07.05.2011

Brayza cevrilişlər yolu ilə Saakaşvili, Yuşenko və Bakiyevi hakimiyyətə gətirib


 “Azərbaycan, Gürcüstan və Ermənistanda “gül inqilabı” layihəsi bir neçə il qabaq hazırlanıb. Layihə Buşun vaxtında düzülüb-qoşulub və demokratiyanın Şərqə doğru genişləndirilməsi adlandırılıb”. Bunu SalamNews-un müxbirinə müsahibəsində Gürcüstan parlamentinin üzvü, Leyborist Partiyasının sədri Şalva Natelaşvili söyləyib.
Leyboristlər şəxsi mövqelərindən çıxış edərək, ABŞ Senatından Metyu Brayzanı Azərbaycana səfir kimi təsdiq etməməyi xahiş edib, eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevə Brayzaya aqreman verməməyə çağırıblar. Sizin çağırışınız eşidilibmi?
- Mən indi də cənab Əliyevə məsləhət görərdim ki, bu cür etsin. Cənab Brayzanın Bakıya səfir təyin edilməsi məsələsi həll ediləndə, mən Gürcüstanın Azərbaycandakı səfirliyinə zəng vurdum və Brayzanın öz davranışları ilə dəfələrlə Gürcüstana ziyan yetirdiyi barədə xəbərdarlıq etdim. İndi isə o, Azərbaycanı məhv edəcək. Bilmirəm onlar bu barədə Bakıya xəbər veriblər ya yox, lakin bu faktdır ki, Brayza Azərbaycanda səfir kimi fəaliyyətə başlayıb. Brayza əleyhinə erməni lobbisi də işləyib və bu halda onların maraqları Azərbaycanın maraqları ilə üst-üstə düşüb.
Amerika qanunlarına görə, əgər namizədlik Senatda uğursuzluğa düçar olubsa, ölkə prezidenti namizədi bir il müddətinə vəzifəyə təyin etmək hüququ var. Bu, Senatın tətildə olduğu vaxt mümkündür. Brayza məhz bu cür vəzifəyə təyin olunub. Onun namizədliyini Senat təsdiq etməyib. Qeyd etmək lazımdır ki, neo-konservatorlar, daha dəqiq desək, Makkeyn və Polşa əsilli müəyyən şəxslər Obama administrasiyasına çox güclü təzyiq ediblər. Respublikaçılar Konqresdə seçkilərdə qalib gələndən sonra Obama rəqib partiyaların və neo-konservatorların maraqlarını nəzərə almağa məcbur olub. Cənab Brayza da bu qrupa daxildir. Lakin cənab Əliyevin səfirə aqreman verməsi böyük maraqlar doğurur.
Bu yaxınlarda sizin partiyanın nümayəndələri bəyan ediblər ki, "fırıldaqçı" Brayza İlham Əliyevi devirmək istəyir. Nəyin əsasında bunu iddia edirsiniz?
- Ona görə ki, cənab Brayzanın ixtisası çevrilişlər etməkdir. Buna sübut kimi Saakaşvilinin Gürcüstanda, Yuşşenkonun Ukraynada, Bakiyevin Qırğızıstanda hakimiyyətə gəlməsini göstərmək olar. Düzdür, sonuncular artıq devriliblər, lakin vaxtı ilə onları Brayza hakimiyyətə gətirib. O, 2003-cü ilin noyabr seçkilərində bunu edə bilməyib, lakin cəhd göstərib.
Yeri gəlmişkən, Metyu Brayzanın Con Makkeyn başda olmaqla ABŞ-ın ən konservator dairələri ilə əlaqəsi var. Gürcüstanın maraqlarında isə Qafqazda sabitliyin qurulmasıdır.
- "Fırıldaqçı" adlandırdığınız Brayza bu prosesə mane olmaq istəyir?
- Bəli. Brayza, Saakaşvili, Bokeriya, Merabişvili, Adeişvili bir komandadırlar və çevrilişlərdə ixtisaslaşıblar.
Bu günlərdə sizin partiyanın baş katibi Soso Şatberaşvili bəyan edib ki, Azərbaycan mətbuatında Metyu Brayzanın Mixail Saakaşvili və Milli Təhlükəsizlik Şurasının katibi Qiqa Bokeriya ilə görüşü barədə məlumat yayılıb və görüşdə Azərbaycan prezidenti İlham Əliyevin vəzifədən uzaqlaşdırılmasının ssenarisi müzakirə olunub. Bu məlumat nə dərəcədə həqiqətə uyğundur? Bu məlumatı yoxlamısınızmı?
- Bizim müəyyən məlumat mənbələrimiz var ki, adlarını çəkə bilmərik. Təkrar edirəm ki, Azərbaycan, Gürcüstan və yeri gəlmişkən Ermənistanda “gül inqilabı” layihəsi bir neçə il qabaq hazırlanıb. Buşun vaxtında bu layihə genişlənib. Bizdə, Ukrayna və Qırğızıstanda baş verən “gül inqilabı”ndan sonra ABŞ-da “Keçid demokratiya layihəsi” adlı qeyri-hökumət təşkilatı yaradılıb. Təşkilatın prezidenti ABŞ Dövlət Departamentinin yenidənqurma və sabitləşmə şöbəsinin koordinatoru Karlos Paskual olub. 2005-ci ildə o, “qeyri-sabit və təhlükəli” ölkələr siyahısında daha bir ölkənin da peyda olduğunu elan edib.
Həmin vaxt Paskual açıqlayıb ki, bundan sonra ABŞ-ın kəşfiyyat idarələri hər 6 aydan bir 25 ölkədən ibarət siyahını yeniləyəcək. Vaşinqtonun nəzərinə görə, bu ölkələrdəki vəziyyət ABŞ-ın müdaxiləsini labüd edə bilər. Bu ölkələrdə “gül inqilabları” təşkil etmək üçün milyardlarla dollar ayrılıb. Bakı və İrəvanda bu təcrübəni həyata keçirə bilmədilər, lakin Tiflisdə Şevardnadzenin passivliyi ucbatından bunu başa gətirdiər. Şevardnadze toxunulmazlıq və şəxsi əmlakın saxlanması müqabilində hakimiyyəti cavan fırıldaqçılara verdi.

Комментариев нет:

Отправить комментарий