06.05.2011

Təzəxan Mirələmli: «Bülletenlərin saxta olduğunu Bayram Hüseynzadə haradan bilir?»


“Bu adam aprelin 2-dən işə gəlmir. Bir neçə dəfə ona xəbərdarlıq etdikdən sonra əmək intizamına görə onu işdən azad ediblər. Təhsil şöbəsinə təqdim edilən bülleten isə saxta olub. Hazırda o bülleten araşdırılır”. Bunu, Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə AXCP Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmlinin işlədiyi Fərzili kənd orta məktəbində işdən çıxarılmasına münasibət bildirərkən deyib. B.Hüseynzadə məsələ ilə bağlı Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri ilə danışdığını bildirib: “Onun əmrinin verilməməsinə gəlincə, təhsil şöbəsinin müdiri deyir ki, o insan ümumiyyətlə məktəbə gəlməyib. Əmri kimə verməlidirlər? Nə vaxt istəsə gedib əmrini götürə bilər. Biz şifahi olaraq elan edirik ki, sözügedən şəxs əmək intizamını pozduğu üçün tutduğu vəzifədən azad olunub”.
B.Hüseynzadə məsələni siyasiləşdirməyi əsassız saydığını da əlavə edib: “Çox qəribə bir ənənə yaradıblar. Əksər adamlar işdən azad olunandan sonra deyirlər ki, məni siyasi baxışlarıma görə azad ediblər. Araşdırmaq lazımdır ki, onların əmrində nə yazılıb. Ikincisi, Azərbaycanda bir qrup adam var ki, müxalifətçidir, cəbhəçi, müsavatçıdır deyə toxunulmaz adam olublar. Bunları nə işdən çıxarmaq olar, nə də məsuliyyətə cəlb etmək. Dərhal deyirlər siyasi baxışa görədir. Axı belə də olmaz. Əksəriyyəti qaydaları pozurlar. YAP üzvlərinə cəza da verilir, töhmət də. Onlar niyə danışmır? Bu fikirlər artıq köhnəlib, onların dediklərinə də heç kim inanmır. Bu cür siyasiləşdirmənin əhəmiyyəti yoxdur”.
T.Mirələmli isə bir daha xatırladır ki, aprelin 2-dən 29-na qədər xəstəliyi ilə bağlı bülletendə olub. Əlində bunu təsdiqləyən sənədlər də var: “Bayram Hüseynzadə bunu əmək intizamının pozulması kimi qəbul edirsə, bu, onun şəxsi fikridir. Mənim bülletenlərimin saxta olduğunu Bayram Hüseynzadə haradan bilə bilər? Əgər saxtadırsa, o zaman sənədi mənə verən səhiyyə müəssisələri məsuliyyət daşıyır. 

Həmin bülletenlərin əslini təhsil şöbəsinə təqdim etmişəm, surətləri isə özümdədir. Mən üzürsüz yerə dərs buraxmamışam. 
T.Mirələmli onu bildirib ki, əslində məsələni siyasiləşdirən hakimiyyət özüdür: “Mən neyləmişəm axı? Öz qanuni haqqımdan istifadə edib aksiyalara çıxmışam. Buna görə adamın başına belə müsibətlər gətirərlər?”. 
Hazırda Bakıda olan T.Mirələmli isə Cəlilabada ancaq vəkil tutandan sonra gedəcəyini bildirdi. Onun sözlərinə görə, əgər işdən çıxarılması haqqında əmrin surətini verəcəklərsə, 3 gün ərzində bu qanunsuz qərardan məhkəməyə müraciət edəcək. Verməyəcəklərsə, işdən çıxarılmasını yenə şifahi deyəcəklərsə, əmrin surətininin ona verilməsi üçün məhkəməyə müraciət edəcək.

Azadlıq qəzeti

Комментариев нет:

Отправить комментарий