23.05.2011

Ölkədə inqilab gözlənilir


Nicat Sadiq            “Millətim” qəzeti      

Korrupsiyaya qarşı mübarizədə əsas mərhələyə start verilib

Azərbaycana inqilab “hədiyyə” etmək istəyənləri indi bir sual düşündürür: nə üçün alınmadı? Ölkə əhalisinində gündəlik müzakirə mövzularından biri inqilab olsun, ya olmasın barədədir. Artıq söyləmək mümkündür ki, böyük çoxluq islahaltarı dəstəkləyir. Bu isə ölkə prezidentinin dəstəklənməsi kimi qəbul edilir. Etiraf etmək lazımdır ki, prezident İlham Əliyev bu ərəfədə öz reytinqini nəniki qoruyub saxladı, hətta artırdı da.
Ərəb dünyasında baş verənlər, ölkəmizə də təsirsiz ötüşmədi söyləsək. yanılmarıq. Etirazlar kütləviləşməsədə, həm müxalifət, həmdə iqtidar düşərgəsində kimin-kim olmasına bir daha aydınlıq gəlməsinə şərait yaratdı. Müxalifətin zəif olması, ölkə əhalisindən dəstək ola bilməməsi açıq-aşkar özünü büruzə verdi. İctimai Palata daxilində baş alıb gedən qarşıdurmalar, qarşılıqlı ittihamlar, bu qurumun sadəcə olaraq müxalifətə süni “nəfəs” vermək üçün yaradıldığını təsdiq etdi. Bir sıra ölkələrin səfirləri də xəstə müxalifəti “reanimasiya”dan çıxara bilmədi. Hətta bəzi oliqarx-məmurların öz maraqları daxilində müxalifətə yardım etməsi də nəyisə dəyişə bilmədi. Sual oluna bilər: oliqarx-məmurlar nə üçün müxalifətə yardım əli uzatmalıydılar?

Korrupsiyaya qarşı mübarizə kimlərin “kürkünə” birə salıb?

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin başlanğıc mərhələsini uğursuz hesab etmək insafsızlıq olardı. Vəziyyətin dəyişməsi hiss olunacaq dərəcədədir. Hələlik cəza kürsüsünə çəkilənlər kiçik və orta məmur təbəqəsinə aid olsalar da belə “gözü çıxmış qardaşlarının” aqibəti əksər korrupsioner və rüşvətxoru “qın”larına çəkilməyə məcbur edib. İri “akula”lar isə hələlik manevrlər edir, başlanmış mübarizənin qarşısına sədd çəkmək istəklərini gizləyə bilmirlər. Bu məqsədlə siyasi proseslərə daha aktiv müdaxilə edir, müxalifətin nisbətən hərəkətə gəlməsinin təşkilatçısı olaraq, həm də iqtidardaxili mübarizəni alovlandırmaq üçün nəzarətində olan KİV-lərdən maksimum yararlanmağa səy göstərirlər. İndi əsas məqsəd iqtidarın diqqətini korrupsiya və rüşvətxorluğa qarşı mübarizədən yayındırmaqdır. Bəs sonra?

