Qərbi Avropa, 843-cü il, Verden sarayı.
Verden qalasında böyük zalın tavanından asılmış billur şüşəli, iri şamdanlı çilçıraq günün günorta çağına uyğun olaraq söndürülmüşdü. Divarlar florensiyalı rəssamların çəkdiyi əlvan naxışlara, İsa Məsihin və həvarilərin şəkillərinə, asılmış müxtəlif ikonalara və iri çərçivəli üç portretə bürünmüşdü. Orada yapma naxışlar, gümüşü və qızılı barelyeflər də çox idi. Laybalay açılmış iri pəncərələrin pərdəsı azacıq yellənir, içəriyə sərin meh dolurdu. Pəncərə arxasında yaxınlıqdakı Möz çayı aydın görünürdü.
Qərbi Avropanın bücbütün əhatə etmiş Frank imperiyasının indi sonu çatmışdı. Gödək Pipinin də, Böyük Karlın da divardakı iri çərçivələrin içindən ona belə acıqlı baxmaqda haqqı vardı. Amma o nə edə bilərdi? Bəzi xalqları, tayfaları zorla və aldadaraq öz dövlətinin ətrafında birləşdirməsi onun Karlın özünün düzgün siyasət deyildi. Bunu ona Papa III Lev də, IV Stefani bildirilmişdi. Bəs o- IV Qriqori olaraq varislərə nə tövsiyyə eləmişdi? Odlu silah atəş açmaq üçün alınırdı. Atəş açmayacaqdısa bəs nə üçün alınacaqdı? Qüdrətlənən övladlar da müharibə aparmayacaqdılarsa, bəs nə üçün bu qədər qüvvətlənirdilər? Demək, bütün günahlar onun özündə idi. Sülh yaratması, onların qüvvəsinin sərf olunması yollarının müəyyən edilməsi hər nə cür yalanla olardısa, İisa Məsih onu bağışlayardı. Ancaq yalan üzərində imperiya yaratmaq bu imperiyanın Vizuvi vulkanının üzərində tikilməsinə bərabər idi. Böyük Karl gərək xristian xalqlarını aldadaraq özünə birləşdirməyəydi, zorla da olsa, onları tamam ram edərək birləşdirəydi – başqa yol tanımayaydılar. Bu da sonu; bu gün Pompeyin sonuncu günü yetişmişdi. İndi Frank imperiyasının taleyi bir stol və üç taxt üstündə həll olunacaqdı. Başqa yol qalmamışdı. Əks təqdirdə Qərbi Roma yenidən hunların və ya daim bu həvəsdə olan müsəlman ərəblərin əsarətinə keçəcəkdi.
Papa IV Qriqorinin düşüncələrinin bu məqamında seremoneystr içəriyə daxil oldu, uzun əsasını üç dəfə döşəməyə vurub:
– Əlahəzrət Birinci Lotar! - deyə elan etdi.
Onun təqdimatından sonra bəzəkli iri qapı taybatay açıldı və Böyük Karlın nəvəsi Lotar içəriyə daxil oldu. Üzünə qüdrət və qəzəb ifadəsi həkk olunmuşdu. O, təşəxxüslə, hətta ona sarı baş əyən tərəfdaşlarına əhəmiyyət belə vermədən, Roma Papasına sarı isə başını azacıq tərpətməklə, gedib, iri stol arxasında göstərilən üç taxtdan birində oturdu. Sonra eyni tərzdə Alman II Lüdovik və Daz ləğəbli II Karl elan olundular. Onlar da ayaqlarını döşəməyə sanki öz qüdrətini nümayiş etdirmək məqsədilə belə bərk çırparaq, gedib uzun stolun arxasında, onlar üçün nəzərdə tutulmuş taxtlarda əyləşdilər. Bu zaman onlar bir-birlərinə də təşəxxüslə nəzər saldılar və yalnız başlarını tərpətməklə, zörən salam verdilər. Bunlar daha böyük ərazilərə hakimlik etməyə layiq qüdrətdə idilər.
Razılaşmaya əsasən bundan sonra Roma Papasının vəzifəsi başlanırdı.
