16.11.2012

Mənə bir şeir yaz, dost...

Furqan Sadıq

Ümidlərim tükəndi,
yenə bir qab verərsən...
Ehtiyat yığmaq üçün
mənə bir qab verərsən...

Bütün yollar qırılır-
hər tərəf yarımçıqdı...
Yaman tez sürüşürəm,
xəyallarım palçıqdı...

Mənə bir şeir yaz, dost,
hopum hərflərinə...
Bir az ürək-dirək ver,
yaz nisyə dəftərinə...


*   *   *
Qanuna bax,
barmaq izləri kimi
oxşamır bir-birinə
ayaq izlərimiz də...

Kimi ah çəkə-çəkə,
kimi şaqqanaq çəkə-çəkə
yola verir dünyanı...

Və sonda,
dünya ləpirə dönüb
ayağımız altına
düşür gözlərimizdən...
*   *   *
Ad günüm üçün
Hələ canım üstümdədi,
yük altındayam hələ...
Göy üzü var başım üstdə,
kök altındayam hələ...

Yaşamaq kiminə asan,
kiminəsə zülümdü...
Bu gün ad günüm deyil ki...
Bu gün mənim ilimdi...

Görəsən, mən öz ömrümün
harasında durmuşam?!
Sərhəddəyəm, iki ilin
arasında durmuşam...

*   *   *
Zaman heç yana getmir,
elə saatda qalır...
Nəsə, itirilənlər
həmişə yadda qalır...

Ürəyim nələr çəkir,
nə bilsin ürəksizlər...

Ha yana gedirəmsə
bütün atdığım izlər
ayağım altda qalır...

Комментариев нет:

Отправить комментарий