Oliqarxlar nəzarətlərində olan KİV-lərə hücum əmri verib

“Millətim”in 5-11 may tarixli sayında “Generala total hücuma start verildi” başlıqlı yazım getmişdi. Təxminən bir həftə sonra həmkarlarım telefon açıb suallar yağdırırdılar ki, bu informasiyanı hardan almısan? Təbii ki, cavabım “neçə illərdir mətbuatdayam, informasiya qaynaqlarım var”, olur. Həqiqətən daima çalışmışam ki, əsaslı informasiya yayam. Həmin yazıda da yanılmamışdım.
Ertəsi gündən özlərini “müstəqil” mətbuatın nümayəndələri hesab edən qəzetlərdə general Bəylər Əyyubova hücuma start verilmişdi. “Generalın rayonu”, “Elmar Hüseynovun qətlində kürd izi”, “Əyyubovun şirkətinə 4 milyon pul ayrıldı” başlıqlı yazılar müxtəlif qəzetlərin manşet “bəzəyinə” çevrilmişdi. Əlbəttə, həmkarlarım belə bir şəraitdə yazdığımın doğruluğuna şübhə etməyib, məni sual atəşinə tutmuşdular. Hücum tək generala deyil, həm də ona yaxınlığı ilə seçilən bəzi məmurlara da yönəlmişdi. Təsadüfi hesab etmək olarmı? Qətiyyən! Nəyi düz yazmamışıq ki? Təxminən ilyarım bundan öncə, həmin zaman ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərən Metyu Brayzanın Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla baş tutmuş görüşündən sonra dövrəyə buraxılmış “təbliğata” toxunmuşduq: “Bu görüşdən sonra ölkədə ciddi dəyişikliklər gözlənilir”.
Bəli, həmin Metyu Brayza ilyarımdan sonra ölkəmizə səfir təyin edildi. Kimin nə düşündüyü məni o qədər maraqlandırmır. Şəxsən mən həmin görüşdən sonra dövrəyə buraxılmış söz-söhbəti təsadüfi hesab etməmişdim. Necə təsadüfi ola bilər ki, məhz həmin M.Brayza ilyarım sonra Azərbaycana səfir kimi qayıdır və ölkəmizdə ciddi dəyişiklikləri arzuladığını heç gizlətmirdə. Səfir görüşlərə başlayır və görüşlər sırasında müxalifət nümayəndələri və bəzi oliqarx nazirlər də olur. Belə görüşlərdən sonra müxalifətlə yanaşı oliqarxların da fəallaşması diqqət çəkir. Oliqarxların maliyyə dəstəyi ilə KİV-lərdə prezidentin ən yaxın əhatəsinə total hücumlar edildiyini sezməmək olmur. Bu sıradan ən çox hücuma məruz qalan isə general B.Əyyubovdur. Hətta bəzi qəzetlər Elmar Hüseynovun qətlində kürd izi arayır ki, yazıya sifarişin hardan verildiyi açıq-aşkar hiss olunur. Guya qətli törədənlərə neftbaza söz veriblərmiş. Bu açıq-aşkar cinayətin izini itirmək üçün ortaya atyılmış versiyadır. Bu cür iyrənc versiyaları sifarişlə qəzet səhifəsinə çıxarmaq Elmarın ruhuna xəyanətdir. Belə yazıların intensivləşməsində başlıca məqsəd, diqqəti ölkədə başlanmış islahaltardan yayındırmaqdır. Bütün bunların qarşılığında islahaltara  davam ediləcəkmi? Müşahidələr söyləməyə əsas verir ki, başlanmış islahatların əsas mərhələsinə hazırlıq işləri görülür.

Prezidentin islahatlardan çəkilməyəcəyini söyləmək mümkündürmü?

Bəli, artıq söyləmək mümkündür ki, islahatlar tam sürətlə davam edəcək, koorrupsiya və rüşvətxorluqla barışmaz mübarizə aparılacaq. Bu ilk növbədə korrupsioner oliqarxların narahatlığından hiss olunur. Digər tərəfdən çoxşaxəli islahat proqramının hazırlanması prezidentin islahata qətiyyətlə davam edəcəyini söyləməyə əsas verir. Təbii ki, bu önəmli yolda müəyyən maneələrə rast gəlinəcək. Ən əsası budur ki, ölkə prezidenti ölkədəki durumu dəqiqliyi ilə öyrənib. Artıq inqilabi islahatların kimlərlə birgə aparacağına da qərar vermiş kimi görünür. Açıq söyləsək, bu gün İlham Əliyevin atdığı hər addım ölkə əhalisi tərəfindən dəstəklənəcək. Hər hansı oliqarx məmurun hazırkı durumda prezidentə müqavimət göstərəcək cəsarəti və ya gücü görünmür. Yəni oliqarxlara sirr deyil ki, ölkə prezidentinin onları cəzalandıracağı təqdirdə reytinqi daha da artacaq. Əslində isə bir çox oliqarx məmurlar iqtidarın üz qarası imicini formalaşdırıblar. Onların hər hansı formada özlərini təbliğ etmək, bununla da prezidentə “bizdə varıq” mesajı vermək arzuları da uğursuzluğa düçar olacaq.
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə kifayət qədər əlavə səlahiyyətlər verilməsi bir daha təsdiq edir ki, ölkə prezidenti  hər hansı korrupsiya və rüşvətxorluq faktını sükutla qarşılamayacaq. Kiməsə güzəşt edilməyəcək, istər kiçik, orta və yaxud böyük ranqlı məmur olsun. Görünən odur ki, ölkəmizdə inqilab baş verəcək... Mənim gəldiyim qənaət belədir ki, həmin inqilabın lideri ölkə prezidenti İlham Əliyev olacaq. Onun islahatlardan geri çəkilməsi mümkün görünmür, necə deyərlər “geriyə yol yoxdur”.

