03.06.2011

Azərbaycan əhalisi əqrəb geni vurulmuş kartof, kambala geni vurulmuş pomidor, insan geni vurulmuş düyü yeyir


GMO ilə qidalandırılmış siçovullar bir müddət sonra bir-birini yeməyə başlayıblar
Azərbaycanda əhalinin ən çox istifadə etdiyi transgen məhsullar hansılardır? 

Son günlər Azərbaycanda Geni Dəyişdirilmiş Məhsullarla (GMO) bağlı polemikalar artıb. Sadə Azərbaycan vətəndaşı üçün nə qədər anlaşılmaz olsa da, bizi gözləyən təhlükənin nə qədər böyük olduğu faktdır. Əgər bazarlardan, mağazalardan alıb yediyimiz, övladlarımıza yedirdiyimiz məhsulların tərkibinin nədən ibarət olduğunu bilmiriksə, deməli, doğrudan da laboratoriyalarda üzərilərində eksperiment aparılan sınaq siçovulları rolundayıq. 

GMO nədir? 

Geni Modifikasiya Olunmuş (dəyişdirilmiş) orqanizm (GMO) müasir biotexnologiya üsulu ilə müxtəlif mənşəli canlı orqanizmlərin genlərinin kombinasiyası vasitəsilə əldə edilmiş istənilən canlı orqanizmdir. Bu orqanizmlərin əldə edilməsi zamanı heyvan geninin bitkiyə və əksinə, bitki geninin bitkiyə, heyvan geninin heyvana köçürülməsi baş verir. GMO-nun yaradılması üzərində ilk eksperimentlər XX əsrin 70-ci illərində başlayıb. 1992-ci ildə Cində pestisidlərə dözümlü olan tütün becərilməyə başlanıb. 1994-cü ildə isə ABŞ-da daşınmalara dözümlü olan GMO pomidorlar peyda olub. Həmin dövrdən GMO bütün dünyada daha sürətlə irəliləməyə başlayıb. Artıq 15 ildən çoxdur ki, milyonlarla istehlakçı istər heyvan və quş, istərsə də bitki mənşəli genetik modifikasiyalaşdırılmış məhsullardan istifadə edir. GMO istehsalının zərərli təsiri ilə bağlı ilk elmi nəticə isə ingilis alim Arpad Puştaiyə məxsusdur. Onun sınaq siçovullarına bir müddət genetik modifikasiyalaşdırılmış məhsul yedizdirməsi nəticəsində bu heyvanların qanında leykositlərin miqdarı aşağı düşüb, mədə və qara ciyərin ölçüləri kiçilərək funksiyaları zəifləyib, ümumi çəkisi və beynin çəkisi azalıb, balalarının ölüm faizi artıb, həm analarda, həm də balalarda aqressivlik yüksəlib, hətta onlar bir-birini yeməyə başlayıblar. Siçovullar öz morfologiya və biokimyalarına görə insana çox oxşar olduğundan laboratoriya sınaqları zamanı məhz bu heyvanlardan istifadə olunur. Puştainin həmin bəyanatının doğurduğu etirazlar səbəbindən o, çalışdığı Rouet elmi-tədqiqat institutundan kənarlaşdırılıb. Lakin maraqlıdır ki, Puştainin həmkarı Stenli Yuen onun eksperimentlərinin nəticələrini yoxlayıb və düzgünlüyünü təsdiq edib. Braziliya Elm və Texnika Nazirliyinin komissiyası isə Şimali Amerika şirkəti “Monsanto”-ya ölkənin cənubunda becərdikləri soya və qarğıdalı bitkilərini məhv etməyi tövsiyə edib. Belə ki, komissiyanın gəldiyi nəticəyə görə, transgen mənşəli qida məhsullarının insan orqanizminə mənfi təsirlər göstərməyəcəyinə və qarşısıalınmaz mutasiyalara gətirməyəcəyinə tam əminlik yoxdur. Artıq sözügedən problemlə bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Ərzaq Təşkilatı və beynəlxalq ekoloji təşkilatlar tərəfindən həyəcan təbili çalınmaqdadır. Yaponiya, Avstraliya, Yeni Zelandiya, Çin və bir çox inkişaf etməkdə olan dövlətlər insan orqanizmində qarşısıalınmaz dəyişiklərə gətirməsi səbəbindən GMO idxalını ümumiyyətlə qadağan edib.

