24.05.2012

Zəlilər

Zəli deyəndə bəziləri məcazi mənada illərlə xalqın qanını soran bir sıra məmurları xatırlayır. İndi sizə təqdim edəcəyimiz yazı isə həqiqi zəlilərdən, 270 dişi, 10 gözü olan təbiət möcüzəsi barədədir. Həmin yazı tanınmış jurnalist Səbuhi Məmmədli tərəfindən hazırlanıb və Lent.az vasitəsi ilə yayımlanıb. Yazı çox geniş olduğundan biz onu sizə ixtisarla təqdim etmək məcburiyyətindəyik.


Yazıdan bəlli olur ki, 1944-cü ildə, 2-ci Dünya müharibəsinin qızğın dövründə Rusiya cəbhəsində yaralı əsgərlər ciddi dərman çatışmazlığı ilə üzləşirlər. Alimlərə göstəriş verilir ki, təcili surətdə xalq təbabətindən, el arasında türkəçarə deyilən üsuldan faydalanmağın yollarını arasınlar.
Bir qrup sovet alimi Stalinə müraciət edir. Bildirirlər ki, vəziyyətdən çıxmaq üçün bir yol var, o da biofabriklərin qurulmasıdır. Yalnız bu yolla xalq təbabətindən faydalanmaq mümkündür. Stalin tərəddüd etmədən işə başlamaq barədə göstəriş verir.
Bu işlə məşğul olan Nikolay Vladimiroviç nəinki Sovet dövründə yaranan, hətta çar Rusiyasından qalma arxivlərə baş vurur. Gecə-gündüz çalışmaların birində onun diqqətini Azərbaycan SSR-nin Masallı rayonu barədə maraqlı bir fakt cəlb edir. Bıkova məlum olur ki, ucqar Azərbaycanın bu ucqar rayonunda yüz illərdir ki, yerli təbiblər zəli vasitəsi ilə müxtəlif xəstəlikləri müalicə edirlər. Xüsusən, qanqrenin zəli ilə müalicəsi, ondan hətta ağrıkəsici kimi istifadə olunması barədə faktlara rast gələn keçmiş hərbi attaşe sanki axtardığını tapır. Bir xeyli müxtəlif axtarışlardan sonra öyrənir ki, bu işin mütəxəssisi, Masallı rayonunun Mollaoba kənd sakini Məmmədov Mirzə Əbdül oğludur.

Masallıdan Moskvaya milyonlarla zəli…

Arxivlərdə çalışarkən Məşədi Məmmədəlinin adına rast gələn Bıkov bu nəslin sağ qalmış nümayəndələrini axtarmağa başlayır. Və nəhayət, məlum olur ki, bu nəslin iki nümayəndəsi - Əbdül Məmmədov və qardaşı Fərman Qafarov (nədənsə, qardaşların soyadları müxtəlif olub - S.M.) cəbhədə döyüşüblər. Cəbrayıl danışır ki, atası və əmisi zabit olublar. Əmisi hətta polkovnik rütbəsinə kimi yüksəlib.
43-cü ildə ağır yaralanaraq ordudan tərxis olunmuş Əbdül Məmmədovu tapmaq çətin olmur. Onu bu sahə üzrə Moskvaya məsul vəzifəyə aparırlar. Məmmədovun qarşısında duran bir nömrəli vəzifə isə zəli tədarükünü ən qısa müddətdə artırmaq və müalicə işinin təşkilində mütəxəssislərə kömək etmək olur.
Qısa bir zamanda Masallıda və ətraf rayonlarda zəliçiliyi inkişaf etdirən Məmmədov az müddətdə «Medpiyavka» fabrikini milyonlarla zəli ilə təmin edir. Məmmədov təkcə Azərbaycan və Masallı ilə kifayətlənmir. O, zəli tədarükünü genişləndirmək üçün Özbəkistana və Gürcüstana da üz tutur. Onun səyi nəticəsində məlum olur ki, Rusiyanın Krasnodar vilayətində də zəli yetişdirmək üçün yaxşı şərait var.
Əbdül Məmmədovun oğlu Cəbrayılın dediklərindən:
- Biz Lənkəranda yaşasaq da, əslimiz Masallı rayonunun Mollaoba kəndindəndir. Həmin kənddə bizim nəsil «Zəliçilər» nəsli adlanır. İndi də həmin kənddə zəliçiliklə məşğul olan varsa, əksəri bizim nəslin nümayəndəsidir. Mənim atamın babası Məşədi Məmmədəli 130 yaşında rəhmətə gedib. Hələ vaxtı ilə o, atamgilə danışarmış ki, onun da ata və babası zəliçiliklə məşğul olurmuş. Atam danışırdı ki, Məşədi Məmmədəli bu işin o qədər mükəmməl bilicisi olub ki, zəli ilə müalicə olunmaq üçün onun dalınca Həştərxandan, Rostovdan tutmuş, Peterburqa kimi hər yerdən gələrmişlər. Ulu babam həm zəli yetişdirir, həm də onunla müxtəlif xəstəlikləri müalicə edirmiş.

