21.05.2011

MASALLI SAKİNLƏRİ BAKIYA YÜRÜŞ EDƏCƏK

      Rayonun icra başçısının istefasını tələb edən YAP-çılar aksiyaya hazırlaşır



Masallıda yaşayan bir qrup vətəndaş rayonun icra başçısı Qəzənfər Ağayevin istefası tələbi ilə Bakıya yürüş edəcək. Aksiya Prezident Administrasiyası önündə olacaq. Bu barədə məlumatı qəzetimizə Masallıda yaşayan sakinlər deyiblər.
Məlum olduğu kimi, bir neçə gün öncə Masallının bir qrup sakini Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) mətbuat konfransı keçirdilər. Masallı Ziyalıları İctimai Birliyinin üzvləri keçirdikləri mətbuat konfransında Qəzənfər Ağayevin istefasını tələb etdilər. Əslində uzun müddətdən bəri ilk dəfə hansısa rayonun sakinlərinin öz başçılarının istefasını tələb etməsi səbəbindən bu hadisə cəmiyyətdə böyük rezonansa səbəb oldu.
Şikayətçilər Qəzənfər Ağayevin özbaşınalığından dözülməz həddə çatdıqlarını deyirlər. Başçının qanunsuz əməllərindən söz açan qurumun sədri Məmmədağa Eynullayev insanların üsyan həddinə çatdığını bildirib.
Sözügedən rayondan daxil olan məlumata görə, narazı sakinlər kütləvi etiraz aksiyasına hazırlaşırlar. Bu barədə redaksiyamıza məlumat verən sakinlərdən biri bildirdi ki, aksiyanın kütləviliyinə nail olmaq üçün bütün addımlar atılacaq: “Aksiyamızın nəticəsi olaraq Bakıya - Prezident Administrasiyasına yürüş edəcəyik. Və bu aksiya müxalifətin yox, YAP-çıların aksiyası olacaq”. Rayon sakini onu da bildirdi ki, etirazlarının tələbi dəyişməyib: “Biz icra başçısı Qəzənfər Ağayevin istefasını tələb edirik və o, vəzifədən getməyənə qədər durmayacağıq”.
Xatırladaq ki, rayon YAP-çıları icra başçısını həm də bir sahibkarın ölümünə səbəb olmaqda da ittiham edirlər. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, müraciətlərinə müsbət cavab almırlar.

Elmin BƏDƏLOV                          musavat.com

Комментариев нет:

Отправить комментарий