Açıq müstəviyə keçən oliqarxlar arası mübarizə nədən xəbər verir?

Belə çəkişmələr uzun illərdi davam edir. Təbii ki, açıq müstəviyə keçməmək şərti ilə. Kim bilmir ki, Heydərov-Ziya Məmmədov iqtisadi imperiyaları daima çəkişmədə olub? Müşahidə olunan budur ki, Nəqliyyat naziri belə çəkişmədən kənar durmağa çalışır. Üstəlik də “fövqəlnazir”ə xüsusi rəğbətini gizlətməyən MTN-nin də zaman-zaman Z.Məmmədova basqısı görünür.
Sirr deyil ki, Nəqliyyat naziri ətrafında ajiotaj yaratmağa hesablanmış “dinləmə əməliyyatı”, “ayı kababı” olaylarından MTN və eləcə də “fövqəlnazir” məlumatsız olmayıb. Nəqliyyat nazirinin oğlu Anarın məhkəməyə müraciət etməsi, əslində dezinformasiyaların ötürülməsində kimlərin maraqlı olduğunu aydınlaşdırmağa hesablanıb.
Ümumiyyətlə, son zamanlar K.Heydərovun digər məmurlara da açıq-aşkar təzyiq göstərməsi müşahidə olunur ki, bu da səbəbsiz görünmür. Əsas səbəb kimi isə onun daha böyük iddiaya düşdüyünü qeyd edənlər az deyil. Təsadüfi deyil ki, “Wikileaks” saytının açıqladığı ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili olmuş Donald Lunun imzasıyla ABŞ-a göndərilmiş məlumatda Kəmaləddin Heydərov barədə deyilir: “Heydərov Azərbaycan hakimiyyətinin güclü siyasi fiqurlarından biridir. Müxtəlif zamanlarda ölkə başçısı İlham Əliyevin alternativi kimi də xarakterizə olunur. Onun gücü və ambisiyası imkan verir ki,  Heydərov ölkəni idarə etməyə iddia etsin... Kəmaləddin Heydərov o qədər nüfuzlu və güclüdür ki, ölkə başçısı İ.Əliyevdən belə üstün mövqelərə sahibdir”.
Donald Lunla razılaşmaq olmur. Ən azı ona görə ki, o İlham Əliyevlə K.Heydərovun  gücü və nüfuzunu müqayisə etməyə cəhd göstərib. Təbii ki, ölkə prezidentini onun nüfuzu kölgəsində rahatca fəaliyyət göstərən Heydərovla müqayisə etmək ağlasığmazdır. Ölkə prezidentini bu gün nəinki Heydərovla, hətta digər iddialı müxalifət liderləri ilə də müqayisə etmək siyasi naşılıqdan başqa bir şey olmazdı. Kim bilmir ki, İ.Əliyevin gücü və nüfuzu bu gün 2003-cü ildə olduğundan qat-qat artıqdır. Və yaxud kim bilmir ki, İ.Əliyevin ölkə əhalisi arasında hökm sürən yüksək nüfuzuna, hörmətinə yeganə xələl gətirən prezidentin ətrafında oliqarx nazirlərin olmasıdır. Bunu okeanın o tayında da bilməmiş deyillər...
Bütün bunların fonunda “fövqəlnazir” gün-gündən özünü daha sərbəst hiss edir, belə sərbəstliyin nəticəsi olaraq iqtidarda təmsil olunan əksər məmurlarla savaşı açıq müstəviyə keçirməkdən çəkinmir. Heydərov-Mehdiyev, Heydərov-Usubov, Heydərov- R.Abdullayev, Heydərov-Əyyobov, Heydərov-Paşayevlər arasında nüfuz mübarizəsi demək olar ki, açıq müstəviyə çıxarılıb. Heydərovun “iqtisadi imperiyası” kimi, “mətbu imperiyası”da artıq sərhəd tanımaq istəmir. Eyni zamanda bu qədər güclü rəqiblərlə savaşa qalxmaq cəsarətini “fövqəlnazir” nədən belə açıq-aşkar nümayiş etdirir? Axı, ümummilli lider Heydər Əliyevin zamanında “fövqəlnazir”in general B.Əyyubovun kölgəsində olduğunu bilməyən yox idi. Nə dəyişdi ki? Əlbəttə, dəyişən zamandır, Heydərovun siyasi-iqtisadi imkanı, ətrafında topladığı konstruktiv, radikal müxalifətçilərdir. Təbii ki, bu Heydərova yeni mübarizə “ocaq”ları alovlandırmağa müəyyən qədər stimul verməmiş deyil.