Mərkəzin inhisarı  

Müharibə qurtarır. Suda yaşayan qurdkimilər fəsiləsindən olan bu varlıq on minlərlə insanın şəfa tapmasına yardımçı olur. Əbdül Məmmədov 9 il biofabrikdə çalışır. Sonra onu Gürcüstana göndərirlər. 1961-ci ilə qədər də burda biofabrikin qurulmasına kömək edir. Sonra Özbəkistanda bu işlə məşğul olur. Təkcə bu respublikanın zəliyə olan tələbatı illik 250 min ədəd imiş. Məmmədov bu işin öhdəsindən də gəlir. Və...
Və Azərbaycana qayıdıb sevimli işi ilə burada məşğul olmaq istəyir. Xoşbəxtlikdən SSRİ Səhiyyə Nazirliyinin qərarı da ona yardımçı olur. Dünyanın beşdə birinə sahib ölkənin ərazisində vur-tut iki yerdə, Krasnodar vilayətində və bir də Masallı rayonunun Mollaoba kəndində zəliyetişdirmə kombinatları yaranır. Ona rəhbərliyi də məhz Ə.Məmmədov edir, lakin SSRİ-nin dağılması ərəfəsinədək. Kombinat SSRİ-dən əvvəl dağılır. Çünki Moskva Mollaoba kəndindəki kombinata nəinki xaricə, müttəfiq respublikalara belə birbaşa zəli tədarükünə imkan vermirmiş. Zəli əvvəl Moskvaya daşınmalı və oradan hara lazımdırsa, paylanmalıymış. Bu anormal münasibətdən bezən Əbdül Məmmədov kombinatdan əlini götürür. Analoji kombinatı Özbəkistanda qurmaq istəyir. Amma Moskva hər vəchlə ona imkan vermir. Beləcə, Məmmədov ruhdan düşür. Amma külli miqdarda zəliyə olan ehtiyac Moskvanı məcbur edir ki, Əbdül Məmmədovun oğlu, həmsöhbətimiz Cəbrayılı işə götürsün. 1991-ci il noyabrın 22-də SSRİ Baş Apteklər İdarəsinin nəzdindəki biofabrikin direktoru Qolikov Cəbrayılın tədarükçü kimi işə başlaması barədə əmr imzalayır.
Amma gec idi. İki həftədən sonra SSRİ dağılacaqdı...
***
Bundan sonra isə həm atası, həm Cəbrayıl, həm də zəliçilər nəslinin digər nümayəndələri müstəqil şəkildə tədarüklə məşğul olacaq, loğmanlıq edəcəkdilər. Bundan sonra, ümumiyyətlə, bu möcüzəli canlı olan varlığa maraq o qədər artacaqdı ki,…
Bütün bunlara qayıdacağıq. Hələlik isə yenə Cəbrayılı dinləyək:
- Zəli sözün həqiqi mənasında möcüzəli bir varlıqdır. Hələ qədim Misirdə zəli ilə müalicə məlum imiş. Zəli 1984-cü ildən “Qırmızı kitab”a da daxil edilib. Ona təbii şəraitdə yalnız Rusiyanın cənubunda, Azərbaycanda, Ukraynada, Macarıstanda, İsraildə və Fransada rast gəlinir. Alimlər zəlidə 10 ədəd göz, üst çənədən ibarət sorucu ağız və 270 diş müəyyən ediblər. Müalicə vaxtı o insanı dişləmir, əksinə, dərini cəmi 1,5 mm dərinlikdən “mişarlayıb” deşir. Özü də diş yerini o özü axtarıb müəyyən edir. Proses ağrısızdır. Çünki zəli qana həm ağrıkəsici maddə buraxır, həm də dişlək yerinin ətrafını qanın laxtalanmasına imkan verən maddələrlə isladır.

İnsan qanına ağız suyu

Cəbrayıl deyir ki, zəli insan qanına öz ağız suyunu buraxır. Onun tərkibində 60-dan çox zülal komponentləri var ki, bu da zəlinin müalicəvi təsirini şərtləndirir. Zəli ürək-damar, ginekoloji, qalxanvari vəz xəstəliklərində, aterosklerozda, babasildə çox yaxşı kömək edir. Müalicə nəticəsində qan dövranı yaxşılaşır, toxumalar oksigenlə zənginləşir. Zəli təkcə hansısa xəstəliyi sağaltmır, eyni zamanda orqanizmin tonusunu qaldırır, yuxunu və iştahı yaxşılaşdırır, habelə iltihab proseslərinin, qan-damar xəstəliklərinin düşmənidir. Nəhayət , zəli orqanizmi cavanlaşdırır, dərini şux edir. Təsadüfi deyil ki, zəlidən müxtəlif üz kremləri hazırlanır. Xüsusən də, Fransada zəlidən onlarla kosmetik vasitələr məşhurdur. Zəli ilə müalicə adi dərmanların orqanizmə göstərdiyi bütün təsirləri əvəz edə bilir. Ona görə də zəlini çox vaxt «canlı aptek» adlandırırlar.

