20.06.2011

Əkrəm Abdullayev: «Polad Ələmdarla müzakirələr aparıb, razılıq almışıq»

Keçmiş millət vəkili Əkrəm Abdullayevlə görüşüb, iş otağından ondan müsahibə alarkən kitab rəfində diqqətimizi bir şəkil cəlb etdi. Həmin şəkildə millət vəkili ilə yanaşı məşhur «Kurtlar vadisi» teleserialının baş qəhrəmanı Polad Ələmdar (Necati Şaşmaz), o cümlədən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da var. Sən demə, bu şəklin arxasında maraqlı məlumatlar varmış.

- Bu şəkil təsadüf nəticəsində çəkilməyib. Bizim Necati Şaşmazla bir xeyli müddətdən bəri şəxsi tanışlığımız var. ABŞ-da olan Mehmet Çələbi adlı dostumuz bizi tanış edib. O zaman “Kurtlar vadisi - İraq” filmi çəkilərkən orada ABŞ – Hollivud aktyorları iştirak edirdi və belə demək mümkünsə, amerikalı aktyorların həmin filmə çəkilməsinə dostumuz Mehmet Çələbi yaxından köməklik edirdi. Məhz o vaxt belə bir ideya əmələ gəldi ki, Bakıda – Azərbaycanda da təxminən bu tipli film çəkilsin. Erməni terroruna, Qarabağ hadisələrinə aid bir film ortaya qoyulsun və həmin amerikalı aktyorlar da bu filmdə rol alsınlar, oynasınlar. Ona görə biz bu məsələləri müzakirə etmək üçün İstanbulda görüşməli olduq və şəkildən göründüyü kimi, həmin görüşdə gənclər və idman naziri Azad Rəhmov da iştirak edirdi. Bizim bu təklifimiz, ideyamız onlar tərəfindən də qəbul olundu. Onlarda da çox maraq doğurdu ki, buraya – Bakıya, Azərbaycana gəlsinlər, bu filmdə çəkilsinlər. Amma sonradan müəyyən məsələlər ortaya çıxdı: filmin ssenarisi, maliyyələşməsi və sair məsələlər... Odur ki, bu filmin çəkilişi hələlik qalır, ləngiyir. Amma ideya, təklif kimi gündəmdə var, dayanır. Nəzərinizə çatdırım, hətta təklif edirdilər ki, Hollivudda çalışan aktyorlar da gəlib həmin filmdə çəkilsinlər. Bilavasitə bizim operatorlar, şəkiliş qrupları yox, ancaq Hollivudla bağlı olan insanlar gəlib çəkiliş işlərini görsünlər. Sabah da məhz onların xəttilə bu filmin yayılması daha asan olsun. Eyni zamanda, belə bir məsələ də ortaya qoyulurdu ki, bu filmə sponsorluq edənin vəsaiti qaytarılmalıdır...

- Nəyə görə?

- Dünyada da belə bir təcrübə var ki, filmlər, kinolar çəkiləndə onun ilk nümayişi, prezentasiyası telekanallarda getmir, kinoteatrlarda, müxtəlif kinoklublarda reallaşdırılır və orada toplanılan vəsaitlər sponsora qaytarılır. Məhz yalnız bundan sonra bu filmlər televiziya ekranlarına çıxarılır...

- O zaman bu filmlə, daha doğrusu, bu təklifin reallaşdırılması ilə bağlı konkret ssenari var idimi?

- Bilirsiniz, o vaxt ssenari üzərində də müəyyən təxmini işlər getmişdi. Demək olmaz ki, ssenari tam hazır idi. Ona görə ki, bizim dövlət strukturları və digər strukturlarımız bu filmin çəkilişinə razılıq verəndən sonra həmin ssenarini razılaşdırıb tamamlamaq mümkün idi. Odur ki, hələlik bu razılaşma olmadığı üçün bu məsələ ideya, təklif kimi ortalıqda qalmaqdadır.

- Ancaq gələcəkdə bu ideya reallaşdırıla bilər, elə deyilmi?

