03.04.2011

Xarakirinin Əlzada növü

İbrahim Sel                    Professional Oxucu Liqası
                              
       Mənimlə ədəbiyyat söhbəti etmək istəyən şair Əlzada Nurinin qardaşı Bəşir müəllimə!

Heca və əruz vəznləri ilə yetişən bir nəslin Poeziya üçün uyğun bir mühit formalaşdıracağına inanmıram

 Uzun müddət düşünəndən sonra qərara gəldim ki, Əlzada Nuru haqqında yazacağım bu dəfəki yazıya məhz belə ad verim. Yox, bu mənim tapıntım-zad deyil, heç tez-tez görüşdüyümüz və mövzuya böyük maraq göstərən dəyərli oxucularımızın da tapıntısı deyil. İndi müasir ədəbi dairələrdə çox yayılan sözdü bu. Hansı yeni kitabı açırsan, görürsən ki şair özünü öldürməklə məşğuldu. Gah vətən uğrunda özünü dağdan atır, gah onu buraxıb başqasına ərə gedən həmin o qızın gəlin maşını arxasınca sürünməklə məşğuldu, ya da yoldan ötən yelinli bir arvadın dalınca baxaraq vay-şivən qoparıb üz-gözünü cırmaqlayır. Ədəbiyyatımız anormallıqla doludur.
 Şair Əlzada Nuri həmin anormalıqları yeni formada bizə sırımaq istəyir. Yaradıcılığı haqqında qeyd etdiyimiz iradlara görə sən, onun qardaşı Bəşir müəllim bizi söhbətə çağırırsan. Əvvəlcə istədim oturam üz-üzə, deyim ki, “Sənin bu qardaşın nə vaxt öz yaradıcılığı barədə düşünəcək?” Sonra bu fikrimdən vaz keçdim. Fikirləşdim ki, deyib başımı ağrıtmaqdansa, yazıb əlimi ağrıdım.
 Artıq tənqidşünaşlığımızda fenomenə çevrilən, kiçik hərflərlə yazılmağa başlayan Əlzada Nuri kimdir? Nə istəyir? Nə yazır? Sən ədəbiyyat adamı olmadığın üçün bəzi məsələlərə aydınlıq gətirmək qərarına gəldim.
 Uca Allahımız hər insana vermədiyi nadir istedadı şair bəndələrinə verir. Şairin də şair olması üçün mütaliəyə, özünütənqidə ehtiyacı var. Zaman sürətlə keçir, bəzən nə etməli olduğunu unudan insan da bu sürətli hərəkətdən başını itirərək özünü zamanın axarına buraxır. Zamanın axarını dəyişməyə gücü çatanlar isə qeyri-adi istedad sahibləridir. Bəzən də elə olur ki zamanın axarını dəyişəcək qədər istedadı olan istedad sahibləri özlərini bu axına ataraq axının sürətini azaldır. Mənim dostlarımdan, eləcə də ədəbiyyat aləminə qatılmış sənin bu qardaşın Əlzada Nuri kimilərdən gözlədiyim məhz bu axını yönləndirmək, istiqamətçi olmağa çalışmaqlarıdır. Çətin bir zamanda yaşasaq, mənəvi iflasın iqtisadi iflasla düz mütənasib bir yarışı girdiyi çağda entuziazm müqabilində yazıb-yaratsaq da, çağı dəyişdirəcək qədər gücə malik olduğumuzu unutmamalıyıq. Bu güc İlahinin bizlərə verdiyi ilham, ilahi rəhmət əsintisidir. Bəzi dostlarımız kimi Əlzadanın da istəyi tanınmış şair olmaqdır. Gözəl arzudur. Ancaq gənclərimizin öz talelərinə biganəliyi məni çox sıxır. Eləcə də sənin Əlzadan özünə çox biganədir.
 Yazmışdıq ki, Əlzadanın şeirlərinə qaranlıq hakimdir. Qapalı məkanları düşünək bir anlığına… Ya da hər hansı bir binanın podvalını. Oralara işıq düşmür, hərdən bir ötüb geçən maşınların işıqları işıqlandırır bu məkanları. Yəni anidir həmin nura qərq olmalar. Yəni maşın şütüyüb keçəcək və yenə də qaranlıq… Şeir də elədir, keçmişlə də bağ var arasında, amma ən çox onu özünə çəkən gələcəkdir, gələcək.
 Məhz elə ona görə də bu qədər sirlidir, bu qədər qeyri-adidir poeziya. Şeirin informasiya daşıyıcısı olduğunu desəm, yəqin çoxları elə fikirləşəcək ki, bir qədər uzağa gedirəm. Və hardasa özümdən Amerika kəşf edirəm. Yox, qətiyyən! Sadəcə məsələnin ilkin variantından, görünən qatından danışıram. Və eyni zamanda da görünməyən qatından! Şeir anlaşılmadığı zaman gözəldir. Niyə? Çünki, şeir yazmaq bu gün bizdə bəzilərinin düşündüyü kimi heç də “soyuq”un dalınca “toyuq” düz-qoş eləmək demək deyil. A kişi, indi dönüb sənin Əlzada Nurindən soruşsan ki, “dəm” sözünə hansı həmqafiyə var? İlk sözü “qəm” olar. Sonra “nəm”, “cəm”, “bəm”, “həmdəm”... Söhbətin içkidən getmədiyini bildirmək üçün “qaz” sözünü deməliydim, onda da “naz”, “yaz”, “saz” sözləri ortaya çıxar deyən, daha bunu soruşmayın. Mənə elə gəlir, dəm qazından və bunu yaradanlardan heç sən özün də danışmaq istəməzdin.
