19.06.2011

BALACA MUĞ

Həmid Herisçi


Emin Millinin sehrli başmaqları, Keniya ilğımı və “yevroremont” Kürdəxanı türməsi...



2011-ci il, 10 iyun tarixində Bakı beynəlxalq hava limanı ərazisinə iki qəribə sərnişin daxil olub asta addımlarla minik zolağına yaxınlaşır. Bakı-London-Edinburq reysi ilə uçan təyyarənin havaya qalxmağına az qalsa da bu sərnişinlər başqaları kimi əsla tələsmir. Bilet qeydiyyatı keçirilir, yüngül baqaj tərəzidə çəkilib nömrələnir. Biletə vurulan möhürün sərt səsi bəzilərini diksindirir. Tam şübhə dolu baxışlar bu son iki sərnişini xeylax izləyir.
- Londona uçan təkcə mənəm. - Gözü eynəkli sarışın, bəstəboy gənc nəhayət dilə gəlir. - Bu isə vəkilimdir. Pasport qeydiyyatına qədər məni müşayiət edəcək.
Kriminal mövzulu Hollivud filmlərinin ilk kadrlarını xatırladan bu ilginc səhnə ildırım sürətilə, ani parıltıyla hamının beyninə sancılır. Məmurların dili quruyub nitqi kilidlənir. Kimsə əl atır qalstukunun düyününə, bir-iki uğursuz cəhd göstərib istəyir onu azca boşalda... Eynəkli gənc pasport qeydiyyat masası arxasında əyləşmiş gözəl xanıma yaxınlaşıb tələsmədən sənədlərini çıxarır. Pasport nömrələrini bilgisayara köçürən xanım bircə dəqiqəlik səbir istəyir qarşısındakı sirli sərnişindən. Qəfil nəsə baş verir, xanımın sifətindən xoş təbəssüm anında silinib yoxa çıxır. Al boyalı dodaqları gedir yaxasındakı incə qara mikrofona:
- Bizdə burda “nömrə 5" var...



“Nömrə 5"


Emin Milli ölkəmizdə vətəndaş cəmiyyəti qurucuları içində ən gözədəyər simalardan biri, orta-ali məktəblərdə təhsil alarkən həmişə əlaçı olaraq “5" alıb. Ancaq onun Dövlət Sərhəd Xidməti tərəfindən aldığı budəfəki "5" kodu azca fərqli, həm də çox qəliz mətləbdən xəbər verir. Bu, o deməkdir ki, Emin əfv olunsa da hələ dustaqdır, cəzasını hələ tam bitirməyib, ölkəni tərk edib xaricə gedə bilməz. Hollivud multfilmlərinin Mikki Mausu kimi ona bütün yollar yasaqlanıb...
Sərhəd xidmətçiləri belələrinə həmişə "nömrə 5" deyib. Gizli numeroloji dildə nömrə 6, 7, 8, 9.. və s. i.-lər, siyahını daha çox uzatmayaq, həmişə - elə lap sovet vaxtlarından- mövcud olub, elə indi də var. Şəxsən məni daha çox ”nömrə 17-lər, yəni Ştirlitslər maraqlandırıb. “Nömrə 17"lərin sirri "nömrə 5"lərə baxanda çox qəliz... çooooxxx mürəkkəbdi - şahmat oyununun sirrinə gedib çıxır bu qoşa rəqəmlilərin mənşəyi. Məsəlçün, kitabxanalarda da dövlət möhürü həmişə kitabın 17-ci səhifəsini bəzəyər. Şahmatdakı 16 fiqur, üstəgəl oyunçunun özü, nəticədə 17... Qrossmeyster oyunu udduqda 32 fiqurun sahibinə çevrilərək "nömrə 33" adını qazanır. İçi masonluq daxil bütün pilləvari, piramidaya oxşar qurumlarda isə 33-cü dərəcə, pillə çox ciddi məsələdi...
Bizim yazımızın qəhrəmanı Emin Millinin ustalığı, başarılığı isə ondadır ki, o özü də bilmədən qəfil kor təsadüf nəticəsində öz şəxsi kod nömrəsini eşidib. Adına sevə-sevə “Toni” dediyi vəkili Elton Quliyevi də şahid kəsdirib bu sirrə. Əhsən! Varam da Eminin bax bu peşəkarlığına. Öz şəxsi nömrəsinə agah olmaq inanın, hər adamın işi deyil.
Edinburqda keçirilən gənc siyasi liderlərin 1 aylıq “Con Smitt” proqramına 2 digər həmyerlimizlə birgə qatılmaq istəyən Emin Milli bilirdi... Əvvəlcədən bilirdi ki, onu təyyarəyə buraxmayacaqlar. Bəs niyə Emin sevimli Tonini də özünə qoşaraq Bakı hava limanına gedib? Niyə? Niyə? İndi bilirəm niyə. Öz sirli nömrəsini eşitməkdən ötrü...

