17.06.2011

Həqiqi demokratiya nə olan şeydir?


Demokratiya ən yaxşı yol deyil, tək yoldurMahatma Qandi

Ah,demokratiya, demokratiya. Hansı kanalı çevirirsən, iki sözdən biri demokratiyadır. Hansı kitabı açırsan, iki cümlədən biri demokratiyadır. Nədir ee bu demokratiya? Hamını öz dalğasına alıb aparır. İnsan haqları, vətəndaş cəmiyyəti, vicdan azadlığı, söz azadlığı, fikir azadlığı və s.

Əvvəlcə gərək demokratiyanın nə olduğun açıqlayaq. «Demokratiya» yunan sözü olub «demos» - xalq, «kratos» - hakimiyyət deməkdir. “Xalq hakimiyyəti” və ya xalq idarəetməsi deməkdir. Bəşəriyyətin ən ağıllı adamları minillər boyu cəmiyyətin inkişaf tarixini anlamağa çalışmışlar. Hamısının da bir hədəfi olub – elə bir ideal cəmiyyət yaratmaq ki, bu cəmiyyətdə hər kəs həm öz həyatını, həm də ümumilikdə cəmiyyətin həyatını yaxşılaşdıra bilsin.

Qədim yunan filosofu Demokrit deyirdi ki, onun üçün azadlıq köləlikdən nə qədər yaxşıdırsa, demokratik ölkədə yoxsul yaşamaq mütləq hakimiyyət dövründə xoşbəxt həyatdan bir o qədər üstündü. Müasir politoloqların fikrincə, demokratiya cəmiyyətdə elə bir siyasi təşkilatdır ki, xalqa dövlət işlərində iştirak etmə hüququ verir və vətəndaşları real hüquqlar və azadlıqlarla təmin edir.

Bəli, özü-özlüyündə demokratiya çox gözəl şeydir. Xalq özü idarəedən olur. Burada maraqlı cəhət ondadır ki, idarə edən xalq həmdə idarə olunandır. Əslində bu insan övladının tapdığı ən yaxşı idarəetmə metodudur. Amma hər şeyin bir əmması olduğu kimi, bu demokratiyanın da bir əmmasi var.

Bu əmma da ondan ibarətdir ki, nəzəriyyə özünü praktikada göstərmir. Özünü hiperdemokrat hesab edənlər çox vaxt özlərini demokratiyanın əksi olan hiperavtoritar kimi aparırlar. Bu barədə bir qədər sonra. Sizə demokratik dövlətdə məmur necə olmalıdırdan – ondan danışım.

Görkəmli fransız sosioloqu Maks Veber dövlət məmurunun altı xüsusiyyətini sayır. O xüsusiyyəylərdən biri belədir: “dövlət məmuru iş həyatı ilə şəxsı həyatı qarışdırmamalıdır”. Yəni məmur dövlətin ona ayırdığlarını şəxsı mənafeyi üçün istifadə edə bilməz. Çox gözəl nəzəriyyədir. Ancaq demək olar ki, heç bir demokratik ölkədə bu qanun gözlənilmir. Təsəvvür edin hər hansı dövlət məmuru ona dövlət tərəfindən ayrılmış maşınla öz ailəsini istirahətə aparmaq üçün istifadə edə bilməz. Əlbəttə ki, bunu təsəvvür etmək çox çətindir. Çətindir, ancaq mümkündür. Yadıma çoxdan oxuduğum bir şey düşdü.

Bir gün bir adam Həzrət Əlidən (ə) hər hansı dövlət işi ilə bağlı məsləhət alır. Həzrət Əli ona məsləhətini verib qurtardıqdan sonra, o adam Həzrət Əliyə şəxsi bir sual verir. Bu vaxt Həzrət Əli ayağa durur və o biri stolun üstündəki şamı gətirib yandırır. Əvvəlki şamı isə keçirir. Kişi təəccüblə Həzrət Əlidən bunun səbəbin soruşur. Həzrət Əli cavabında bildirir ki, bayaqdan biz dövlət işi barəsində söhbət edirik, ona görə də beytül-malın pulundan alınmış və mənə istifadə üçün verilən şamdan istifadə etdik.

«İndi sən mənə şəxsi sual verdin. Mən də öz pulumla almış şamı yandırıb beytül-malın şamını keçirdim».

İş həyatı ilə şəxsi həyatın qarışdırmamağa ən bariz nümunə. Özü də nəzəriyyə yox, əməl.

Yəqin bir az da danışsam, demokratlar məni demokratiya düşməni elan edəcəklər. Mənim isə dediyim odur ki, nəyə görə bəşəriyyət keçmişini unudub yeni-yeni nəzəriyyələr kəşf etməyə çalışır. Halbuki, ən gözəl və ədalətli üsullar artıq 1400 ildir ki, mövcuddur. Faydalanmaq, gündəlik həyatda yaşatmaq gərək…

O gün bir xəbər oxudum ki, Amerika Suriyaya raket zərbələri endirib. Nəticədə 8 dinc sakin həlak olub. Bu da ən demokratik ölkədən ən demokratik adım. Əgər bu cümlədə Amerika və Suriya sözlərinin yeri dəyişik olsaydı yəqin ki, BMT-nin növbədənkən ar səkkiz iclası keçiriləcək, NATO dünyada fövqəladə vəziyyət elan edəcəkdi. Amma hədəf suriyalı dinc sakinlər olduğu üçün heç kim ağzını açıb bir kəlmədə danışmır…

Bütün bu deyilənləri fikirləşəndə başa düşürəm ki, demokratiyadan danışanlar demokratiyaya ən az sadiq olanlardar. Sadəcə, gözdən pərdə asmaq, avtoritar mahiyyətini gizlətmək üçün çox danışır…

                            
http://deyerlermektebi.blogspot.com                                   Xəqani Səfərov

Комментариев нет:

Отправить комментарий