu”) və yol qəzasında körpə uşaqları və həyat yoldaşı ilə birlikdə həlak olmuş istedadlı rəssam Musa Əhmədova (“Bir-birinə bənzəməyən payız”) həsr etdiyi esseləri çox kövrək, kövrək olduğu qədər də təsirli və yaddaqalan olub. Amma, onlar çoxdan, lap çoxdan yazılıb  və artıq çoxdan, lap çoxdandır ki, bu üslubda yeni bir şey yoxdur...
       Mən mənsur şeirləri bitkin ədəbi numunə hesab etmirəm.Elə bilirəm ki, bu nəzm parcalarında onu yetkin nəzm numunəsinə çevirə bilən zəruri detallar çatışmadığından o belə məlum formada alınır və adını da qoyurlar mənsur şeir.
       Amma, Qasidin qələmindən çıxan və mənsur şeir adı ilə təqdim olunan bu nəzm parçaları mənsur şeir adlanan ənənəvi çərçivəyə sığmır. O, bu adla oxucuya təqdim etdiyi nümunələrin üzərində səbr və təmkinlə zəhmət çəkib bir az da işləsə, həmin nümunələr, məncə, çox gözəl və zərif şeir nümunələrinə çevrilə bilər. Qasid isə tənbəlik edir, təmkinli və səbrli zəhmət çəkib bu yarımçıq nəzm parçalarını əsl şeir nümunələrinə çevirmək istəmir.Bu isə olmaz! Məgər, həm də tənbəllik deyilmi biz şərqliləri müasir dünya inkişafından geri salan?!.
         Onun hekayələri haqqında xüsusi danışmağa isə ehtiyac duymuram, cünkü, onlar çox, lap çox azdır, olanlar da babamdan qalma Nuh əyyamında yazılıb. Amma, Ədalət Salmanın redaktorluğu ilə tərtib olunan və yerli yazarların əsərləri toplanmış” Söz çələngi” almanaxında dərc edilən “Təkrar zərbələr” hekayə- essesi fakta münasibəti və psixologizmi ilə diqqətəlayiqdir. İncələmək  istəmirəm, cünkü movzümuz o deyil, amma, mənim Qasiddə gördüyüm və həmişə dediyim potensial bu hekayə- essedə özünü göstərib. Bax, bu potensialı acıb ortaya qoymaq ücün ciddi işləmək,  öz istedadna qarşı  hörmətli olub ilahidən gəlmə bu yaradıcılığ işinə ciddi yanaşmaq lazımdır, daha Qasidin etdiyi kimi--- üzəvari yox! Amma, bir tərəfdən baxanda onda da elə bir günah yoxdur.Cünkü. o, rayona gələndə burada demək olar ki, artıq hər şey həll olunmuşdu. Yəni, təhsil idarəsində,  partiya və komsomol təşkilatlarında DTK tərəfindən  muxtəlif  rəhbər vəzifələrə irəli çəkilən, tələbə vaxtı “Student”, müəllim vaxtı isə “Uçutel ” təxəllüslü  agent  tərəfindən Cəlilabadda sağlam, sağlam olduğu qədər də sovet rejiminə təhlükə sayılan mühit artıq zəhərləmişdi. Və istedadlı, təcrübəsiz, romantik bir gənc olan Qasid də belə zəhərli  obuvatel  amorf mühütə düşmüşdü. Razılaşın ki,  ondan əvvəlki və sonrakı on minlərlə digər yaradıcı şəxslər kimi bu bataqlıqdan çıxmaq onun ücün də cətin, olduqca  cətin idi, hələ həm də o, ola ki, səni bilərəkdən saldıqları bu bataqlıqdan cıxmağa qəsdən qoymayalar!?. İndi gör onda necə çıxılmaz və keçilməz labirint yaranır...
          DTK tərəfindən hazırlanan və “Uçutel”lər tərəfindən ziyalı, xüsusən də, yaradıcı ziyalı mühitinə sızdırılan bu tipli  “zəhərlər”o qədər dərinə işləyib ki, hələ indiyə qədər də ziyalılarımız bu zərərli təsirdən tam qurtula bilmir və yəqin ki, hələ xeyli müddət qurtula bilmiyəcəklər də...
         Bu mövzu da yazımızın əsas məqsədi olmadığından o haqda da  daha ətraflı başqa məqalələrdə yazacağıq...   
   ***
        Qasidin şahmata olan sevgisi, məncə, onun haqqında gedən bütün yazılar da xüsusilə qeyd edilməlidir, ozü də mütləq. Çünki,  Onu tanıyanlar Qasidi həm qəzetçi, həm də şahmata olan böyük sevgisi ilə tanıyırlar.O, rayonda bu oyunun sevilməsi və yayılması üçün həqiqətən də çox iş görüb---vaxtaşırı müxtəlif turnirlər keçirb, yarışlar və birinciliklər təşkil edib, güclü şahmat oynayanları bir yerə yığıb və s.və i.a. Hələ o vaxtlar rayonun mərkəzi istirahət parkında, acıq səma altında mütəmadi olaraq  təşkil etdiyi  qeyri-rəsmi rayon çempionatlarnı  demirəm. Elə bu yarışların nəticəsidir ki, indi Cəlilabadda da dərəcəli, hətta, usta şahmatçılar belə yetişmişdir. Şahmata olan bu qeyri-adi sevgidəndir ki, rayonda bu oyun  üçün çətin günlərdə o, şahmat məktəbinə məşqçi kimi dəvət edilmiş və hal-hazırda da köməyindən səmərəli  istifadə olunur...