***
Emin həm də sanki şahmatçıdır - gələcək gedişlərini həmişə əvvəlcədən hesablayar. Hava limanında qurduğu oyunda öz qələbəsini əldə edən Emin təkcə bununla kifayətlənmir. Sanki əvvəlcədən düşünülmüş kimi tez mənə zəng edərək başına gələnləri bitdə-bitdə danışır. Fəvvarələr meydanındakı bir kafedə, neon şüalarının romantik parıltısı əhatəsində görüş təyin edir mənə:
- Portretimi çəkmək istəyirdin? İndi bunun tam vaxtıdır, mövzu bişib. Qalx gəl “Makdonalds”la üzbəüz kafeyə. Toni, eee, Elton Quliyevlə səni səbirsizliklə gözləyirik. Tələs. Vay, az qala unutmuşdum, yeməklərdən sənə nə sifariş verim?
Hə, hadisələrin sonrakı cərəyanını da Emin Milli sanki əvvəlcədən cızıb - mənlə 2 saatlıq görüş. Qəhvə... Yemək... Qonşu masadakı xaricilərlə arabir zarafatlar... Söhbətin yarısında “Toni” bizi tərk edəcək. Masaya qızartma kartof gələnədək Emin mənə “Avropa standartlı” Kürdəxanı təcridxanasında yaşadıqlarını danışıb, Xələc xatirələrini saxlayacaq söhbətimizin çay dəstgahı hissəsinə.
- “Yevroremont” üslublu Kürdəxanı təcridxanasının avropapərəst, qərbpərəst ilk siyasi dustaqları da biz olduq. Ayağımız, ümid edirəm, ora düşərli olacaq. Hər məhbəsin öz əfsanələri olur, Bayılın romantik hekayətləri bəllidir - Stalinin divarlardan silinməyən qara kölgəsi, “Kazbek” siqaretini bir-birinə sıra ilə ötürən bığıburma lotular, başına təsbeh çırpılan xainlər. Ölüm korpusundan gələn güllə səsləri. Təzə tikilmiş Kürdəxanı təcridxanasının ilk əfsanəsi biz olduq-bütün məhbəs bizə dikmişdi öz ac gözlərini... Eynulla Fətullayev sonra gəldi bu ünvana. Ayağımız altına lax kətili qoyar, yuxarıdakı pəncərəyə dırmanıb oradan qonşu hücrədəki Eynulla iıə tez-tez söhbətləşərdik. İlk söhbətimizin əvvəlində Eynulla bizə səsləndi:
- Bəs sizi niyə həbs etdilər?
Adnanın cavabı indi də qulaqlarımdadır:
- Tutmağa day adam qalmamışdı axı...
Matahımızı atdığımız kafedə vaxtaşırı badələr cingildəyir, caz musiqisinin xəfif dalğaları xəsiscəsinə ətrafa yayılır. Xidmətçi salfet kağızlara bükülü çəngəl-qaşığı süfrəyə səliqə ilə düzdükcə Eminlə mənim aramda bir dəqiqəlik sükut fasiləsi yaranır. İmkan verir bu suyuşirin gəncə bir başqa gözlə baxım.
- Emin, sən bilirsənmi kimi xatırladırsan? Alman nağılbazı Vilhelm Qaufun “Balaca Muk” nağılının eyniadlı qəhrəmanını. Balaca Muk əslində “balaca muğ”, yəni balaca sehrbazdı. Özüyeriyən sehrli başmaqların yiyəsinə çevrilib dünyanı gəzən, gizli mağaralarda xəzinələr tapan, qazamatlara atılan, ancaq həmişə azadlığını qoruyan bu balaca muğ, indi baxıram, necə də səni xatırladır, Allah. Sən də Balaca Muk kimi sehrbazsan, inan. Facebook sosial şəbəkəsini, düzünü deyək, elə sən dəbə saldın da ölkəmizdə. Bunu etdikdə Balaca Muk kimi öz xəzinəni tapdın. Sanki nağıl şahlarının qəzəbi ilə tuşlaşdın. Qazamata atıldın. Zarafat deyil, sən barədə gör kimlər ölkə başçımıza ağız açdı. Barak Obamanın özü İlham Əliyevlə təkbətək söhbətində xahiş edib ki, səni azadlığa buraxsınlar. Balaca Mukun özüyeriyən sehrli başmaqları isə...
Söhbətimizin ardı yavaş-yavaş gəlir Eminin dodaqlarına. Fincanını çoxdan boşaltmış bu gənc onu nədənsə hələ ovcunda sıxır, sıxır. Sözləri aramla, heca-heca dilinə gətirir:
- Balaca Muk? Nə bilim. Maraqlıdı. Hə, süjet eynidir. Türklər demiş “aynı”...- deyib başını bulayır. - Balaca Mukun sehrli başmaqlarını bilirsənmi ilk dəfə nə vaxt geydim? Beş-altı il əvvəl Afrikaya, Keniyaya səfər etdiyim vaxt. Hə, ordakı sərgüzəştlərim Balaca Muk nağılından əsla geri qalan deyil.



