20.06.2011

“PROKUROR OLMAQ İSTƏYİRDİM, HEYDƏR ƏLİYEV QOYMADI”- FOTOSESSIYA


 Aybəniz Haşımova: “Prokuror olsaydım, bu ürəklə çox yaşaya bilməzdim” 


Onun xüsusi təqdimata ehtiyacı yoxdu. Hamımız tanıyırıq, səhnədən, televiziyadan, həyatdan... Ona görə də birbaşa söhbətə keçirik. “Gözəl düşünən gözəl görər”-in qonağı tanınmış müğənni, əməkdar artisti Aybəniz Haşımovadır.

İradə Nurəddinqızı - Mövlananın “Gözəl düşünən, gözəl görər” kəlamını necə incələyərdiz?
Aybəniz Haşımova - Hər kəs öz istədiyi kimi görür. Əslində, bu, aldadıcıdı. Gördüyümüzün bizə görünməyən üzü də var axı.
Həmişə çirkinə də gözəl deyirəm. Çünki onun da xoşbəxt olmağa haqqı var...
Sevda Çopurova - Deyirlər ki, insanın daxili aləmini onun üzündən oxumaq olar...
Aybəniz Haşımova – Razı deyiləm. Adam var, üzdən mələk kimi görünsə də hər yola qulluq edir . Allah qarşısında hərənin öz günahı var. Verdiyi canı ona sağlam şəkildə qaytarmalıyıq.
Iradə Nurəddinqızı -Niyə göründüyünüz kimi tanımırlar sizi?
Aybəniz Haşımova - Buna təəssüf eləyirəm. Adam içində deyib- gülürəm, kiməsə ağrı verməyi sevmirəm. Hamı məni qayğısız adam kimi tanıyır. Ancaq hər bir insanın öz qayğıları, problemləri var. Ən çətin anlarda belə, yaxşı görünməyə çalışıram.
Leyla Əsədova – Müsbət enerji verməyi sevirsiz....
Aybəniz Haşımova - Bəzən işdə o qədər yoruluram ki,evdəkilərə o enerjidən pay düşmür. Adam gərək pis şeylər haqda düşünməsin.Nəyi düşünürüksə, ona oxşayırıq. Sevdiyini qarşındakına hiss etdirməyi bacarmalısan.

“Yenə sevmək, sevilmək istəyirəm”

İradə Nurəddinqızı – Niyə cəmiyyətimiz pis vərdişlərə bu qədər meyllidi?
Aybəniz Haşımova - Bu, son vaxtlar daha da artıb . Açıq-saçıqlıq çoxdu. Əsl sevənlər bu gün azalıb elə bil. Cavanlıqda məni sevən çox olub. Bir nəfər vardı, məktəbdən çıxanda həmişə ardımca gəlirdi ki, birdən mənə sataşan olar ,özü isə yaxınlaşıb ürəyini açmağa cürət eləmirdi. İndi varmı belə sevgi?
Sevda Çopurova - Bəlkə sevginin dili, ifadə vasitələri dəyişib...
Aybəniz Haşımova - Mən də sevib, sevilmişəm. Ancaq çox utancaq idim. İstəklim bir söz deyəndə cavab verə bilmirdim, baxışlarımla ona zərər yetirməkdən qorxurdum. Aynişanın atası məni o qədər sevirdi ki, onu necə sevmək lazım olduğunu öyrənməyə imkan tapmadım. O, öz sevgisi ilə hər şeyi əvəz edirdi. Ölümündən sonra başa düşdüm ki, bu, böyük sevgi imiş , vaxtında bilməmişəm.
İradə Nurəddinqızı - Bilirik ki, bostanınıza daş atan coxdu. Həmkarlarınızdan fərqli olaraq, nədənsə bu daşları həmişə cavabsız qoyursuz.
Aybəniz Haşımova- Öz sənətimlə cavab verirəm . Mən də daş atsam belələrindən fərqim olmaz axı. Bir də ki, onlar da bizə lazımdı, o adamlar dəyişməlidilər, əsl insan olmağı öyrənməlidilər...

