19.06.2011

Lənətlənmiş həyat

Lənətlənmiş həyat thumbnail
Bu məmləkət mənə lazım deyil. Buralara sığındığım məkan kimi baxıram. Özümü miqrant hesab edirəm. Haçansa küçələrin birində qoburuna xiyar qoymuş, şalvarın içərisinə saldığı köynəyinin axırıncı düyməsi açıq, göbəyinin tükləri görünən, çavuş olduğunu bildirən paqonları çiyinlərindən qollarına doğru sürüşən, abdal olduğunu nümayiş etdirməkdən çəkinməyən polis “bağışlayın” demədən sənədlərimi tələb edəcək. Şərqli olduğum ağzımdakı peraşki tikəsini çeynəmədən udmağımdan və əlimdəkini gözümə dəyən ilk daşın üstünə qoymağımdan, qərbli olduğum isə “cənab, köynəyinizin düyməsi açıqdır” deməyimdən başa düşüləcək. Hərəkətlərimdəki bu ziddiyyət şəxsiyyətimi təsdiq edən sənəddən vaz keçə bilməz. Bunu bildiyim üçün polisin “gedək şöbəyə, orada ayırd edərik, görək, bu, nə saxta sənəddir belə” çağırışına etiraz etməyəcəm. Soruşmayacam ki, niyə gedək? Cavabı bəllidi: “Gedək, orda bilərsən”. Polis şöbəsi. Başlayacaq sorğu-sual:
- Hardan gəlmisən?
- Siz olmayan yerdən.
- Necə gəlmisən?
- Siz icazə vermisiz.
- Niyə gəlmisən?
- Sizi görməyə.
- Bizdən nə istəyirsən?
- İstəyirəm biləm, Qross doğrumu deyir?
- Qələt eləyir Qross. O gedib saqqalını yolsun. Gədənin biri gədə. Herakldı nədi, onu da salıb dalınca, düşüblər küçələrə. Elə bil evləri-eşikləri yoxdu. Buna bax, gəlib iki gədənin dediklərini dəqiqləşdirsin. İndi səni soxaram padvala, Qrossun dediklərinin nə qədər həqiqət olduğunu gözlərinlə görərsən.
- Buna ixtiyarınız çatmır. Mən xarici vətəndaşam.
- Nə xarici ə, şəxsiyyət vəsiqəndə doğulduğun yer Zəngilan yazılıb.
- Zəngilan xarici ölkənin ərazisi deyil?
- Nə qatıqlayır ə, bu?! Səni indi xarici ölkəyə göndərərik, baxarsan.
- Məni rahat buraxsaz bəsdi. Onsuz da özüm çıxıb gedəcəm. Buralarda doğulmaq aldanmaqdı, yaşamaq üçün əclaf olmaq ehtimalı çoxdu, vicdanlı olmaq ən böyük vicdansızlıqdı, düz danışmaq çurbanlıqdı, gülmək şeytanlıqdı, ağlamaq yaltaqlıqdı, ölmək ehsanlıqdı, basdırılmaq murdarlıq…
- Saxla ə!… Ala sənədini də, davay burdan. İndi başa düşdüm ki, sən doğrudan da buralı deyilsən. Amma buraları yaxşı tanıyırsan. Neçə gündür gəlmisən?
- Heç getmişəm ki?
- Bəs deyirsən buralı deyiləm?
Cavab verməyəcəm. Çünki onu başa sala bilməyəcəm. O, məni başa düşməyə borclu deyil. Polis yalnız məvacib aldığına görə vətəndaşı qorumağa borcludur. Vətənə, dövlətə, millətin canına and içmək rituallıqdı. Fədakarlıq xəstəlikdi. Bütün fədakarlıqların son aqibətində Hacı Məmmədovluq var. Yalnız və yalnız sərf etdiyin əməyin müqabilində vergisi tutulan pula işləmək lazımdı. Gördüyüm və tanımağa çalışdığım Azərbaycanda isə tərsinədi. Hamı bir-birinin hesabına yaşayır. Salam demişkən, ona görə də “bir-birimizə səmimi qəlbdən nifrət edirik”. Yəqin bilirəm ki, məni danışdıran polis zabiti də göbəyi açıq həmkarına nifrət edir. Ən azından gic təsir bağışlayan birisini şöbəyə gətirib vaxtın boş yerə sərf etdiyinə görə. Artıq təhlükə var: mən də kimdəsə nifrət oyadıram. Deməli, mən də azərbaycanlılaşıram. Qulaqlara qurğuşun, birdən ilişərəm ha…

Ceyhun Musaoğlu

Комментариев нет:

Отправить комментарий