02.06.2011

Dahilik iddiası olmayan şair heç adi şair də ola bilməz


Əsəd Qaraqaplanla müsahibə

"Azərbaycan ziyalısına, yazarına Nobel mükafatı yox, ürək, cəsarət, sevgi, səmimiyyət, dəlilik lazımdır"

 Çağdaş ədəbiyyatmızda gənc ədiblərin sayı günbəgün artır. "Əsas kəmiyyət deyil, keyfiyyətdir" iddiasında olanlar da rahat olsunlar. Çünki gənc ədiblərin içində xeyli ciddi və parlaq imzalar da var.  

 Müsahibim nə Füzuli, nə Hüseyn Cavid səviyyəsinə qalxa bilməsə də, buna can atır. Üstəlik, digər yaşıdlarından fərqli olaraq, o, təqaüd və ya mükafat həvəsində deyil, sadəcə, yazmaq həvəsindədir. Bugünkü müsahibim Əsəd Qaraqaplan hazırda Slavyan Universitetində çalışır. Şeirləri və nəsr əsərləri ilə ədəbiyyatda çox tez tanınsa da, "Halroman" və "Xilasroman" kitabları ona məşhurluq gətirib. Bu günlərdə isə onun şeirlər kitabını çapa hazırladığını eşitdim. Elə ilk sualım da bu kitabla bağlı oldu. 


