“Duqin öz fikrini fiziki varlığından üstün tutan intellektuallardandır”
Aleksandr Duqin 1962-ci ildə Moskvada doğulub. O, ictimai xadim, filosof, politoloq, tərcüməçi və sosioloqdur. Lomonosov adına Moskva Dövlət Universiteti sosiologiya fakültəsinin beynəlxalq əlaqələrin sosiologiyası kafedrasının müdiri, professordur. Qumilyov adına Avrasiya Milli universitetinin, Tehran universitetinin və digər universitetlərinin fəxri professorudur. Poliqlotdur və 10-dan artıq dil bilir.
Rusiya İslam komitəsinin sədri mərhum Heydər Camal onun haqqında deyib: “Duqin əsl intellektualdır. Keçmişin bütün yazıçıları arasında, bəlkə də, yalnız Dostoyevski həqiqi intellektualizmin spesifikasına bir qədər toxunub... Bu mənada Duqin Dostoyevski sayaq intellektualdır. Duqin öz fikrini fiziki varlığından üstün tutan intellektuallardandır”.
Duqin 4-cü siyasi nəzəriyyənin müəllifidir. O hesab edir ki, milliyyətçilik (faşizm) və kommunizmdən sonra liberalizm də özünün tənəzzül dövrünə qədəm qoyub. Odur ki, bəşəriyyətin yeni bir ideologiyaya ehtiyacı var. 4-cü siyasi nəzəriyyə də məhz bu ehtiyacdan doğub.
Duqinin siyasi fəaliyyəti keçmiş Sovet respublikalarının Rusiya ətrafında inteqrasiya etməsinə əsaslanan Avrasiya Birliyini yaradılmasına yönəlib. Lakin Avrasia Hərəkatına keçmiş sovet məkanından kənarda da maraq böyükdür.
Duqinə görə, 4-cü siyasi nəzəriyyə “olum və ya ölüm” məsələsidir. Bu gün dünyada elə bir təəssürat yaranıb ki, siyasət bitib, yəni ən azından bizim bildiyimiz siyasət. Liberalizm alternativ reseptlər təqdim edən siyasi düşmənləri olan konservatizm, monarxizm, ənənəvi millətçilik (faşizm), sosializm, kommunizm ilə ölüm-dirim mübarizəsi apararaq 20-ci yüzilin sonuna doğru onların hamısını məğlub etdi. Bundan sonra siyasətin liberal olacağını, onun bütün rəqiblərinin isə öz strategiyalarına yenidən baxıb, yeni cəbhə yaradacaqlarını güman etmək daha məntiqli olardı: əyalət mərkəzə qarşı (Alen de Benua). Ancaq 21-ci əsrin başlanğıcında hər şey başqa ssenari ilə getdi.
Öz qələbəsindən sonra liberalizm ümumiyyətlə siyasəti məhv etməyə qərar verdi. Yəqin ki, alternativləri aradan qaldırmaq və öz əbədiliyini təmin etmək üçün. Ancaq bu onun özünün də dəyişməsinə səbəb oldu. O, ideyalar, siyasi proqramlar və deklarasiyalardan şeylər, liberallaşan maddi sosial reallıqlar müstəvisinə keçdi. Həm də siyasi deyil, “təbii” yolla, məişət yoluyla. Tarixin belə bir dönüşü nəticəsində bir-biri ilə mübarizə aparan siyasi ideologiyalar aktuallıqlarını itirdilər. Konservatizm, faşizm, kommunizm uduzdular. Qalib gələn liberalizm isə məişətə, istehlaka, individualizmə, fraqmentləşmiş sub-siyasi həyatın postmodern üslubuna mutasiya etdi. Siyasət biosiyasət oldu, indvidual və subindvidual səviyyəyə düşdü. Belə çıxdı ki, təkcə uduzan siyasi ideologiyalar deyil, bütövlükdə siyasətin özü (liberal siyasət də daxil) də sıradan çıxdı. Ona görə də, alternativlər yarana bilmir. Liberalizmlə razılaşmayanlar çətin vəziyyətə düşdülər: qalib düşmən əriyib yox oldu - mübarizə hava ilə getməyə başladı. Siyasət olmayan yerdə siyasətlə necə məşğul olmaq olar?
Ancaq bir çıxış yolu var: Klassik siyasi nəzəriyyələrdən imtina edərək, yeni qlobal dünyanın reallıqlarını, Postmodernin tələblərini çözmək və yeni bir yol yaratmaq. Bu da kommunizmdən, faşizmdən və liberalizmdən fərqli 4-cü siyasi nəzəriyyə ola bilər.
Duqinin fikrincə, bu nəzəriyyə ehkam və bitmiş layihə deyil. O, siyasi yaradıcılığa dəvətdir, intuisiya və fərziyyələrin şərhi, yeni şəraitin analizi və keçmişə yenidən baxmağa cəhddir. Bu istiqamətdə düşünən hər kəs ona öz yeni töhfəsini verə bilər.