Əhalinin ən çox istifadə etdiyi transgen məhsullar ət, kolbasa və sosiskalar, dondurmalar, makaron məmulatları, meyvə-tərəvəz və bəzi növ uşaq qidalarıdır 

GMO sahəsində uzun illərdir, araşdırmalar aparan müstəqil ekspert Babək Tatlıyev APA-ya deyib ki, dünyada GMO məhsullarının sürətli istehsalı 1992-ci ildən başlayıb. Hazırda bu sahədə aktivlik göstərən 15-dək şirkət var. Bu məhsullar daha çox Şimali Amerikada istehsal olunur. B. Tatlıyev deyib ki, Azərbaycanda GMO sahəsində lazımi araşdırmalar aparılmayıb. Qərb kompaniyalarının transgen məhsullarla bağlı ekspansiyası qısa müddət ərzində başladığından tək Azərbaycan deyil, dünyanın bir çox ölkəsi buna müqavimət göstərməyə hazır deyil: “Lakin hamı bu təhlükələrin mahiyyətindən xəbərdar olmalıdır. İndiyədək qabaqlayıcı tədbirlər ona görə görülməmişdi ki, informasiya qıtlığı var idi. Azərbaycanın özündə GMO-nun nə olduğunu bilən tək-tək adam var. Bu sahədə əsas məsuliyyət alimlərin və mətbuatın üzərinə düşür. 2005-ci ildə dünyanın 84 ölkəsindən 825 alim Avropa Birliyinin Ərzaq Təhlükəsizliyi Agentliyinə GMO-nun təhlükəliliyi ilə bağlı məktub göndərib. Azərbaycanda isə hələ indiyədək alimlər bu sahədə həyəcan təbili çalmayıblar”. B. Tatlıyevin sözlərinə görə, hazırda əhalinin ən çox istifadə etdiyi transgen məhsullar ət məhsulları, kolbasa və sosiskalar, dondurmalar, makaron məmulatları, meyvə-tərəvəzlər, bəzi növ uşaq qidalarıdır: “Bu məhsullar Azərbaycana daha çox İrandan, Rusiyadan, Gürcüstandan daxil olur. Amerikadan gətirilən qidaların, ABŞ-dan, Kanadadan, Argentinadan idxal olunan yemlərin də çoxu transgendir. Təsəvvür edin, kartoflara soyuğa və xəstəliyə davamlı olması üçün əqrəb və ya qargülü geni vururlar. Artıq bütün dünyada kartoflara onlarla yad genin köçürülməsi təcrübəsi var. Bəzi növ pomidorlara və çiyələklərə isə soyuğa və şaxtaya davamlı olması üçün kambala balığının geni vurulur. Düyünü daha qidalı etmək üçün ona ana südünün daşıyıcısı olan insan geni vururlar. Dovşanlara qaçanda işıq saçsınlar deyə meduza geni əlavə edirlər. Hətta donuzlara insan geninin vurulması hazırda bəzi Qərb ölkələrində ənənəvi dinlərin nümayəndələrində ciddi etirazlar yaradıb. Hazırda bununla bağlı Qərb ölkələrində ciddi polemikalar gedir. Bütün bunlar onu göstərir ki, gen mühəndisliyi nə qədər “rəngarəngdir””. Ekspert çıxış yolunu bu məhsulların Azərbaycan bazarına daxil olmasını qanunvericilik baxımından maksimum qaydada məhdudlaşdırmaqda görür: “Transgen məhsulların zərərli təsirləri tam araşdırılmayınca, onları istehsal edən şirkətlər tərəfindən sağlamlığa zərər gətirməməsi barədə qəti qarantiyalar verilməyənə qədər məhsulların Azərbaycana gətirilməsi məhdudlaşdırılmalıdır. Bir çox Avropa ölkəsində bu məhsulların miqdarı 0,9 faizdən yuxarı olmamalıdır. Rusiyada bu miqdar 1-1,1 faiz təşkil edir. Azərbaycanda isə qanunvericilikdə təsbit olunmuş məhdudiyyət yoxdur. Xaricdə transgen məhsullar ayrı satılır. Onların markasında miqdarı da, tərkibi də göstərilir. Bizdə belə şey yoxdur. Biz gedib mağazadan aldığımız məhsulun tərkibində nə olduğunu bilmirik. Hazırda Rusiyanın 20-yə yaxın şirkəti 200 adda transgen məhsul istehsal edir. Bu məhsulların əksəriyyəti Azərbaycan bazarında var. Son vaxtlar infeksion xəstəliklər insanlarda uzun müddətli keçir. Viruslar daha aqressiv olur. Əvvəllər uzağı bir həftə davam edən viruslar indi iki ay və daha çox davam edir. Fəsadları da çox olur. Bunların əsas səbəbi bizim immun sisteminin zəifləməsidir. İmmun sisteminin zəifləməsində əsas faktor isə qidadır. Nə yediyimizi biliriksə, özümüzü dərk edirik. Transgen məhsullar istehsal edən şirkətlərin ətrafında alimlərdən, mətbuatdan ibarət nəhəng ordu var. Onlar sübut eləməyə çalışırlar ki, bu məhsulların ziyanı yoxdur. Bütün dünyada qəbul edilmiş qayda var. İstehsalçı istehsal etdiyi məhsulu əvvəlcə sınaqdan keçirməli, zərərli təsirlərini araşdırmalı, ondan sonra satmalıdır. İngiltərənin, Rusiyanın laboratoriyalarında sübut edilib ki, bu məhsullar həddən artıq təhlükəlidir. Sübutlar kifayət qədərdir. Amma bu sübutların üstünü həmin ölkələrdə ört-basdır eləməyə çalışırlar. İngiltərədə bu tədqiqatları aparan şəxsi işdən çıxardılar. Yaxud bu tədqiqatların aparıldığı Sloveniyada mutant heyvanları yandırıb məhv edirdilər ki, ictimaiyyət görməsin. Transgen məhsullarla bağlı aparılan tədqiqatların nəticələri heç də şəffaf deyil. Belə çıxır ki, biz öz sağlamlığımızın hesabına kimlərisə varlandırırıq. Amma bu faktdır ki, gen mühəndisliyinin geniş inkişaf etdiyi Amerikada əhalinin 70 faizi allergiyadan zərər çəkir. GMO-nun qadağan edildiyi İsveçdə isə belə şəxslər cəmi 7 faiz təşkil edir”.

