27.12.2011

5 yaşından şəfa verən həkimə xarici ölkələr sahib çıxmaq istəyir


Oqtay Kərimov: "Xaricdə olanda məni reklam etmək üçün pul verirdilər, burada isə məndən pul istəyirlər"


Onunla təsadüfən tanış oldum. Daha doğrusu, işlədiyi qapıya vurduğu lövhə marağıma səbəb oldu və tanışlığımız başladı. Əslində, ekstrasensə, bioenerjiyə inamım da Oqtay Kərimovla tanışlıqdan sonra başladı. Amma bu inam, hələ ki, Oqtay həkimlə bağlıdır. Düz deyirlər, min eşitməkdənsə, bir görmək yaxşıdır. Mən isə eşitməzdən öncə gördüm, sonra onun haqqında çox eşitdim. İndi sizin oxuduqlarınız isə onların çox cüzi hissəsidir. 

- İlk dəfə başqalarından fərqləndiyinizi necə hiss etdiniz?
- 5 yaşım var idi, anam xəstə idi. O yeriyə bilmirdi, qolları, qıçları tutulmuşdu, yataqda qalmışdı. Bir gün anamın yanına gəlib onu sığallamağa başladım və anam mənə yüngülləşdiyini, ağrılarının azaldığını dedi. Anamın sevindiyini görüb, onu hər gün sığalladım, qollarına, ayaqlarına əlimi sürtüdm və anam sağaldı. O zaman bizim ailə hələ Ucarda yaşayırdı. Anamın sağaldığını, ayağa qalxdığını görənlər "həkimliyimi" eşitdikdə o qədər də təəccüblənmədilər. Çünki anamın anasında, nənəmdə də belə qabliyyət olduğunu artıq Ucarda hamı bilirdi. 6 yaşımda orta məktəbə getmişəm. Bu da ətrafdakıların marağına səbəb oldu. 16 yaşım olanda ailəmiz Bakıya köçdü. 

1999-cu ildə AZ TV-nin "Səhər" verilişində mənim haqqımda veriliş yayımlandı. Ondan sonra ölkənin müxtəlif yerlərindən yanıma sağalmaz xəstələr gəlməyə başladı. Sonralar Su Təsərrüfatı Xəstəxansında çalışdım. 

Sağaltdığım qadın ikinci ailə həyatını qurdu 

- Rusiyaydakı fəaliyyətiniz nədən qaynaqlandı?
- Sağaltdığım bir azərbaycanlı Rusiyaya gedir. Orada rus dostuyla söhbət edərkən, onun anasının ağır xəstə olduğunu eşidir. Pasientimin rus dostu ona deyir ki, ağır böyrək xəstəsi olan anası təcili əməliyyat olunmalıdır. Lakin həkimlər xəstənin əməliyyatdan salamat çıxacağına yüz faiz söz vermir. Bu zaman pasientim öz xəstəlik tarixçəsindən və onu sağaltmağımdan danışır. Hələ onda belə mobil telefon- zad yox idi. Bakıxanov qəsəbəsində yaşayırdım. Bir gün məni poçta çağırdılar ki, bəs səninlə telefonda danışmaq istəyən var. Telefonda Yura adlı rus mənimlə danışmağa başladı və pasientimin adını çəkəndə tanıdım. Yura məni Rusiyaya dəvət etdi. Onlar məni Moskvada qarşıladılar, qatarla Rıbınskaya getdik. 11 gün Yuranın anasını müalicə etdim. Qadın tamamilə sağaldı, hətta ikinci dəfə ərə də getdi.

- Rusiyadakı fəaliyyətiniz də, yəqin ki, bundan sonra başladı?
- O, qadın tam sağaldıqdan sonra məni Moskva ətrafında yerləşən Serpuxov şəhərinə gətirdi. Bu şəhərdəki Voroşilov küçəsində mənim fəaliyyət göstərdiyim evin qapısına "Xalq həkimi Oqtay Kərimov müalicə edir" sözləri yazılmış lövhə asıldı. Bura Rusiyanın hər yerindən insanlar axışmağa başladı. 3 il bu şəhərdə işlədim. Lakin 1995-ci ilin oktyabrında Bakıda metro partladığını eşitdim, nədənsə, bu olay məni rahat buraxmadı və Bakıya qayıtmalı oldum. 

