06.05.2011

ZABİT VƏ 20 QƏPİK


Əslində, əsgərlikdən yazmaq istəmirəm. Düzdür, oradan çox xatirələr var. Hərdən dostlarla hisslərimizi bölüşürük. İnsanı bir anlıq oralara aparır. Amma oralara qayıtmaq da istəmirəm. Ona görə yox ki, xidmət yaxşı deyil. Ona görə ki, sadəcə insan özünü insan kimi hiss etmədiyi yerə qayıtmaq istəmir.

Açığı, müharibə şəraitli bir ölkə olduğumuzdan məcburi hərbi xirmətin tərəfdarıyam. Üstəlik bunu vətən borcu kimi qəbul edirəm. Ancaq orada olan özbaşınalıq və absurdluq insanı özündən elə çıxarır ki, vətən, borc, amal, məqsəd unudulur. İstər əvvəlki əsgərlərin təzə əsgərlərlə davranışı, istər şərait, istər insanlararası münasibətlər – bunlar heç bir normaya əsaslanmır. Və nəhayət, zabit.

Gözəl, savadlı, ağlı başında zabitlər də var. Amma onlar samanlıqda iynə kimidirlər. Əksərən “zabit” sözünün arxasında böyük bir ürək yanğısı durur. Harada zabit görürsən, qaçırsan. Bu şərəfli peşənin daşıyıcısı olmaq nə qədər məsulliyyətlidirsə, mənim gördüyüm zabitlərin əksəriyyəti bu məsuliyyəti bir o qədər anlamır. Nəhayətdə əlinə silah alan kimi əsgər özünü vurur. İntihar edir. Təkcə o yadımdadır ki, əsgərliyimin 35-36-cı günü idi, artıq 7 əsgərin intihar xəbərini eşitmişdim. Yeni əsgər üçün bu məlumat şok hesab edilə bilər. Və sonra günlər keçdikcə nəyə görə belə hadisələrin baş verdiyini anladım.

Mövzudan yayımaq istəməzdim. O gün avtobus dayanacağında durmuşdum. Yanımda bir zabit də dayanmışdı. Rütbəsi polkovnik-leytenant idi. Birdən yerdə 20 qəpik gördü və onu cəld bir şəkildə götürüb ətrafına baxa-baxa cibinə qoydu.

Geniş bir təəssüf hissi keçirdim. Hadisəyə görə yox. Yerdən iyirmi qəpik götürməyin eyibliyini də vurğulamıram. Bunu necə formada etməyin eybəcərliyinə də diqqət çəkmirəm. Sadəcə, əsgərlik düşdü yadıma. Bu rütbədən qat-qat aşağıların qarşısında “farağat”da durduğum düşdü yadıma. Onların özlərini ağa kimi aparması düşdü yadıma. Qışın günündə özü içəridə isti çay içə-içə əsgərləri istiyə həsrət qoyan və bundan zövq alan zabitlərim düşdü yadıma. “Evdəkilərə denən mənə kontur göndərsin” deyə dilənən zabitlərim düşdü yadıma. Yatan adamı düşmənə vurula bilən təpiklə oyadan zabitlərim düşdü yadıma. Qarın soyuğunda gecə saat üçdə sərxoş halda gələn, bütün bölüyü qaldırıb ayaqyalın, başaçıq qarın üstündə saxlayan zabitlərim düşdü yadıma...

Özlərini bölüyün, taborun, hərbi hissənin tanrıları hesab etmələrinə təəccüb edərdim həmişə. “Bu forma əynindədirsə, mənim qulumsan” fəlsəfəsi zabitlərin düşüncəsini həbs edib. Çiynindəki ulduzların sayı çox olanların az olanlara əskik insan kimi baxmaları, hər bir dəyərsizliyin dəyər olması insanı özündən bezdirə bilir.

O vaxt o zabitlər yerdəki 20 qəpiyi belə götürməzdilər. Səni ayağının altına uzandırardı, söyə-şöyə, döyə-döyə sənə götüzdürərdi. Hətta 5-10 dəfə “olmadı” deyib, səni bezdirərdi. Sonra da qəpiyi götürüb sənə də ağır bir minnət qoyub gedərdi, bəlkə də. 

Mən inanc insanlarının əziyyətinin digərlərinə nisbətdə 2-3 qat olduğundan danışmaq da istəmirəm. Namazda insana təpik vuran, oruc olan insanın boğazına su tökən, cibində Quranı görəndə sankı qumbara görərcəsinə reaksiya verən, onun əmri olsa da yalan danışmadığına, başqa bölükdən silahın hissəsini oğurlamadığına görə əsgəri şəxsi heyətin qarşısında təhqir edən, vuran zabitin nəyindən danışasan axı...

Qeyd etdiyim kimi, əsl zabitləriz də var idi. Əsgər olanda tağım komandirim leytinant Fərzəliyev, çavuş olanda tağım komandirim leytinant Əliyev kimi. Həqiqi zabit idilər. Bax onlarla müharibəyə getmək olardı.

Bir də məcburi adımın yazıldığı çavuş kurslarında oxuyanda igid Azərbaycan zabiti, "İgidliyə görə" medalı ilə təltif edilmiş, şəhid Fərid Əhmədov bizə təlim keçib. Kəşfiyyat qrupunun fəaliyyəti barədə məşqlər edirdik. Onunla çox yaxın ünsiyyətdə olmuşam. Əsl zabit idi. Bizimlə “zabit” kimi yox, Zabit kimi davranırdı... Əsl zabit kimi...

Allah ona və onun kimi həqiqi zabitlərə rəhmət eləsin! 



Xəqani Səfərov                           deyerler.org

Комментариев нет:

Отправить комментарий