27.12.2011

Asif Ata Ocağı Qulu Ağsəsə cavab verdi

“Heyif səndən, ey o illərin Qulusu!”

Şair Qulu Ağsəs bu yaxınlarda kulis.az-a müsahibə verərkən Asif Ata haqqında fikirlərini bildirmişdi. Özü də bir zamanlar Asif Atanın dinləyicisi olan tanınmış şairin dediklərini yenidən olduğu kimi təqdim edirik: 

“Yanındakılar, küyləyənlər və onun bədxahları Asif Atanı o vəziyyətə gətirib çıxarmasaydılar, əla olardı. Onun “İnam və Şübhə” kitabı əvəzsizdir.

Mən Asif Atanın dinləyicisi olmuşam, həm “Bilik” cəmiyyətində, həm də “Ocaq”da. Az qala övladı olacaqdım, Asif Ata mənə övlad olmağı təklif etmişdi. Mən də söylədim ki, öz atam olmayıb, səndən də mənə ata olmayacaq.



Sonra İsa Hüseynov Saf Ağ elminin davamçısı eləmək istədi, buna da razı olmadım. Dedim, mənə öz statusum bəs edir, gəlin status-kvonu qoymayaq. Mənə yazıçılıq bəs edir, qoy peyğəmbərlik sizin olsun. Yazıçılığı sübut eləmək olar, ən azı cibimdə Yazıçılar Birliyinin vəsiqəsi var, peyğəmbərliyimi isə heç kimə sübut edə bilmərəm. Deyəcəyəm, peyğəmbərəm, vurub öldürəcəklər. İstəmirəm, qardaş, mənə lazım deyil.

Asif Ata ümumiyyətlə tənqiddə çox ciddi imzadır. O, tənqidin bitdiyini bilən çox ayıq bir adam idi, sonra onu sərxoş elədilər. O, çox gözəl bilirdi ki, tənqid ya yazıçının yazdığı yerə qədər olan yerdir, ya yazı bitəndən sonradır. Bizdə tənqidçilər yazının içində gəzirlər. Şeirin içində var-gəl edirlər. Yazırlar, şair burda demək istəyir ki... Əvvəla şeir izah olunmaz. Əgər şeiri nəqli cümlə ilə vermək mümkündürsə, o, şeir deyil.

Asif Ata şəxsiyyətin ikiləşməsi ilə bağlı maraqlı bir ruhani dialoq yazıb. Dedim, Sokrat deyirdi ki, dedilər, Sokratı öldürdülər. Bu, əvvəlki Asiflə sonrakı Asifin dialoqu idi və çox gözəl idi. Bir məqamı deyim ki, o vaxtlar Firudin Şuşinskinin musiqiçilər haqqında son dərəcə kobud, tərbiyəsiz, bir o qədər lazımlı qeydləri vardı. Onun kitabını satışdan çıxardılar. Bir də Asif Atanın şairlər haqqında son dərəcə kobud, tərbiyəsiz, amma son dərəcə də lazımlı qeydləri mütləq qeyd edilməlidir. Bu cür qeydlər adamı öldürə bilər.

Bir anlığa özünü o şairin yerinə qoyursan, deyirsən, adam ölə bilər. Firudun Şuşinskinin yazdıqlarına baxanda fikirləşirsən ki, adam belə söz deyər, qələm əhli belə şey yazar? Dediyin sözü qarşısındakı qəbul etməlidir axı. Firudun Şuşinskinin problemi onda idi ki, sözü ustalıqla deyə bilməmişdi. Sözü sözün altından keçirib hədəfə vurmaq var, bu, yazıçı işidir”.

Bu fikirlərə cavab olaraq Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh geniş bir yazı yazıb. Həmin yazını təqdim edirik. 


Photoshop - Старый сарай в поле
ƏLİM ÜZÜMDƏ...
(“İnternet çənəçilərinə cavab” silsiləsindən)

Dünyada, Həyatda, Xalqımızda bütöv, parlaq,
gözəl insan şəxsiyyətinə çağırış yaşayır.
Ocaq həmin çağırışdan yaranmışdır!

İnam Ata (Asif Ata). Ocaq Məramı. 

