18.06.2011

“Mən cinayətlərimlə fəxr edirdim”

Martin Lüter Kinq XX əsrin ən görkəmli siyasi xadimlərindən biridir. Ömrü boyu heç bir dövlət vəzifəsi tutmayan bu şəxsin insan haqlarının müdafiəsində, bərabərlik və dözümlülük prinsiplərinin həyata keçirilməsində xidmətləri həddindən artıq böyükdür. Bu səbəbdən də oxuculara onun haqqında qısa bilgilər vermək istədik.
Gələcək hüquq müdafiəçisi 1929-cu ildə ABŞ-ın Atlanta şəhərində anadan olmuşdur. . Martin artıq 14 yaşında məktəbi bitirir və kollecə daxil olur, 18 yaşında isə keşiş rütbəsini qəbul edir. Qeyd edək ki, onun atası da, babası da keşiş olmuşdular. Daha sonra Kinq 22 yaşında bakalavr, 26 yaşında isə fəlsəfə doktoru olur.

1955-ci ildə gənc fəlsəfə doktoru ABŞ-ın ən irqçi ştatı sayılan Alabamanın mərkəzi Montqomeri şəhərindəki baptist kilsəsində fəaliyyətə başlayır. Elə həmin ildə də Montqomeridə nəinki Kinqin taleyində, bütün ABŞ-ın tarixində çox böyük əhəmiyyətə malik olan hadisə baş verir. 
Həmin dövrə qədər Alabamanın ictimai nəqliyyatında sərt irqçi qaydalar hökm sürürdü. Ağlar avtobusda öndə, qaralar isə arxada durmalı idilər. Əgər ağdərili vətəndaş avtobusa minərdisə, qaradərili oturduğu yeri ona güzəştə gedib arxa tərəfə keçməli idi. 1955-ci il dekabrın 1-də 42 yaşlı və bəstəboy bir qadın bu qaydaları kobud şəkildə pozaraq, öz yerini ağdərili kişiyə güzəştə getməkdən imtina etdi. Dərhal həbs olunan bu qadın haqqında artıq axşam bütün Montqomeri danışırdı – kimisi qəzəb və nifrətlə, kimisi də qürur və sevinclə. Sonuncular təkcə qaradərililər deyildilər. İrqi ayrı-seçkiliyi (seqreqasiya) biabırçılıq sayan bir çox ağdərili vətəndaşlar da Roza Parks adlı bu qadına rəğbət bəsləyirdilər. Belələrindən biri qatar bələdçiləri həmkərlar ittifaqının sədri Edvard Nikson idi. Məhz Nikson Martin Lüter Kinqlə əlaqə saxlayaraq Roza Parksı müdafiə etməyi və ümumiyyətlə, irqi seqreqasiyaya qarşı mübarizə aparmağı təklif etdi. Bu təklif gənc keşiş tərəfindən məmnuniyyətlə qarşılandı. 
Müəyyən hazırlıqlardan sonra Kinqin təşkil etdiyi komitə Montqomerinin bütün qaradərili əhalisini ictimai nəqliyyatı boykot etməyə çağırır: “Əgər Amerika birinci dərəcəli dövlət kimi qalmaq istəyirsə, ikinci sort vətəndaşlara malik olmamalıdır”. Dekabrın 5-dən etibarən heç bir qaradərili vətəndaş ictimai nəqliyyatdan istifadə etmir. Aylarla davam edən boykot zamanı zəncilər bir-biri ilə həmrəylik nümayiş etdirir, şəxsi maşınları ilə bir-birini aparıb gətirirdilər. 

Avtobus boykotunun qızğın vaxtında naməlum şəxs Kinqin evinə bomba atır. Xoşbəxtlikdən zərəçəkən olmur. Qəzəblənmiş tərəfdarlarının qisas tələbinə isə Kinq yaşına uyğun olmayan müdrükliklə cavab verir: “İnsan sistemin qurbanı olan rəqibinə deyil, sistemin özünə nifrət etməlidir”.