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, 2009-cu ildə Azərbaycana 11911,5 ton quş əti, 10560,7 ton kərə yağı, digər süd yağları və pastaları – bunun 6189,8 tonu kərə yağı, 29434,5 ton kartof, 36514,4 ton təzə tərəvəz, 56829,5 ton təzə meyvə, 931,2 ton buğda, 22055,1 ton düyü, 80575,5 ton bitkidən hasil olan piylər və yağlar, 18232, 9 ton şokolad məmulatları, 14069,5 ton meyvə və tərəvəz konservləri, 14938,2 ton meyvə və tərəvəz şirələri idxal olunub.

“Qanun olmadığından biz hər hansı sahibkardan soruşa bilmərik ki, sənin gətirdiyin mal geni dəyişdirilmişdir, ya yox?” 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, Azərbaycanda “Genetik modifikasiya olunmuş məhsullar haqqında” qanun olmadığından bu məhsullardan istifadəni də tənzimləmək mümkün deyil: “Buna görə də biz hansısa sahibkardan soruşa bilmərik ki, sənin gətirdiyin mal geni dəyişdirilmişdir, ya yox? Bu məsələdə hər hansı qadağa, ya tənzimləyici norma olmadığına görə, hər hansı tələb də irəli sürmək mümkün deyil. Bu məhsulların insan orqanizminə gələcək təsirləri barədə indidən fikir söyləmək çətin məsələdir. Biz istəyirik ki, Azərbaycanda bu sahədə tezliklə qanun qəbul olunsun, GMO-nu araşdıran elmi laboratoriyalar açılsın. Bu, çox qlobal bir işdir, xırda məsələ deyil”. İ. Abdullayevin sözlərinə görə, genetik dəyişdirilmiş məhsullarla bağlı araşdırmalar aparmaq tək GEM-in görə biləcəyi iş deyil: “Bu sahəyə bioloqları, genetikləri, riyaziyyatçıları, fitosanitarları, baytarları cəlb etmək lazımdır. Yalnız bir sahənin alimləri bununla məşğul ola bilməz. Söhbət təkcə bu məhsulların istifadəsindən getmir, bu məhsulların becərilməsi, artırılması, aqrokimyəvi qaydaların tətbiq olunması, onlardan yem bitkiləri kimi istifadə olunması, lazımsız məhsulların kənarlaşdırılması, məhsulların əmtəə və təhlükəsizlik göstəricilərinin parametrlərinin normalaşdırılması - bunlar hamısı araşdırılmalı məsələlərdir. Dünyada bu məhsullara qoyulmuş tələblər də müəyyən mənada tətbiq oluna bilər. Genetik modifikasiya edilmiş məhsullarla bağlı qanun qəbul eləməklə iş bitmir. Bir çox cəhətlər var ki, bunlar hamısı qanunda əksini tapmalı, qanundan əlavə bu tələblər hamısı yerinə yetirilməlidir. Azərbaycan Nazirlər Kabineti tərəfindən çoxlu sayda qanunaltı normativ akt hazırlanmalıdır. Gələcəkdə qanun qəbul olunacaqsa, qanundan irəli gələn tələblər də yerinə yetiriləcək. Bilinəcək ki, bu məhsulların Azərbaycana gətirilməsi hansı tələblərdən keçəcək, ölkədə istehsalı necə olacaq, istehsal edilən məhsulların üzərində hansı etiketlər yapışdırılacaq, məsuliyyət dərəcələri müəyyənləşdiriləcək”. Bölmə müdiri deyib ki, Azərbaycan prezidentinin ölkə əhalisinin etibarlı ərzaq təminatı ilə bağlı (2008-2015-ci illər) 3004 saylı fərmanı var. Azərbaycan Nazirlər Kabinetində həmin fərmandan irəli gələn Tədbirlər Planı hazırlanıb. Həmin fərmanda genetik modifikasiya olunmuş məhsullarla bağlı bənd də yer alıb. Bu məhsulların ekspertizasının aparılması, onlara dair tələblərin qoyulması fərmanda əksini tapıb. Lakin qanun qəbul olunmadığından hələ bu məhsullar haqqında ciddi tədbirlərə əl atmaq mümkün deyil.