11 ildən sonra bədənində çibanlar çıxdı və uşağı oldu 

- Eşitdiyimə görə, siz sonsuzluğu da müalicə edirsiniz?
- Bəli, müalicə edirəm. Bir ailə gəlmişdi yanıma. 11 ildir ailə qursalar da, övladları olmurdu. Sankt-Peterbruqda, İstanbulda müalicə almışdılar, lakin həkimlər kişiyə çox bədbin diqanoz qoymuşdular-sonsuzluq. Ər-arvad- hər ikisini müalicə elədim. Müalicədən bir həftə sonra kişinin bütün bədənində çibanlar çıxdı. O, çox qorxurdu. Amma mən qətiyyən rahatsız olmadım. Çünki bilirdim ki, bu, yaxşılığa doğru dəyişmədir, çevrilmədir. 1 ildən sonra ailənin bir qızı oldu. Çox sevinirdilər, bilmirdilər necə təşəkkür eləsinlər mənə. 

- Siz ancaq əllərinizlə müalicə edirsiniz, yəni bioenerji ötürməklə. Heç olubmu ki, dərman bitkilərindən istifadə edəsiniz?
- Ancaq əllərimlə müalicə edirəm. Ağrıyan nöqtəni tapıram və oraya masaj vasitəsilə bionerji ötürürəm. 

- Bəs ağrıyan yeri necə tapırsınız? Bunu görürsünüz, yoxsa hiss edirsiniz?
- Gözlərimin qabağına gəlir, ürəyimdən keçir. Xəstənin bağırsağının quruluşunu, sümüyünün çatlamasını, hansı halda olduğunu görürəm. 

- Əslində, bu, həssaslığın pik həddidir. Yəqin eyni zamanda bu qədər həssaslıq çox çətindir. Tutaq ki, siz marşrut avtobusuna, metroya minmisiniz və ya insanların çox olduğu bir məclisdəsiniz. Bu zaman onlarla insanın xəstəliyi və problemləriylə bağlı sizə məlumatlar ötürülür. Yormur sizi bu hal?
- Yox, yormur. 

- Axı, insanların xarakteri, kimliyi müxtəlif olduğu kimi daşıdığı enerjişi də eyni deyil. Müsbət və mənfi enerjili insanların aurası sizə necə təsir edir? Mənfi enerjidən necə xilas olursunuz?
- Bilirsiniz, mənə Yaradan elə müsbət enerji verib ki, kimsə mənə pislik etmək istəsə də, bu alınmır. Mən pasiyentlərimin, eyni zamanda ətrafdakıların yüklədiyi mənfi enerjidən xilas ola bilirəm, bu çox asandır. O ki qaldı ictimai yerlərdə duyduqlarıma, daha çox marşrutda cibgirləri duyuram. İndicə kimdənsə oğurluq edəcəyini, yəni yaxşı niyyətli birisi olmadığını hiss edirəm. Amma sərnişinlərin xəstəliyini də görürəm. Bir dəfə avtobusla gedirəm, məndən qabaqda iki qadın əyləşib. Mən bu qadınların sanki içini görürəm. Özümü saxlaya bilmədim, gördüklərimi dedim. Sən demə, bu qadınlar İnquşetiyadan gəliblərmiş Bakıya. O qədər sevindilər ki, "biz Rusiyada, Moskvada dəfələrlə müayinə olunsaq da, dərdimizi bilən olmayıb" dedilər. 

- Olubmu ki, siz rentgenin və ya hansısa məşhur diqanostika mərkəzinin qoyduğu diaqnozu qəbul etməyəsiniz?
- Bir dostum vardı. Buna bahalı klinikalardan birində qəribə diaqnoz qoymuşdular və əməliyyat olmağı məsləhət görmüşdülər. Onun ağciyərinin üstündə kiçik bir suluq var idi. Həkimlər demişdi ki, əməliyyat olunmalıdır və əməliyyat 40 dəqiqə çəkəcək. Mən etiraz elədim. Dedim, 40 dəqiqəyə bu əməliyyatı başa çatdırmaq mümkün deyil. Dediyim kimi də oldu. Dostumu bu bəladan 7 saatlıq əməliyyat xilas elədi. Sonralar məni həmin klinikaya işləməyə dəvət etdilər. 