Bu, səmimiyyət deyil, tərbiyəsizlikdi


İradə Nurəddinqızı - Zövqümüzün formalaşmasında televiziyanın rolu danılmazdı. Televiziyaların işindən razısızmı?
Aybəniz Haşımova - Hamının danışmağa haqqı var .Amma hər kəsin içində bir senzura olmalıdı. Evdə danışdığımızı cəmiyyət arasında deməyə ixtiyarımız yoxdu. Əvvəllər hər yoldan ötəni efirə buraxmırdılar. Indi sənəti olmayanlar daha hörmətlidilər, yuxarı başdadılar.
Sevda Çopurova - Sizinilə razıyam .Sadəcə, müğənni çıxıb deyəndə ki, uşağımın atası ərim deyil, coxları pis baxmır, bunu səmimiyyət sayır.
Aybəniz Haşımova- Bu, səmimiyyət deyil, tərbiyəsizlikdi. Mənim də səhvim var ,ancaq efirə çıxıb artıq-əskik danışmamışam, həmişə sözümün yerini bilmişəm. Sənətçilərimiz reklam olunmaq üçün hər yola gedirlər. Başqa sahələrdə də istedadlı gənclərimiz çoxdu. Televiziyalarımız isə yalnız müğənniləri təbliğ edir.Sənət təkcə müğənnilərdən ibarətdirmi? Mən şou, qalmaqal adamı deyiləm. “Nə gəlməz oldun” u oxuyanda 18 yaşım vardı. Flora xanım ifama çox böyük qiymət verdi. Bu mahnını oxuyanda yenə sevmək, sevilmək istəyirəm...
Leyla Əsədova - Heyf ki, çox vaxt həyatı yalnız qara rəngdə görürük. Axı çevrəmiz təkcə qaradan ibarət deyil.Ayrı rənglər də var-qırmızı, sarı... Rənglərə münasibətiniz...
Aybəniz Haşımova – Sovet dönəmində nədənsə, qara geyimlər çox dəbdə idi. Gəncliyimdə mən də həmişə qara geyinərdim. Sonra başıma faciələr gəldi və əsl qara günün nə olduğunu anladım. İndi çəhrayı rəngə üstünlük verirəm. İstəyirəm hər yer çəhrayı olsun...
İradə Nurəddinqızı –Ən çətin anlarda, dar məqamlarda kimə üz tutursuz, dərdinizi kiminlə paylaşırsız?
Aybəniz Haşımova – Heç kimlə. Həmin an hamıdan, hər şeydən qaçıram , gizlənirəm. Tək qalmağa çalışıram. Özümlə baş-başa qalanda olanlara daha düzgün qiymət verirəm. Günahı başqasında axtarmıram ,özümdə görürəm. Suçum varsa üzr istəməyi də baçarıram...
Elvira Babayeva - Psixoloqlar deyirlər ki, nə istəyirsənsə onu elə, özünə qadağa qoyma. Bilirik ki, yaxşı maşın sürməyiniz də var. Ancaq nədənsə, surmursüz .Bu, bir qağadımı?
Aybəniz Haşımova – Yox,sadəcə, ərimin yanında oturmağı üstün tuturam, xanım kimi . Mənə maşın sürməyi Aynişanın atası öyrədib. O vaxt maşın sürən qadın çox az idi... İndi də həmin adətlə gedirəm, istəyirəm kimsə sürsün mən xanım kimi əyləşim.
Elvira Babayeva - Bu qədər diletantlığın baş alıb getməsində kimi günahkar sayırsız ?
Aybəniz Haşımova – Özümüzü. Valideynlər uşaqlarını düzgün istiqamətləndirməlidirlər, bacardıqları peşəyə yönəltməlidirlər. Həmişə səsi olmayan adama ayrı sahəyə getməyi, özünə başqa iş tapmağı məsləhət görürəm. Hər kəs bacardığı işin qulpundan yapışmalıdı.
Prokuror olmaq istəyirdim, Heydər Əliyev qoymadı .İstəyirdi ki, müğənni olum. İndi buna sevinirəm. Əğər prokuror olsaydım, bu ürəklə çox yaşaya bilməzdim...

“Simsar” jurnalı





Комментариев нет:

Отправить комментарий