Duqinə görə, Rusiya üçün 4-cü siyasi nəzəriyyənin hər şeydən öncə böyük praktiki əhəmiyyəti var. Qlobal dünyaya inteqrasiya rusiyalıların çoxu üçün faciə, milli kimliyin itirilməsi deməkdir. Eyni zamanda əhali liberal ideologiyanı qəbul etmək istəmir. Kommunuzmə, faşizmə (millətçiliyə) qayıtması ehtimalı isə azdır. Odur ki, boşluğu doldurmaq üçün Rusiyaya yeni ideya lazımdır. Liberalizm uyğun deyil, kommunzim və faşizm isə məqbul deyil. Deməli, bizə 4-cü siyasi nəzəriyyə lazımdır. Bu Rusiya üçün Şekspirin qəhrəmanı Hamletin dediyi kimi, “olum və ya ölüm” məsələsidir. Əgər olmağı seçiriksə, 4-cü siyasi nəzəriyyəni yaratmalıyıq. Əks təqdirdə tarixin səhnəsindən sakitcə silinib, qlobal, özümüzün idarə etmədiyimiz dünyanın içərisində əriyib yox olacağıq.
Duqin Rusiya haqqında dediklərinin Bakı Slavyan Univerisitetində oxuduğu “Rusiya-Azərbaycan: geopolitika” adlı mühazirəsində Azərbaycan üçün də keçərli olduğunu xüsusi vurğulayaraq, Rus və Azərbaycan, digər Slavyan və Türk xalqlarının, o cümlədən Sovet məkanında yaşayan digər xalqların taleyinin bir-birindən ayrı olmadığını bildirdi.
Duqinin yaratdığı “Beynəlxalq Avrasiya Hərəkatı” (Международное Евразийское движение - International Eurasian Movement) – ictimai cəmiyyətdir. Dünyanın 22 ölkəsində, o cümlədən MDB ölkələrində, Avropada (Almaniyada, Fransada, İtaliyada, İngiltərədə), Amerikada (ABŞ-da və Çilidə), müsəlman ölkələrində (Livanda, Suriyada, Misirdə, Türkiyədə, İranda, Pakistanda), Uzaq Şərqdə (Hindistanda, Yaponiyada, Vyetnamda) və Rusiya Federasiyasının 36 regionunda filialları olan qeyri-hökumət təşkilatıdır. 2003-ci ildə Moskvada yaradılıb və “Beynəlxalq İctimai Hərəkat” kimi qeydə alınıb.
“Avrasiya Hərəkatı”nın məqsədləri belədir:
– ümumi tərəqqi naminə xalqların, sivilizasiyaların və mədəniyyətlərin əməkdaşlığına əsaslanan ədalətli çoxqütblü dünya uğrunda mübarizə;
– Avropa və Asiya ölkələrinin Rusiyanın “sivilizasiya körpüsü” olaraq fəal vasitəçiliyi ilə bir-birinə yaxınlaşması;
– postsovet məkanı ölkələrinin mədəni, iqtisadi, informasiya, strateji və siyasi səviyyələrdə “Avrasiya Birliyində” inteqrasiyası;
– Avrasiya konfessiya və etnoslarının fəal və hərtərəfli dialoqu, Avroasiya elita və cəmiyyətlərinin qarşılıqlı anlayış və hörmət əsasında əməkdaşlığı;
– Hər bir xalqın mədəni, dini, etnik identifikasiyasının qorunması, milli özünəməxsusluğun inkişafı;
– Avrasiya dünyagörüşü (Pax Euroasiatica) əsasında Sülh və əmin-amanlığın möhkəmləndirilməsi;
– mənfi tendensiyalara- birqütblü və vahid ölçüdə unifikasiya edilmiş qloballaşmaya, terrorizmə, narkotik asılılığa, sosial ədalətsizliyə, ekoloji və demoqrafik fəlakətlərə qarşı mübarizə.
Hərəkatın rəhbər orqanı “Avrasiya Komitəsidir”. “Avrasiya Komitəsinin” sədri və “Avrasiya Hərəkatının” lideri filosof, publisist, avrasiyaçılıq cərəyanının banisi, müasir Rus geosiyasət məktəbinin yaradıcısı Aleksandr Duqindir.
***
İki yüz ildən artıqdır Rusiya və digər Avrasiya xalqları ilə eyni siyasi, iqtisadi, mədəni məkanda olan, böyük inkişaf və tərəqqi yolu keçən Azərbaycanın gələcəyini Avrasiya Birliyindən kənarda düşünmək mümkün deyil. Bu Birlik ölkəmizin və xalqımızın liberalizm və qlobalizmin zəhərli caynaqlarından xilas olması, “olum, ya ölüm” dilemması qarşısında sağ, sağlam, özü olaraq qalması üçün yeganə nicat yoludur.
Комментариев нет:
Отправить комментарий