Nəhayət, 1956-cı il noyabrın 13-də ABŞ-ın Ali Məhkəməsi ictimai nəqliyyatda irqi seqreqasiyanı qanunsuz elan edən qərar çıxardı. Bu, Kinqin ilk qələbəsi idi.

“Avtobus qələbəsindən sonra Kinq və onun həmfikirləri “Cənub xristian liderlərinin konfransı” adlı təşkilat yaradır. Başqa etirazçılar kimi o da dəfələrlə inzibati qaydalarla həbs olunmuşdu. Bu haqda o yazırdı: “Mən cinayətlərimlə fəxr edirdim. Cinayətim ondan ibarət idi ki, mən öz xalqımı ədalətsizliyə qarşı qeyri-zorakı mübarizəyə səfərbər edə bildim. Cinayətim o idi ki, mən insanlara şəxsi ləyaqət və özünəhörmət hissi aşılamağa çalışdım. Əsas cinayətim isə o idi ki, mən insanları inandırdım: pislə əməkdaşlıqdan imtina yaxşını dəstəkləmək qədər mənəvi borcdur”. 

1958-ci ilin sentyabrlnda ağdərili bir qadın Kinqə bıçaq zərbəsi endirir. Lakin bu hadisə də qaradərili lideri qeyri-zoraki metodlardan imtina etməyə vadar etmir. “Gözə göz” prinsipi sonda hamının kor olmasına səbəb olur” deyən Martin Lüter öz tərəfdarlarını sakitləşdirir. 

1960-cı ilin prezident seçkilərində məhz səs hüququ olan qaradərili əhalinin yekdil dəstəyi Kennediyə rəqibi Nikson üzərində qələbə çalmağa imkan verdi. Liberal düşüncəli Kennedi vətəndaş hüquqlarını genişləndirən qanun layihəsini konqresdə dəstəkləməyə razılıq verir. Bir müddət sonra Kinq və digər zənci hüquq müdafiəçilərinin prezidentlə görüşü olur. Onlar sözügedən qanun layihəsinin xeyrinə Vaşinqtona marş təşkil etmək niyyətlərini Kennediyə çatdırırlar. 
ABŞ tarixində mühüm hadisə olan həmin marş 1963-cü ilin avqustun 28-də baş tutur. Marşda 300 minə qədər insan iştirak edir ki, onların 50 minindən çoxunu ağdərili insanlar təşkil edirdi. . Məhz bu marşın sonunda təşkil olunan mitinqdə Martin Lüter Kinq özünün məşhur “Mənim arzum var” nitqini söyləyir.
“Arzum budur ki, mənim dörd uşağım günlərin bir günü elə bir ölkədə yaşasınlar ki, onlara dərilərinin rənginə görə deyil, şəxsiyyətlərinə görə qiymət versinlər.
Arzum budur ki, Alabama ştatını ağlı-qaralı oğlanların, qızların əl-ələ verib bacı-qardaş tək gəzib dolandıqları məkan kimi tanısınlar”.

Televiziya ilə yayımlanan mitinqi milyonlarla amerikalı izləyir. Bu səbəbdən də, geniş rezonans doğurur. Bu azadlıq hərəkatı geridönməz şəkil alır. Lakin elə həmin ilin noyabrın 22-də prezident Kennedi Dallasda öldürülür. Bütün ölkənin matəmə qərq olduğu bir vaxtda Kinq yazırdı: “Prezident üçün ağlamaqla yanaşı, biz özümüzə də matəm tuturuq. Çünki artıq aydındır ki, biz xəstəyik”.