Təbliğatın arxasında gizlənən maraqlar...

Son zamanlar “fövqəlnazir”in bir sıra müxalifət nümayəndəsi tərəfindən “bəy” tərifinə tutulması diqqət çəkir. Əlbəttə, buna səbəb kimi K.Heydərovun müxalifətçiləri ələ ala bilməsi göstərilə bilər. Ancaq ADP sədri Sərdar Cəlaloğlunun “Yeni Müsavat”a Rövnəq Abdullayevlə K.Heydərovu xarakterizə edən açıqlmasında “doza”nı xeyli artırdığı müşahidə olunur.
O da sirr deyil ki, S.Cəlaloğlu Ümid sədri İqbal Ağazadə ilə “xüsusi” münasibətlər yaratıqdan sonra, Ümid sədri vasitəsilə MTN-ə meyillənib. MTN-in isə ARDNŞ prezidentinə münasibəti “fovqəlnazir”inkindən bir o qədər fərqlənmir. Belə ki, R.Abdullayevin daimi olaraq MTN-in hədəfində olduğu barədə mətbuata məlumatlar sızdırılmaqdadır. Əksər məlumatlar ARDNŞ prezidentini nüfuzdan salmağa yönəlmiş olduğundan, əlavə şərhə ehtiyac duyulmur.
İndi bir az da ADP sədrinin “bəy” tərifinə toxunaq. S.Cəlaloğlu artıq ictimai rəy formalaşdırmağa cəhd edir ki, guya K.Heydərov “aydan arı, sudan durudur”. Onun korrupsiyaya qurşanmasında yeganə günahkar mövcud rejimdir. Təbliğata diqqət yetirin: “Heydərov yaxşıdır, ətrafındakılar pis”. Sual olunur, cənab Cəlaloğlu, Heydərov “Gilan”, “Qabala”, “Jalə”, “United Enterprises İnternational” adlı holdinqlərə alnının təriyləmi sahib olub? Bunları sıralamaqla qurtarmaq mümkündürmü? Onun əlində cəmləşdirdiyi şirkətlərin gömrükdən, vergidən nə qədər yayındığından xəbəri olan varmı?
S.Cəlaloğlu daha uzağa gedir, “fövqəlnazir”i xalq hərəkatının nümayəndəsi kimi qələmə verməyə çalışıb. Hətta yalan danışaraq Heydərovun “Dağ Çiçəyi” adlı assosiyasının Naxçıvanda Xalq Cəbhəsinə maliyyə yardımı etdiyini söyləyib. Təbii ki, onun yalan söylədiyini həmin zaman AXC Naxçıvan Vilayət Şöbəsinin sədri olmuş Asəf Quliyev həmən aşkar edib. S.Cəlaloğlu bilməmiş deyil ki, bu gün “fövqəlnazir” olan şəxs 1980-cı illərin sonunda nəniki Naxçıvanla maraqlanır, hətta yolunu ora salmaq barədə heç düşünmürdü də. Digər tərəfdən həmin zaman K.Heydərovun kimsəyə yardım etməyə nə həvəsi, nədə ki imkanı var idi. Düzdür, S.Cəlaloğluna dəstək verən də tapılıb, CXP sədri Bədrəddin Quliyevin simasında. Həmin B.Quliyev ki, Naxçıvana yalnız 1993-cü ildə, o zaman MR-nın baş naziri olmuş Becan Fərzəliyevin himayəsi ilə qayıdıb. Yəni bu şəxsin 80-ci illərin sonunda Naxçıvanda baş verənlərdən, o cümlədən AXC Vilayət Şöbəsinə kimlərin maliyyə yardımı etməsindən məlumatı ola bilməzdi. Əlbəttə, bu yazıların bir nədəni olmamış deyil. Müxalifətçilər ciddi-cəhdlə K.Heydərovu cəmiyyətə millətsevər, dövlətçiliyin inkişafında müstəsna xidmətləri olmuş nadir şəxsiyyət kimi təqdim etməyə çalşırlar. ADP sədri hətta təəssüflənərək: “ölkəmizdəki siyasi sistem Azərbaycanın bir çox lazımlı övladlarını da korrupsiyaya bulaşdırıb”-deyir. Nə deyəsən beləsinə?
S.Cəlaloğlu belə hesab edir ki, guya Fövqəladə Hallar naziri vəzifəsinə K.Heydərov təyin olunmasaydı, FHN yangınsöndürmə qurumu səviyyəsindən yuxarı qalxmayacaqdı. Axı ölkədə kim bilmir ki, nazirliklərin, müəssisələrin modernləşməsi-müasir texniki avadanlıqlarla təchiz olunmasının yeganə təşəbbüskarı İlham Əliyevdir. Zaman-zaman ölkəyə gətirilmiş müasir texnikaya şəxsən prezidentin özünün iştirakı ilə baxış keçirilməsinin kim şahidi olmayıb ki? Və yaxud inkişaf edən tək Fövqaladə Hallar Nazirliyidirmi?