Papa IV Qriqori əsasına istinad edərək ayağa qalxdı və ağır addımlarla irəli çıxdı. Əvvəlcə düyünlənmiş barmaqlarını öz alnına, qarnına, sağ və sol çiyninə sarı aparıb xaç çevirdi. Müqəddəs Məryəm Anadan, Zaxaridən, İsa Məsihdən, sonra daha bir neçə kəlmə Ata-Oğul və Müqəddəs ruhdan danışdı. Qarşısındakı üç qardaşı dosta çevirmək və Frank imperiyasını xilas etmək naminə daha bir neçə cümlə İncildən deyəcəkdi. Amma onların bu uzadılmaya könülsüz tərzdə dodaq büzmələri diqqətindən yayınmadı. Bu fərsiz övladlar indicə küsüb gedə və bü münaqişə yenə də davam edə bilərdi. Tökməyə kifayət qədər müsəlman qanı var ikən bunların ucbatından xristianlar bir-birlərinin qanını axıtmağa vərdiş edirdilər. Ən yüksək din xadimi olaraq onun vəzifəsi xristian dövlətlərini yalnız birləşdirmək, qüdrətləndirmək, xristianları qorumaq olmalı idi. Kilsənin səlnamə dəftərində də belə vəsiyyətlər yazılmışdı. Müsəlmanlar heç bir vasitəçi olmadan xilafət halında birləşirdilər, hər il könüllü şəkildə, dünyanın müxtəlif yerlərindən yüz minlərlə müsəlman həcc səfərinə çıxır, onların ali ibadət məkanı olan Məkkə şəhərində, Kəbənin başına toplanır və hamılıqla dualar edirdilər, xristianlar isə... Nə üçün xristianlar Yerusəlimə toplaşmırdılar? Bunun ənənəsini o özü deyil, bəs kim qoymalı idi? Amma bütün xristianların ruhani atası olaraq o özü indi parçalanma hökmünü verəcəkdi. Frank imperiyası onun əli ilə dağılır, Avropa sahibsiz qalırdı. Bunun hansısa formada yaxşı məqamları vardımı? Tarix özündə təkcə nəticəni deyil, həm də mahiyyəti ehtiva edir. Mahiyyət isə xristian toplumlar arasında qanlı münaqişələrə son qoymaqdan və yeni tarixə üç yeni dövlət təqdim etməkdən ibarət olacaqdı.
Toplaşanlar onun üzündə maraqlı nə tapmışdılar? Onun qanı qara ikən hamı sanki onun sevinc içərisində olduğunu zənn edirmiş kimi maraq, təəccüb və həsədlə ona baxırdılar.
Papa üzünü azacıq sağ tərəfə çevirdi. Buna uyğun olaraq bu zaman kardinal Ponti arxadan ona yaxınlaşdı və sağ tərəfində durub əlindəki gümüşü məcmeyini ona uzatdı. Məcmeyinin içindəki ucu zər qotazlı, qırmızı üzlü qovluqlardan birini götürməzdən almazdan əvvəl Papa bir əlindəki qızıl və gümüş işləməli əsasını müvəqqəti tutmaq üçün kordinala verdi. Qovluğu açıb, oradakı vərəqi oxumalı, sonra imzalamaq üçün Böyük Karlın nəvələrinin qarşısına qoymalı idi. Onlar birlikdə necə də qüdrətli görünürdülər. Bu qüdrət bütün dünyanı ram etməyə yetərdi. Nə üçün də yox!
Bu andaca Papaya sanki nəsə agah oldu və o axtardığı hansısa cavabları tapdı. Bunu özünə də ifadə etmək məqsədilə və bir ruhani Ata olaraq daha bir neçə kəlmə əlavə söz deməyə ehtiyac duydu. Onları beləcə birlikdə görmək, üçü ilə də eyni zamanda danışmaq bir daha mümkün olacaqdımı? Burada toplaşanlar da bu həqiqəti qəbul etməli idilər.
