23.05.2011

Məmurlar daha çevik görünür


İlkin Ağalı                       Millətim qəzeti

Tutduğu vəzifəyə yalnız qazanc kimi baxmağa adət etmiş, özbaşınalığı ilə sıravi vətəndaşdan tutmuş ölkə prezidentinə qədər hər kəsin hiddətinə səbəb olan məmurlarla bacarmaq görünür asan olmayacaq. Əvvəla ona görə ki, istisnasız olaraq bütün məmurlar məhz bu metodla fəaliyyət göstərirlər.
İkincisi də ona görə ki, bütün diqqətlərini şəxsi sərmayələrini artırmağa vermiş məmurlar bu yöndə o qədər təcrübəyə yiyələnə biliblər ki, onlar hökumətin antikorrupsiya proqramları ilə müqayisədə daha çevik görünərək vəziyyətdən çıxmağı, daha doğrusu yeni şəraitdə korrupsiya əməllərini davam etdirməyi bacarırlar.
Fikrimizi əsaslandırmaq üçün hər kəsə məlum olan bir neçə faktı xatırlamaq kifayətdir. Əhalinin qaz borcu hesab olunan külli miqdarda pul prezidentin xüsusi sərəncamı ilə silinəndən sonra yəqin ki, bu sahədə baş verən maxinasiyaları hər kəs xatırlayır. Hər kəsin adına qol atmadan necə gəldi yazılan borcların məbləği, fərman veriləndən dərhal sonra yeni formada vətəndaşlara təqdim olundu.
Bir ay əvvəl 800 manat borcu onların gözünə soxan qaz nəzarətçiləri bu dəfə yeni tərtib olunmuş kitabda bu məbləği 80 manat səviyyəsində göstərdi. Onsuz da qaz borcunun ona qeyri-qanuni yazıldığını yaxşı bilən hər kəs bu mərhələdə əslində heç nəyin fərqinə varmadı. Təki onlar borclu olmasın.
Ancaq tezliklə məlum oldu ki, bu maxinasiya məmur həyasızlığının növbəti, həm də mütəşəkkil bir mərhələsidir. Belə ki, məlum oldu ki, bu dəfə də borcların silinməsi üçün prezidentin fərmanı ilə ayrılmış pulun mənimsənilməsinə start verilib. Belə ki, borc sənədlərini dəyişməklə vətəndaşlardan silinəsi borcu təxminən 10 dəfə azaldan məmurlar, sonrakı qısa müddətdə yenidən necə gəldi vətəndaşlara borcu əlavə etməklə, həm əvvəlki saxta göstəricilərini bərpa etdi, həm də külli miqdarda sərmayə sahibi oldu. Nəticədə hər şey köhnə axarına düşdü: Əhali yenə “borclu” duruma düşdü, özbaşınalıq yeni təntənəyə ulaşdı. Ən pisi budur ki, boğazından kəsib borcunu son qəpiyinə qədər ödəyən ölkə vətəndaşları intizamsız abonent adından uzaqlaşa bilmədi.
Kommunikasiya xidmətlərindən göstərilən borcların həqiqəti əks etdirmədiyini ölkə prezidenti daxil hər kəs bilir. Bununla belə ölkə prezidentinin ölkə vətəndaşlarının sosial durumuna qayğısını ifadə edən daha bir fərmanın-su borclarının silinməsi ilə bağlı fərmanın da nə dərəcədə obyektiv həyata keçiriləcəyi şübhə doğurur.
Bu şübhəni doğuran başlıca səbəb isə məmurların uyğunlaşdığı və dəyişə bilmədikləri iş metodlarıdır. Bu qənaətə ona görə gəlməli olursan ki, hələlik korrupsiya fəaliyyətinə görə cəzalandırılanların  hazırda fəaliyyət göstərən məmurların fəaliyyətinə təsirini görmək olmur. Sadəcə olaraq rüşvət bir qədər qapalı müstəviyə keçib ki, məmur inandığı adamdan rüşvət qəbul etməklə öz təhlükəsizliyini sığortalamağa çalışır.
Bütün səviyyədə məmurların çevik tərpənmələri belə düşünməyə əsas verir ki, onları tələb olunan fəaliyyətə yönəltmək üçün uzunmüddətli və artan təzyiqlə mübarizəyə gərək var. Çünki ölkədə baş verən dəyişikliklər fonunda ən yüksək ranqlı məmurlar belə hadisələrin axarını göstərildiyi kimi yox, özləri düşündüyü kimi yanaşırlar.
Ölkə prezidenti birinci rübün yekunlarına həsr olunmuş hökumət yığıncağında birmənalı olaraq bəyan etdi ki, 2006-cı ilə qədər pensiyaya çıxanlara qarşı bir ədalətsizlik olunub, ona gödə də bir vətəndaş olaraq onların pensiyasını artırılmaqla, ortada olan fərqi aradan qaldırmaqla sosial ədalətsizliyə son qoyulacaq.
Tez-tez efir məkanında özünü gözə soxmaqdan başqa bir işə yaramayan Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov isə hər kəsin prezidentdən eşitdiyi qərarı belə şərh etdi: 2006-cı ilə qədər pensiyaya çıxanların əmək stajı nəzərə alınmaqla onların pensiyalarının artırılmasına baxıla bilər. 2006-cı ilə qədər pensiyaya çıxanların hər birinin işinə fərdi qaydada yanaşılacaq. Əgər onlardan kiminsə pensiyası yeni hesablamaya görə bu günkündən daha az olarsa, onda bu günkü pensiyası saxlanılacaq.
Məlum olur ki, bizim kifayət qədər yüksək post tutan məmurlarımızdan olan Səlim Müslümov prezidentin qərarını sadəcə olaraq başa düşə bilməyib. Axı heç bir şərhə gərək yoxdur ki, 2006-cı ilə qədər pensiyaya çıxanlar o qədər az təqaüd alır ki, bu sosial ədalətin pozulması göstəricisidir. Əks halda prezidentin həmin pensiyaçıların təqaüdünü köklü şəkildə artırılması ilə bağlı qərarına ehtiyac belə qalmazdı.
Ortada isə hər kəsin bildiyi bir həqiqət var: Korrupsiyaya qarşı mübarizə başdan başlamalıdır. Bu məqsədə çatmağın ən səmərəli və kəsə yolu ola bilər. 

Комментариев нет:

Отправить комментарий