Yersiz müqayisə hansı zərurətdən yaranıb?

Ümumiyyətlə, belə bir müqayisə aparmaq lazım idimi? Əlbəttə, yox! Rövnəq Abdullayev və Kəmaləddin Heydərov iqtidar komandası təmsilçiləridir. Hərəsi bir sahəyə rəhbərlik edir. Amma nədənsə S.Cəlaloğlu R.Abdullayevi aşağılamaq istəyini ortaya qoyur: “R.Abdullayevlə K.Heydərovu müqayisə etmək, bir  tərəziyə qoymaq o qədər gülüncdür ki, elə bil məktəbdə oxuyan tələbə ilə uşaq bağçasında təzə-təzə hərfləri öyrənməyə başlayan uşağı müqayisə edirsən. Ali məktəb tələbəsi ilə uşaq bağçasına gedən uşağın ağlını, qabiliyyətini eyni tərəziyə qoymaqla adıçəkilən iki şəxsi müqayisə etmək eynidir. Kəmaləddinlə müqayisədə Rövnəq kimdir axı?!”
Xatırlasaq ki, daha öncə K.Heydərova yaxınlığı kimsədə şübhə doğurmayan BAXCP sədri Qüdrət Həsənquliyev Milli Məclisdə ARDNŞ-in prezidentinin vaxtı ilə sürücü işlədiyini bəyan etməklə, guya onu aşağılamağa cəhd etmişdi. Bunların ardıcıl olaraq təsadüfən alınmasını düşünmək, ağılsızlıq olardı. Tutaq ki, R.Abdullayev nə zamansa sürücü işləyib, bunun kimə nə dəxli var ki? Məgər, sürücü işləmək, halal çörək qazanmaq qəbahətdir? Və yaxud R.Abdullayevin savadına şübhə ilə yanaşmaq S.Cəlaloğlunun nəyinə gərək idi? Hər halda düşünmək olar ki, raykom katibinin oğlu K.Heydərovdan fərqli olaraq R.Abdullayev diplomu məhz öz qabliyyətiylə əldə edib.
Məlum olan budur ki, “fövqəlnazir” yeni “savaş cəbhəsi” açıb ki, bu dəfə hədəf  ARDNŞ prezidentidir. Qüdrət Həsənquliyevin Milli Məclisdə R.Abdullayevdən ARDNŞ-in bağladığı müqavilənin israrla incəliyinə varmasıda diqqət çəkdi. Nəzərə alsaq ki, ölkə iqtisadiyyatında az-çox şəffaflıq neft sənayesindədir, onda Q.Həsənquliyevin əndişələnməyinin səbəbini anlamaq mürəkkəbləşir. Bəlkə “fövqəlnazir” bu sahənidə nəzarətə götürmək istəyir? Bu baş verəcəyi halda, onda kimin şübhəsi olacaq ki, ölkə Heydərovun tam nəzarətindədir?