Azərbaycanda genetik modifikasiya olunmuş məhsullar nəzarətdən çıxıb

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseyn APA-ya bildirib ki, AİB Avropa Komissiyasının Azərbaycandan başqa yeddi ölkədə maliyyələşdirdiyi “Biomüxtəlifliyinin qorunmasında istehlakçı təşəbbüsü” layihəsini yekunlaşdırıb: “Bu layihə çərçivəsində tədqiqatlar aparmışıq. Məlum olub ki, Azərbaycan bir neçə beynəlxalq sənədə, o cümlədən 2005-ci ildə Kartaxen protokoluna qoşulub. Biotəhlükəsizlik haqqında olan bu protokola ümumilikdə 150-dən artıq ölkə qoşulub. Yəni Azərbaycan genetik modifikasiya olunmuş orqanizmlərin ətraf mühitə nəzarətsiz buraxılması, risklərin qiymətləndirilməsi, onun yayılmasının, kommersiya məqsədi ilə istifadə olunmasının qarşısının alınması üçün üzərinə öhdəliklər götürüb. Lakin təəssüf ki, Azərbaycanda genetik modifikasiya olunmuş məhsullar nəzarətdən çıxıb. Yəni, bir növ cin şüşədən çıxıb, heç şüşəyə qaytarmaq mümkün deyil. Azərbaycanda GMO əkinçilik var, GMO toxumçuluq var. Xaricdən gətirilmiş kartofların 80 faizi, İrandan gətirilən pomidorların 70 faizi, ümumilikdə ölkəyə gətirilən pomidorların 90 faizi, soyaların 98 faizi, qarğıdalıların 70 faizi, çuğundurların 60 faizi, qarpızların isə demək olar ki, hamısı GMO məhsuludur. Əkilir, biçilir və ətraf mühitə nəzarətsiz yayılır. Məlumdur ki, GMO bitkiləri ətraf mühitə nəzarətsiz yayılanda təbiətin biomüxtəlifliyini pozur, digər yerli aborigen bitkiləri sıradan çıxarır. GMO barədə alimlərin fikri birmənalı deyil. GMO-nu dünyada irəlilədən Amerikanın “Monsanto” şirkətidir. Hansı ki, keçmiş Amerika prezidentləri onun şərikləridir. O şirkət bütün dünyaya GMO-nu yayır. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) isə Amerikanın əlində alət olaraq GMO-nun bütün dünyada yayılmasına xidmət edir”. E. Hüseynin sözlərinə görə, 2007-ci il iyulun 13-də Azərbaycanda qəbul olunmuş “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda Azərbaycanda GMO-nun yayılmasına yaşıl işıq yandırılıb: “Baxmayaraq ki, Azərbaycan beynəlxalq sənədlərlə öz üzərinə öhdəliklər götürüb. Qanun qəbul ediləndə biz radikal çıxış etdik ki, Azərbaycanda GMO məhsullarının gətirilməsinə qadağa qoyulsun. Amma ÜTT kimi böyük qurumun qarşısında Azərbaycan acizdir. Buna görə də GMO Azərbaycanda irəliləyir. Onu ətraf mühitindən yığışdırmaq isə artıq mümkün deyil. Azərbaycan artıq GMO-nun əsiridir”.
AİB sədri təbii olaraq ortaya çıxan “Elə isə istehlakçılar nə yesin” sualına “Ancaq yerli məhsullar” cavabını verib. AİB sədri deyib ki, rəhbərlik etdiyi qurum GMO məhsullarına qarşı iki ildir, mübarizə aparır. Bu müddətdə 10 minədək buklet buraxılıb, 10 regionda seminarlar keçirilib. Lakin Azərbaycanda laboratoriya olmadığından AİB məhkəmə iddiaları qaldıra bilmir: “Qanunlarda GMO qadağası olmadığından çalışırıq ki, ölkəyə daxil olan GMO məhsulları markalansın. Bundan sonra biz həmin markaları istehlakçıya tanıtmaq kampaniyasına başlayacağıq”.

