Furqan Sadıq
Ülvi özü nəyə görə bura gəldiyimizi hiss etməsə də yaman sevincliydi. İməkləyə-iməkləyə çəmənin üstündə, ağacların kölgəsində bir ilinin tamam olması ləzzətini yaşayırdı. Nə isə... Sözüm heç bunda da deyil...
Balaca
əmimoğlu Ülvinin (yeri gəlmişkən, adını
mən qoymuşam) bir yaşını qeyd etməyə İsmayıllının yuxarı kəndlərindən biri olan Buynuz kəndinə getmişdik. Əgər səhv etmirəmsə 2006-cı il idi.
Ad günü olan gün, yəni iyulun dördündə bərk yağış yağdığından gəzintimizi
iki gün sonraya atmışdıq və şükür Allaha ki, iki gün sonra hava əməlli-başlı düzəlmişdi. Ad gününü iki gün sonra
da olsa qeyd edəcəkdik. Sevincliydim. Ailəylə, qohum-əqrəbayla, dost-tanışla gəzməyin öz ləzzəti var axı...
Nə isə... Sözüm onda deyil... Qəbələnin “Yeddi gözəl” şəlaləsini gəzdikdən sonra qayıtdıq
İsmayıllıya, düz Buynuz kəndinə. Bəh, bəh, bəh! Kənd nə kənd! Yaşıllıq içində əriyən,itib-batan səfalı bir yer... Oturub ancaq quşların səsinə qulaq asasan, yaşıl don geymiş təbiəti seyr edəsən...
Ülvi özü nəyə görə bura gəldiyimizi hiss etməsə də yaman sevincliydi. İməkləyə-iməkləyə çəmənin üstündə, ağacların kölgəsində bir ilinin tamam olması ləzzətini yaşayırdı. Nə isə... Sözüm heç bunda da deyil...
Günümüzü sevinc, şənlik içində axşam elədik, “şələ-küləmizi”
yığışdırdıq və oturduğumuz
yerdən bir xeyli uzaqda saxladığımız maşınlara doğru daşımağa başladıq. Yavaş-yavaş qaranlıq
düşməyə başlayırdı. Birdən kimsə astadan:
-
O tərəfə baxın, o tərəfə baxın, kimdi o gələn, tanıyırsız?-
dedi.
Mən də “görəsən, kimdi ki” marağıyla baxdım. “Bu kişi mənə tanış gəlir, hardasa görmüşəm”-
deyə fikirləşdim.
Yenə kimsə dilləndi:
-
Musa Yaqub deyil bu?
“Hə, yadıma düşdü.
Evdə atamın balaca
kitabxanasındakı “Mənim sevgi taleyim” adlı şeirlər kitabının müəllifi Musa
Yaqubdu. Hə, hə! Kitabda şəkli də var. Deyirəm axı, hardasa görmüşəm... Şəkildə deyəsən ağaca söykənib- bəlkə də yox...”
Musa Yaqub təbiəti seyr edə-edə, göy üzündəki bəyaz buludlara
baxa-baxa asta-asta gəzinirdi. Necə deyərlər, təbiətdən ilham alırdı.
Birdən atam əlindəki balaca videokameraya baxdı, sonra çönüb
Musa Yaquba baxdı və yaxın qohumumuz olan Seyid müəllimə müraciətlə:
-Bəlkə gedək bir balaca müsahibə alaq, qoy kasetə düşsün- dedi.
Seyid müəllimin
ürəyindən xəbər verdi bu təklif və dərhal razılaşdı, getdilər. Biz də maşınlara doğru yolumuza davam etdik.
* * *
İndi Ülvinin ad günü videoyazısına baxanda kasetin sonunu səbirsizliklə gözləyirəm. Ona görə ki, Musa müəllim atamın xahişi ilə orda üzünü
dağlara tutub bir bənd şeir deyir:
Mənimlə üz-üzə dağlar
dayanır,
Görən o ağaran
quzey qarımı?!
Burda
gün altında bədənim yanır,
Orda
qar üşüdür baxışlarımı...
Mənə görə o videoyazının ən maraqlı yeri,
necə deyərlər “kulminasiya nöqtəsi” buradı...
Xudahafizləşəndəsə Musa müəllim Ülvinin ad gününü təbrik edir və arzularını çatdırır:
-O
uşaq da böyüsün, böyüsün, böyüsün, toyun görəsiz...
* * *
Ülvi artıq ikinci sinif şagirdidi. Bir az da böyüsün, hər dəfə o videoyazıya baxanda özünə “hədiyyə olunmuş” bir
bəndi dinləyib
uçmağa qanad axtaracaq. Musa Yaqubdan aldığı “ad günü hədiyyəsini”
inanıram ki, ömrü boyu yadigar saxlayacaq: nə cibində, nə evdə - ürəyində...
Комментариев нет:
Отправить комментарий