 “Paz” yaddan çıxdı. O da “qaz”la həmqafiyədi axı...
 Qardaşın əgər yaradıcılığa başladığı ilk illər şeirlərini bu cür yazırdısa, sonradan öz üstündə işləyərək daha kamil və təkmil şeirlər yaratmalıydı. Altı ilə yaxındır ki, mən onun yaradıcılığını izləyirəm, heç bir irəliləyiş görməmişəm. Əgər o ədəbi aləmdə az-çox xətir-hörmət, diqqət qazanmaq istəyirsə, təcili pafoslu yaradıcılığı bir kənara qoyaraq, öz üzərində işləməyə başlamalıdır. Əlzadanın bir şair kimi ikinci doğuşu yaradıcılığının ilk dövrü ilə indiki şeirləri arasında kəskin fərq hiss olunanda başlayacaqdır. Ədəbiyyata yeni bir nəfəs gətirməsə də, hər halda ümidvarıq ki Bəhrəmtəpə kruqundan o tərəfə tanınacaqdır. Qoy bu sözlərdən də inciməsin, mən ona bu sözləri xətrini istəyən, irəli getməsini arzulayan bir adam kimi deyirəm. Dəyişmək zamanı gəlib çatıb. Əlzada ədəbiyyata oturuşmaq üçün bir az çalışmalıdır.
 Yazıçı hər şeydən əvvəl istedadlı olmalıdır, bu bir; yüksək savadı olmalıdır,- yəni dünya ədəbiyyatının ən yaxşı nümunələrinə bələd olmalıdır, daha dəqiq desək, yazdığından çox mütaliə etməlidir, bu iki; böyük mədəniyyəti olmalıdır, bu da üç. Bütün bunlarla bərabər, yazıçı geniş ürək və ülvi insanlıq xüsusiyyətlərinə malik olmalıdır. Yalnız bu cür yazıçı insanların vicdanına təsir eləyə bilər. Yazıçı hər şeydən əvvəl öz daxilindəki mənfi emosiyalara qalib gəlməyi bacarmalıdır. Mənə elə gəlir ki, bu keyfiyyətləri özündə birləşdirə bilən yazıçı həmişə ədəbiyyatda qala bilər.
 Bu sətirləri yazanda youtube.com-da Rəmişin gitarada necə kayf içərisində ifa eləməsinə baxırdım. Və bir də mənə ən təsir eləyən səhnələrdən biri müğənni Cavad Rəcəbovun “Günəbaxan” verilişində didjey Çina ilə yarışması olub. İnanın, mən belə şeyi heç vaxt görməmişdim və heç vaxt da eşitməmişdim. Fanat.az saytının müxbiri Elşən İmaməliyev mənə o linki göndərəndən sonra bilmirəm neçə dəfə baxmışam, sayı-hesabı yoxdur. Heyrət içində idim. Halal olsun, Cavad Rəcəbov! Həqiqətən də öz sənətinə professionalcasına yanaşan oğlanlar var Azərbaycanda- bax mən buna inandım. Və hər bir nələrisə düz-qoş eləyən insanların (fikir ver, “yaradıcı insanlar”ın demirəm a!) həyatında müəyyən oxşar bir məqamın olduğunu duydum. Belə bir duyğunu bir müddət əvvəl yenə də həmin saytda Vaqif Gərayzadəni izləyəndə duymuşdum (Tanıyırsan? Cazmen var e, onu deyirəm). Bu duyğunun adı: imtahan idi. Bəli, bəli, imtahan! Elə bir imtahan ki, sonunda mütləq mənada “Səbr edənləri müjdələ!” hikmətinin ləzzəti var. Şeiri imtahan kimi qəbul elədiyimdəndir yəqin, Rəmişin “Segah”ını dinləyəndə vizual bir şey diqqətimi çəkdi: Rəmişin saçları! Soruşa bilərsiniz ki, nə əlaqəsi var? Məni də ilk əvvəl məhz həmin bu məqam düşündürdü: nə əlaqəsi var? Bir az dərinə gedib fikir verdim ki, Rəmişin o uzun saçları ilə çaldığı (çağırdığı desək daha düzgün olar!) “Segah” arasında dəhşətli bir harmoniya var və həmin harmoniyanı Müslim Gursəsin də, maestro Vaqif Gərayzadənin də və itirdiyimiz Əflatun Quliyevin də sifətində görmək mümkün idi. O cümlədən Cavad Rəcəbovun qədim maqlardakı kimi aristokrat sifət quruluşunda. Bu adamlar mənən azad doğulublar və onları hansısa bir zəncirə vurmaq mümkün deyil. Həmin adamlar yalnız bir şeyin qarşısında diz çökə bilərlər: Həqiqi Poeziyanın! Hər şeirin də yox, məhz başa düşə bilmədiyin Poeziyanın!
