06.05.2011

Adil İsgəndərovun anadan olmasından 100 il ötür


Azərbaycan teatr və kinosunun elə görkəmli nümayəndələri var ki, onların həyat və yaradıcılığı sənət tariximizin ayrıca bir salnaməsi adlandırıla bilər. Bunlardan biri gözəl aktyor, böyük rejissor, ünlü pedaqoq və ictimai xadim Adil İsgəndərovdur. Teatr və kino sahəsində özünəməxsus yolu ilə fərqlənən xalq artisti Adil İsgəndərovun anadan olmasından 100 il ötür. Adil İsgəndərov oynadığı rollarla və çəkdiyi filmlərlə Azərbaycan kino tarixinə adını qızıl hərflərlə yazdırıb.

Adil İsgəndərov Gəncə şəhərində anadan olub. O da uşaq yaşlarını, belə demək mümkünsə, ənənəvi yaşayıb və elə ənənəvi ifadələrlə desək, teatra böyük maraq göstərib, dram dərnəklərində fəal iştirak edib. Və nəhayət, "niyyətin hara - mənzilin ora" zərb-məsəlindəki muradına yetişib. Cəfər Cabbarlının təşəbbüsü ilə Teatr texnikumunda təhsil alıb. Sonra isə Moskva Dövlət Teatr İncəsənəti İnstitutuna qəbul olunub. Vətənə qayıdandan sonra 26 yaşlı Adil İsgəndərov Akademik Milli Dram Teatrına baş rejissor təyin olunub. Daha sonra isə direktor təyin edilib və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaradıb. Sənətkar teatrda özünəməxsus sənət mühiti yaradır. Bir-birinin ardınca "Həyat", "Xoşbəxtlər" və başqa bu kimi ciddi əsərləri müvəffəqiyyətlə tamaşaya qoyur, gənc aktyor və rejissorlarin yetişməsində canlı universitet kimi fəaliyyət göstərir.

Heç təsadüfi deyil ki, o vaxtlar bu sənət ocağını "Adil İsgəndərov teatrı" adlandırırdılar. "Xanlar", "Fərhad və Şirin", "Aydın", "1905-ci ildə", "Dumanlı Təbriz", "Şərqin səhəri", "Otello", "Türkiyədə" və s. əsərləri də tamaşaya qoyan bu istedadlı rejissor səhnəyə həmişə yeni nəfəs, yeni ruh gətirib. Azərbaycan teatr sənətinin inkişafında böyük xidməti olan Adil İsgəndərovun yaradıcılığı üçün realizm, orijinal və təsirli ifadə vasitələri səciyyəvi olub.

Təşkilatçılığı, bacarığı və mükəmməl kadr seçiminə görə Adil İsgəndərovu "Azərbaycanfilm" kinostuduyasına direktor təyin edirlər. Onun kinoda ilk rejissor işi olan "Əhməd haradadır?" filmi təəssüf ki, Adil İsgəndərovdan qalan yeganə sənət nümunəsidir.

Adil İsgəndərov təkrarsız teatr rejissoru olmaqla bərabər, həm də istedadlı kino aktyoru, görkəmli kinematoqraf, kino xadimi idi. Onun "Ulduzlar sönmür" , "Qanun naminə", "Uzaq sahillərdə" və başqa filmlərdə yaratdığı obrazlar çox uğurlu və yaddaqalan olub, "Axırıncı aşırım"dakı Kərbəlayi İsmayıl rolu isə xüsusi mükafata layiq görülüb. Adil İsgəndərovun rəhbərliyi ilə çəkilən filmlər, yaratdığı obrazlar azərbaycan kinosunun şöhrət və inkişafının çox önəmli səhifələrini təşkil edir. 1943-cü ildə Azərbaycan SSRİ xalq artisti, 1959-cu ildə SSRİ xalq artisti adi verilən sənətkar, həm də Dövlət Mükafatı Laureatı və bir sıra orden və medallarla təltif olunub.

Görkəmli rejissor, istedadlı aktyor uzun illər Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyətlə də məşğul olub, yüzlərlə istedadli aktyor və rejissorun yetişməsində öz zəngin təcrübəsi, nümunəviliyi, intellekti ilə dövrünün ən şöhrətli, fenomenal müəllimi kimi tanınıb.

Adil İsgəndərov öz sənət sahəsinin, daha doğrusu, sahələrinin universal bilicisi və bələdçisi olub. O öz sənətinə möhkəm tellərlə bağlı bir sənətkar idi. Adil müəllimin Azərbaycan səhnəsi və kinosuna verdiyi bütöv bir püxtə nəsil - aktyor və rejissor kadrları "Adil İsgəndərov məktəbi" kimi şərəfli bir deyimlə də nəticələnib.

Azərbaycan xalqının teatr və kino yaddaşında həmişə canlı, təravətli, yaratdığı bədii surətlərilə yaşayası bir ad qalacaq: Adil Rza oğlu İsgəndərov! 

ANS PRESS

Комментариев нет:

Отправить комментарий