09.04.2011

Sayman Aruz, şeirlər

           AZADLIQ BOYUNBAĞISI

Bir payız sabahı, azan çağında
Qoşa gedirdilər iki vətəndaş.
Biri ölən idi, biri öldürən,
Biri qaşqabaqlı, biri qələmqaş.

Qoşa aparırdı çiyinbəçiyin
Kələfçə onları sevgidən betər,
Öləndən soruşdu birdən öldürən
Azadliq nədir ki, ölməyə dəyər?

Dedi bu suala cavab versəm də,
Onu zaman sənin fikrindən silər,
Azadlıq anlamın yalnız mənim tək,
Cəlladın əlindən yapışan bilər.

Ölən vətəndaşın soyuq əlləri,
Cəlladın əlindən isti alırdı,
Bu cavab cəlladı olmayan kimi
Fikirə, qüssəyə, qəmə salırdı.

Dedi bəs azadlıq haçan gələcək?
Dedi sən bəlkə də min birincisən.
Qoşa aparıram ciyinbəciyin,
Azadlıq adıyla öldürürəm mən

Cəlladın gözündən gizlin bir yağış
Astaca süzüldü səsiz, səmirsiz.
Allahın ağacı vaxtsız, zamansız
Allahın ağacı səsiz, səmirsiz.

Dedi darıxma ay, yazıq vətəndaş
Gün gələr azadlıq qayıdıb gələr.
Azadlıq da bütün Allahlar kimi
Yalnız qan istəyər, yalnız qan içər.

Durnalar dünyanın qaranquşları,
Mən də azadlığın qaranquşuyam.
Hər kəsin dünyada bir Allahı var,
Mən də bu Allahın vurulmuşuyam.

Ancaq səndən mənim son istəyim var,
İraq sevgilimin gözündən iraq,
Çıxart barmağımdan nişan üzüyün,
Azadlıq gələndə barmağına tax.

Cəllad üzüyünü alıb adətən,
Taxdı boynundakı boyun bağına
Üzüklər səslənib yeni üzüyə
Xoş gəldin dedilər üzük bagına…

Açıldı kələfçə, güllələr səsi,
Ayırdı onları, sevgidən betər,
Azdlıq anlamın, yalnız üzüyü
Üzüklər bağında yaşayan bilər.


       BİZİM ÖLKƏMİZDƏ HƏR ŞEY İKİDİR

Bizim ölkəmizdə, bizim şəhərdə
İki ay hər gecə üz-üzə gələr,
Biri ışıq saçar görəndə bizi,
Biri də görəndə üzün döndərər.

Bizim ölkəmizdə hər şey ikidir,
Yar iki, ay iki, vətən ikidir.
Bizim ölkəmizdə yaşayan bilir,
Qız oğlan görəndə, üzün döndərər

Bizim ölkəmizdə hər şey ucuzdur,
Məhəbbət ucuzdur, vəfa ucuzdur.
Ən ucuz satılan çörəkdir, duzdur
Dost-dostu görəndə üzün döndərər.

Bizim ölkəmizdə hər şey bahadır,
Özgürlük bahadır, ümid bahadır.
Elə pulsuzluqdan üzü qaradır
Sevən sevdiyindən üzün döndərər.
 

                           VƏTƏN

Vətən!
           Səni sevmək bilirsən nədir!?
Edamın çağında
                            həyat istəmək .

Vətən!
           Səni sevmək bilirsən nədir!?
Dustağın içində
                            qələmsizləmək.

Vətən!
          Səni sevmək yəni intihar
yəni top,
         yəni  tank,
         yəni müsəlsəl.

Vətən!
         Səni sevmək edam olanın
 Açıq gözlərini bağlayan
                                      o əl.

Vətən!
          Səni sevmək yəni etiraf,
yəni sevilmək,
        yəni xiyanət.

Vətən!
          Səni sevmək yəni mərminin
bədəndən ayırıb aparan
                                    o ət.

Vətən!
          Səni sevmək yəni Arazın
Üstündə dolanan
             qırıq bir qayıq
                     yəni ay azadlıq,
                                yəni ay ümid
biz hələ burdayıq,
                          hələ burdayıq...


                    QALA BİLMİRƏM

Deyirlər gedibsən şəhərimizdən,
Şəhərin nəşəsi içində ölüb.
Gəlməyir qalmağa qərarım artıq,
Bu sənsiz şəhərdə qala bilmirəm.

Küçələr köçüblər arxanca sənin,
Görüşlər dönübdür yasa deyirlər.
Küçələr şəhərin şərafətidir,
Küçəsiz şəhərdə qala bilmirəm.

Kafeyə dönmüşük küçəsizlikdən,
Yaxşı ki kafelər küçə deyillər!!!
Yaxşı ki bir təhər günümüz keçir,
Kafesiz şəhərdə qala bilmirəm!


                  BEYNİMLƏ ÜRƏYİM

Qələm qərar verir yazılmağına,
Mən özüm bilmirəm niyə yazıram.
Bəlkə sətirlərdə yaşayıram mən,
Bəlkə öz qəbrimi özüm qazıram.

Hər nədir kəlmələr gecə və gündüz
Beynimdə gedirlər o yan-bu yana,
Hər nədir bu yaşam, bu ölüm bir an
İstəmir nədənsə dura, dayana.

Məndə yaşayırlar iki dost kimi
Beynimlə ürəyim qoşa yan-yana.
Olmuşam sözcüklər stansiyası
Olmuşam mən hotel, müsafirxana.

Beynimdə siyasət, intihar, terror,
Qəlbimdə məhəbbət, yaşayış, ölüm.
Mən özüm özümdə tikələnmişəm,
Bilmirəm özümü neçə pay bölüm.

Hamını sevmişəm özümdən sonra,
Özümdən özümə şikayətim var.
Bir ömür ölmüşəm yaşamaq üçün,
Yaşamdan ölümə şikayətim var.

Şairlik insanı həyatı boyu
Min dönə dirildər, yenə öldürər.
Kaş ki insan ölə, şair olmaya,
Şairlik insanı minə böldürər.

Külüngün götürüb sətirbəsətir,
Bir nəfər içimdə qəbrimi qazır.
Mənə şair demə, şair deyiləm,
Mən şeir yazmıram, o məni yazır…


       ADIM MİLLƏTÇİDİR AYAĞA DURUN!

Gedirəm, arxamca su səpin mənim,
Baxın gözünüzdən itənə qədər.
Üzümü tutmuşam günəşə sarı,
Gedirəm yolları bitənə qədər.

Əlvida deyirəm baxışlarımla,
Yalançı məhəbbət yaşayar dildə.
Əzəldən yolumuz bir deyildi heç,
Gedirəm gəlməyək üz-üzə bir də.

Qaranlıq gəmirir divarı, damı,
Bəlkə siz ömürlük yatacaqsınız.
Gedirəm, getməsəm məni də bir gün,
Bir qoyun puluna satacaqsınız.

Günəş vətənimdə üfüqlənməyə
Pilləkan yaradır dizimdən mənim.
İstemar, istismar, istibdaddansa,
Millətin cəhlidir mənim düşmənim.

Diktator adına şəhərbəşəhər
Milləti sürüyən siz deyilmisiz!?
Dalğa dənizliyin simgəsi deyil,
Dalğanın altında yaşayar dəniz!

Dənizəm, dalğalar üstümdən aşır
Arzuyam durmuşam sonunda yolun
Millətin adı var adımda mənim
Adım Millətçidir, ayağa durun!

Комментариев нет:

Отправить комментарий