18.06.2011

Masallıdan köhnə xəbərlər

Yaxud özü kölgədə qalıb masallılıları bir-birinə qırdıran icra başçısının əməllərindən etüdlər

Ayrı-ayrı idarələrdə özbaşınalıq, qudurğanlıq, rüşvətxorluq, yaltaqlıq... hallarını sadalamaqla indi kimsəni təəccübləndirmək yəqin ki, çətindir. Ona görə bu kiçik yazıda isə Masallının icra başçısı Qəzənfər Ağayevin bəzi “dahiyanə” xasiyyətlərindən söz açmaq istəyirik.
Sən demə, Qəzənfər Ağayev olduqca müdrik və uzaqgörən keyfiyyətə malik imiş. Belə ki, son 4 ildən bəri onlarla masallılını elə masallılının öz əlilə o qədər məharətlə çırpışdırır ki, onların heç ruhu da incimir.
Məsələn, götürək Abıyevlər məsələsini. Az qala icra başçısı rayonun yarısını onların üstünə qaldırır. Lakin heç olmasa bir dəfə də olsun eşitmisiniz ki, hörmətli Qəzənfər müəllim geniş bir iclasda açıq-aşkar desin ki, Abiyevlər filan-filan bəd əməlləri törədib. Buna cəsarəti çatmır.
Yaxud, Həşimovların məsələsini yada salaq. O necə də ustalıqla bir neçə masallılını onun üstünə qaldırdı, rayonun neçə-neçə ziyalısını, hacısını, dindarını salamına gətirdi, amma yenə də bazardan əl çəkmədi və onlarla adamı bir-birinə düşmən etdi, kimini sındırdı, kimini aşağıladı.
Elə icra başçısının qəzetimizə qarşı qərəzi də belə nümunələrdən biridir. Bir də görürsən, 32 masallılı bizi məhkəməyə verir, 10 masallılı müdir bizdən Mətbuat Şurasına şikayət edir, başqa masallılılar sağda-solda əleyhimizə təbliğat aparmağa məcbur edilir. Amma icra başçısının adı heç harada yoxdur.
Dəmirçi məktəbində 30 il müəllimlik etmiş Asif Abbaszadənin gülünc arqumentlərlə şərlənib tutulması da uzaq tarix deyil. Uzun illərin müəllimi saxta bəhanələrlə həbsə atıldı. Hakimlər də, şahidlər də haqqa tüpürüb, şərin tərəfini tutdular. Çünki başçı belə istəyirdi.
Lakin Qəzənfər Ağayev görünmədi.
Xıl kəndində mollanın evində silah-sursat “tapıldı.” İcra başçısının təsisçi olduğu qəzetdə bələdiyyə sədri, oradakı qadın məktəb direktoru onu yamanladı. Bu adam belə hörmətsiz idisə, yüzlər həmkəndlisi o, həbs edilən gün niyə polisin qarşısına toplaşmışdı? Molla tutulubsa, niyə bölgənin Qazisi, daim icra başçısının ətrafında olan din xadimləri, icra aparatının rəsmiləri mövqe bildirmir. İcra başçısı burada da eyni kənddə yaşayanları üz-üzə qoyur.
Q. Ağayev həmişə kölgədə qalmağı xoşlayır. O, kölgədə qalaraq hətta Azərbaycan respublikası adından verilən məhkəmə qərarlarının icrasına mane olur, hakimlərə təzyiq göstərir ki, qanunları bir tərəfə tullayıb, onun sifarişlərini yerinə yetirsin.
200 minlik bir rayonun şəhər mərkəzində bir salamat küçəsi olmasa da, başçı adi bir dayanacaq quraşdırmasını təşkil etməyə gücü çatmasa da, ayrı-ayrı şəxslərin marağına görə Avtovağzalı rayonun o başına-bu başına dəyişdirməklə məşğuldur.
Polis, Təhsil və digər şöbələrdə - Mərkəzi Xəstəxanada, Əhalinin Əmək və Sosial Müdafiə Mərkəzində və başqa idarələrdə insanlara qarşı hədsiz haqsızlıq edilir, lakin icra başçısı bunları görmür. Bir-iki məddaha özünü təriflətməklə işini bitmiş hesab edir. Arabir hüzr məclislərinə getsə də, hələ də rayonda rəhbər olduğu bu 4 il yarımda Qəzənfər müəllimi masallılıların bir xeyir işində, toy məclisində görən olmayıb. Qəzənfər Ağayevin yarıtmaz fəaliyyəti nəticəsində illərlə Masallıya həsrətlə baxan Biləsuvar, Ağcabədi və sair rayonlar da abadlığa görə Masallıdan önə keçib. Qəzənfər Ağayev isə nəsirlərin, cəlillərin, laçınların əlilə masallılıları bir-birinə qırdıra-qırdıra gah “Cənnət bağı” yaradır, gah su hövzələrini ələ keçirir, gah Muğan torpağının yüzlərlə hektar sahəsini zəbt edir.
Qəzənfər müəllim həmişə isti yer axtarır. Şəhər nümayəndəliyinin hesabat yığıncağını soyuqdan donan 1600 şagirdlik yeri olan şəhər 1 saylı məktəbində yox, 400 yerlik şagirdi olan “isti” Digah məktəbində keçirir.
Bəzi əndirabadi işlərə başı qarışdığından heç maraqlanmır ki, bu böyüklükdə rayonun nəinki salnaməsi, nəinki Gənclər evi, Veteranlar evi, heç adicə telefon danışıq kitabçası da yoxdur. 3 park tikilib, amma uşaqlar üçün bir karusel də qurulmayıb. Əgər bu gün Masallıda abadlıq və sair adlarla şişirdilib silinən pulların real mənzərəsi açıqlansa, çoxları havalanar. İndi görüntü xətrinə də olsa baş prokurordan nazirə kimi hamı korrupsiyadan danışır. Görəsən, Masallının icra başçısı Qəzənfər Ağayev rüşvətə qarşı hansı “üzlə” mübarizə aparacaq.
Zaman isə başqa havalar “çalır”. Yaxın vaxtlarda ətrafımızdakı “çıqqılı Hüsnü mübarəklərin” namübarək sifətləri ilginc “cizgiləri” ilə sizi daha ətraflı tanış etməyə çalışacağıq. Ən azı gələcək nəsillərə arxiv üçün lazım olacaq ki, bu rayonda “be-lə-lə-ri” olub. Heç olmasa, “be-lə-lə-ri”-nin övladları oxuyub atalarının əməllərindən ibrət götürə bilsin və dədələri haqqında kitab bağlatdırmağa utansınlar.



http://cenubxeberleri.com

Комментариев нет:

Отправить комментарий