- Bəli, bu məsələ öz qüvvəsində qalır. Onlar tərəfindən də tam razılıq, dəstək var ki, bu filmin çəkilməsinə, yayımlanmasına hazırdırlar. Necati Şaşmaz özü şəxsən bu işə, bu təklifə çox isti yanaşdı. Biz onunla bir neçə saat bir yerdə olduq və bu müddət ərzində bu məsələni geninə, boluna müzakirə etdik. Onun özü də çox maraqlı idi ki, Bakıya, Azərbaycana gəlsin və həm həmin filmi çəksin, həm də həmin filmdə iştirak etsin. Hətta o zaman fikrimiz var idi ki, onu ayrıca Bakıya dəvət edək, paytaxtımızla, Azərbaycanımızla daha yaxından tanışlıq əldə edə bilsin. Çünki, çox təəssüflər olsun, o həmin vaxtadək – elə indiyədək də - Bakıda, Azərbaycanda olmayıb. Bu da onunla bağlıdır ki, hazırda “Kurtlar vadisi - Pusu” serialı nümayiş olunur və demək olar, bu serialla bağlı hər gün, mütəmadi çəkilişlər aparılır. Bu baxımdan da, görünür, o, çəkilişdən çox kənarlaşa bilmir.

- Həmin filmlə bağlı təxmini bir ad fikirləşmişdinizmi və yaxud fikirləşirsinizmi?

- Doğrusu, müəyyən adlar fikirləşilmişdi, ancaq konkret razılıq olmadığı üçün indi onları açıqlamaq istəmirəm. Amma bir daha qeyd edim ki, o zaman filmin adı ilə də bağlı geniş müzakirələr, fikir mübadilələri gedirdi. Demək olmaz ki, hər şey yüzdəyüz hazır idi. Bununla belə, müəyyən adlar, variantlar ortalıqda idi.

- Necə hesab edirsiniz, bu film vasitəsilə erməni terrorunu, vandalizmini, Qarabağ acılarını dünyaya daha effektli şəkildə çatdırmaq mümkün olacaqdımı və yaxud olarmı?

- Hər halda mən belə düşünürdüm ki, bu film müəyyən qədər rezonansa səbəb olacaq bir film ola bilərdi və olar. İnşallah, gözləyək görək, bu film nə vaxt reallaşar, ondan sonra daha konkret danışmaq olar. Eyni zamanda düşünürəm və düşünürdüm ki, iştirakı nəzərdə tutulan aktyorların səviyyəsi, dünyada tanınması bu filmin də daha geniş rezonansa səbəb olmasına gətirib çıxara bilərdi və bilər...

- Ümumiyyətlə, həmin filmdə tanınmış ulduzlardan konkret kimlərin rol alması tutulurdu?

- Bilirsiniz, o zaman konkret insanlardan, adlardan söhbət getmirdi. Ona görə ki, konkret razılıq, razılaşdırılmış bir ssenari yox idi. Ancaq bununla belə, bu filmin araya-ərəsəyə gətirilməsi ilə geniş bir heyət, tərkib məşğul olacaqdı.

- Bəs, bu filmin başa gəlməsi üçün nə qədər vəsait lazımdır və nəzərdə tutulurdu?

- Burada yüz minlərdən yox, milyonlardan söhbət gedirdi və gedir. Bilirsiniz,

Hollivud aktyorları müəyyən filmlərə, seriallara çəkilmək üçün külli-miqdarda qonarar istəyirlər. Bu baxımdan, bu film də istisna deyildi... Eyni zamanda yuxarıda qeyd etdiyim kimi, bu filmin çəkiliş vəsaitini qaytarması məsələsi önə çəkilirdi. Yəni, bu filmə vəsait qoyulsun və ondan sonra həmin vəsaitin geri qaytarılması məsələsi reallaşdırılsın. Bir sözlə, qarşılıqlı anlaşmaya gəlmək mümkün olsun...

- Yeri gəlmişkən, bu filmə sponsorluq edəcək imkanlı şəxslər varmı, onlarla bu yöndə söhbətlər aparılıbmı, aparmısınızmı və ya aparmışdınızmı?

- Əslində, bu filmin başa gəlməsinə dövlət özü maraqlı olmalıdır. Bu filmə hansısa şəxsin, imkanlı insanın elə bir ciddi marağı da olmamalıdır. Bu, sırf dövlət marağında olan və olmalı bir məsələdir. Məhz bu səbəbdən, dediyim kimi, bu görüşdə, söhbətlərdə dövlət nümayəndəsi də iştirak edirdi. Ancaq bununla belə, hələ də ümidliyəm və inanıram ki, “Kurtlar vadisi”nin qəhrəmanları və Hollivud ulduzlarının iştirakıyla ideya kimi ortaya atdığımız bu məsələ reallaşacaq, bu film çəkilib başa gələcək, ekranlara çıxarılacaq və geniş rezonansa səbəb olacaq. Buna çox ümidliyəm.



kurtlarvadisi.az

Комментариев нет:

Отправить комментарий