–Mən Ata, Oğul və Müqəddəs Ruh naminə hamını bir daha sülhə və əmin-amanlığa çağırıram! Roma imperiyasının… bağışlayın, Frank imperiyasının daxilində çox qanlar axdı. Axan xristian qanı oldu. Halbbuki axmalı ərəb qanı yetərincə vardı. Müsəlman ərəblər təkcə Frank imperiyasının və ona daxil olmuş xristianların deyil, bütün Avropa xristianlarının ən qatı düşmənidir! Müsəlmanlar yüz ildən artıqdır ki, Əndəluziyanı, Kordovanı tutublar. İndi burada, qulağımızın dibində Kordova əmirliyi yaradıblar. Əgər Böyük Karl olmasaydı, Frank imperiyasını da tutacaqdılar. Biz buna necə dözürük?! Onlar dişlərini qıcıyıb bizim torpaqlarımıza və sizin qadınlarınıza baxırlar. Siz zəifləyən kimi onlar hücum edəcək, arvadlarınızı gözünüzün önündəcə qamarlayacaq, övladlarınızı qul kimi işlədəcəklər. Buna görə də bütün qüvvələri yalnız müsəlmanlara qarşı birləşdirmək, onlara daim hücum etmək, inkişaf etməsinlər deyə daim gərginlikdə saxlamaq lazımdır. İslam Qərbi Avropaya daxil olarsa, əbədiyyətə qədər Avropanın mövcudluğu tamam başqa istiqamət götürəcək. Siz bunu indi də, gələcəkdə də rəva bilməməlisiniz. Bəlkə əvvəlcə Müqəddəs Yerusəlimə doğru yürüşə çıxaq, bütün işlərimizə İsa Məsihdən xeyir-dua alaq! İnanın ki, biz Yerusəlimə daxil olmayınca İsa Məsih zühr etməyəcək! Zühurun iştirakçılarından olaq!
Bu gözəl ideya əvvəllər niyə ağlına gəlməmişdi? Bu xütbə ilə ötən Milad bayramında xristianlar qarşısında çıxış edərdisə, indi bəlkə də bu vəziyyət yaranmazdı. Onların gücünü dünya işğalına yönəltmək vacib idi. Amma deyəsən artıq gec idi. Böyük Karlın nəvələri dilxorçuluqlarını ayaqlarını bir-birinin üstünə aşırmaqla, yelləməklə və dodaqları altında donquldanmaqla biruzə verməyə başlayırdılar. Onlara çox etibar etmək olmazdı, hər an onun sözünü kəsər, durub gedə bilərdilər. Əsas məsələnin mətni hər üç tərəfə məlum idi və dönə-dönə yoxlanılmış, düzəldilmişdi. O, əlindəki qırmızı üzlü qovluğu açdı, Ancaq əvvəlcə öz papalıq dövrünün ən gözəl ideyasını havadaca saxlamaq istəmədi.
– Biz bu barədə növbəti Milad xütbəmizdə daha geniş danışacağıq, bütün xristianlara qəti çağrışlar göndərəcəyik. Düşünürəm ki, o vaxt kimsə bunu inkar edə bilməyəcək. – Əlindəki müqavilə vərəqinin giriş şərtlərini oxumaq istəmədi və diqqətini sonluqda saxladı. - Bu gün imzalanacaq müqavilənin bütün şərtləri sizə yaxşı məlumdur, sizinlə razılaşdırılmışdır. Ona görə də… Müqavilənin sonluğunu oxumağı qərara alıram. Beləliklə, imperator titulu saxlanılmaqla İtaliya, Reyn və Rona çayları boyunca torpaqlar Lotarın hakimiyyəti altına verilir!... Reyn çayından şərqdəki böyük torpaqlar – Şərqi Frank kralığı Alman Lüdovikin hakimiyyəti altına verilir!… Və…və… Reyn çayından qərbdəki torpaqlar – Qərbi Frank krallığı isə Karlın hakimiyyəti altına verilir! Bundan sonra hər üç krallıq isə sülh və əmin-amanlıq şəraitində yaşayacağına söz verir. Ata, Oğul və Müqəddəs Ruh naminə bu müqaviləni mübarəkləyirəm!