Bir il sonra yenidən Kennedinin ölüm səbəblərinə toxunan Martin yazır: “ Biz elə bir mühit yaratmışıq ki, burada zorakılıq və nifrət populyar əyləncə sayılır”. Elə həmin vaxt Kinq öncəgörənliklə söyləyir: “ Mənimlə də belə olacaq. Mən 40 yaşıma qədər yaşamayacağam”.
Yeni prezident L.Consonun köməyi ilə vətəndaş hüquqları haqqında yeni qanun, nəhayət, 1964-cü ildə qəbul olunur. Qanun məktəblərdə və müəssisələrdə irqi və ya milli diskriminasiyanı qadağan edirdi. Qanunun qəbulundan sonra “Taym” jurnalı Martin Lüter Kinqi ilin adamı elan etdi. Elə həmin il o, Nobel sülh mükafatının ən gənc laureatı oldu.
Növbəti ildə Kinqin əsas qayğısı qaradərililərin real səs hüququna malik olması olur. O vaxta qədər tətbiq edilən əmlak senzi hər 100 zəncidən yalnız birinə səs hüququ verirdi. Kinq və tərəfdarları əmlak senzinin ləğv edilməsi tələbi ilə Montqomeri şəhərində marş keçirirlər.
1965-ci ilin avqustunda qaradərili əhali Konstitusiyanın çoxdan onlara vəd etdiyi hüquqa malik oldular. Bu, zəncilərin hüquq bərabərliyi uğrunda mübarizədə Kinqin son böyük qələbəsi idi. Bundan sonra onun diqqətini daha ümumi problemlər –məşğulluq, işsizlik, Vyetnam müharibəsi və s. - məşğul edir.

1968-ci il aprelin 4-də Martin Lüter Kinq hüquq müdafiəçiləri ilə görüş keçirdiyi otelin eyvanına çıxır. Qarşı tərəfdəki evdən bircə atəş açılır. Və bu snayper gülləsi 39 yaşlı Kinqin həyatına son qoyur. Qatil Ceyms Erl Rey 99 illik həbs cəzasına məhkum edilir və 1998-ci ildə həbsxanada ölür.
1980-1988-ci illərdə ABŞ prezidenti olmuş Ronald Reyqan M.L.Kinq haqqında söyləyirdi: “Hər dəfə qaradərili bir qadın seçki qutusuna bülleten salanda Kinq bizimlədir. Hər dəfə zənci bir uşaq yaxşı təhsil alanda Kinq bizimlədir. Hər dəfə bir qaradərilini ictimai orqana seçəndə Kinq bizimlədir. Ağ və qaradərili insanların Amerikanın gələcək rifahı naminə çiyin-çiyinə işlədikləri zaman Kinq bizimlədir”. Nitqinin sonunda isə prezident Kinqin fəaliyyətinə yekun qiymət verir: “Avraam Linkoln qara dərililəri köləlikdən azad etmişdisə, doktor Kinq ağları azad etdi”.
Doğrudan da, Martin Lüter Kinqin ABŞ-ı irqi ayrı-seçkilikdən, ağları isə özlərini üstün saymaq kimi utancverici haldan qurtardı. 
ABŞ həmişə ideal dövlət olmayıb. Onun da tarixində kifayət qədər utanc gətirən hadisələr çoxdur. Lakin bu dövlət öz səhvlərini soyuq başla analiz etməyi və onlardan nəticə çıxarmağı bacarır. Cəmi 56 il öncə qara dərili bir qadın – Roza Parks avtobusda ağdəriliyə yer vermədiyinə görə həbs olunmuşdu. Bu, bütün qaradərililəri ayağa qaldırmışdı. Məhz həmin vaxtlar, 50 il öncə Kinq demişdi:”Sizə bir yuxu danışmaq istəyirəm. Zaman gələcək, bu ölkənin ptezidenti də qaradərili olacaq.” Bu gün həmin yuxu reallaşıb, Afrika mənşəli, qara dərili Barak Obama ABŞ-ın prezidentidir.

Yadigar Sadıqov

Комментариев нет:

Отправить комментарий