         Ümumiyyətlə, rayonda şahmatın yayılması və daha da sevilməsi əsasən, Qasidin adı ilə bağlıdır.”Jurnalist yazdığı heç bir mövzuda ən azı oxucuya  diletant kimi görünməməlidir” deyimi  yerli futbol yarışlarından həmişə canlı reportaj aparan Qasidin də yaddaşına həmşəlik  hopmuş və o, sonrakı bütün çalışmalarında  həmin kriteriyalara ciddi əməl etməklə,  öz üzərində o dərəcədə ciddi çalışmağa başlamışdır ki,  nəticədə də bəhs etdiyi idman növlərinin nəinki ümumi qayda-qanunlarını, həm də nüanslarını mənimsəmişdir.Və elə bu tipli öyrənmənin nəticəsidir ki, şahmata olan marağı beləcə, şahmata peşəkarcasına sevgiyə cevrilmişdir...
     ***
                    Qəzetin nəzdində 1978-ci ildə yaratdığı “Cəlilabad töhfələri” ədəbi qrupu öz sıralarında indi respublika səviyyəsində tanınan Salam Sarvan, Əlizadə Nuri, Ədalət Salman, Əlirza Həsrət, Saday Şəkərli, Gülbala Teymur, Meyxoş Abdullah, Misir Alarlı, Usta Məhəmməd və sairələri kimi istedadları birləşdirirdi. Onları vaxtaşırı bir yerə yığmaq, hər birini dinləmək, yazdıqlarını oxumaq, hər birinin yaradıcılıq ruhuna uyğun mütaliə olunmalı olan kitabların siyahisini tərtib etmək, cətin tapılan kitabları seçmək və lazımi məsləhətləri  vermək böyük zəhmət və vaxt sərfi bahasına başa gəlib. Ən əsası isə odur ki, bu iş əsaslı savad, ciddi  nəzəri hazırlıq, böyük həvəs və məsuliyyət tələb edir. Məncə, yuxarıda tələb olunan bu keyfiyyətlər, hələ bunlardan xeyli artığı da Qasid bəydə var. Elə bu gənc istedadların da sonradan parlaması, respublika səviyyəsində öz dəst-xəttləriylə tanınması dediklərimizi bir daha subut edir...
***
          Bizim məktəbdə Abbasağa adlı bir ədəbiyyat müəllimi var idi. O, həm də şair idi. Özündən başqa heç kəsi bəyənməzdi. Lirikası zəif olsa da amma, yaxşı həcvləri vardı. Bu da onun iddia etdiyi kimi rayon içtimaiyyətini məlum məmurlar ordusunun bəd əməllərindən qorumaq üçün deyil, əsasən onun şəxsi maraqlarına xidmət edirdi. Belə ki, o, pul qoparmaq məqsədilə, ancaq, vəzifəliləri həcv edirdi, amma, insafən çox  yaxşı həcv edirdi. Yazıların obyektivliyini deyə bilmərəm, amma, çox kəsərli və təsirli alınırdı. Çünki həcv  olunanın satirik portiret cizgiləri o qədər dəqiq və sərrast təsvir olunurdu ki, hamı satirik qəhrəmanın portiretini bu həcv güzgüsündə çox yaxşı görür və tanıyırdı. Ən əsası isə bu idi ki, onlar əhali arasında çox sürətlə yayılırdı. Elə bil bu iş xüsusi olaraq təşkil edilirdi. Odur ki, Kimsələr onun həcvlərinə tuş gəlib rusvay olmamaq ücün istəməsələr də çox vaxt  bac verməli, xərac ödəməli  olurdular. Bu isə onu daha da şirnikləndirir və şişirdirdi.Bu qədər özündən razı, heç kəsi bəyənməyən Abbasağa kimi bir adam da ədəbi mübahisələrdə çox vaxt  Qasidlə razılaşar, onun gətirdiyi faktlar qarşısında geri çəkilər və sonrakı söhbətlərini redəktə etmək məcburiyyətində qalardı...
          Qasid ədəbiyyat və qəzetçilikdə savadlı, peşəkar və kifayət qədər məlumatlı şəxsdir. İkinci sənəti olan şahmatı da yaxşı bilir. Tək-tək  özündən deyən adam bu sahələrdə onunla mübahisə edə bilər. Mənim onun ədəbi savadına və şahmata olan sevgisinə xüsusi hörmətim var. Məncə, Qasid bəy, elə ən azı bu kefiyyətlərinə görə cəmiyyətdə xüsusi hörmətə layiqdir. Hələ bir yandan da yazar ola...
***
        Yubilyar üçün daha çox xoşladığım esse də yaza bilərdim, amma, yazmadım, saxladım 70 illiyə. Nəyə görəsə bilmirəm, ancaq, məncə, esse 70 illik üçün 65 illikdən daha uyğun görünür...
      Atalar demiş “Borclu borclunun sağlığını istər”,  mən də Qasidin 70 illiyini...
       Qardaş, özünü başqa şey üçün olmasa da, həmin esse üçün qoru!..
   ***
           Ən sonda onu deyim ki, mən də daxil olmaqla bütun insanların, o cümlədən də Qasid bəyin xeyli sayda çatışmayan cəhətləri, mənfi xüsusiyyətləri, nöqsanları, zəiflikləri və səhvləri vardır. Amma bu yazı bir araşdırma yazısı deyil, yubiley yazısı olduğundan, təbii ki, Qasid kimliyinin o tərəflərinə toxunmuruq və elə bu müsbət tonda yazdıqlarımızla da kifayətlənirik...

Комментариев нет:

Отправить комментарий