19.06.2011

Məni qınamayın!


Zaur Bayramlı                        "Millətim" qəzeti

Əziz oxucu! Səndən bir istəyim var. Məni anlamağa çalışın. Əgər belə olsa məni qınamayacaqsınız. “Anlamağa çalışın” dedikdə onu nəzərdə tuturam ki, zamanın gərdişinə uyub hərəsi bir hava çalan yazılarıma görə məni qınamaqdan uzaq durun.
Çünki bu mənim oxucuları labirintə salmaq istəyimdən deyil, sadəcə olaraq baş verənlərə münasibət bildirməyimdən irəli gəlir. Belə ki, mən hər kəsi işğal altında olan torpaqlarımızın azadlığı üçün savaşa səsləyən yazılarımda, hər kəsə bu şərəf savaşının yetişdiyini, ona sayılı günlər qaldığını yüksək pafosla oxculara yetirməklə hər kəsi müqəddəs savaş üçün hazır olmağa çağırarkən, heç də insanların hissləri ilə ilə oynamaq istəməmişəm. Hər kəsə bəlli olan bir həqiqətin- müharibə xaricində torpaqlarımızın işğaldan azad oluna biləcəyinin mümkünsüzlüyünün bütün səviyyələrdə qəbul olunduğunu müşahidə edərək yazmışdım. Bu yazı ilə mən bir qələm əhli kimi millətimdə milli döyüş ruhu yaratmağa çalışmışdım. Əvəzində hadisələrin gedişində heç bir dönüş olmadan belə mövqelərin dəyişəcəyini gözləmədiyimdən oxucu qınağı qarşısında qaldığımı hiss etmişəm.
Mən oxucuları inandırmağa çalışmışam ki, sosial ədalətin bərpası problemsiz olaraq həyata keçirilməklə, hər kəs özünü vətəndaş cəmiyyətinin üzvü hesab edə biləcəkdir. Qarşılığında hələ də yaşanan kəskin fərqləri, qanunların məmurlara şamil olunmadığını müşahidə edən oxucu iştər-istəməz məni qınamalı olacaqdır. Çünki müşahidə olunan həqiqəti heç nə ilə pərdələmək mümkün deyil.
Bütün bəlalarımızın başında dayanan korrupsiyanın yaxın günlərdə axırına çıxılacağı ilə bağlı dəbdəbəli yazılarıma görə də oxucunun ən azı təəssüflə başını bulayacağını bilirəm. Axı, rüşvətin və korrupsiyanın hələ də təntənəsini sürdürdüyünü bilən oxucu mənə münasibətdə nə dərəcədə səmimi ola bilər? Yenə də doğum evindən başlamış, məzara qədər vətəndaşları addımbaddım izləyən problemlərin varlığı şəraitində kimisə inandırmaq mümkün olmadığından ki, biz korrupsiya və məmur özbaşınalığını birdəfəlik arxivə ötürürük, o halda oxucu qınağından neçə qaçmaq olar?
Əziz oxucu, mən öz yazılarımla sizi bir qayda olaraq millət və məmləkət maraqları ətrafında sıx birləşməyə çağırmışam. Buna görə məni qınamayın ki, vətəndaşların belə məmur ordusu ilə bir arada sıx birləşməsi elə ona görə mümkün deyil ki, onlar sadəcə olaraq özlərinin bizimlə bir arada görünməsinə həqarət kimi baxırlar. Çünki onlar üçün vətəndaş gəlir mənbəyindən başqa bir şey deyil. Bu mənada biz vətəndaşlara əksər məmurlar daha çox təsərrüfat subyekti kimi baxırlar. Əziz oxucu, bu müşahidə etdiklərinə rəğmən məni qınamaqdan uzaq ol. Başlıcası ona görə ki, bizə hər şeydən əziz olan doğma Azərbaycanımız naminə çox şeyə dözməyi bacarmalıyıq.  Bu günkü məmur özbaşınalığı bizə əsas verməməlidir ki, biz onlara görə Azərbaycanımızın sabahını sual altında qoyaq. Əgər məmurla mübarizə apara bilmiriksə, ondan inciyib Vətəni öz sevgimizdən məhrum edə bilmərik.
Bu konteksdə də özümüzü qınamalıyıq, nəinki həqiqətə çağırış edən qələm sahibini. Vətən sevgisi bizə güc verməlidir ki, Vətənə sərvət mənbəyi kimi baxanlara münasibətimizdə kifayət qədər güzəştsiz olaq. Vətən sevgisi bizə dayaq olmalıdır ki, biz Vətəni parazitlərdən təmizləyək.
Əgər Vətən sevgisini tam gücü ilə qorumağa və yaşatmağa nail ola bilsək, məmləkətimizi arzuladığımız kimi görməyi bacaracağıq. Bu gün Vətənin doğma və ilıq sevgiyə ehtiyacı var. Bu sevgini özümüzdə formalaşdırana qədər özümüzü qınamalıyıq.
Vətənə sayğıda özünü qınaqdan keçir. Hər birimizin qəlbində bu sual öz yerini qorumalıdır: Vətən üçün nə etmişəm? Bu gün Vətənin də vətəndaşa ən çox ehtiyacı məhz bu qəbildəndir. Vətənin arzularımızda yer tapan sabahı naminə bir-birimizi qınamaqdansa, vətəndaş sevgisi ilə Vətənin yaralarını sarıyaq.

Комментариев нет:

Отправить комментарий