- Türkiyədə 4 il çalışmısınız. Qardaş ölkəyə getmənizə səbəb nə oldu?
- Deməli, MasterTibot-un Azərbaycandakı rəhbəri Əlisanbəy Gənc mənim yanıma gəldi. O zaman Basin küçəsində çalışırdım. Əlisanbəyin onurğa sütunu əyilmişdi, dizlərində də güclü ağrılar vardı. Onu sağaltdım, məndən çox razı qaldı. Sonra gəlib, məndən xahiş etdi ki, onunla Türkiyəyə, ata-anasının yaşadığı Trabzona gedim. Dedi ki, valideynləri yaşlı və xəstə adamlardır, onları sağaltmağımı istəyir. Eyni zamanda məni dünyaya tanıtdırmaq istəyindən danışdı. 2001-ci ilin avqust ayında Türkiyəyə getdik. Trabzonda keçirdiyim 28 gün ərzində o qədər insan axını ilə üzləşdim ki, nahar etməyə güclə vaxt tapırdım. 

- O zaman Türkiyə mətbuatı sizin anadangəlmə iflic olmuş uşağı yeritmənizdən yazmışdı.
- Hə, Altuntaş adlı bir türk idi. Dedi ki, 10 yaşlı Məhmətcan adlı oğulları anadangəlmə iflicdir, yerimir. Onlar mənim haqqımda eşitmişdilər və uşaqlarını sağaldacağıma çox inanırdılar. Mən baxdım uşağa və dedim ki, uzun müddət müalicə tələb edir, amma bacardığımı edəcəyəm. 90 gün uşağı müalicə etdim. Artıq Məhmətcan qalxıb yeriyirdi. Məhmətcanın olayı isə məni çox məşhurlaşdırdı. Bundan sonra İstanbul, Ankara, İzmirdə oldum. Amma əsas oturduğum yer Trabzon olub. Türkiyə qəzetlərində haqqımda çox yazıldı. İnanın ki, bütün günü dayanmadan işləyirdim. 

- Telekanallarımızda ekstrasenslərlə, öncəgörənlərlə bağlı müxtəlif verilişlər var. Siz niyə çıxmırsınız bu verilişlərə?
- Türkiyədə, Rusiyada olanda məni reklam etmək üçün pul təklif edirdilər. O zaman mənə qəribə gəlirdi. Soruşurdum, niyə belə edirsiniz, deyirdilər ki, qoy, xalq səni tanısın, dərdi olan gəlib əlac tapsın. Amma Azərbaycanda məni reklam etmək üçün pul istəyirlər. Belə reklam mənə gərək deyil. 

"Falçı adından qorxuram" 

- Deyəsən, vətənə çox bağlısınız? Rusiyada, Türkiyədə sizə burdakından qat-qat yaxşı şərait yaradılsa da, sonda Bakını əziz tutmusunuz, Bakıya dönmüsünüz.
- Düzdür, həm Türkiyədə, həm Rusiyada işləməyim üçün çox yaxşı şərait yaradıldı, qalıb çalışamağımı istədilər. Amma qala bilmədim. Torpağıma, ailəmə çox sadiq adamam. 

- Sizin öncəgörmə qabliyyətinizdən danışırlar. Amma bu barədə danışanda mövzudan qaçırsınız. Səbəbi nədir? Falçı adından qorxursunuz?
- Elə, lap doğrusu, falçı adından qorxuram. İstəmirəm məni belə tanısınlar. Bir də görürsən, biri gəlib deyir ki, filankəsə bunu elə, onu elə. Deyirəm, mən falçı deyiləm, şəfaverənəm. Günahdır, ən yaxşısı, falçı olmamaqdır. 

- Amma etiraf edək ki, falçılar ekstrasenslərdən daha çox qazanırlar.
- Qoy, qazansınlar. Mənə belə çirkli qazanc gərək deyil, Allahdan qorxuram, həm də uşaqlarımın üzünə baxa bilmərəm. Heç özümə sığışdıra da bilmərəm bu yolla pul qazanmağı. İnsanlara şəfa verməkdən gözəl nə var ki? Ən yaxşısı, dərdləri sağaltmaq və insanlara sevinc bəxş etməkdir.

Arzu Abdulla             movqe.az

Комментариев нет:

Отправить комментарий