Mən dünyada böyük, gözəl insanların, parlaq şəxsiyyətlərin olmasını istəyirəm, onları böyük, gözəl insanlar, parlaq şəxsiyyətlər kimi bilməyə, tanımağa, qəbul etməyə hər an hazıram. İnamlı, idraklı, mənəviyyatlı, iradəli böyük, gözəl, parlaq insanları həm də hökmlü istəyirəm, onların hökmünü qəbul edib yerinə yetirməyə hər an hazır olmuşam ömrüm boyu, indi də hazıram. Onların böyüklükləri məni də böyüdür, – balacalaşdırmır, gözəllikləri məni də gözəlləşdirir, – çirkin göstərmir, parlaqlıqları məni də parlaq eləyir, – sönükləşdirmir.

Mən Asif Atanı belə bir Şəxsiyyət kimi görmüşəm, tanımışam, qəbul eləmişəm. O, mənə “Safruh” adı verib, Öz Ocağına qəbul eləyib, mən də Ona “İnam Ata” adı vermişəm, O, qəbul eləyib. Mən Onu Həqiqətin Yiyəsi, Mütləqə İnam Peyğəmbəri, yəni həyata bu adda bir fəlsəfə, dünyabaxış və ruhaniyyat sistemi gətirmiş Şəxsiyyət, Fenomen kimi dərk etmişəm, topluma da elə təqdim eləyirəm. Onun Tənqidçi’mi, Filosof’mu, Peyğəmbər’mi, Ata’mı olaraq tanınması – məndən asılıdır, çünki Onun yiyəsi – mənəm. O, bütöv, parlaq, gözəl, eləcə də inamlı, idraklı, mənəviyyatlı, iradəli, – yəni ruhani şəxsiyyətdir. Ona aid söz deyən bu sifətlərə aid söz demiş olur. Ağı ağ, qarası qara.

Ad – dəyərin yiyəsindən gəlir. Dəyərin o adla, yaxud ayrı bir adla yaşaması, yaşaya bilməsi isə toplumdan asılıdır. Ancaq toplum o dəyəri yaşadıb-yaşatmamaq qərarını çıxarmaq üçün onu öyrənməli, bilməlidir.

Siz bizim İnamımızı öyrənib-biləndən sonra qəbul edəcəksiniz. Bunu mən ondan bilirəm ki, biz sizin bir hissəniz, ön cərgənizik, – bəşər övladı olaraq. Siz onu öyrənib-biləndən sonra da rədd edəcəyiniz halda isə “əldən gələn iki qaba çəkiləcək”. Bilməlisiniz ki, məsələ bu dərəcədə ciddidir və internet çənəçiliyi ilə, onun gücü ilə çözülə bilməz. Belə ciddi olan – bunun səbəbidir. Bizim üzərdə (zahirdə) cəbhəmiz yoxdur; bizim “cəbhəmiz” içlə bağlıdır – fəlsəfəylə (yaşama baxış, yaşam tərzi anlamındakı fəlsəfəylə), insanın qəlbiylə, ruhuyla, gələcəyiylə, taleyiylə.

...Bu “dastanı açmağıma” səbəb Qulu Ağsəs adlı birisinin Asif (İnam) Ata haqqında www.kulis.az saytında “ağzına gələni” danışmasıdır. Mən indi burada Quluya yönəlik bu “ağzına gələn” sözünü də çətinliklə yazıram, qıymıram ona! Qulu Ağsəs isə mənim əlimi üzümdə qoyanlardan biri oldu. Mən öydüm, o söydü! Mənim ruhumun atasına o sözü deyən, özümə yönəlik nələr deməz?! Mən Qulu Ağsəsləri heç bir düha yiyəsi, hətta həqiqət istedadlısı saymıram, olmadıqlarını görürəm. Ancaq mən Quluların balaları haqqında da elə söz yazmamışam, yazmaram da (demərəm də).