“Artıq qəbul etməliyik ki, yediyimiz qidaların hamısının tərkibi pisliyə doğru dəyişib” 

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik İnstitutunun baş elmi işçisi Elxan Əliyev də APA-ya deyib ki, hazırda Azərbaycanın bazarları müxtəlif yollarla gətirilən GMO məhsulları və onların çeşidləri ilə doludur: “Biz bu problemi əhali arasında tam açıqlığı ilə qabartmasaq, problem daha da böyüyəcək. Hazırda Azərbaycanda GMO məhsullarını aşkar edən laboratoriya, hətta GMO-nu təsdiq edən kiçik metodlar belə yoxdur. Bu təklif dəfələrlə yüksək dairələrdə qaldırılıb. Əhali nə yediyini bilməlidir. Əhali arasında müxtəlif allergik reaksiyalar, mədə-bağırsaq xəstəlikləri, cürbəcür patologiyalar yaranır. Həkimlərin özləri də xəstəliyin mənşəyini tapmaqda çətinlik çəkirlər. Problem son dərəcə ciddidir. Mütəxəssislərin fikrincə, hazırda dünyada üç qlobal problem var: ozon dəliyi, atom bombası və GMO. Azərbaycan unikal əraziyə malikdir. Bu gün ölkəyə heç bir yolla GMO məhsullarının gətirilməsinə imkan vermək olmaz. Bu məhsullar Azərbaycanın biomüxtəlifliyini dəyən ziyanın çeşidini artıra, biomüxtəlifliyin itirilməsinə, müxtəlif səviyyədə ətraf mühitin zəhərlənməsinə gətirib çıxara bilər. İnsan sağlamlığının qorunması sahəsində büdrəyə bilərik. Artıq hamımız qəbul etməliyik ki, yediyimiz qidaların hamısının tərkibi pisliyə doğru dəyişib”. E. Əliyevin sözlərinə görə, hazırda Azərbaycanda GMO məhsullarının gətirilməsini qadağan heç bir qanun yoxdur. Yalnız “Toxumçuluq haqqında” qanunun 27-ci maddəsinin ikinci bəndində qeyd edilir ki, Azərbaycana genetik modifikasiya olunmuş toxumların gətirilməsi qəti qadağandır. Müstəsna hal kimi bu məhsullar sərgilərdə, qapalı şəraitlərdə təcrübə aparmaq üçün gətirilə bilər: “Amma bilirsiniz ki, qaçaqmalçılıq yolu ilə, humanitar yardım yolu ilə, ən müxtəlif yollarla işgüzar adamlar, kommersantlar bu məhsulları Azərbaycana gətirirlər. Qanunların olmaması vəziyyətin daha da nəzarətdən çıxmasına səbəb olur. Əhalini sevmək lazımdır. İnsan nə yeyirsə, ona da oxşayır”. E. Əliyevin sözlərinə görə, Azərbaycanda GMO sahəsində əsas problem laboratoriyanın olmamasından yaranır: “Hazırda Ukraynada 5 laboratoriya var. Almaniyada isə yüzlərlə belə laboratoriya fəaliyyət göstərir. Uzun illərdən sonra Rusiya da bu laboratoriyanı əldə edib. Azərbaycan isə hazırda “açıq qapı” formasında fəaliyyət göstərir. Bu laboratoriyalar Azərbaycanda quraşdırılmalı, onlarla işləyə bilən mütəxəssislər hazırlanmalıdır”. Mütəxəssis deyib ki, Azərbaycanda “Gen mühəndisliyi zamanı təhlükəsizlik haqqında” qanun layihəsi hazırlanıb: “Bu qanunda laboratoriya haqqında xüsusi maddə var. Ümid edirik ki, bu qanun qəbul olunacaq. Bu, çox bahalı laboratoriya da deyil. 70-80 min manat Azərbaycan üçün nə böyük puldur ki?”

