15.05.2011

Gözəllik – 250 Volt

Nərmin Kamal


Bir elmi konfransdayam. Konfrans zalının sağ divarında iri bir güzgü var. Burada aspirantlar - üç qız, çoxlu oğlan oturub. Oğlanlar hüquq sahəsindəki bir mövzuda qızğın müzakirə aparırlar: xarici ölkələrdəki əmlakın idarə olunması necə tənzimlənməlidir. Qızlardan biri dönüb güzgüyə baxır. Görəsən, çıxışqabağı necə görünür? O biri qız əlini çantasna salaraq ətir şüşəsinin düyməsini barmağına sıxır, sonra həmin barmağı qulağının arxasına sürtür. Dəqiqələr keçir. Hüquqşünasların söhbəti qızışıb, axı xarici ölkə vətəndaşı ilə evli olan Azərbaycan vətəndaşının əmlakı boşanarkən əgər nikah müqaviləsi yoxdursa, hansı ölkənin qanunları ilə tənzimlənməlidir. Bayaq ətirlənən qadın gözucu güzgüyə baxır və üzünü kişilərə tutaraq ciddi tərzdə fikrini deməyə başlayır. Arada üzr istəyərək, onun sözünü kəsib başqa hüquqi bir məsələdə haşiyə çıxırlar. Bu haşiyənin yaratdığı fasilədən istifadə edərək, qadın qulağı həmsöhbətində, gözucu yenə güzgüyə boylanır...

Televizora baxıram. Verilişdə qadınlar və kişilər bir böyük hədiyyə uğrunda yarışırlar. Kişilər yarışmaqdaykən, kimin haqlı, kimin haqsız olduğunu dartışmaqdaykən qadınlar tez-tez studiyadakı ekrana baxırlar, görəsən, tamaşaçıların gözünə necə görünürlər.

Tanıdığım bir 19 yaşlı gənc qız etiraf edir: “Ayy nişanlımla küçədə gedirəm, o mənə danışır ki, ailə necə olmalıdır, mənim gözüm mağazaların pəncərələrindədir; görüm harda nə qədər endirim var, mağazanı yadımda saxlayım, sonra gələrəm həmin endirimli dükanlara. Nişanlım hirslənib deyir: “mən səninlə ciddi söhbət eləyirəm, sənin fikrin hardadır?” O, başa düşmür ki, mənə gələn görüşümüz üçün yeni, başqa paltarlar lazımdır, sonrakı görüşümüz üçün isə bir başqa, lap yeni...”

Avropada bir kitab dükanında “Qadın dünyası” yazılmış çox rəfli bir divara yaxınlaşıram. Qadın yazarlar gözəl görünmək üçün məsləhətlər yazıblar kitab-kitab! “Uğur qazanmağın sirri” – birinin adı belədir.


Yuxarıdakı nümunələrin sayını çox artırmaq olar. Nə qədər artırsaq, qarşımızda bir o qədər qadınların gözəllik uğrunda çabalamaları mənzərəsi açılacaq. Qadınlar gözəl görünmədikləri günlərdə görüşə getmirlər, qadınlar gözəl görünməyəndə qanları qaralır, həyat eşqləri öləziyir, qadınlar gözəl görünməyəndə özlərinə əminlikləri itir...

Gözəl görünmək qadının bir nömrəli qayğısıdır. Bu, elə bir qayğıdır ki, qadını daim gərginlikdə tutur. Qadınla həyatın bir çox vacib sahələrinin, elmin, fəlsəfənin, hüququn, konfransın, yarışmanın arasına girir; kişi “Logos”-un mənasının Zəkadan Dilə sürüşməsinin fəlsəfi təfərrüatını düşündüyü vaxt qadın elə hey başqalarının – kişilərin və qadınların onun üzünə, bədəninə baxarkən nə görəcəyini düşünür.

Sanki gözəllik, gözəl görünmək uğrunda bu əbədi canatma onları tovlayıcı bir iblisdir.

Nədən kişilər bu böyük qayğının yükü altında, bu gərginliyin naqilləri arasında deyillər, qadınlarınsa fikri yarışmaya, konfransa tam konsentrə ola bilmir, gözləri görkəmlərində qalıb?!

Mən dünyaya gələndən qadınları bu çabalamada görmüşəm, ola bilərmi ki, mən doğulmazdan əvvəl də belə olub, üç əsr əvvəl də, yeddi əsr əvvəl də?! Üstəlik, sadəcə bu səbəbdən qadın filosoflar, qadın hüquqşünaslar olmayıb? Ərinin corablarını yumaqdan, uşaqlarını yedirdib yatırdıb, yenə yedirtməkdən vaxt tapan kimi qadın güzgünün yanına qaçıb... Kimsə onu “çirkin” deyib pisikdirməsin deyə, kitabı gözünün qarşısına tutmaqdansa başının üstünə qoyub. Elə yeriyib. Necə addımlasın ki, kitab yerə düşməsin.

Uşaqlar, böyüklər, qadınlar, kişilər – hamı anadangəlmə bir mütləq həqiqətə inanır ki, qadın gözəl görünməlidir, gözəl görünmürsə pis qadındır. Hamı gözəlliyi bir zəruri öhdəlik kimi doğulandan qadınların boynuna qoyur. Qadınlar haqda ən çox bu mühakiməni edirlər. Adından sonra qadın haqda ikinci məlumat kimi bu gəlir: “gözəldir”, “yox əşi harası gözəldir” və s. Bu mühakimələr qadınları mühasirəyə almışdır!

Fikri, düşüncəsi daim, fasiləsiz olaraq, gözəl görünmək qayğısı ilə çırpınan, mağazaları, salonları bu səbəbdən gəzməkdən yorulmayan, gözləri bu dünyadan çox öz güzgüdəki əksini görən zavallı qadının zəkası elmə, fəlsəfəyə sizcə, ixtira, kəşf, traktat bəxş edə bilərmi? Bir halda ki, ondan heç bunu uman da yoxdur. Ondan bir şey umurlar: “filankəs daha gözəldir”, “filankəsin kipriyi bəhmənkəsdən daha uzundur”. Qadınları bu gülməli yarışmaya kimlər, nə vaxt, niyə batırıb?..

Burda yazını bitirməyim o demək deyil ki, sual cavablanıb. Qadınları bu gülməli yarışmaya kimlər, nə vaxt, niyə batırıb? Lütfən bu sualı düşünün, bu suala cavab yazın, mən cavablarınızı bir gözüm güzgüdə oxuyacağam...

Bir dəfə belə bir foto görmüşdüm və bu foto məni çox təsirləndirmişdi. Saçları dağınıq, boz paltarlı, üzü qaşqabaqlı çox gənc bir qadın ətəklərini yığıb, dizlərini döşəmənin üstünə qoyaraq pol əskisi ilə taxtanı silir. Və altında indi adını xatırlamadığım bir avropalı müəllif yazıb: “Necə göründüyünün fərqində olmayan qadın gözəldir”.

Комментариев нет:

Отправить комментарий