Müxalifəti kim maliyyələşdirir?

Son zamanlar bəzi məmurlara qarşı müxalifəti maliyyələşdirmə ittihamları irəli sürülməkdədir. İş o yerə çatıb ki, siyasi proseslərdən tam kənar olması kimsədə şübhə doğurmayan Rövnəq Abdullayevdə belə ittihama məruz qalıb. Bunu təsadüfi hesab etmək düzgün olmazdı. ARDNŞ-in prezidenti sözün əsil mənasında hədəfə götürülüb və rəqibləri onu bitirmək istəklərini artıq gizlətmirlər də...
Sirr deyil ki, müxalifəti maliyyələşdirən məmurlar var. Nəinki müxalifəti, onların ruporu olan qəzetləridə maliyyələşdirən məmurların olması inkar edilmir. Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin bu yaxınlarda verdiyi açıqlamada “ölkədə müstəqil mətbuat qalmayıb” söyləməsi bir çox qaranlıq mətləblərə aydınlıq gətirib. Yəni, Turanın direktoru yaxın zamana qədər heç olmasa bir neçə qəzeti müstəqil adlandırırdı. Ancaq ARDNŞ prezidentinin hər hansı müxalifət təşkilatını və ya qəzetini maliyyələşdirməsi versiyası o qədər absurddur ki, bundan söhbət açmağına dəyməz. Müşahidələr bunu da söyləməyə əsas verir ki, R.Abdullayev sadəcə bir icraçıdır və ona tapşırılmayan hər hansı işə girişmək həvəsində olmayan məmurdur. Onun xüsusi iddiasının olmaması da görünəndir. Bəs onda nə üçün ARDNŞ prezidenti belə bir ittihama məruz qalıb ki, guya müxalifəti maliyyələşdirir? Görünən budur ki, kimlərsə ciddi-cəhdlə öz adlarını R.Abdullayevə qoymaqla, belə bir həssas məqamda diqqətdən kənar qalmaq istəyir. Görünən budur ki, kimlərsə öz adlarını R.Abdullayevə qoymaqla, belə bir həssas məqamda diqqətdən kənar qalmaq istəyirlər.
Əvəzində “fövqəlnazir”in müxalifətlə isti münasibətləri mövcuddur ki, bu da S.Cəlaloğlunun və eləcə də B.Quliyevin onu açıq-aşkar təbliğ etməsindən bir daha bəlli olur. K.Heydərovun güclü görünməsində onun KİV-lərlə sıx əlaqəsi az əhəmiyyət daşımır. Düzdür, uzun illər “fövqəlnazir” belə əlaqədən iqtidarın mənafeyinə istifadə edə bilib. Son zamanlar isə əksinə, K.Heydərovun zəhmətinin bəhrəsindən özü üçün yararlanmaq isyəti daha çox müşahidə olunur. KİV-lər və bir sıra müxaliət nümayəndələri Heydərovun müsbət imicinin yaradılması, milli qüvvələrin himayədarı kimi təqdim edilməsi üçün hərəkətə keçiblər. Güman etmək olar ki, bütün bunlar “fövqəlnazirin” razılığı ilə həyata keçirilir.
Son zamanlar ölkənin siyasi gündəmində yer alan İP-da (İctimai Palata) onu kifayət qədər “nümayəndəsi”nin olduğuda söylənilir. Həmin nümayəndələrə əlaqə CXP sədri Bədrəddin Quliyev vasitəsilə qurulur ki, artıq İP-da bu barədə söhbətlər baş alıb gedir. Təsadüfi deyil ki, “Azadlığ”ın yazarı Xaliq Bahadır İP-nı agentur şəbəkəsi adlandırmışdı. Son günlər ADP sədri S.Cəlaloğlunun “İP”-a isti münasibət sərgiləməsini də “fövqəlnazir”lə əlaqələndirənlər az deyil. Bu inandırıcıdır çünki 1990-cı illərdə PKK liderlərindən biri sayılan Dilanın xeyir-duası ilə partiya quruculuğuna girişdiyi söylənilən, sonradan isə eks spiker Rəsul Quliyevin sözçülüyü ilə özünə gün-güzəran yaradan S.Cəlaloğlunun elə-belə bir addım atmadığı siyasi dairələrdə artıq hər kəsə məlumdur. Üstəlik də, ADP sədri kimsəni bu səviyyədə reklam etməyə o qədər həvəsli biri olmayıb. Təbii ki, barəsində “fövqəlhəvəsləndirici” tədbirlər görülməmiş deyil.

