21.05.2011

Acıdan da acı xəbərlər

Ülvi Məmmədli                           Azad Yazarlar Ocağı


 Bu hər nə idisə, ondan dünyanın hər yerində vardı. Ruslar ona krizis dedilər, ingilislər də bir az dodaqlarını enlədərək elə krizis, mənəvi mənada depression, fransızlar krize, nə bilim daha kimlər nə dedilər. Amma dünyanın hər yerində vardı. Birində az, birində çox, biri batdı (yunanlar), biri bundan fayda götürdü (yəhudilər), nə isə maraqlı, çətin və qəliz şeydi. Dünyanı maddi böhran bürüyəndə bizim kükürdlər dedilər ki, bizdə ondan olmayacaq. Həmişəki kimi xalqı inandırdılar (bacarana Azərbaycan qurban!). Hətta onu da dedilər ki, olsa da çox yüngül keçəcək. Çox şükür, o vaxt doğrudan da ötürə bildik. Amma zırıltısı sonra başladı. Bir çartdasın düşdü ki qulaq tutulurdu. Maddisi dünyanın hər yerində olduğu kimi, aşağı təbəqədə həmişəlik qonaqdır, mənəvisi yavaş-yavaş bizi yeyib həzmə verir. Təbiət böhranı da indi lap qızışıb. Min şükürlər, insan tələfatı demək olar ki yox dərəcəsindədi (Allaha şükür ki boluq, hiss olunmur), amma maddi ziyanın sayı-hesabı yoxdur. Təəssüf ki bu böhrandan çıxmaq hələ uzun illər mümkün olmayacaq və itkilər sonradan qiymət, təhcizat, təminat, məvacib, mənəviyyat... sahələrinə də öz neqativ təsirini göstərəcək. Əsas odur ki, səbrli olaq. Xalqımız dözümlü xalqdır!..
 Ən qəribəsi və dəhşətlisi odur ki, adam bu fəlakətlərə tək özünün düçar olmamasından bir növ təsəlli tapır. O biri yandan da, bu fəlakətlərdən, qan-qadadan pul qazananları, faciədən xeyir götürməyə cəhd edənləri görəndə adam az qalır əlini açıb Allaha yalvara ki, qurban olaq, dağıt bu dünyanı, sənin də canın qurtarsın, bizim də. Biz bunlarla bacara bilmədik, buraxırıq sənin etibarına. Amma hər bir bəni-insanın min bir günahı olduğunu və ölməklə canını qurtara bilməyəcəyini düşünəndə adamın əlləri bu dua üçün də qalxmır.
 İslandiyadakı adı dil sındıran vulkanı unutmamısınız, dünyanın demək olar ki, yarıdan çoxunun təyyarə reyslərini təxirə salıb külli miqdarda ziyan vurdu. Dedilər guya vulkan külü təyyarələrin mühərriklərinin soyutma sistemini xarab edir ki, bu da qəza təhlükəsi yaradır. A kişilər, indi həmin vulkan külünü satıb pul qazanırlar. Özü də qəpik-quruş yox ha, kül vurub cib doldururlar. Külün 160 qramını 40 avroya satırlar və müştərilər növbəyə durub. Tərtəmiz gəlirdi, Allah başına külü töküb, bu da yığıb satır... İndi bizimkilər necə, deyirsiniz islandlardan geri qalsın?..
 Hacı, o gün qəzetlərdən bir xəbərdə oxuyuram ki, “Böhran ingilisləri soyundurdu”. Məsələnin məğzi belədi ki, İngiltərədə hökumətin dəstəyi ilə fəaliyyət göstərən bir şirkət işsiz qadınları erotik söhbət xətlərində işə dəvət edib. Şirkət İngiltərənin müxtəlif yerlərində yaratdığı ofislərdə qadınlara çılpaq, ya da yarıçılpaq vəziyyətdə erotik çatda işləmək müqabilində 700 sterlinq maaş təklif edib. Xüsusi internet saytında kamera qarşısında çılpaq vəziyyətdə istifadəçilərlə canlı söhbətlər quran qadınlar əvvəlki iş yerlərindəkindən daha çox pul qazanırlar. Saytda işləyən qadınların işsizlikdən bu yola əl atdıqları bildirilir.
 Ağzında ingilis deyirsən, hər vəziyyətdən çıxış yolu tapırlar. Deyirəm bəs bizim şou əhli hansı böhrana düşüb ki, elə bir ucdan soyunurlar? Nədən desəniz razıyam, amma işsizlikdən bu yola əl atmırlar. Bunun adı başqadı...
 ABŞ-ın Kanzas əyalətində deyəsən qurğuşun böhranıdı. Orada biri özünü və arvadını bir güllə ilə öldürüb. İşdən çıxarıldığı üçün ruhi böhran keçirən 70 yaşlı Qena Uitmor yuxuda olan həyat yoldaşının yanında uzanaraq bir güllə ilə özünü başından vurub. Uitmorun açdığı atəş nəticəsində başına girən güllə digər tərəfdən çıxaraq arvadının da başına dəyib. Orasını deyə bilmərəm ki, qocanın başının boşluğundanmı, arvadın bəxtindənmi güllə o tərəfə keçib, amma fakt belədi ki, keçib və işini də elə görüb ki, arvad da böhrandan canını belə qurtarıb.
 Deyəsən Yer cəhənnəm, göyü, kosmosu da böhran bürüyüb. A kişilər, günün günorta çağı Günəş sisteminin ən böyük planeti olan Yupiterin iki zolağından biri növbəti dəfə yoxa çıxıb. Planetin şimal və cənub yarımkürələrində olan zolaqlardan birinin yoxa çıxması planetin axırıncı çəkilən fotoşəkillərində aşkarlanıb. Astronomlar and-aman eləyirlər ki, axırıncı dəfə üç ay əvvəl Yupiter Günəşin arxa tərəfində gözdən itməmişdən əvvəl zolaq yerində idi. Alimlər isə bildiririlər ki, bu hadisə hər 10 və ya 15 ildən bir təkrarlanır, şimal və ya cənub zolağının yoxa çıxır, daha sonra yenidən peyda olur. Buna baxmayaraq bu qəribə hadisə elm üçün hələlik sirr olaraq qalır. Çox güman ki, ya Kosmosda da böhran olduğunu bildirəcəklər, ya da yəhudilər yenə İranın, Əfqanıstanın, ya da başqa bir müsəlman dövlətinin boynuna qoyacaqlar ki, onların işidi... Dərəbəylik dünyadı, pulu, gücü çox olan nə istəsə eləyir. Özünüz də görürsünüz ki, beynəlxalq qanunvericilik-filan hərləyən yoxdu...

Комментариев нет:

Отправить комментарий