Mikki Maus? Balaca muğ?


Avropalısansa, baş barmağını qəhvə fincanının incə qulpuna bircə ani hərəkətinlə keçirəcək, qəhvə ilə dodaqların arasındakı məsafəni də düzgün ölçəcəksən. Masadakı külqabın əl çatan nöqtədə qərar tapıb siqaretini gözləyəcək. Qarşımdakı bizim Balaca Muğ kimi aramla, qəhvəylə, qısa sükut pərdələri ilə bəzəyəcəssən öz söhbətini. Kafe xidmətçiləri bunun fərqinə anında varacaq. Əsl avropalısansa, Balaca Muk kimi Avropadan deyil, mütləq Asiya, Afrikaya səfərlərindən başlayacaqsan öz həyat təcrübəni.
- Həyat yoldaşımın Keniyada keçirilən bir beynəlxalq layihəyə qatıldığını biləndə çox sevindim. Qoşuldum ona, gəldim paytaxt Nayrobiyə. Təyyarədən enincə Afrika məni valeh etdi - nəhayətsiz qalın yaşıl meşələr, gülərüz zəncilər. Çox abad bir məmləkət. Palıd ağaclarının sıx kölgəlikləri, inan, ağlımı şaşırdı az qala. Keniyada vətəndaş cəmiyyəti şəbəkəsi bizimkindən yüz dəfə böyükdü. İnternet səhifələrinə xəbər yazdım ki, Keniyadayam, bu ölkəni mənə tanıdın, istəyirəm Afrika ictimai-siyasi həyatında fəal iştirak edəm. Xəbər gəldi ki, bəs filan ünvanda gənc Keniya liderlərinin 300 nəfərlik növbəti toplantısı keçirilir, yubanma, özünü təcili çatdır ora, uduzmazsan.
Hə, Emin Milli bir gün Balaca Muk kimi özüyeriyən başmaqlarını geyinib gəlir uzaq Afrikaya. Xalq müxalifət liderləri ilə tanışlıq, uzun-uzadı iclaslar, yazı taxtası önündə çıxışlar bir-birini əvəz edir. Barak Obamanın baba yurdunda bizim Balaca Muğ tezliklə bütün Keniya vətəndaş cəmiyyəti cameəsinin ən əziz sevimlisinə çevrilir:
- Keniyalıların siyasi diskussiyaları bizimkilərdən dəfələrlə maraqlıdır, deyərdim. Bələdiyyələrin fəaliyyəti, çəkilən yolların ətrafa müsbət-mənfi təsiri, büdcə xərcləri orda çox maraqlı, canlı şəkildə dartışılır. Nayrobidə bir evdar qadınla müzakirələr apardım, gördüm ki, yooox, bu xanım çox maraqlı siyasi təkliflər yiyəsidir. Günah olar söhbətimizi videoya alıb “Youtube”da yerləşdirməsəm. “Keniyalı ana dəyişim istəyir” başlığı ilə internetə atdığım bu müsahibə məni Keniyada əsl xalq qəhrəmanına çevirdi. Bütün Keniya elektron ünvanıma məktublar göndərir, hərdən Azərbaycan, - Balaca Muğ dərindən ah çəkir, - haqda da suallar verirdilər. Rail Odinqo adlı ucaboy keniyalıyla söhbətlərim hərdən indiyədək davam edir xəyallarımda. Qazamat divarlarına kürəyimi dayayıb bir məchul nöqtəyə zilləndiyim vaxtlar, həə, Rail Odinqonun siması tez-tez qarşımda canlanırdı...
Bu an baxışlarımız toqquşdu. Hiss etdim ki, Afrika mövzusunu bitirib ölkəmizə qayıtmaq vaxtıdı.
- Bəlkə qalaydın o qara qitədə, zəncilərin sevimlisinə, Mikki Mausuna çevriləydin?
Bilirəm, indi hələ tezdi, uzaq gələcəkdə, saçları ağaranda, barmaqları bilgisayar hərifləri üzərində titrəyəndə verər bu sualımın doğru cavabını Emin...
- Qazamatda bu haqda çox düşünmüşəm. Nəsə, qayıtdım vətənə. İctimai TV-də “Gələcək özü gəlməyəcək” verilişimin dekorasiyaları hazırlanırdı, “Azercell” maliyyə xərclərini boynuna götürmüşdü. O vaxt bizdə prezident seçkiləri barədə referendum gündəmdə idi. Neftçilər xiyabanında, Kukla Teatrı ilə üzbəüz bağda Məhəmməd Əminə qoyulacaq abidənin yerində o vaxt təzə fontan tikdilər. Gəldim ora, gül qoydum fontanın daşları üzərinə. Məhəmməd Əmini andım. Bir şer yazdım o gün Facebook səhifəmə: “Unudun azadlığı, Məhəmməd Əmini, azad olun bunlardan. Həzz alın fontanlardan”.
- Sonra xəbər aldın ki, İTV-dəki verilişin elə beşikdəcə boğulub? Referenduma qarşı Harvard Universiteti kürsüsündən etiraz səsini ucaltdın? Nyu-Yorkda, BMT binası qarşısına 9 nəfəri yığıb başladın göyə yumruq atmağa? - sualım ucadan səslənib qonşu masadakıları diksindirir. Külqabımızı dəyişməyə gələn xidmətçi yarı yolda donub qalır. Həm cəmiyyətdə, həm də bu kafedə təkləndiyimizi, təkliyimizi bir daha hiss etmək, razılaşın, ürəkaçan deyil, vallah. Ancaq baxıb görürəm Balaca Muğ ani pessimizmə qapılmır. Özündə çox tez bir güc tapır aramızdakı, ətrafımızdakı qalın sükut pərdəsini qaldırmağa:
- Hə, o vaxt Keniya havasına bərk aldanmışdım. Anlamaq istəmirdim ki, Bakıda başqa küləklər əsir. Düzgünlük tərəfdarıyam həmişə. Nyu-Yorkda mənə dedilər bəs, adambaşına 20 dollardan xərcini hesabla, sənə bir sürü zənci gətirək BMT qarşısında “Azərbaycan, Azərbaycan!” qışqırmağa. Qalır bircə onlara ölkəmizin adını öyrətmək. Buna getmədim. Cəmi 9 etirazçı ilə çıxdım meydana...
Süfrəyə çay gəlincə söhbətimiz keçdi qazamat xatirələri müstəvisinə:
- Xələcdə 1000-dək dustaq vardı, hamısı da siqareti siqaretə calayıb havanı korlayırdılar. Bizim barakda məndən başqa antinikotinçi yox idi. Yerimi pəncərə tərəfə saldım ki, gecələr tüstüdən boğulmayım. Ancaq rəisə, - Balaca Muğ gülümsəyir, - şikayətçi olmadım. Özümü dustaqlardan ayırmaq istəmədim. Dünyanın dörd guşəsindən dəstək məktubları alır, onları dustaqlara verirdim oxuyub dirçəlsinlər...