Fərqli inqilabi baxışlar

Mənim gəldiyim qənaət budur ki, ölkədə böyük inqilabi dəyişiklikləri ən çox arzulayan məhz prezident İlham Əliyevdir. Əslində o 8 il ərzində bunu dəfələrlə təsdiq edib. Obyektivlik xatirinə söyləmək mümkündür ki, bu illər ərzində kifayət qədər inqilabi proseslər baş verib. Möhtəşəm quruculuq işləri, saysız-hesabsız islahatları əsil mədəni inqilab adlandırmaq mümkündür. İlham Əliyevin ölkə tarixində ən qurucu prezident kimi qalması real görünür.
Bu səbəbdən onun inqilabi islahatları yarımçıq buraxmayacağı şübhəsizdir. Düşünürəm ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə əsas prioritetlərdən olacaq. Böyük ehtimalla bir sıra korrupsioner məmurlar ciddi-cəhdlə həmin mübarizəyə müqavimət gösətərəcəklər. Görünən budur ki, həmin cəhdlər uğursuz alınacaq. Məhzs ona görə uğursuz alınacaq ki, ölkə əhalisi prezidentin islahat proqramlarına rəğbətlə yanaşır, bu yolda onu dəstəkləyəcəklərini gizlətmir. Ölkə əhalisinin əsas gözləntilərindən biri, ağırçəkili korrupsionerlərin cəzalandırılmasıdır söyləsək, yanılmarıq. Bundan korrupsioner oliqarx məmurlarda məlumatlıdır. Onların əsas narahatçılıqları qeyd etdiklərimdəndir. Ölkə prezidentinin diqqətini islahatlardan yayındırmaq məqsədi ilə həmin korrupsionerlər müxalifətin hay-küyündən istifadə etməklə yanaşı, iqtidardaxili münaqişələr yaratmaqda da maraqlı görünürlər.
Zaman dəyişib, ölkə əhalisinin baxışlarında da kifayət qədər dəyişikliklər hiss olunur. İndi hamı kimin-kim olduğunu daha yaxşı bildiyindən, kimsə çirkin oyunların iştirakçısı olmaq istəmir. Ölkə əhalisi inqilabi dəyişiklikləri həqiqətən istəyir. Ancaq bir şərtlə ki, inqilabın lideri məhz İlham Əliyev olsun. 

Комментариев нет:

Отправить комментарий