06.05.2011

YENİ TƏYİNAT SÖHBƏTİ, YOXSA NÖVBƏTİ BAŞDAN ELƏMƏ?


Son zamanlar hicabla bağlı yaranan narahatçılıq bizim məmurların bir çox gizlədilmiş nöqsanlarını ortaya çıxardı. Ardıcıllığı, yəni xronologiyanı qorumaq üçün bir az əvvəldən başlayaq. Bu problem ortaya çıxanda birinci səs-küy saldılar ki, bu demokratiyadır və insanlar, daha dəqiq desək xanımlar istədiyi kimi geyinmək hüququ vardır. Sonradan kütləvi şəkildə müzakirəyə çıxarılaraq bunun heç bir hüquq pozuntusu olmadığını, əslində hicab qadağası qoyanların özlərinin insan və vətəndaş hüquq və azadlıqlarını pozduğunu özləri ortaya çıxardı. Doğrudur, bu məsələni etiraz keçirmək yolu ilə qeyd edənlər oldu. Amma onlar barəsində deyim ki, qanuna müvafiq olaraq onların sərbəst toplaşmaq hüququ vardır. Bu barədə yalnız müvafiq icra hakimiyyəti orqanına yalnız xəbərdarlıq edilməlidir, icazə yox!
Bu biabırçılıqlarını birtəhər ört-basdır edib, başqa bir mövzu çıxartdılar ki, guya mərkəzdən bununla bağlı heç bir xüsusi tapşırıq verilməyib ki, dərsə buraxılmasın. Yəni dəqiq desək, bu qadağanı qoyan məktəb direktorlarıdır, biz bu barədə heç bir söz demirik. Hə, onda qayıdaq yuxarıdakı məsələyə. Deməli əvvəl dediklərini indi təkzib edirlər. İndi bizi başa salsınlar görək, bunlardan hansı düzdür? Deyək ki, əvvəlkini unudub, hələ üstündən Yeni İl bayramlarının suyunu da içiblər və indi dedikləri düzdür. Yaxşı, onda belə bir sual: siz necə səlahiyyətli şəxssiniz ki, tabeliyinizdə olan şəxslərə təsir imkanına malik deyilsiz?! Yəni, sizə tabeliyinizdə olanlar qanunu pozur, siz də buna biganə yanaşırsınız? Yəqin ki, aidiyyatı qurumdan bir nəfər rəsmisi buna cavab verəcək inşaallah?

İndi keçək onların yaratdığı mövzunun digər tərəfinə: bu yaxınlarda televiziyada da aidiyyatı qurumun rəsmi şəxslərindən birinin çıxışında qeyd etdi ki, bundan sonra məktəb direktorlarını özləri təyin edəcək. Mən başa düşmədim, indiyənə kimi kim təyin edirdi?! Bəlkə, qonşuluğumuzda yaşayan Əflatun dayı altdan-altdan məktəblərə direktor təyin edirmiş, bizim xəbərimiz yoxdur?! Əgər inzibati və idarəetmə hüququnu vaxtında əməlli-başlı oxusaydınız, mərkəzi icra hakimiyyəti orqanın işçilərinin təyin olunduğunu bilərdiniz. Siz çox yaxşı bilirsiz!

Bu azmış kimi, sonra da qeyd edirlər ki, bu gündən etibarən hər bir məktəbin öz nizamnaməsi olacaq. Əzizlərim, məktəblər aidiyyatı qurumun təsdiq etdiyi əsasnamə nümunəsi formasında öz nizamnamələrini təsdiq edirlər. Bu ki, yeni söhbət deyil!

Yox, bəlkə məktəblər xaqanlıqlar kimi parçalanmağa doğru gedir və direktorlar da onun şahı təyin olacaq? Mən bilirəm, bu söhbətin ardınca nə gələcək. Deyəcəksiz ki, məktəblər və onların direktorları sərbəstdirlər və onlar istənilən qərarı qəbul edə bilərlər. Sabah da özlərini ağa çıxartmaq istəyirlər. Belə olmaz, siz qorxmursuz ki, xaqanlıqlar (məktəblər) mərkəzi idarəyə tabe olmaqdan boyun qaçırırlar və şahlar (direktorlar) sabah sizi belə saymaya bilər? Mərkəzləşdirilmiş sistem üzrə (yuxarıdakı mövzu) siz onlara sözünü deyə bilmirsizsə, sabah müstəqil olsa, necə olacaq?

Deməli, direktor sərbəstdir və sabah elan edəcək ki, bu gündən dərsə oğlanlar başlarına göy, qızlar isə qırmızı rəng qoyub gəlsinlər, əks halda dərsə buraxmayacam! Əhsən!

Yaxşı, bütün ardıcıllığı qoyum qırağa və bunu dəqiqləşdirməyə çalışım ki, tutaq ki, indiyə kimi direktorları siz təyin etmirdiz, bəs necə oldu ki, bunların hamısı ağız-ağıza verib bu qadağanı qoydular? Özü də fikir vermisinizsə, əksəriyyəti də qeyd edirdi ki, bizə belə tapşırılıb! Yaxşı bunlar tapşırılıb deyəndə, nəyi nəzərdə tuturlar?

İnsan düz yolu ilə getdiyi yerdə badalaq versəm, o mənə ağır söz də deyər, hələ əl də qaldırar. Mən ona badalaq qaldırım, sonra da başlayım hay-haray qaldırmağa ki, o qanun pozur, dünyəviliyi pozmaq istəyir. Harad agörünüb belə yanaşma?! Axı insanlra sadəcə öz halalca hüquqlarını tələb edir.

Cəmiyyət həmişə ağıllı və ədalətli insanların rolu sayəsində inkişaf edir, inaşallah bundan sonra da edəcəkdir. İnsanlar cəmiyyətə bir xeyir verə bilməsə də, xeyir verənlərə mane olmamalıdır.

Allah sizə həqiqi bəndələrdən olmağı nəsib etsin, inşaallah! 
Yaşar Məmmədov                  deyerler.org

Комментариев нет:

Отправить комментарий