Quluda insanlıq istedadı vardı. (Bax: Safruh. “Oğuz yönü”, s. 90). Hər istedad gerçəkləşmir. Qulu Ağsəs özünün insanlıq istedadını inkişaf etdirsəydi, Məhəmmədhəsən əminin çəpərinin dibində onun qarşısındakı kül topasında aşağıdakı kimi naşılıqlar, çiyliklər, çirkinliklər olmazdı:

“...elə bir şey görməmişəm ki, çox ola, yaxşı ola. Bulaq var, dəniz suyu var!”.

-R.Taqorun şeiri, nəsri, musiqisi (mahnıları) çoxdur və yaxşıdır. Bulaq suyu dəniz qədər olmağa borclu deyil, ola bilməz, olmamalıdır. Dəniz suyu içməli olmağa borclu deyil. Dənizin dəniz gözəlliyi var, bulağın bulaq gözəlliyi.

“Ömür az olmalıdır... 80 il də azdır, 100 il də, 500 il də”.

-Əcəb azlıq istəyidir! 60-dan keç o yana, – görüm, ömrü qoymağa yer tapacaqsanmı?! Özəllikcə bu anlaşılmaz qara əhvalla, kinlə, ödlə...

“Bir qadınımız olur, bir uşağımız, bir yaxın dostumuz. Bir dənə bütöv şeir olur, şairin, yazıçının bir dənə (yəqin “bir baş” da demək olar – S.) daimi oxucusu olur. Çoxlu nə var? Bir dənə yaxşı çoxun adını çəkin”.

-Buna nə deyəsən?! Qadının bura nə dəxli var?! Uşağı heç olmayanlar da var, qəhrəman analar da. Şairi, şeiri, dənizi yuxarıda Quludan qoruduq.

Birisi (İradə Musayeva) yazır ki, Yaşar Qarayev Asif Atadan daha fəlsəfidir. Məqsədi də Y.Qarayevi qaldırmaq deyil, A.Atanı aşağılamaqdır. Nə üçün?!

Qulu da Y.Qarayevə “dərs verməyindən” danışır. Qarayev heç nə bilmirmiş; öyrətmənliyi, insanı duymağı yoxmuş. “...onu başa sala bilmədim ki...” Belə yekə-yekə və ... balaca-balaca danışmaq heç kəsi nəinki yaraşığa mindirməz, heç səliqəyə də sala bilməz.

Qulu: “Adam soyunanda pozğun olur?” – deyə yəqin ki, hiddətlə soruşur.

-Bu, ikibaşlı sözdür – hər iki başı boş və sürçək. Soyunmağın dərəcəsi var, yeri var (elə geyinməyin də). Sən burada nə demək istəyirsən, ay Qulu bəy? Pozğunların yanında dayanıb həyalılara göz basırsan, həyalıların yanında dayanıb pozğunlara göz-qaş eləyirsən. Nəyinə gərəkmiş?!

“Yazdığı kimi yaşayan adamlardan zəhləm gedir” deyir Qulu bəy. Əcəb sözdür! Sənin zəhlənin gedişi-gəlişi kimin tükünü tərpədir?! “Yazı bir ayrı həyatdır, insanın öz həyatı tamam ayrı”. Yəqin bu, təzə etikadır! Qınaq çalarıyla deyilmiş olsaydı, dərd yarıydı, deyərdik, hamının dediyini deyir. Amma yox, Qulu bəy bunu doğru yaşam tərzi sayır. Ancaq hamının (heç olmasa sözdə) qınadığını bu xalq şairi alqışlayır!..

Qulu Ağsəs deyir ki, “tənqidçi ədəbiyyata gəlmə adamdır”. Əslində isə gəlmə də olur, getmə də. Birisi tənqidçilikdən bədiiyyata keçər, o birisi bədiiyyatdan tənqidçiliyə. Vecsiz bədiiyyatçı (şair, nasir) vecsiz tənqidçidən qat-qat çoxdur. Və bunun məsələyə heç bir dəxli yoxdur. Quludan soruşurlar ki, bəs Asif Ata necə? Bu sualın cavabında Qulu bəy lap gül vurur: “Əgər yanındakılar, küyləyənlər və onun bədxahları Asif Atanı o vəziyyətə gətirib çıxarmasaydılar, əla olardı. Onun “İnam və Şübhə” kitabı əvəzsizdir”.