 V.Q.Belinski yazır: “Poeziya həyatı, bir imkan kimi, yaradıcı surətdə yenidən yaratmaqdadır. Buna görə də o şey ki həyatda ola bilməz, o poeziyada da yalandır. Yəni həyatda olmayan şey poetik də ola bilməz”. Həyatı əks etdirə bilmək üçün hətta yaradıcılıq istedadı da azdır. Həyatı anlamaq üçün gərək ağıl da olsun. Kim istəsə ki kağız üzərində də, yazdığı şeirlərdə şairliyi görsün, o gərək əvvəlcə qəlbən şair olsun. Sən isə qəlbən şair deyilsən, Əlzada. Sən bizim ədəbiyyatın “Yalançı Dmitri”sisən. Girdiiiiirmə! Mən sənin ədəbiyyata hansı məqsədlərlə qatıldığını da bilirəm. Lakin bu artıq başqa söhbətin mövzusudur. Əsl psixologiya materialı!
 Yazı-pozu bəzək-düzək işi deyil və mən informasiya ötürməyə öhdəlik götürməmişəm ki, kimsə mənim ötürdüklərimi elə o dəqiqə başa düşsün! Məsələn, bu yazıda bəzi sıravi oxucular ola bilsin ki nəyisə başa düşməsinlər, amma sən azca tutdunsa- bəsdir. Üstəgəl mənə belə şeyləri anlatmaq istədiyim üçün afərin də düşür! Mən yazdıqlarımı sənə, Əlzadaya yox, iyirmi il sonranın ədəbiyyatçılarına ötürürəm. O ədəbiyyatçılara ki, məhz indiki əlzada nurilərə görə sazı ələ salmayacaq, öz dilində danışmağa utanmayacaq, genetik kodların ən layiqli bir davamçısı kimi özündən əvvəlkiləri arayacaq və şeiri ağı olmaqdan çıxarıb Poeziya halına gətirəcək. Belə baxanda şeiri Poeziya halına gətirməyə, onu yenidən formalaşdırmağa heç ehtiyac da yoxdur, çünki həmin çağırma, həmin haylama onun genində var, sadəcə olaraq sənin Əlzadan bunu tuta bilmir…
 Amma şeiri çağırışa çevirmək hansı şəraitdə baş verəcək? Burda artıq məsələnin formal tərəflərindən söhbət getmir. Kimsə düşünməsin ki, vəssalam da, yeddi hecalı, bir, iki və dördüncü misraları öz aralarında qafiyəli olan, üçüncü misrası isə sərbəst buraxılan bir dördlükdə (təxminən Əlzadanın yaratdığı bayatılar kimi) yazılmalıdır şeir. Xeyr, sadəcə həmin ilkin ruh qorunmalıdır, məzmun saxlanmalıdır. Qalanı isə nə ola, ola! İstəyən istədiyi formada yaza bilər! Lakin Əlzadanın həmin ruhu qavraya bilməsi üçün bəlkə də iyirmi il vaxt lazımdır…
 Biz ədəbiyyatçıları düşündürən nəsnə də budur ki, iyirmi il sonra yetişəsi nəslə bu gündən nəsə hazırlamaq lazımdır, hər nə qədər bu onun genetik yaddaşından gəlmiş olsa belə! Qardaşlığa məndən inciməyin, mən heca və əruz vəznləri ilə yetişən bir nəslin Poeziya üçün uyğun bir mühit formalaşdıracağına inanmıram. Heca və əruz vəznində yazılmış şeirlər bizə nələri verdi, bizdən nələri apardı, bu məsələnin artıq arxa planda qalan hissəsidir, amma bu gün heca və ya əruz vəzni ümumiyyətlə bizə lazımdırmı, gəlin bunu düşünək bir və fikirləşək ki, iyirmi ildən sonra yetişəcək həmin o şeiri Poeziya halına gətirəsi nəslə nə dərəcədə çatacaq o vəznlər? Yəni biz onlara nəyi əmanət edirik? Sənin Əlzadanın “Şeirlə dolu zəhər” adlandırdığımız kitabından isə bəzən elə şeirlər (bunlara şeir demək mümkünmü?) oxuyursan ki, düşünürsən: İlahi, insan nə qədər ŞEİR adına bu cür cəfəngiyyata qatılar, cızma-qaraya aludə ola bilər?! Əlzadanın mərsiyə parçalarına nəzər yetirdikdə istər-istəməz bir şeyin fərqinə varırsan: biz hər nə qədər keçmişimizə hörmət göstərməli olsaq da, zaman öz diqtəsini edir və bizlər yeni dəyərlər formalaşdırmaq məcburiyyətində qalırıq! Hətta bu dəyərlər mövcud olanın bünövrəsi üzərində qurulmuş olsa belə!..
 Ardı olacaq, hökmən olacaq!

Комментариев нет:

Отправить комментарий