- Əsəd, eşitdim yaxın günlərdə kitabın çıxacaq. Yeni şeirlər kitabının adı nə olacaq?
- Hə, "Dəliliyin "D"-şifrəsi" adlı şeirlər kitabım yaxın günlərdə ortaya gələcək, inşallah. Bu, mənim ikinci şeir kitabım, sayca dördüncü kitabım olacaq.
- Kitabın çox qəribə adı var. Bunu bəzi yazarlar kimi modern görünmək naminə etmisən, yoxsa ürəyindən keçəndir?
- Kitabda da yazdığım kimi, təpədən-dırnağa insan olmaq əslində əsl dəlilikdir. Özünü insan sayan bu yarımçıq insanlar arasında artıq DƏLİ olduğunu qəbul etməlisən. Bütün çürük dəyərlərin dağıldığı, sərhədlərin itdiyi yer olan dəlilik bizi xilas edə bilər. Bu insanlar arasında əsl dəliliksə bütün varlığınla sevməkdə, savaşmaqdadır. Sevmək, savaşmaq - dəlilikdir.
- "Halroman", "Xilasroman"ın üçüncüsü -" Savaşroman"ın olacağını deyirdin. Bəs "Savaşroman"ın üzünü nə vaxt görəcəyik?
- "Savaşroman" əslində iç-içə iki romandan ibarətdi. Burda iki xətt var - birinci xətt Savaş, ikinci xətsə Sevgidir. Buna görə də bu romanın gizli adı "Savaş və Sevgi" olacaq. İndiki halda 30 fəsli (təxminən 250 səhifədən çox) yazılan roman, demək olar, bitmək üzrədir. Amma hər şey yenə hadisələrin gedişatından asılıdır. Çünki həyatla paralel olan bu əsərdə hər şey indiki davamedici zamandadır. Açığı, bu romanımdan çox şey gözləyirəm. Bütün komplekslərin dağıldığı, sərhədlərin itdiyi, insan halının ən dəhşətli formalarının üzə çıxdığı, sevginin öldürücü dəhşətinin bütün çılpaqlığıyla üzə çıxdığı bir kitabdır zənnimcə. Qabaqkı romanlarımda olduğu kimi, yenə orijinal struktura, üsluba malik olan bu romanda hər şey tam təbii, olduğu kimidir. Son iki ildə olduğu kimi, yəqin bu romanı da ilin sonunda oxuculara təqdim edəcəyəm. Axı bilirsən, dekabr ayı mənim yeni roman təqdim etmə ayımdır...
- Facebook.com sosial şəbəkəsində yazdığın statuslardan və əndrabadi söz birləşmələrindən hiss olunur ki, sən də artıq dahilik xəstəliyinə yoluxmaqdasan.. Səncə, bu xəsətliyin virusunun ilk daşıyıcısı kim olub Azərbaycanda?
- Azərbaycanda bu "xəstəliyin" çox qədim tarixi var. Hələ rəhmətlik babamız Dədə Qorquddan, Nizamidən üzübəri bu xəstəliyə tutulanlarımız az olmayıb. Rəhmətliyin oğlu Nəsimi lap ağını çıxarmışdı. Füzulidən, ümumiyyətlə, danışmağa dəyməz. Hələ ondan sonrakıları demirəm. İndi mənim də bu "xəstəliyə" tutulmağımın nəyi pisdir? Rəhmətliklər mənə bu boyda nümunə qoyub gediblər. Həm də zarafatsız, dahilik iddiası olmayan şair heç adi şair də ola bilməz. Üstəlik, bu, bizdən də asılı olan bir hal deyil. Sən gəlib həyatın, düşüncənin, ruhun elə bir qatına çatırsan, artıq istəsən də, bundan qurtulmağa şansın olmur. Özündə az da olsa, işıq daşıyan hər şey gözəldir, dahilik əlamətidir. Bundan qorxmaq doğrudan da qorxaqlıq əlamətidir.
Sosial şəbəkələrə, xüsusən də facebook-a gəlincə onu deyim, sənə zarafat gəlməsin, bu qədər kompleksli bir cəmiyyətin insanlarının həqiqi həyatı elə virtual aləmdədir. Bu gün real həyatda açılmayan talelər sosial şəbəkələrdə, xüsusən də facebook-da açılır. Facebook bu günə qədər mənə yazmaq üçün real həyatdan daha çox material verib.
- Əsəd, Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı gəlir qabaqdan. Gənc yazar kimi sən nə gözləyirsən bu qurultaydan? Daha çox gənc "yazarlar" bu qurultayın nəticəsini gözləyirlər. Təbii, bu dırnaqrası gənc yazarlar kürsü, təqaüd eşqi ilə bu qurultaya ümidlidirlər.
- Bu haqda dəfələrlə demişəm, lazım gələndə yazmışam. Bu birlikdən nəsə gözləmək qədər absurd bir şey yoxdur. Rəsmən heç bir işlə məşğul olmayan, istedadları məhv eləməklə məşğul olan bu qurumun var olub-olmamasının da şəxsən mənim üçün heç bir önəmi yoxdur. Çünki Azərbaycan Yazıçılar Birliyi (AYB) yarandığı gündən bu niyyətə qulluq edib. İndi ondan nəsə gözləmək mənim nəyimə lazımdır? Tutaq ki, AYB-nin sədri Anar Rzayev sədrlikdən getdi, yerinə başqası gəldi. Nəsə dəyişəcəkmi? Yox, qətiyyən, heç nə dəyişmyəcək, Anarın yerinə gələn ondan artıq olmayacaq. Ona görə də heç vaxt bu Birliyə üzv olmaq və ya onun xətti ilə təqaüd-filan almaq niyyətim olmayıb. Dostlardan birinin sözü olmasın, yazar ələbaxan olmamalıdır. Üstəlik, belə bir ölkədə, cəmiyyətdə belə qurumlardan səmimiyyət də gözləmək olmaz.
- Bəs deyirlər, sənin də adını AYB-ın təqaüdçülər siyahısına salıblar. Deyəsən, xəbərin var? Amma gizlədirsən?
- Vallah, xəbərim yoxdur. Amma bir şeyi dəqiq bilirəm, AYB-in indiki rəhbərliyində o cəsarət yoxdur ki, qurumun üzvü olmayan birinin adını təqaüd siyahısına salsın. Üstəlik, mən qocalmamışam ki, təqaüd alım. Sap-sağlam cavan oğlanam, heç vecimə də deyil belə şeylər.
- Səncə, AYB-də təqaüdçülərin siyahısı hansı prinsiplər əsasında hazırlanır?
- Dəqiq bilirəm ki, AYB-də təqaüdlər qətiyyən qabiliyyətə, yaradıcılığa görə verilmir. Təqaüdçülərin siyahısı dostbazlıq, qohumbazlıq, yerlibazlıq və digər bazlıqlar əsasında hazırlanır. Nəzərə alanda ki, AYB-in yazıçılara təqdim etdiyi bu təaqüd dövlət büdcəsindən maliyyələşir, bax, buna heyfslənirəm.
- İndiyə qədər təqaüd alanların arasında buna layiq olanları olubmu?
- Olub, amma olmasa ondan yaxşıdır. Çünki layiqlilər bu təqaüdü alsalar da sonralar, demək olar, aldıqlarını da burunlarından gətiriblər. Ən yaxşısı elə almamaqdır.
- Son günlər ədəbiyyatmızda bir "Nobel" qovğası yaşanmaqdadır. Sən Azərbaycanda hansı alimi, ziyalını "Nobel"ə layiq görürsən?
- Bu ölkədə əlinə qələm götürənlərin çoxu heç bir işə yaramır, amma danışanda ağızlarına çullu dovşan sığmır. Azərbaycan ziyalısına, yazarına "Nobel" yox, ürək, cəsarət, sevgi, səmimiyyət, dəlilik lazımdır. Saxta, yalan bir həyat yaşayan bu dırnaqarası varlıqlara hələ durub "Nobel" də versinlər.
- Son günlər Mirzə Sakitin müsahibəsi sakitlikdə partlayan KamAZ təkərinin effektini verdi. Bu müsahibəyə və ölkədə baş verən siyasi proseslərə münasibətin necədir?
- Vallah, bütün bunları boş vermək lazımdır. Hə, Mirzə Sakit dəyərli dostumuzdur, onun dediklərində haqlı olduğunu da bilirəm. Amma başını buraxmaq lazımdır bütün bunların. Əgər mənim məşğul olduğum ədəbiyyat bütün bunların fövqündədirsə, onda mən niyə bütün bunlarla baş ağrıtmalıyam? Həm də mən bütün bunlara obrazlı münasibətimi yeni romanımda bildirmişəm. Mənim işim orazlı söz sənətidir, onda da öz işimi görürəm. Yazardan əlinə silah alıb döyüşməyi gözləmək qədər mənasız bir şey yoxdur. O, zatən bütün həyatıboyu bütün varlığıyla savaşmaqdadır. Əgər cəmiyyət bunu anlamayacaq qədər xəstədirsə, bu artıq yazarın probemi deyil. Üstəlik, yazarın heç kim, heç nə qarşısında öhdəçiliyi yoxdur.
- "25 yaşıma" yazdığın şeirini, yəqin ki, yaxınlaşan doğum günündə yenidən təkrarlayacaqsan, yoxsa bu şeirə yeni çalarlar da əvəz olunacaq?
- Arzu, onu deyim ki, mən 25 yaşa çata-çatda Tanrı olduğumu anlamışdımsa, indi 26 yaşıma çatmaq ərəfəsində DƏLİ olduğumu anlayıram. Deməli, Dəlilik Tanrılıqdan sonra gəlirmiş. Bundan sonra nəyin necə olduğunu Dəli bilər. Onsuz da mən sonumu düşünmədən yaşayan bir kiməm. Şeir kitabımın "Dəliliyin "D"-şifrəsi" adlanması, gördün, təsadüfi deyil...


Arzu Abdulla                                       "Mövqe" 

Комментариев нет:

Отправить комментарий