21.05.2011

GORANBOYLU MƏMURLAR BAKIYA İSTİNTAQA ÇAĞIRILDI

“60 min dollar sizə bəs etmədimi, gecələr evə də zəng vurub pulun qalanının nə yerdə olduğunu soruşurdunuz”


Baş həkimin intiharında suçlanan rayonun icra başçısı ölkəni tərk edib



Goranboyda intihar edən rayon mərkəzi xəstəxanasının sabiq baş həkimi Faiq Abdullayevin işi ilə bağlı yerli məmurlar Bakıya çağırılaraq istintaqda dindirilir. Bu barədə “Yeni Müsavat”a rayon sakinləri məlumat verib.
Məlumata görə, Goranboy Rayon İcra Hakimiyyəti (RİH) başçısının I müavini Baxış Abdullayev, icra başçısının elm, təhsil, mədəniyyət və səhiyyə məsələləri üzrə müavini Elçin İsmayılov bir neçə gün öncə F.Abdullayevin ölümü ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq dindirilib. Goranboy rayon mərkəzi xəstəxanasının baş həkimi Rüstəm Budaqovun və Goranboy Rayon Maliyyə İdarəsinin rəhbəri İltifat Sadıqovun da srağagün adıçəkilən idarəyə çağırılaraq sorsu-sual edildiyi bildirilir.
Əldə etdiyimiz məlumata görə, Goranboy RİH başçısı Nizaməddin Quliyev də istintaqa çağırılıb. Amma onun ölkədə olmadığı üçün hələlik dindirilmədiyi deyilir. Sakinlərin dediyinə görə, N.Quliyev 10 gündən çoxdur ki, rayonda yoxdur. Onun xaricə getdiyi və bir həftədən sonra ölkəyə qayıdacağı bildirilir. Sakinlər onu da əlavə etdi ki, RİH-dən N.Quliyevin xaricə təcrübə keçməyə getdiyini deyiblər.
Dünən bu xəbərlə bağlı F.Abdullayevin həyat yoldaşı Gülnarə Abdullayeva ilə əlaqə saxladıq. O, “Yeni Müsavat”a bildirdi ki, adıçəkilən məmurların istintaqa çağırılması haqda onda da məlumat var.
Məlumat üçün bildirək ki, F.Abdullayevin işi ilə bağlı başlanan cinayət işi aprelin 18-də rayon prokurorluğundan alınaraq araşdırılması üçün Baş Prokurorluğa verilib. Cinayət işi hazırda orada araşdırılır. İş Goranboy Rayon Prokurorluğunda olarkən Baxış Abdullayev, Elçin İsmayılov və Rüstəm Budaqov ora çağırılaraq dindirilmişdi.
Gülnarə Abdullayeva həyat yoldaşının intihar etməsi faktının araşdırılmasından razı qaldığını söylədi. O, bir neçə gün öncə ANS-in həyat yoldaşının ölümü ilə bağlı ondan müsahibə götürdüyünü və efirə verildiyini də söylədi. Qeyd edək ki, G.Abdullayeva ərinin ölümündə Goranboy RİH başçısı Nizaməddin Quliyevi günahlandırmışdı. Hadisə baş verən gün yüzlərlə goranboylu xəstəxanaya toplaşarkən N.Quliyev və B.Abdullayev hadisə yerinə gediblər. İcra başçısı və müavininin ora gəldiyini görən mərhumun həyat yoldaşı üzünü onlara tutaraq “60 min dollar sizə bəs etmədimi, gecələr evə də zəng vurub pulun qalanının nə yerdə olduğunu soruşurdunuz” deyib. G.Abdullayeva həyat yoldaşının ölümündən sonra N.Quliyevin onların üstünə bir neçə adam göndərərək bu işdən əl çəkmələri üçün təzyiq etdiyini, icra başçısının onlara 60-70 min manat ziyan vurduğunu da söyləmişdi.
Xatırladaq ki, martın 4-də F.Abdullayev xəstəxananın pediatriya şöbəsinin yerləşdiyi binanın 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. Faktla bağlı CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. F.Abdullayev 7 il həmin xəstəxananın baş həkimi işləyib. 2009-cu ilin sentyabr ayında rayona icra başçısı təyin edilən N.Quliyev ötən ilin mayında mərhumu işdən çıxarıb. F.Abdullayev isə xəstəxananın travmatologiya şöbəsində həkim kimi işini davam etdirib. G.Abdullayeva da orada pediatriya şöbəsində həkim işləyir. Qarabağ müharibəsində iştirak edən F.Abdullayevin qardaşı Natiq Abdullayev Qarabağ müharibəsində şəhid olub.
Dünən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu məsələ ilə bağlı “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirdi ki, F.Abdullayevin intihar etməsi faktı ilə bağlı Goranboy Rayon Prokurorluğunda CM-in 125-ci maddəsi ilə başlanmış iş üzrə ibtidai istintaq hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində davam etdirilir: “Qeyd edilən cinayət işi üzrə mərhumun həyat yoldaşı Gülnarə Abdullayevanın Baş Prokurorluğa daxil olmuş şikayət ərizələri cinayət işinin materiallarına əlavə olunub. Müraciətdə göstərilən xüsusatlar da daxil olmaqla iş üzrə tam, hərtərəfli və obyektiv istintaq hərəkətləri həyata keçirilməklə qanuna müvafiq qərarın qəbul edilməsi təmin ediləcəkdir”.
E.Sultanov həmin cinayət işinin istintaqının Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürüldüyünü dedi.
Yazı ilə bağlı adıçəkilən məmurların da mövqeyini çap etməyə hazırıq.

S.KAZIMLI                                 musavat.com

Комментариев нет:

Отправить комментарий