Roma Papası bu sözlərdən sonra arxadan kardinal Pontinin ona uzatdığı daha üç zər qotazlı,qırmızı üzlü qovluğu aldı. Daha sonra o bu dörd qovluğu bir-bir əvvəlcə Lotara imzalatdı. Möhürdar əridilmiş surqucu vərəqin üzərinə axıtdı. Lotar barmağındakı iri üzüyünü şəstlə surqucun üzərinə sıxdı. Alaman I Lüdoviq və Daz II Karl öz imzalarını və möhürlərini mətnlərin altına qoydular. Roma Papası qovluqların birini özündə saxlayıb, o biriləri yeni krallara payladı. Bu zaman zala toplaşanlar əl çalmağa başladılar. Amma yenə də kimsənin üzündə sevincə ifadəsi və təbəssüm görünmədi. Alqışlar altında hər üç kral ayağa qalxdı, stol arxasından çıxıb, Roma Papasının qarşısına gəldilər. Kardinal Ponti gəlib onun əlindəki 4-cü qovluğu aldı, iri əsasını özünə qaytardı. Burada əvvəlcə Kral Lotar əyilib onun əlini öpdü və Papanın eşidə biləcəyi səslə özünü " Avropanın kralı Lotar!" kimi təqdim etdi. Amma onu yaxşı eşitməyiblərmiş kimi digərləri özünü "Alman kralı II Lüdoviq!" və "Fransa kralı II Karl!" deyə təqdim etdilər.
Roma Papası üzünü qarşı divardakı Gödək Pipinin, Böyük Karlın və Mərhəmətli I Lüdovikin portretlərinə sarı çevirdi və baxışlarını xəcalət hissi ilə qaldırıb, onların üzünə baxdı. Portretlərdən baxan krallar indi çox qəmgin, dərdli və üzgün görünürdülər. Gödək Pipin Roma Papasını bütün Avropanın əsas hakimi élan edərkən bu rüsvayçılığı təsəvvür etməzdi. Deyəsən onlar bu yeni üç dövlətin gələcək aqibətini və bir-birinə qarşı münasibətini çox dumanlı görürdülər.Roma Papası kimi o nə edə bilərdi? Olan yeganə bu münasib vəziyyət də onun sayəsində həyata keçmişdi. Bəs ali dini rəhbərləri olmayan imperiyalar nə edirdi? Onlar da qüdrətlənib, sonra zəifləyir və parçalanırdılarmı? Bu ayrılma onlara birlikdə daha qüdrətli olduqlarını başa sala biləcəkdimi? Bəlkə də bu birlik naminə müsəlman ərəblərin onlara hücum etməsi lazım idi. Lakin daha yaxşısı xristianları İsa Məsihin Yerusəlimdəki məzarından zühr edəcəyinə şahidlik və onun əskəri olmaq naminə yürüşə aparmaq olardı. Bu çox gözəl bir ideya idi! İndiki günün bir sabahı da vardı. Sabah nə olacaqdı? Avropada toplanmış qüvvəni hökmən kənara ixrac etmək lazım idi. Bu olmazdısa Avropa dövlətləri bir-birinə hələ çox qənim kəsiləcək, daha da parçalanacaqdılar. Şərqə gedən tacirlərin çoxu geriyə müsəlman kimi qayıdırdı. Bu minvalla yüz ildən sonra daha nələr olacaqdı?
Roma Papası IV Qriqori bu düşündüklərini növbəti Milad bayramına kimi unutmasın deyə öz kürsüsünə oturan kimi sağ tərəfə qanrıldı.
Kardinal Ponti onun fikirlərini qeyd etmək üçün çin kağızı açmışdı. Papa astadan danışdıqca yeni-yeni ideyalar düşünür, bütün bu vəziyyətdən çox razı qalmağa başlayırdı. Tədricən çöhrəsinə sevinc, təbəssüm qonurdu. Sevinməyə dəyərdi. Bu parçalanma və bu ziddiyətlər olmasaydı, bəlkə də bu ideya doğmayacaqdı.
Toplaşanlar isə buradan getmək üçün toparlandıqda gördüklərinə yenidən təəccüb etdilər. Bayaqdan sevinirmiş kimi görünən Papanın üzü indi dərin məyusluq, qəm, kədər ifadə edirdi. Hamı sevinməyə başladığı zaman onun belə üzgün görkəminə nə səbəb olmuşdu? Bu müqavilənin imzalanması və qanlı döyüşlərin kəsilməsi onun öz ideyası deyildimi?
Qarşısında baş əyib gedən bu insanların bu marağı, təəccübü indi əslində daxili sevinc içərisində olan Papanı heç vecinə deyildi. Zahirən kədərli göründüyü qədər də o sevinir, gülümsəyirdi: xristianlıq xilas olmuş, dünya ağalığı məhz bu ideya ilə başlanmışdı. Amma bu ideyanı tamam açıb-ağarda və bu nadanlara başa sala bilərdimi? Bunlar İsa Məsihi çarmıxa çəkmiş qövm idi.
