Laçın Məmişov
Qırmızı - Sevdiyim rəngdir.
Bayrağımızın qırmızı zolağı - Şəhidlərimizin qanı
Qırmızı bayraq - Dünyada ilk qırmızı bayraq Babək Xürrəmi tərəfindən qaldırılıb. Bəlkə də Babək ruhuna bağlılığımdan bu rəngi sevmişəm.
Qırmızı lent - Gəlinlik libasını geyən və ömrünün ən xoşbəxt gününü yaşayan xanımların bakirəlik simvolu.
Qırmızı qan - İlk dəfə uşaq vaxtı burnumdan qan açılanda bu rəng xoşuma gəldi. Sonradan küçə davalarında gah mənim qanım axdı, gah da əks tərəfin. Bu qanın qəribə qoxusu olurdu.
Qırmızı kəmər - Orta məktəbdə oxuyan zaman Şamaxıda Seyidov Sədrəddinin sambo seksiyasında məşq edirdim. Əvvəl kimonom yox idi. O vaxtlar belə şeylər az tapılırdı. Sonradan Dədəm Məhsul İdman Cəmiyyətinin sədri, SSRİ-nin əməmkdar məşqçisi və idman ustası Xankişi müəllimə zəng vurub mənə bir kimono verməsini xahiş etdi. Xankişi müəllim bir xeyli ged-gələ saldıqdan sonra, anbardar Rasimə mənə kimono verməsini tapşırdı. Rasimlə anbara getdik, anbarda nələr yox idi...Kimonolar, idman ləvazimatları, tatamilər...bir sözlə idmançıya lazım olan hər şey. Anbarda Rasim mənə ağ rəngli kimono verdi, Macarıstan istehsalı idi. Amma kəməri yox idi. Kəməri uzun müddət axtardı, lakin tapılmadı. Nə isə həmin kimono əlimdə gəlldim Sədrəddin müəllimimin yanına. Bildirdim ki, kimono tapdım, amma kəməri yoxdur. Sədrəddin müəllim çantasını açdı və oradan bir kəmər çıxardıb mənə verdi. Kəmər də QIRMIZI çıxdı.
1990-cı ildə qırmızı rəngi çox kədərli günlərimizdə tez-tez görürdüm. Bu qırmızı qərənfillər və ŞƏHİD qanı idi. Daha sonra Şamaxıdan Bakıya, sonra yenə Şamaxıya qayıdıb yaşamaq istədim. Amma imkan vermədilər. Atamın məzlumların haqqını yemədiyi üçün ona ardı-arda açılan cinayət işi və saysız hesabsız yoxlamalarından sonra, növbəti hədəf mən idim. Odur ki, ölkəni qeyri müəyyən müddətə tərk etdim. Rusiyanın KİTEK peşəkar liqasında Muay Thai ilə məşğul olmağa başladım. Bu çoxdankı arzum idi. Tong Ponu ilk dəfə ekranda görəndə bu döyüş növünə heyran olmuşdum. Bu idmana da qırmızı şortla başladım. Artıq Azərbaycanda vəziyyət qaydasında idi və mən geri qayıda bilərdim. Bakıya dönəndən sonra məşqlərimi davam etdirmək istədim. Hələ Moskvada olarkən haqqında eşitdiyim Abbasov Şirəlinin Azərbaycanda olduğunu eşitdim. Onun yanına getdim və anlaşdıq. Onun bir şərti oldu, peşəkar idmanı davam etdirəcəksənsə gəl. Əks halda mən küçə döyüşçüsü yetişdirmirəm. Razılaşdıq...İlk məşqimizdə, ilk sözlərindən biri bu oldu...Özünə qırmızı bint və qırmızı əlcək al. Bizim məktəbin ən düşərli rəngi qırmızıdır. Nə isə burada da qırmızı rənglə həmdəmliyimiz davam etdi. Son illərdə ölkəmizdə gedən tikinti quruculuq işlərinin bütün açılış mərasimlərində Ali Baş Komandanımız tərəfindən kəsilən qırmızı lentlər yuxarıda sadaladığım qırmızıların hamısından çox gözümüzün önündə tez-tez edilir. Azərbaycan kimi bir ölkə üçün yeni binaların, komplekslərin, yolların açılışı olduqca müsbət bir haldır. Bu hadisələri çox müsbət dəyərləndirirəm. Amma bu qırmızını yuxarıda sadaladığım qırmızılarla müqayisə etdikdə bir fikir ortaya çıxır. Bu lent nə boks bintinə, nə qırmızı kəmərə, nə qana, nə əlcəyə, nə də küçə davasında axan qanla fərqli şeylərdir. Yerganə olaraq xanımların öz toyu günü gərdəy üçün bağladığı qırmızı lentlə olduqca oxşarlığı var. Fərqi isə bir dənə, amma olduqca böyükdür. Çünki xanımların bu həyatında ilk və sonuncu lentidir, həmin tikintilərin də eynən ilk və sonuncu lentidir. Fərq odur ki, xanımlar bakirədir, amma tikilən komplekslər, açılan yollar və komplekslər isə öz bakirəliyini açılışdan öncə nazirlər, yüksək çinli məmurlar, prorablar vəs. tərəfindən əvvəlcədən əlbir olmuş cinayətkar qrup tərəfindən vəhşicəsinə zorlanaraq əlindən alınır. Yeni açılışı olmuş bina və komplekslərin də ömrü hansisa manyakın öz heyvani hisslərinə hakim olmayaraq bakirə qızların həyatını korlayaraq məhv etməsi ucbatından, çox qısa ailə həyatına bənzəyir. Belə cinayətkar birləşmələrin üzvlərinin isə yalnız bir cəzası var...
Şamaxı şəhərinin Bakı əyaləti 17 iyul 2012-ci il
Комментариев нет:
Отправить комментарий