***
Deyilənlərə inansaq, ingilisdilli interneti araşdır, Emin Milli, Adnan Hacızadə barədə məlumatların Azərbaycan haqdakı materiallardan az yox, çox olduğunu görüb gözlərini bərəldərsən. İndi gəl bundan sonra de ki, Emin Milli nağılçı Vilhelm Qaufun Balaca Muğu deyil, bəs kimdi?
***
Yazımız çapa gedərkən şad xəbər eşitdik - Balaca Muğ şeytanın qıçını qırıb, Londona getmək iznini alıb və ölkəni tərk edə bilib. Demək, özüyeriyən başmaqlar yenə də bizim Balaca Muğun köməyinə gələrək onu “nömrə 5" siyahısından silib axır ki. Nə gözəl. Nağıl davam edir. Afrika, Avropa, Asiya Balaca Muğun özüyeriyən başmaqlarına mat-məəttəl qalıb.
Nağılı yaşatmaq, elə həyatda yaşamaq deməkdir, vallah. Balaca Muğ da, Mikki Maus da daim qaçaqaçdadır. Amma biri pendir aşiqidir, digəri isə azadlıq! Biri nağıl qəhrəmanıdır, o biri isə multfilm! Biri pendir axtarışlarında tələyə düşür, digəri azadlıq axtarışında sehrli başmaqlarını tapır.
Emin öz başmaqlarını çoxdan tapıb. Bu, Facebook, Twitter kimi sərhəd tanımayan internet başmaqlarıdır. Qəhrəmanımızı Edinburqa aparan da elə təyyarələr deyil, onlardır. Bu başmaqlar Emini hələ çox uzaqlara aparacaq...

Комментариев нет:

Отправить комментарий