22.09.2012

Marneulidə “Müsəlmanların məsumluğu” filminə qarşı etiraz aksiyası keçirilib

Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərindəki İmam Əli (ə) məscidində Peyğəmbərimizin təhqiramiz şəkildə təsvir olunduğu “Müsəlmanların məsumluğu” filminə qarşı etiraz aksiyası keçirilib.
Məscidin axundu Hacı Hacıyev toplaşanlara müraciətlə deyib ki, özünü demokratiyanın müdafiəçisi sayan, başqa dövlətləri də demokratiyaya dəvət edən ABŞ-da müsəlmançılıq əleyhinə belə təhqiramiz filmin çəkilib nümayiş etdirilməsi həmin dövlətdə demokratiyanın tənəzzülə uğramasına dəlalət edir. Biz də dünya müsəlmanlarını dəstəkləyir və filmin yaradıcılarının ciddi cəzalandırılmasını tələb edirik.

O söyləyib ki, bu filmlə islama kölgə salmaq istəyirlər, lakin belə səhv yolda olanlar heç vaxt öz çirkin məqsədlərinə çatmayacaqlar. Bu bizim dinə qarşı birinci təhqir deyildir, əvvəllər də həzrəti Peyğəmbərimizin karikaturasını çəkmişdilər, müqəddəs Qurani-Kərimi yandırmışdılar. Biz bütün bunları pisləyirik. Bizim Peyğəmbərimiz (s) əmr edir ki, bütün peyğəmbərlərə müqəddəs varlıq kimi yanaşaq.
Onun sözlərinə görə, Məhəmməd Peyğəmbər (s) Yer üzündə ədalətə, sülhə, insanpərvərliyə çağıran və özündən əvvəlki peyğəmbərləri müqəddəs sayan peyğəmbərdir. Əgər belə bir film həzrəti İsa, Musa və başqaları barədə çəkilmiş olsaydı, biz yenə də aksiya keçirərdik. Bu film yalnız Peyğəmbərə (s) qarşı deyil, həm də xristianların övliyalarına qarşı hörmətsizlikdir.
Çıxış edənlər bildiriblər ki, müsəlmanlar İsa Peyğəmbər, Məryəm ana və başqa övliyaları hörmətlə yad etdikləri halda, müqabil tərəf belə bir nalayiq addım atır.
Aksiya iştirakçıları xristian dünyasının bu iyrənc əmələ susmasından təəssüfləndiklərini bildirib, belə bir hadisəyə obyektiv qiymət veriləcəyinə əmin olduqlarını deyiblər.(SalamNews) 

Комментариев нет:

Отправить комментарий