Kardinal Ponti onun dediklərini sonra səliqə ilə səlnamə dəftərinə köçürdəcəkdi. Növbəti Milad bayramına qədər bu düşüncələri hələ çox cilalana bilərdi.
Amma növbəti Milad bayramına qədər yaşamaq Papa IV Qriqoriyə nəsib olmadı. Ondan sonra gələn papalar II Sergi, IV Lev, III Benedikt, I Nikolay, II Adrian və digərləri daxildə toplanmış mənfi qüvvənin ixrac olunması ideyasına etinasız qaldılar. Yəqin ki, elə buna görə də əvvəlcə hər şey daha pis oldu. 855-ci ildə Kral Lotar öldükdən sonra imperiya daha dərindən parçalandı. Nəticədə tarixə Fransa, İtaliya və Almaniya kimi üç dövlət qatıldı. Almaniya kralı Alaman Lüdovikin sələfi I Otton azacıq qüvvətlənən kimi öz gücünü birinci elə "Frankdan qalma qardaşlarına" göstərdi. 962-ci ildə o, İtaliyanın bir hissəsini, Çexiyanı, Burqundiya krallığını, Niderland və İsveçrə torpaqlarını öz ərazisinə qatdı və Müqəddəs Roma imperiyasını yaratdı. Bu imperiyanın ömrü qovğalarda, qırğınlarda keçdi. Qərbi Avropanın qüdrətlənən hər bir dövləti digərlərinin başına bəla oldu.
Hətta xristianlığın özü də çox keçmədi ki, qüdrətlənib dünyanı bürümək əvəzinə iki hissəyə parçalandı. 1054-жц илdə Рома Папасы ЫХ Левlə qüdrətlənmiş Şərqi Бизанс imperatorluğunun arasında ziddiyət gərginləşdi. Константинопол килсясинин патриархы Михаил Керулари Romaya vergi ödəmək istəmirdi. Buna görə onlar bir-birlərini lənətlədilər, katolik və pravoslava ayrıldılar. Daha sonra katolik və pravoslavlar da müxtəlif digər təriqətlərə bölündülər.
Qərbi Avropa daxili enerjinin digər istiqamətlərə yönəlməsini təmin etməkdə aciz idi. Amma Papa IV Qriqorinin vəsiyyətləri boşuna getmədi. 1095-ci ildə Papa II Urban Fələstindəki müqəddəs yerləri müsəlmanların hakimiyyətindən azad etmək adı altında və bununla da guya ki, Məsihin zühurunu görəcəkləri inamı ilə qərbi xristian dövlətlərini bir araya gətirdi və Xaç yürüşünə qaldırdı. Yüz illər ərzində 12 Səlib yürüşü Qərbi Avropanı xeyli qüdrətləndirdi. Amma bu, müsəlman Şərqini inkişafdan saxladı. Çox-çox sonralar baş verən bütün böyük müharibələr, Asiya, Afrika, Amerika və Avstraliyanın işğalı, hər iki dünya müharibəsi Qərbi Avropadan başlandı, Avropanı inkişad etdirsə də dünyada on milyonlarca insanın qətliamına, kənd, şəhər və ölkələrin dağıdılmasına səbəb oldu.
XX əsrin sonlarında mənşəcə türk olan bir gənc rəssam Vatikandan bir azca pul qopartmaq fikrinə düşdü və Papa IV Qriqorinin iri portretini çəkdi. Tabloya baxan Papa II İoann Pavel zənd ilə dodaqlarını büzdü, qaşları düyünləndi.
-Mənim oğlum, bu portretdə Papa IV Qriqori nə üçün belə gülümsər əks olunub?- deyə soruşdu.
Rəssam təəccüblə çevrilib tabloya baxdı və heyrətlə:
- Papa həzrətləri, o ki Verden müqaviləsi səbəbindən çox qəzəblidir!- cavabını verdi.- Mən bunu əks etdirməyə çalışdım.
Papa II İoann Pavel başını yırğaladı və çevrilib getdi.
Papanı hirsləndirdiyini düşünən və peşman olan bu gənc rəssam heç onun öz dodaqlarındakı təbəssümü də sezməmişdi.
Комментариев нет:
Отправить комментарий