Azərbaycan öz qanunvericiliyində GMO-dan istifadəni ÜTT-yə üzvlük səbəbindən qadağan edə bilməyib 

Azərbaycan Milli Məclisinin Aqrar siyasət daimi komitəsinin sədri Eldar İbrahimov isə APA-ya bildirib ki, hələlik Azərbaycanda GMO-nu tənzimləyən ayrıca qanun yoxdur. Lakin müxtəlif qanunlarda olan maddələr bu məsələni qismən tənzimləyir. 2007-ci ildə qəbul olunmuş “Ekoloji təmiz kənd təsərrüfatı” haqqında qanunun 6.5-ci maddəsində göstərilir ki, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilməsin. Qanunun 19.9-cu maddəsində də göstərilir ki, alıcıların seçim etmək hüququnu təmin etmək məqsədilə Azərbaycan Respublikasında satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında GMO və onların törəmələrindən istifadə haqqında məlumatlar göstərilməlidir. Həmin qanunun 18.4-cü maddəsində isə qeyd olunur ki, Azərbaycana idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsal prosesində GMO-dan və onların törəmələrindən istifadə haqqında məlumatlar əksini tapmalıdır. “Toxumçuluq haqqında” qanunda da göstərilir ki, Azərbaycana genetik modifikasiya olunmuş toxumların gətirilməsinə yol verilmir. E. İbrahimov deyib ki, Rusiyada GMO ilə bağlı ayrıca qanun var. Hətta Moskva meri Yuri Lujkovun qərarı var ki, bütün istehsal olunan məhsulların üzərində GMO-nun olub-olmaması yazılsın: “Təəssüf ki, bizdə bu yoxdur. GMO-nun olub-olmamasını yoxlamaq üçün Azərbaycanda laboratoriya və mütəxəssis olmalıdır. Lakin bu da yoxdur. Bazara bu məhsullar açıq şəkildə daxil olur. Rusiyadan, digər ölkələrdən gələn məhsulların üzərində bu yazılar qeyd olunmur”. Komitə sədri deyib ki, Azərbaycan öz qanunvericiliyində GMO-dan istifadəni ÜTT-yə üzvlük səbəbindən qadağan edə bilməyib: “Təşkilatın belə bir müddəası var ki, hansı məhsulun insan orqanizminə mənfi təsiri əsaslandırılmış qaydada sübut olunmursa, onun idxalına qadağa qoyula bilməz. GMO-nun mənfi təsirini də hələlik sübut eləmək mümkün deyil. Bunun üçün müəyyən müddət keçməlidir. Ancaq ilkin olaraq müəyyən nəticələr özünü göstərir. Xüsusən də uşaqlarda mədə-bağırsaq xəstəlikləri, immun sisteminin zəifləməsi baş verir. GMO tətbiqi zamanı məhsuldarlıq çox olur. Əsasən belə məhsulları aclıq çəkən ölkələrə göndərirlər. Bu, daha çox kommersiya xarakteri daşıyır. Azərbaycanın özündə istehsal edilən məhsullar hamısı ekoloji təmiz məhsullardır. Bu cür məhsulu qoyub, biz nəyə görə həmin məhsulları almalıyıq? 50-yə yaxın ölkə artıq bunu qadağan edib. ÜTT-yə üzv olandan sonra biz də qanuna dəyişiklik edə bilərik”. Komitə sədri deyib ki, Azərbaycanda GMO ilə bağlı maarifləndirmə işi çox aşağıdır. Əslində GMO ilə bağlı sistemli maarifləndirmə işləri aparılmalıdır ki, əhali bu məhsulu alıb-almadığını bilsin.

APA.AZ

Комментариев нет:

Отправить комментарий