06.05.2011

JURNALİSTLƏR və "MÖBİUS LENTİ"


Aprel ayının 28-i idi. Xalqımız həmin günü Sovet rejiminin işğalı günü kimi yada salırdı. Bəzi mətbuat orqanları da öz səhifələrində bu mövzu ilə bağlı məqalələrə yer verirdi. Bizim də gözlərimiz ölkədəki informasiya saytlarına dikilmişdi. Amma gözlənilmədən diqqətimi bir məlumat cəlb etdi. "Yeni Müsavat" qəzetinin jurnlisti yazırdı: “Polislər məni və "Azadlıq" qəzetinin reportyorunu tanımadığımız yerə gətirib buraxıblar. Yerli sakinlərdən də soruşuruq ki, bura haradır? Əməlli-başlı cavab verən yoxdur". Jurnalist xəbər verirdi ki, ha edirlər, amma o yerlərdən çıxa bilmirlər. Xəbəri oxuyan kimi əvvəl öz-özümə güldüm. Bu gülüş - acı bir gülüş idi. Axı dünyanın hansı ölkəsində jurnalistlərə və sadə vətəndaşlara bu cür münasibət sərgilənir?

Sonra dərin düşüncələrə qərq oldum. Bizim asayiş keşikçilərimiz elə-belə iş görməz. Bu hərəkəti ilə nəsə xüsusi iş görüblər. Jurnalistləri niyə məhz naməlum məkana aparıblar? Ora haradır? Kimlər yaşayır oralarda? Xatırlayırsınızsa, bir neçə il bundan əvvəl də həftədə - iki həftədən bir mitinqçiləri qrup-qrup maşınlara mindirərək şəhərdən kənara aparırdılar. Onlar da giley edirdi ki, naməlum məkana aparıblar onları.

Elə bu analogiya bizdə güclü araşdırmaçı hissinə rəvac verdi. Ən mühümü də, jurnalistlərin bu gedər-gəlməz məkanının adının belə öyrənə bilməmələri, yerli sakinlərin də yaşadıqları yer barədə məlumat verməkdə aciz olmaları, üstəlik də jurnalistlərin bütün cidd-cəhdlərinə baxmayaraq, həmin yerdən çıxa bilməmələri – bütün bunlar bizi əməlli-başlı əndişələndirmişdi. Düşdük bu işin arxasınca. Ha çalışdıq, bir mötəbər məlumat hasil edə bilmədik. Qərara gəldik ki, məlumat axtarışlarımızı coğrafi axtarışlarla gücləndirək...

...Bir xeyli yol qət edəsi oldum. Maşınlarla, piyada, ictimai nəqliyyatla və s. Axtarışların yorğunluğundan yolkənarı bir kölgəliyə verdim özümü. Araşdırmamın mövzusu üzərində düşünə-düşünə, dərin bir fikrə daldım.

Bir də gördüm yanımda ixtiyar bir qoca əyləşdi. Salamdan-kəlamdan sonra, hara yetişdiyimi soruşdum. Ağsaqqal başını bulaya-bulaya, dərindən köksünü ötürdü. Gözləri yaşardı. “Eh, ay bala, bilsəydim bura haradır, nə dərdim vardı”, - deyə qəribə bir cavab verdi. Mən ondan nədən kövrəldiyinin səbəbini soruşduqda, ağsaqqal bir daha dərindən köksünü ötürüb, hekayəsinə başladı...

Adı Səftər olan bu kişi bildirdi ki, artıq 17 ilə yaxındır ki, bu məntəqəyə gəlib. Daha doğrusu, razılaşdırılmamış aksiyalardan birində iştirak etdiyi üçün, polis maşınına mindirib, gətirib burada düşürüblər. O da ha çalışıb, buradan çıxış yolu tapmayıb. “Gündə 20-30 kilometr yol qət edirdim, amma elə çıxdığım yerə qayıdırdım. Gen dünya dar olub mənim üçün. Tofiq balam görəsən evləndimi? İndi onun artıq 38 yaşı var. Əyyub qardaşım ev tikirdi özü üçün. Görəsən necə alınıb?”.

Açığı, bir az duruxdum. Dedim yəqin gün vurub ağsaqqalı, yorulub, nəsə qarabasması-zadı var. Ağsaqqal isə sözünə davam edərək deyirdi: “Cəmi 52 yaşım var idi bura gələndə. Laboratoriya müdiri idim Elmlər Akademiyasının nəzdindəki institutda. Yadımda da deyil, nə səbəbə, bir gün çıxdım razılaşdırılmamış bir piketə. Maşına otuzdurub, polis gətirdi buraya, düşürüb getdi. İndi artıq 69 yaşını haqlamışam. Amma baxan deyir 90 yaşım var. Hamısı da dərddən-fikirdən...”.