Asif Ata isə Özünün ədəbi tənqidi yazılarını (eləcə də “İnam və Şübhə” kitabındakıları) “kölgəmizin işığı” adlandırır, yəni ikinci, üçüncü dərəcəli yaradıcılığı sayırdı. Atanı Ata (İnam Ata) eləyən Onun Mütləqə İnam Təliminin əsasında dayanan əsərləri və ömrüdür.

Bilmirəm, o hansı böyük adamdır ki, küyləyirlər – küylənir?! Və Atanın düşdüyü “o vəziyyət” nəymiş necəymiş? “O vəziyyət”ə düşməklə Asif Ata İnam Yaradıcısı oldu. İndi ölkədə (və dünyada) Onun Ulu Adıyla bağlı olan Mütləqə İnam adlı dünyabaxış, dünyəvi ruhani inanc sistemi yaranıb yayılır. Qulular öz insanlıq istedadlarını gerçəkləşdirə bilsəydilər, bunun yolçusu olardılar, – Uluruhla çiyin-çiyinə.

Asif Ata Ouluya Ocaq Evladı olmağı təklif edibmiş, o isə deyibmiş: “...öz atam olmayıb, səndən də mənə ata olmayacaq”. (Qulu Ağsəs atasını çox erkən yaşda itirib-Redaksiya qeydi)

Və Qulu bəy öz “peyğəmbərliyini” (?!) sübut eləyə bilməyəcəyini görüb, ondan vaz keçibmiş, yazıçı bileti ilə yetərlənibmiş; peyğəmbərliyi A.Ataya, İ.Hüseynova güzəştə gedibmiş: “Deyəcəyəm peyğəmbərəm, vurub öldürəcəklər. İstəmirəm, qardaş, mənə lazım deyil”. Bu da bir qoçaqlıq!

Asif Atanı lütfkarcasına “tənqiddə çox ciddi imza” adlandıran Qulu bəyin iddiasına görə, ədəbi yaradıcılığın tənqid növü bitib, başa çatıb, bədiyyatsa qalıb (çiçəklənməyə yəqin ki). Halbuki zəmanəmizin halı bunun tamam əksini söyləyir. Belə ki, irrasional təfəkkür sahəsi olan bədii sənətlər sönür, çökür, çünki hər şey rasionallaşır, şüura tabe edilir. Bədiiyyatın ən qədim, ən yayğın mövzusu olan sevgini BMT-nin uyğun təşkilatı “xəstəlik” elan etmədimi?! Tənqid isə daha artıq dərəcədə rasional yaradıcılıqdır.

Asif Atanın “Sabahdaşlara” adlı üç dialoqu var. Onlardan birində deyilir:
Dedim: Sokrat deyirdi ki..
Dedilər: Sokratı öldürdülər.

Qulu bunu belə yozur: “Bu əvvəlki Asiflə sonrakı Asifin dialoqu idi”... Bu o deməkdir ki, adam qabda bişənin nə olduğunu blmir! Ata burada filosofla fəlsəfəçiləri qarşılaşdırır, fəlsəfənin hakim doktrinaya qurban verilməsinin harayını çəkirkən, bizim şairimiz Atanı filosofluqdan əl çəkən kimi göstərir. Atanı da öz arşını ilə ölçərək, ona ikilik isnad verir!.. Əcəb idrakdır!

...Qulu Ağsəsin müsahibəsini oxuduqca, axınla axan, qaragünçü, inamsız, idealsız, dörd yana fərəhsiz saçmalar saçan birisi canlanır adamın gözünün qarşısında. Mənim 20-25 il bundan öncə insanlıq istedadı gördüyüm oğlan gör nəyə çevrilib?! Kin tuluğuna! Özünə və hər kəsə inamsız, güvənsiz, sayğısız, ikili, dumanlı, çəkingən və sanki atılqan birisinə. Qibləsiz, yuvasız, sevgisiz, sabahsız, hətta bu günsüz, çaşqın birisinə!
Heyif səndən, ey o illərin Qulusu!
Atamız var olsun!

Photoshop - Золотое поле

Комментариев нет:

Отправить комментарий