Ondan qorxmayın!
 

Cəbrayıl deyir ki, zəlidən qorxmağa dəyməz. Zəlidən hemofiliyalı xəstələrdə, hamiləlik zamanı qadınlarda istifadə arzuolunmazdır:
- Zəlinin düzgün qoyulmaması çox vaxt müxtəlif fəsadlara gətirir və müsbət nəticə vermir. Orqanizmdə elə nöqtələt var ki, ona ümumiyyətlə, zəli verilməz. Elmdə hirudoterapiya adlanan zəli ilə qlaukoma, cərrahi əməliyyat sonrası infiltratlar, hipertoniya, insult, baş-beyin zədələrinin nəticələri, onurğa sütununun osteoxondrozu, araxnoidit, baş ağrıları, baş hərlənməsi, qulaqlarda küy, prostat vəzin adenoması, prostatitlər, artritlər, qlossit, ürək-damar xəstəlikləri və sair xəstəlikləri müalicə etmək olur.
Yeri gəlmişkən, Masallıda olarkən bu rayonda çıxan «Cənub xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov maraqlı bir fakt dedi:
- Mən 5 yaşında olarkən eyvandan yıxılmışam. Kliniki ölüm keçirmişəm. Valideynlərim danışır ki, həkimlər yaşamayacağımı deyiblər. Amma kəndimizdən olan bir təbib məni zəli ilə sağaldıb.
Cəbrayıl deyir ki, zəli ilə müalicə ilə Azərbaycanda kütləvi şəkildə məşğul olanların çoxu bu sahədən uzaq adamlardır:
- Onlar sadəcə, eşidiblər ki, zəlini insan bədəninə qoyursan, o qan sorur və s. Əslində belə deyil, - əlindəki şəkli göstərir - zəli insan bədəninin bu hissələrinə qoyulmalıdır. Həkim və ya başqa cür desək, təbib xəstəliyi dəqiqliyinəcən müəyyən edəndən sonra zəli qoyma proseduruna başlamalıdır. Xüsusi ilə cərrahi əməliyyatdan sonra zəli yaranın tez sağalması üçün əvəzsizdir.
***
Cəbrayıl deyir ki, biofabriklərdəki zəlilərin çoxu süni zəlilərdir. Onlarla müalicə çox zaman lazımı nəticəni vermir. Təbii, şirin suyu olan hövzələrdən tutulmuş zəlilərlə müalicə daha effektlidir:

- Amma çox zaman zəli tədarük edənlər şirin sulu hövzələrdə ağına-bozuna baxmadan zəli tutmaqla məşğuldurlar. Əvvəla, anaş zəlini tutmaq olmaz. Çünki o, kürü tökür və zəli təbii yolla çoxalır. Bala zəlini də tutmaq olmaz. Çünki bala zəli də hələ müalicə üçün, necə deyərlər, tam böyüməyib. Müalicənin tam effektli olması üçün cavan zəlilər tutulmalıdır. Bəziləri deyir ki, bir zəlidən təkrarən istifadə etmək mümkündür. Hətta fransızlar, daha doğrusu, bu ölkənin təbibləri belə qənaətdədirlər ki, zəlidən istifadə etdikdən sonra, müalicə edən şəxs onu təkrarən şirin suya atmalıdır. Amma bura Azərbaycandır. Çox təəssüf ki, bizdə bu ənənə formalaşmayıb. Ona görə də Azərbaycanda zəli qıtlığı yarana bilər və tamamilə mümkündür ki, bir müddət sonra biofabriklərdəki süni zəlinin ümidinə qalaq.
***
Biz Cəbrayılla Lənkəranda görüşmüşdük. Həmin gün o, Bakıya çıxacaqdı. Paytaxtda onun xeyli xəstəsi var. Ona görə də bir ayağı Lənkərandadır, bir ayağı təkcə Bakıda yox, Azərbaycanın əksər yerlərində onu gözləyən xəstələrin yanında.
Amma bizi bir məqam rahat buraxmırdı. Axı, Azərbaycanda kifayət qədər şirin su hövzələri var. Və bu hövzələrdə zəli beləmi tükəndi ki, həmsöhbətimiz indidən həyəcan təbili çalır? Doğrudanmı…
Hə, təbib haqlı imiş. Bundan sonrakı araşdırmalarımız dəhşətli faktları üzə çıxardı. Sən demə, Azərbaycandan ölkə xaricinə külli miqdarda zəli daşınırmış. Və ölkədə kortəbii, xaotik zəli biznesi varmış. Elə bir biznes ki,…
Bax, bu ayrı söhbətin mövzusudur. 270 dişli, 10 gözlü bu canlı varlıqlar barədə ikinci yazımızda hər şeyi biləcəksiniz...

Səbuhi Məmmədli                             Bakı-Lənkəran-Masallı-Bakı 

Комментариев нет:

Отправить комментарий