Məni narahatlıq bürüməyə başladı. “Bu kişinin qarabasması nə uzun çəkdi?! Özü də necə rahat düzüb-qurur sözlərini. Sanki publisistdir” - düşünərək, maraq və nigarançılığın arasında qalan bir durumda ağsaqqalın sözlərinə diqqət etdim.

“Əvvəlinci həftələr ümidimi qırmırdım. Ha çalışırdım bir yerə yetişim, amma həmin yerə qayıdırdım. Sonra başladım adamlara rast gəlməyə. Onlar da çıxış yolu aramaqda idilər. Kimi dindirirdin, deyirdi mitinqdən tutub gətiriblər, çıxa bilmirəm buradan. Bir müddət sonra yolun qıraq-bucağındakı cır mer-meyvəni yeməkdən yorulduq. Keçidən-qoyundan tutub əhilləşdirən kim, bağ-bostan salan kim. Eləcə o zamandan burada qaldıq. Mən də dülgərliyi öyrəndim. İndi əməlli-başlı ustayam. O vaxtdan artırıq ki, azalmırıq”.

Mənim narahatlığım daha da artdı. “Ağsaqqal məzələnənə oxşamır axı”, - düşünərək, panikaya yaxın bir halətdə vidalaşıb, yola döndüm. Bir 3-4 kilometr getmişdim ki, 4 yorğun jurnalistə rast gəldim. Dedilər aprelin 2-dən buradadırlar. Nigarançılığım son həddə çatdı. “Bunlar hamısı sözü bir yerə qoymayıb ki, məni şaşırtsınlar!” fikri beynimi dəlirdi.

Çox dolaşdım, rastıma çıxanlardan kimisi 90-cı illərdə, kimisi 2000-də, kimisi 2001-də və beləcə bu günlərədək bu yerdə məskun olmuşlar. Fantasmaqorik bir mənzərə ilə rastlaşmışdım. Sən demə, bu illərdə keçirilən aksiyaların aktiv iştirakçıları tədricən bu balaca məntəqədə məskunlaşıblar.

Çox atdım-tutdum, belə bir qənaətə gəldim ki, bu məsələ ilə bağlı dəqiq bir məlumat əldə etməsəm, vəziyyətim yaxşı olmayacaq. Müraciət edə-edə, çalışdım bir başbilən tapım ki, mənə izah versin. Axırda bir yaşlı kişinin yanına gətirdilər. Hamı onu “professor” deyə çağırırdı. Mən problemimi ona danışdım. O, eynəyinin qalın şüşələrinin arxasından mənə baxaraq, məsələni açıqladı...

Sən demə, burada elmdə “Möbius lenti” adlanan bir effekt baş verir. Məhz bu səbəbdən buradan heç kəs çıxa bilmir. Mən “Möbius nədir?” soruşdum. “Professor” başa saldı ki, "Möbius lenti" həndəsi qaydada uzun lentin bir ucunu 180 dərəcə əyib digər ucu ilə birləşdirilməsinə deyilir. İlk dəfə 1861-ci ildə Johan Benedikt Listinq tərəfindən kəşf edilmişdir. Dörd ildən sonra isə Auqust Ferdinand Möbius adlı alim araşdıma apararaq "Möbius Lenti"nin nə olduğunu dünyaya çatdırmış və lentin birüzlü olduğunu açıqlamışdır. Normal halda hər bir lentin iki üzü olur. Lakin "Möbius Lenti"nin bir üzü vardır. Yəni həmin lentin üzərindəki bir nöqtədən hərəkət etməyə başlasanız, yenidən həmin nöqtəyə qayıdacaqsınız. Burada da məkan necəsə olub ki, “Möbius lenti” effekti əsasında qurulub.

Mən bir müddət mat-məəttəl qulaq asaraq, eşitdiklərimi beynimdə yerbəyer etməyə çalışdım. Əcəba, mənim axtarışlarım məni gör hara çatdırdı! Bəs maraqlıdır, görəsən bizim asayiş keşikçiləri bu "Möbius Lenti"nə bənzəyən məntəqəyə mitinqçiləri və jurnalistləri buraxanda özləri necə çıxır buradan?

Elə bunu fikirləşirdim ki, qəfil siqnal səsinə dik atıldım. “Ay yoldaş, burada nə edirsən? Sənədlərin varmı?” deyən asayiş keşikçisinin mülayim və nəzakətli xitabı məni reallığa qaytardı.

Sən demə, yolkənarı kölgəlikdə yuxu tutubmuş məni. Ürəyimdə: “Gəl indi buna başa sal ki, “Möbius lenti”ni axtarıram” deyərək, yan cibimdən jurnalist vəsiqəmi çıxarmağa başladım... 

HADİ MÜNTƏZİR                         Deyerler.org

Комментариев нет:

Отправить комментарий